Əski türk qəhrəmanlıq
eposlarının Çin mənbələrindəki
qalıqları
Əski türk qəhrəmanlıq eposlarının
qalıqları köklə, ilkin qaynaqlarla
bağlandığı üçün bu günə qədər
yaradılan mənəvi mədəniyyət abidələinin
hər birinin mayasına, canına hopub. O səbəbdən də hər
bir ədəbiyyatşünas öz fəaliyyətinə ən
azı onlarla tanışlıqla başlamalıdır. Bu, bir sıra qaranlıq, gizli qalan məqamların
aydınlaşmasına yardım edə bilər. Həmin epos qalıqlarının bəzilərini nəzərdən
keçirək.
Tukyu
Çinlilərin dediklərinə görə,
Tukyuların ataları Qərbdə Günbatan dənizinin
(batı) sahillərində otururdular. Qonşu hökmdarlar bir-birinin yurduna
tez-tez basqınlar edir, qadın, kişi,
uşaq və önlərinə gələnləri
qılıncdan keçirirdilər. Bir tayfadan ancaq on
yaşında oğlan uşağı can qurtara bilir. Bu da əlləri, ayaqları kəsilmiş halda bir
bataqlığa atılır. Uşaq orada
aclıqdan, yaralarından axan çoxlu qandan ölmək
üzrə idi. Bir dişi qurd gəlir, ona
bir parça ət gətirir. Qurd hər
gün uşağı beləcə bəsləyir. Onun yaraları yavaş-yavaş sağalır.
Bir az böyüyüb cana gələndən
sonra qurd bu oğlandan hamilə qalır.
Bir müddət keçir, atalarını öldürən
hökmdar tukyulardan bir uşağın sağ
qaldığı xəbərini alır. Onu
öldürmək üçün axtartdırır. Yerini öyrənən hökmdar bir əsgəri qətl
tapşırığı ilə ora göndərir. Bu adam bataqlığa çatdığı zaman
uşağın yanında bir qurd görüb
özünü itirir. Sonra ikisini də
qılıncdan keçirmək istəyir. Lakin bir tanrı zavallıları qoruyur. Qurd uşağı belinə alıb Günbatan dənizinin
gündoğan tərəfinə keçirir. Kao-Cang yaxınlığındakı dağlarda yerləşən
mağaraya götürür. Mağaranın
arxasında bərəkətli bir ovalıq vardı. Ovalığın hər tərəfi
yalçın qayalarla örtülmüşdü. Qurd burada həmin dəliqanlıdan on cocuq doğur.
Bunlardan biri ailə adını verən
Asina/Aşina çağırılır.
Uşaqlar böyüyüb mağaradan
çıxır, kənardakı oymaqlardan hərəsi bir
qız qaçırıb evlənirlər. Bir neçə
nəsil gəlib keçir. Onlar xeyli
çoxalırlar, mağaraya sığmırlar. İçərilərində A-Hien-Se (Ağ hun)
adlı birisi başçı olur və tayfa üzvlərinə
mağaranı tərk etməyi məsləhət
görür. Onlar Kin-Şan (Tyan-Şan)
dağlarına gedərək səfalı bir yerdə məskən
salırlar. Qonşuluqdakı Cu-Gen
tatarlarından qız verib alırlar. O dağların təpələrindən
biri takya şəklində olduğundan onlar da özlərinə
Tu-Kuy (Tukyu) adı verirlər. Əsillərini
göstərmək məqsədilə bayraqlarının
üstündə bir qurd başı çəkirlər.
Doqquz
oğuz, on uyğur
Deyirlər, Doqquzoğuzların babaları hakim idi. Onun
tanrılara layiq iki gözəl qızı vardı. Hökmdar qızlarını insanlardan uzaq saxlamaq
üçün bir kilə düzəltdirir. Onları kilənin içinə qoyub tanrını
çağırır. Tanrı Boz Qurd
şəklində gəlir və qızlarla evlənir.
