Biz niyə kitab oxumuruq?
Bir
qrup insanlar - "Mənə oxumaq lazım deyil, hər
şeyi bilirəm"- düşüncəsi ilə
yaşayırlar.
Respublika ərazisində ən az fəaliyyət göstərən kitab mağazalarıdır və bu gün ölkə insanı ən az kitaba ehtiyac hiss edir. Bir qədər öncə insanları ucuz kitabla təmin edən metrodakı köşklər yığışandan sonra bu sahədə xüsusi tənəzzül yaşanmaqdadır. Dini doğulandan qəbrə qədər oxumağı əmr edən ölkədə insanlar kitab oxumağa meyilli deyil. Maraqlıdır niyə?
Psixoloqlar bildirir ki, kitab oxumaq vərdişi ilk əvvəl ailədə qazanılmalıdır. Bu səbəbdən də valideynlər uşağı müxtəlif kitablarla təmin etməli, ona tez-tez kitab oxumalıdırlar. Britaniyalı mütəxəssislər hesab edirlər ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman onlara kitab seçmələri üçün istədikləri qədər vaxt verilməlidir: "Başlanğıcda övladınıza rahat əldə tuta biləcəyi, içində qısa hekayələri və maraqlı şəkilləri olan kiçik kitablar alın, çünki o, məhz belə kitabları sevir".
Psixoloq Narınc Rüstəmova deyir ki,
qızlar 11 yaşda, oğlanlar 12-13 yaşlarında daha
çox informasiya almaq ehtiyacı hiss edirlər. Buna görə
də onların kitaba, internetə marağı daha çox
olur. Psixoloq
hesab edir ki, ölkəmizdə kitab oxuyanların
sayının az olmasının əsas səbəbi
əhali arasında televizor aludəçiliyinin geniş
yayılmasıdır: "İnsanlar televizora rahat informasiya
almaq vasitəsi kimi baxırlar. Bir çox
insanlar, əsasən də yaşlı nəsil günün
xeyli hissəsini seriallara baxaraq keçirir.
Ortayaşlı və orta yaşdan yuxarı insanların az kitab oxumasının digər səbəbi
ailə qayğıları, səbirsizlikdir. Bir
qrup insanlar isə "mənə oxumaq lazım deyil, hər
şeyi bilirəm" düşüncəsi ilə
yaşayırlar. Gənclər isə daha
aktiv həyata meyl göstərirlər.
Ekspert bu
sahədə təbliğata ehtiyac olduğunu vurğulayır:
"Valideynlər kitabı evdə təbliğ etməli,
imkan varsa, kitabxana qurmalı, övladları ilə birgə
kitab oxumalıdırlar. Cəmiyyətdə isə
kitabla əlaqədar tədbirlər, treninqlər, bayramlar
keçirilməli, bukletlər paylanmalıdır. Bukletlərdə hər kitab haqqında qısa məlumatlar
yazılmalıdır. Beləliklə,
zaman keçdikcə, insanların kitaba marağı artacaq,
kitabı həyatlarının bir parçasına çevirəcəklər".
Araşdırmalar
göstərir ki, inkişaf etmiş ölkələrdə
daha az televizor seyr edib, daha çox kitab
oxuyurlar. Almaniyalı professor Fişer: "İnsan
düşündükcə beyin tutumu, düşünmə
imkanları və qabiliyyəti inkişaf edir. Beyin
işlədikcə inkişaf edən, istifadə edilmədikdə
isə ən sürətlə kütləşən insan
orqanıdır. Bu kütləşməni
aradan qaldırmaq üçün bir həftə zehni məşğələ
etmək lazımdır. İllərlə
işləməyən beyinin nə hala
düşdüyünü özünüz təsəvvür
edin".
Bir yaponiyalı ildə 25, isveçli 10, fransalı 7
kitab oxuyur. Türkiyədə hər 7 nəfərə 1 kitab
düşür. Azərbaycanda isə bu
göstərici minimum səviyyədədir.
Mütəxəssislər hesab edirlər ki, kitab oxumaq vərdişi
insanlarda körpəlikdən
formalaşdırılmalıdır. Çünki kitab -
uşağın zehni, hissi, sosial və dil baxımından
inkişafında önəmli bir xəbərdarlıq və tədris
vasitəsidir. Türk alimlərin
araşdırmalarına görə, kitablar uşağın
inkişafında önəmli yer tuturlar. Belə
ki, erkən yaşlardan kitaba maraq oyatmaq uşağın
yaradıcı təxəyyül gücünü genişləndirir,
uşağı yavaş-yavaş həyatın gerçəkliklərinə
hazırlamaqda köməkçi olur, söz ehtiyatını
artırdığı üçün uşağın
duyğu və düşüncələrini ifadə etməsinə
imkan yaradır, dinləmək qabiliyyətini
formalaşdırır və uşaqda mütaliə sevgisini
yaradır.
