Tarixin izləri
dastanlarda daha çox qorunur
Qədim türk dastanları miladdan öncəki III-II
minilliklərin hadisələrini özündə yaşatmaqla
yanaşı sonrakı dastanlara da təsirini göstərib. "Bilqamıs haqqında
dastan"ın bir çox motiv və izlərinə
"Kitabi-Dədə Qorqud"un
boylarında da rast gəlinməkdədir. Dədə
Qorqudun da Bilqamıs kimi hər şeyi bilməsini,
keçmişdən və gələcəkdən xəbər
verməsini, müdrikliyi və ağlı ilə böyük
hörmət və nüfuz qazanmasını, nəhayət, əbədi
yaşamaq arzusunu görürük. Bilqamısla
Enkidunun sidr meşəsinə gedib şər qüvvə olan
Humbabanı öldürmələri Basatın Təpəgözü
öldürməsi səhnəsini yada salır. Ümumiyyətlə, eramızdan əvvəlki
minilliklərdə İkiçayarasında və Urmiya
gölünün cənubunda yaşamış və şəhər-dövlətlərdən
miras qalmış ədəbi nümunələrin bir
çoxu sonrakı folklor qaynaqlarına keçərək
yaşamaq hüququ qazanıb. Məsələn:
"Sirri açma. Sarayda eşitdiyin hər bir söz sənin
qəlbində çürüsün"; "Sakit
danış, səsini uzadıb səs-küylə
danışma. Əgər səs-küylə ev tikmək
mümkün olsaydı, onda eşşək gündə iki ev
tikərdi"; "Həddindən artıq şirin olma, yoxsa
səni udarlar"; "Həddindən artıq acı olma,
yoxsa səni atarlar";
"Dilini
yamana öyrətmə, əlini oğurluğa";
"Ağıllı adama qulaq asmaq isti havada sərin su
içməyə bənzəyir"; "Heç kəsə
ayağını basmağa imkan vermə, sonra belinə minərlər";
"Başqasına gor qazan özü düşər";
"Ev sahibini tərk edib sənin arxanca gedən iti qov";
"Nə zaman su yuxarı qalxsa, quş qanadsız uçsa,
qarğa ağarsa, acı - bal kimi şirin olsa, o zaman axmaq da
ağıllanar" və s. Bütün bu dediklərimiz - qədim
Urmiya və İkiçayarası mədəniyyətlərinin
bir çox əlamətlərinin sonrakı ozan-aşıq
dastançılığının ruhunda izlər qoyub
yaşaması faktı onların yenidən öyrənilməsinə
təkan verir.
"Kitabi-Dədə Qorqud"da və ondan öncə
yaranmış dastanların qəhrəmanları da alp ərən
statusu qazanıb, bu adla xatırlanıblar. "Alp Ər Tunqa",
"Oğuz Kağan", "Şan qızı",
"Şu-Saka", "Bilgə kağan", "Mulan
türküsü", "Atilla" ilə bağlı rəvayətlər
və s. bu qəbildəndir. Bu dastanlar qədim
türklərin dövlət quruculuğunu özündə əks
etdirir. Onlar yazıya alınana qədər
ağızlarda dolaşıb, dəyişikliyə
uğrayıb, sonradan hər birinin müxtəsər məzmunu
Mahmud Kaşqarlının "Türk dili lüğəti"ndə
və başqa qaynaqlarda özünə yer tapıb. Hun türklərinin dastanı hesab edilən
"Oğuz Kağan" dastanı islamdan öncə Oğuz
türklərinin qərbdə apardığı böyük
və uzunmüddətli savaşlardan bəhs edir. "Türkün qızıl kitabı"nda
deyildiyi kimi, dastanın qəhrəmanı Oğuz
Kağanın Asiya hunlarının məşhur xaqanı Mete
olduğunu tarixçilər etiraf edirlər. Metenin bir çox məziyyətləri, qəhrəmanlıqları,
həyatının Oğuz xanın həyatına
oxşaması onların eyni şəxs, eyni qəhrəman
olması qənaətini doğurur. Lakin bu
baxış Oğuz Kağan haqqında sonrakı təsəvvürlərdir.
Mifik tanrı kimi Oğuz, onun nəslinin
davamçıları tarixdən əvvəlki dövrdə
yaşayıblar.