Tanrının bu qızlardan Doqquz Oğuzla On
Uyğur övladı dünyaya gəlir. Bunlar zamanla yaşa
dolub qop-qoca kişi olurlar. Həmin
Doqquzlardan törəyənlər Kumlanco adını
daşıyan ölkədə məskən salırlar. Orada Halın adlı bir dağ vardı. Dağdan Tugla və Şelenka adında iki çay
(irmaq) axırdı. Bu çayların
arasında da iki ağac vardı. Bu ağacların biri
Qayın, o biri də Çan (Sin//çinar) idi. Bir gecə həmin ağacların üzərinə
göydən nur enir. Günlər
geçincə ağaclardan birinin qarnı şişir. Doqquz ay on gün sonra ağacın qarnında bir qapı
açılır. İçəridə
ağızlarında əmziklər olan beş
cocuq görünür.
Uşaqlar doğulmamışdan qabaq həmin
ağacların ətrafında gümüşdən bir dairə
yaranmışdı. Ağaclardan isə həmişə həzin
musiqi səsləri eşidilirdi. Doqquzoğuzlardan törəyən
türklər bu cocuqları böyüdürlər,
adlarını Sunqur Təkin, Qutur Təkin, Tukak Təkin, Or (Ər) Təkin, Buqu Təkin qoyurlar. On beş yaşına çatanda oğlanlar ata və
analarını soraqlayırlar. Xalq onları iki ağacın
yanına gətirib:
-
Baxın, biri atanız, o biri ananızdır, - deyir.
Cocuqlar həmin ağaclara qayğı göstərirlər. "Sevgili
atamız və anamız" - deyə onlara sarılırlar.
O zaman ağaclar da dilə gəlib övladları haqqında
xeyir-dua söyləyirlər. Nəhayət, bir
gün xalq toplanıb Buqu Təkini xaqan seçir. Ona görə ki, Buqu Təkin həm zəkalıydı,
həm də hər boyun dilini, obaların adət-ənənələrini
bilirdi. Onun üç qardaşı
vardı ki, hər yerdə olub-bitəni xəbər verirdi.
Bir gecə
Buqu Təkin yuxuda əyninə ağappaq libas geymiş, bir əlində
bəyaz bir əsa tutmuş ağsaqqal bir adam
görür. Həmin adam o biri əlindəki
fıstıq şəkilli daşı (Yeşim Daşı -
Yesim Tasi) göstərib deyir:
-
Türklər bunu əllərində tutduqca dörd bucağa
hakim olacaqlar.
Buqu Təkin
və Göy qızı
Bir gecə Buqu Təkin otağında yuxulamağa
hazırlaşarkən birdən-birə pəncərənin
açıldığını, içəriyə göydən
gözəl bir qızın girdiyini gördü. Buqu Təkin nə
baş verdiyini anlamadığından gözlərini
qapayıb yuxuda olduğunu zənn etdi. Qız
Buqu Təkini ayıltmaq üçün çox
çalışdı, lakin heç cürə oyada bilmədi.
Ümidini kəsib gəldiyi kimi pəncərədən
çıxdı, getdi.
Ertəsi gecə qız yenə gəldi. Buqu Təkin
özünü yenə yatmış kimi göstərdi.
Qız bu dəfə də onu oyatmağı
bacarmadan getdi.
Sabah olunca, Buqu Təkin qızın təkrar gələcəyini
düşündü. Vəzirini çağırıb hər
şeyi danışdı ki, bir çarə qılsın.
Vəzir dedi:
- Burda
qorxacaq bir şey yoxdur. Əksinə, bəlkə də
hamımızın sevinəcəyi xeyirli bir iş var. Hər
halda bu qızın gəlişi sizə xoş bilgiləri
öyrətmək üçündür. Bu gecə
gəlsə, artıq özünüzü yuxuda göstərməyin.
O vaxt nə səbəbə gəldiyini anlayarsınız.
Üçüncü gecə qız yenə gəldi. Amma bu dəfə
Buqu Təkin onu gülərüzlə qarşıladı,
sayğı göstərdi. Qız vəzirin təxmin
etdiyi kimi xeyir iş üçün göndərilmişdi. Həqiqətən bir tanrıça və göydən
gələn bir qız idi. Məqsədi
Buqu Təkinə yeni bir din göstərmək idi.
Buqu Təkinə:
- Arxamca gəl,
- dedi.
Buqu Təkin qızı təqib etdi. Getdilər.
Nəhayət, Ağ dağa (Ak Dag)
çatdılar. Buqu Təkinə yeni dinin
gizli tərəflərini anlatmağa başladı.