Mədəniyyət
və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova
mətbuata verdiyi açıqlamasında uşaq ədəbiyyatı
nəşrinin ölkədə ən ağrılı problemlərdən
olduğunu bildirir: "Uşaq ədəbiyyatı və
uşaq mütaliəsi bizim ən
ağrılı-acılı yerlərimizdən biridir. Alimlərin qənaətinə görə, əgər
uşaq 9 yaşına qədər mütaliə vərdişinə
yiyələnməyibsə, o uşaq gələcəkdə
heç vaxt mütaliə etmir. Bu səbəbdən
iki yaşından, hətta bir yaşından uşağı
mütaliəyə öyrətmək lazımdır. Kağız kitabları təbii ki, 1 yaşında
uşağa vermək olmaz. Amma yumşaq
kitablar, parçadan, plastmasdan olan kitablar var ki, onlar müxtəlif
səslər çıxarır, səhifələrində
müxtəlif şəkillər olur. Artıq
kitab o yaşdan uşağın canına, qanına, qəlbinə
işləyir. Uşaq böyüdükcə,
təbii ki, kitablar da böyüyür. Bundan
sonra isə kitab oxumaq onun həyat normasına
çevrilir". Lətifə xanım bildirir ki,
uşaqlar üçün elektron kitablar son dərəcə az buraxılır və uşaq ədəbiyyatı
yox dərəcəsindədir. Bu problemin
qarşısını almaq üçün yeni uşaq
kitabları nəşr edilməlidir.
Yazıçılar Birliyindən Qəşəm Nəcəfzadə
bildirir ki, hazırda uşaq ədəbiyyatında kəskin
problemlər yaşanır. Kitablar mətbəələrin
hesabına çıxdığı üçün yük
onların üzərində qalır və uşaq kitabı
çap etməyə vəsait çatışmır:
"Ölkədə uşaq ədəbiyyatında problemlər
çoxdur. Əsas problemlər isə
yaradıcılıq, çap, poliqrafiya və kitabların
ünvanlara çatdırılması problemidir. Sovet dönəmində kitablar hökumət
hesabına çıxırdı. O dövrdə mətbəələrə
yüksək qonorar verilirdi, kitablar da ünvanlarına
lazımi səviyyədə çatdırılırdı. O
səbəbdən kitaba maraq istənilən səviyyədə
idi. O dövrdə uşaq jurnallarının tirajı 200-300
mini keçirdi. Sovet dövləti
dağıldıqdan sonra bu yük mətbəənin üzərində
qaldı. Mətbəələrdə isə
vəsait çatışmadığında ölkədə
uşaq ədəbiyyatı yox səviyyəsinə qədər
endi".
Qəşəm
Nəcəfzadənin sözlərinə görə, ölkədə
çap edilən uşaq jurnallarından da uşaqlar istifadə
edə bilmirlər: "Bu gün çap olunan jurnallar da orta
məktəblərə yol tapa bilmir. Xüsusilə
Azərbaycanın ucqar rayonlarında uşaqlar demək olar ki,
kitabın, jurnalın nə olduğunu bilmirlər. Çünki Təhsil Nazirliyi imkan vermir ki, uşaq
kitabları, uşaq jurnalları məktəblərə
satılsın. Bu səbəbdən bu
gün uşaqlar kitab oxumur. Artıq
uşaq dünyası elə bir istiqamətdədir ki,
uşaqlar uşaq kimi yox, sanki böyümüş
formadadırlar. Mən istəyərdim ki,
uşaq nağılları disklərə
köçürülsün, səhnələşdirilsin,
orta məktəblərə verilsin ki, uşaqlar bunlardan rahat
istifadə edə bilsin. Kitabların elektronlaşdırılması
ona görə lazımdır ki, bu gün uşaqlar kitabdan
çox kompüterdən istifadə edirlər. Buna görə də biz də uşağa kitabı
sevdirmək üçün onların ən çox istifadə
etdikləri üsullarla işləməliyik".
Qərb ölkələrində uşaq kiçik
yaşlarından xüsusi üsulla kitaba
alışdırılır. Onlar üçün
buraxılan əslində kitab deyil, kitab halında buraxılan
bir məhsuldur. Burada şəkillər
oyun formasında yerləşdirilir. Daha
sonra yaş artdıqca müəyyən mətnlər də
yerləşdirilir və mətnlərin səhifələrdəki
sayı artır, şəkillərin sayı isə azalır.
Uşaqlar üçün nəşr olunan
kitablarda poliqrafiyanın rolu böyükdür. Mütəxəssislər bildirir ki, belə
kitabları nəşr etməzdən öncə uşaq
psixologiyasını öyrənmək vacibdir. Sözsüz ki, uşaqlar üçün kitablar rəngarəng
olmalıdır. Çünki
uşaqların özünün də genetik xüsusiyyətləri
bunu tələb edir və hər bir uşaq kitab bazarında
özünə uyğun kitab tapmalıdır. Daimi oxucular bildirir ki, hazırda kitab qiymətləri
baha olduğundan əsasən xarici saytlardan kitab sifarişləri
verirlər. Belə saytlardan həm dərslik,
həm də bədii ədəbiyyat almaq olar. Bir az gec gəlsə də yerli qiymətlərdən
ikiqat ucuz olur.