Qaynaqlarda deyildiyi kimi, Oğuz xan türklərin atası
hesab edilib. Çünki Oğuz xanın - hunların Osmanlı
dövlətinə qədər qurduqları Türk və
Oğuz dövlətləri (Xorasan, Azərbaycan, İraq, Anadolu,
Krım, Balkanlar, Ukrayna, Şimali Afrika) hun-Oğuz birliyinin
yetirmələridir. Dastan Oğuzun
doğulduğu andan başlayır. Oğuz
qeyri-adi şəkildə bir çox xanlıqları birləşdirib
böyük imperiya qurur, qocalığında bu səltənəti
oğulları arasında bölür və ömrü sona
yetir. Əvvəli, ortası və sonu tamam olmayan bu
böyük və əzəmətli dastanın əvvəlində
deyilir:
"...Günlərin
bir günü Ay Xaqanın gözü parladı, doğum
sancıları başladı və bir erkək çocuq
doğdu. Bu çocuğun üzü göy
kimi parladı. Ağzı atəş
qızılı, gözləri ala, saçları və
qaşları qara idi. Pərilərdən
də daha gözəldir. Bu çocuq
anasının döşündən bir dəfə süd əmdi,
bir daha içmədi. Sonra dilə gəlib
çiy ət və şərab istədi. Qırx gün keçdi böyüdü,
yüyürdü oynadı. Ayağı
öküz ayağı kimi qüvvətli, beli qurd beli kimi incə,
umbuzları samur umbuzları kimi, köksü ayı vücudu
kimi qüvvətli və bütün bədəni
tüklü idi. İlxı güdər,
at minər, ov ovlardı. Günlərdən,
gecələrdən sonra igid dəliqanlı oldu".
Göründüyü kimi, Oğuzun dünyaya gəlişi
və böyüməsi mübaliğəli və əfsanəvi
şəkildə baş verir. Şübhəsiz, belə
motivlər qədim Şərq dastanları üçün səciyyəvi
olub. Oğuz sürətlə
böyüdükdən sonra qeyri-adi qəhrəmanlıqlar
göstərir. Bir gün Oğuz
tanrıya üz tutduğu zaman göydən yerə göy
işıq düşür. İşığın
içərisində bir qız görünür. Qız elə gözəldi ki, gülsə
Göytanrı da gülərmiş, ağlasa Göytanrı
ağlarmış. Oğuz qızı
görcək ona vurulur və alır. O qızdan
üç oğlu oldu. Onlara Gün, Ay, Ulduz adlarını
qoydu. "Dədə Qorqud"da Pəri
qızı ilə Sarı çobandan doğulan Təpəgöz
də mifik bir tərzdə dünyaya gəlir və
böyüyür. Pəri qızın
dediyi kimi, Təpəgöz Oğuza yağı kəsilir.
"Yenə bir gün Oğuz xan ova getmişdi. Gölün
ortasında, ağacın koğuşunda bir qız
gördü. Göy görümlü
gözəl qızdı. Gözü
göydən də göy idi. Saçları
dalğa kimi, dişləri inci kimi idi. O qədər
gözəl idi ki, onu görüncə el: Ay, ay, ax, ax
öldük, - dedi. Oğuz xan onu gördü, ürəyinə
od düşdü. Onu sevdi,
aldı. Diləyinə çatdı.
Günlər, aylar keçdi, qız üç
oğlan doğdu. Onlara Göy, Dağ, Dəniz adları
qoydular". Göründüyü kimi, Gün,
Ay, Ulduz, Göy, Dağ, Dəniz Göyü və Yeri təmsil
edir. Oğuz bütün kainatın -
Göyün və Yerin sahibi kimi onu oğlanları arasında
bölür və sonrakı oğuz nəsli onlardan törəyir.
Bundan sonra Oğuz xanın hərbi
yürüşləri və qələbələri təsvir
olunur. Bir gecə Oğuz xanın
çadırına göy dərili erkək bir qurd
yürüməkdə və qurdun ardı ilə ordu
sırayla irəliləməkdədir. Bu savaşlarda
Oğuz xan qələbə çaldı...
Oğuz xan böyük ordugahın sağ yanında
qırx qulac ağac dirək diklədi. Onun
başına bir qızıl quş qoydu. Ayağına
bir ağ qoyun bağladı. Sol yanına bir qırx qulac ağac diklətdi.
Onun başına da bir gümüş quş,
ayağına bir qara qoyun bağladı. Sağ
yanında bozoxlar, son yanında üçoxlar oturdu. Qırx gün, qırx gecə yedilər, içdilər,
sevinib şadlandılar. Ondan sonra Oğuz xaqan yurdunu
bölüb oğullarına verdi.