Bundan sonra qız hər gecə otağa gəlib Buqu Təkini
Ağ Dağa götürdü. Bu durum bir neçə
gecə davam etdi. Buqu Təkin yeni dinin əsaslarını
və sirlərini öyrəndi.
Bir gecə artıq görüşlərinin sonu idi. Qız vidalaşarkən:
- Göydə,
yerdə nə varsa, hamısını öyrəndiniz. Mən artıq gəlməyəcəyəm. Sabahdan etibarən dünyanın dörd
bucağını fəthə başlayın. Göstərdiyim yolda adələtli olun. Sizə
öyrətdiyim gerçəkləri hər tərəfə
yayın, -dedi.
Sabah olunca, Buqu Təkin qardaşlarını çağırdı. Hər birini bir orduya başçı təyin etdi, onları dörd bucağın fəthinə yolladı. Özü də böyük bir ordu ilə Çin üzərinə hücuma keçdi. Hamısı da səfərlərində böyük uğur qazandılar.
KÖÇ
Buqu Təkindən otuz nəsil sonra onun torunlarından Yulun Təkin taxta çıxdı. O zaman Çində Tanq sülaləsi hakim idi.
Çinlilər türklərdən qorxduqları üçün hökmdarları Ki Yu Li Yen adlı qızını xaqanın oğlu Qalı Təkinə göndərməyə qərar verdi. Bir elçi yolda türklərin qüdrət və böyüklüyünün Tanrı dağı boyunda yerləşən Qutlu Qaya adlı böyük bir qayadan irəli gəldiyini öyrəndi. Yulun Təkinə dedi:
- Hökmdarım Sizə ən qiymətli hədiyyə olaraq qızını göndərdi. Siz də ona bir hədiyyə yollamaq istəsəniz, bizcə ən məqbul sayılan hədiyyə Qutlu Qaya adlı qaya parçasıdır. Əslində bu qayanın bir qiyməti yoxdur. Ona görə də bunu hökmdarıma bağışlasanız, çox şad olar.
Yulun Təkin çinlilərə qiymət verən və milli duyğulardan uzaq bir hakim idi. Qutlu Qayanın otuz nəsildən bəri türklər üçün müqəddəs bir yer olduğunu bilmirdi. Bir qızın əvəzi olaraq həmin qayanı Çinə verməkdə tərəddüd etmədi. Ancaq onlardan bunu necə özlərinə götürəcəkləri ilə maraqlandı.
Elçi:
- Asandır, - dedi.
Çinlilər qayanın ətrafına odunlar yığdırdılar. Üzərinə çoxlu sirkə tökdürdülər. Odunları yandıran kimi qayalar parçalanıb dağıldı. Elçi həmin parçaları bir-bir topladı. Arabalarla Çinə göndərdi.
Orada sehirbazlar bu parçaları yağışa döndərdilər və hər parça dünyanın bir guşəsinə töküldü. Parçalar hara getdisə, orada bərəkət, bolluq oldu. Bu tərəfdə isə yeddi gün sonra Yuluq Təkin öldü, yerinə Buqu Təkinin torunlarından biri hakim oldu. Türk yurdu bütün bərəkətini itirdi, yaşıllıqlar saralıb soldu, çaylar, dərələrin axar suları quruyub çəkildi, göyün rəngi dəyişdi. Bütün quşlar, heyvanlar, məmə yeyən cocuqlar:
- Köç! Köç! Köç! - deyə bağırışmağa başladılar. Bir tərəfdən aclıq, digər tərəfdən xəstəliklər insanları qırırdı.
"Köç" səsləri susmaq bilmirdi. Türklər anladılar ki, ölkənin Yer-Suları artıq özlərinin orada qalmasını istəmirlər. Çadırlarını yıxdılar, əşyalarını, çoluq-cocuqlarını heyvanlara yüklədilər. Köç etməyə başladılar.
Axşam olanda "Köç!" səsləri susur, hava işıqlaşan kimi təzədən qopurdu. Türklər Turfan ölkəsinə gəlib çatanadək "Köç!" bağırtıları dillərdən əskik olmadı. Orada artıq səs kəsildi. Köçlər də Turfanda yerləşdilər və Beş Balıq şəhərini qurdular.
Ramazan Qafarlı,
Professor
Xalqcəbhəsi.-2014.-9 iyul.-S.14.