"Qanun"
nəşriyyatının baş direktoru Şahbaz Xuduoğlu
bildirir ki, Azərbaycanda kitab üzərində əlavə dəyər
vergisi var: "Bəlkə vergi götürülsə bir az
ucuz olar. Qiyməti yüksək edən obyektiv səbəblərdir.
Kitab hazırlanmasında lazım olan iynə belə
xaricdən gəlirsə, hansı ucuz qiymətdən
danışmaq olar? Bundan başqa Azərbaycanda
kitabların tirajı aşağıdır. Maksimum 1000 ədəddir. Bütün
bunlar qiymətə təsir edir.
Ancaq əvvəlki
illərə nisbətən son 5 ildə bir az
artım var. Bu inqilabi artım deyil ki, nəticədən
razı qalaq. Bu gün oxuculuq səviyyəsi
kifayət qədər yüksək deyil. Belə bir məsəl
var: "Duanı nə məqsədlə edirsən et, xeyirli olsun", bu gün insanlar istər
nümayiş üçün, istərsə də başqa
bir məqsəd üçün kitab oxuyurlarsa, bu
yaxşı göstəricidir. Nəticədə,
kitab oxunmuş olur. Hərə
özünü bir cür göstərir. Kimi
cibgirliklə, kimi korrupsiyaya bulaşmaqla, kimi də kitab
oxumaqla. Kimsə özünü göstərmək
üçün kitab oxuyursa, burda pis bir şey yoxdur. Qoy özlərini elə göstərsinlər.
Nəticədə, kitab oxuyanların sayı
artacaq".
Şahbaz Xuduoğlu bu gün daha çox kitaba maraq
göstərənlərin gənclər olduğunu bildirir. Gənclərin içində
daha çox kitab oxuyanlar isə qızlardır:
"Yaşlılardan daha çox gənclər kitab oxuyur. Kitaba həqiqətən sevgiləri var. Gənclər
arasında ən çox maraqla oxunan romanlardır. Biz də bu istiqamətdə kitablar nəşr
edirik. Oxucunun azlığından şikayətlənməklə
yanaşı, həm də kitabların azlığını
da nəzərə almaq lazımdır. Oxucular
yeni kitablar istəyir. Təkrar-təkrar
eyni kitabları nəşr etmək olmaz. Mətbuat
hər gün yeni məlumat verdiyi kimi kitablar da yenilənməlidi
ki, oxucuları cəlb etsin. Hər dəfə
kitabçıya müraciət etdikdə yeniliklərlə
qarşılaşmalıdı insanlar. Yeni
kitab, yeni mövzu görməlidirlər ki, öz zövqlərini
təzələyə bilsinlər".
Azərbaycanda
dünya ədəbiyyatına maraq xüsusilə yüksəkdir:
"Öz ədəbiyyatımıza olan maraq dünya ədəbiyyatına
olan marağın sıfırda biri qədərdir. Yüz kitab dünya ədəbiyyatından
satılırsa, 1 kitab öz ədəbiyyatımızdan
satılır. Bizim kitab bazarında Azərbaycan
kitabları çatışmır. İstər uşaq
kitabları olsun, istər nağıllar, istər kiçik həcmli
hekayələr olsun, istərsə də böyüklər
üçün romanlar... Azərbaycan
yazıçılarının kitabları
çatışmır bizim kitab bazarında. Onlar hədsiz azdır və çap
olunmalıdır".
Aparılan araşdırmalara görə, kitab oxuyanların göstəricisi Gürcüstanda 47, Ermənistanda 39, Azərbaycanda 11 faizdir. Birləşmiş Millətlər Təşkilatının Elm və Mədəniyyət qurumu olan UNECKO, dünya üzrə kitab oxuma vərdişlərinin olduğu ölkələrin siyahısını hazırlayıb. Siyahıda Türkiyə, Malaziya və Ermənistan 86-cı yerdədir. Türkiyə kitabxanalarında 13, Bolqarıstanda 46, Rusiyada 739, Almaniyada isə 104 milyon kitab var. Yaponiyada əhalinin 14, Amerikada 12, İngiltərə və Fransada 21, Türkiyədə isə 0,001 faizi kitab oxuyur. Bundan başqa, bir ildə Amerikada 72, Almaniyada 65, Brazilyada 13, Türkiyədə isə 6 min kitab nəşr olunur. Dərsliklər bu rəqəmlərə daxil deyil.
Ülviyyə
Tahirqızı
Xalq cəbhəsi.-2014.-9 iyul.-S.13.