Oğuz xanın yürüşləri,
döyüşləri, qələbələri
oğuzların ilkin qəhrəmanlıqlarından xəbər
verir.
Dastanın məzmunu və araşdırıcıların
dedikləri aydın göstərir ki, "Oğuz
Kağan" dastanı "Kitabi-Dədə Qorqud"un sələfidir,
yaxud əksinə, "Kitabi-Dədə Qorqud"
"Oğuz Kağan" dastanının daha sonrakı xələfidir.
Xatırladaq ki, "Oğuz Kağan"
dastanının ehtiva etdiyi tarixi məqamlar da islamın
yarandığı zamanla səsləşir. Əlbəttə, oğuznamələr tarixi
reallıqları əks etdirsələr də, ilkin olaraq rəvayətçilərin
söyləmələrinə söykənir. Bununla belə, tarixin izləri dastanlarda daha çox
qorunub. "Kitabi-Dədə
Qorqud"dakı hekayələr də həmin zamanların əks-sədasıdır.
Ancaq yazıya alınma zamanları müxtəlifdir.
Bunu dastanın dili də təsdiqləyir.
Oğuz xanın yürüşləri Yaxın Şərqi
və Qafqazı əhatə edir. "Dədə
Qorqud" boyları da demək olar ki, eyni coğrafi məkanda
yaranıb inkişaf edib. F.Rəşidəddinin
"Oğuznamə"si hər iki dastanda cərəyan edən
hadisələri tarixilik baxımından tamamlayır. Rəşidəddinin "Oğuznamə"sində
Dədə Qorqud da, Bayandır xan da, Qazan xan da, Bəkdüz
Əmən də tarixi şəxsiyyət kimi iştirak edirlər.
Hər üç "Oğuznamə"dəki
hadisələr VI-VII əsrlərdə oğuzların
dirçəliş və fəaliyyət dövrləri ilə
üst-üstə düşür. "Kitabi-Dədə
Qorqud"dakı boyların sonralar başqa bir variantdan
üzü köçürüldüyündən onların
dili bizə daha yaxındır. Şübhəsiz,
ozan söyləmələri də onu bizə xeyli
yaxınlaşdırıb.
"Oğuz Kağan" dastanındakı Ulu Türklə
"Kitabi-Dədə Qorqud"dakı Dədə eyni
missiyanı yerinə yetirirlər. "Oğuz
Kağan"dakı Ulu Türk "Kitabi-Dədə
Qorqud"da hər boyda ozanların xatırladığı
dünyasını dəyişmiş Qorqud Ata ilə oğuz
bəylərini yada salır. Güman ki,
onlar eyni şəxslərdir. Məzmunu əsrlər
boyu yaşamaqda davam edir və İran - Turan müharibəsinin
qısa xülasəsini özündə yaşadır. Əlbəttə, tarixçilərin qeyd etdiyi kimi,
"Şahnamə" müəllifinin məqsədi ilk
növbədə İran şahlarının qəhrəmanlığını
tərənnüm etmək idi. Bu dastan
İran - Turan müharibəsini olduğu kimi təsvir edə
bilməzdi. Bununla belə,
iranlıların Əfrasiyab adlandırdıqları Alp Ər
Tunqanın əzəmətli qəhrəmanlıqlarının
izləri dastanda yaşanıb. Dastanda da
deyildiyi kimi, Alp Ər Tunqa uzun illər İranı diz
çökdürüb, sonra İran hökmdarı onu ziyafətə
dəvət edərək hiylə ilə
öldürtdürüb. Bu acı xəbər
bütün Turanı matəmə bürüyüb, türklər
qanlı göz yaşı tökərək yaxalarını
yırtıb alamış, ağı söyləmişlər:
Alp Ər Tunqa öldümü?
Yaman dünya qaldımı?
Fələk öcün aldımı?
İndi ürək dağlanır.
Məzmunu Mahmud Kaşqarlının
"Divan"ında qorunan dastanlardan biri də
"Şu-Saka" dastanıdır. Dastan Makedoniyalı
İskəndərin Orta Asiyada əzəmətli dövlət
quran Şu xaqanının üzərinə
yürüşündən bəhs edir.
Qara Namazov,
Professor
Xalcəbhəsi.-2014.-8 iyul.-S.14.