Qeyri-neft sektorunun inkişafında
sahibkarlığın rolu artır
Müstəqillik illərində Azərbaycanda həyata
keçirilən uğurlu iqtisadi siyasət nəticəsində
ölkədə dayanıqlı və sabit iqtisadi sistemi
formalaşmış, iqtisadiyyatda özəl sektorun xüsusi
çəkisi, sahibkarlığın rolu əhəmiyyətli
dərəcədə yüksəlmişdir. Sahibkarlığın
inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin
başlıca istiqamətlərindən biri olmaqla, ölkədə
iqtisadi və sosial problemlərin həllinin, cəmiyyətdə
sabitliyin möhkəmləndirilməsinin mühüm amili
hesab olunur. Sahibkarlığın
inkişafı üçün vacib olan qanunvericilik bazası
yaradılıb, sahibkarların hüquq və qanuni mənafelərinin
müdafiəsini, sahibkarlıq fəaliyyətinin dövlət
tənzimlənməsinin təkmilləşdirilməsini,
sahibkarlıq mühitinin
sağlamlaşdırılmasını təmin edən
müvafiq normativ hüquqi aktlar qəbul edilib. Ölkəmizdə son onilliklərdə aparılan
iqtisadi islahatlar qeyri-neft sektorunda sahibkarlığın
formalaşmasına, onun iqtisadiyyatdakı rolunun daha da
artmasına, sosial-iqtisadi problemlərin həllində fəal
mövqe nümayiş etdirməsinə geniş imkanlar
açıb.
Son onillikdə Azərbaycanda ÜDM-nin həcmi və
onda özəl bölmənin payı əhəmiyyətli həcmdə
artıb.
Əgər 2000-ci ildə ÜDM-nin cəmi 4,7
milyard manat idisə, 2005-ci ildə 12,5 milyard manata, 2012-cu ildə
isə 54 milyard manata yüksəlib. Habelə paralel olaraq
özəl sektor da inkişaf etmiş və ÜDM-də
xüsusi çəkisi çoxalaraq 2012-ci ildə 81,5% təşkil edib. Bunlarla
yanaşı, bu gün ölkə iqtisadiyyatı
qarşısında duran mühüm vəzifələrdən
biri qeyri-neft sektorunun inkişafı, sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi, təkmilləşdirilməsi, onun
dövlət tərəfindən müasir bazar
iqtisadiyyatının prinsipləri əsasında daha səmərli
tənzimlənməsidir.
Azərbaycanda özəlləşdirmənin həyata
keçirilməsi və iqtisadiyyatda köklü
islahatların aparılması nəticəsində ölkədə
mülkiyyət növünə görə müəssisələrin
müxtəlif formaları meydana gəlib. Bunlar dövlət,
bələdiyyə, xüsusi, xarici və qarışıq
tipli müəssisələrdir. Rəsmi statistikaya əsasən,
2013-cü il yanvarın 1-i vəziyyətinə, Azərbaycanda
fəaliyyət göstərən müəssisələrin
11,7%-i dövlət, 2,2%-i bələdiyyə, 5,6%-i xarici,
1,8%-i qarışıq, 78,7%-i isə xüsusi müəssisələrdir.
Göründüyü kimi, ən yüksək əhəmiyyətli
paya xüsusi mülkiyyət, özəl sahibkarlıq müəssisələri
sahibdir - 78,7%. Bu isə Azərbaycan
iqtisadiyyatında sahibkarlıq fəaliyyətinin nə qədər
əhəmiyyətli rola malik olmasından xəbər verir.
2001-ci ildən
2013-cü il yanvarın 1-nə kimi ötən 12 il ərzində
mülkiyyət növləri üzrə müəssisələrin
sayında dövlət mülkiyyətinin payı 27,57%-dən
11,7%-ə düşmüş, əvəzində isə
xüsusi sahibkarlıq müəssisələrinin xüsusi
çəkisi 67,5%-dən 78,7%-ə, xarici müəssisələrin
xüsusi çəkisi isə 3,3%-dən 5,6%-ə yüksəlmişdir.
2001-ci ilə nisbətən ötən 12 il ərzində
2013-cü ilə kimi bütün növ müəssisələrin
sayı 1,4 dəfə, özəl müəssisələrin
sayı isə 1,7 dəfə, xarici müəssisələr
2,4 dəfə, qarışıq müəssisələr 1,6
dəfə, kiçik müəssisələr 1,4 dəfə
artmışdır. Həmin dövrdə
dövlət müəssisələrinin sayı azalaraq 15385-dən
9208-ə düşüb. 2013-cü il yanvarın 1-i vəziyyətinə,
ölkədəki 78966 müəssisənin 79,7%-i
və ya 62899-u kiçik müəssisə, 9208-i dövlət,
1755-i bələdiyyə, 4404-ü xarici, 1456-sı
qarışıq, 62143-ü xüsusi sahibkarlıq müəssisələridir.
Ölkədə yaradılmış əlverişli
iqtisadi şərait, mühit, xüsusən də "bir pəncərə"
sistemi ilə dövlət qeydiyyatına alınmanın tədbiqi
fərdi sahibkarlığın inkişafına da geniş
imkanlar açıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən,
2013-cü il yanvarın 1-nə Azərbaycanda
fərdi sahibkarların sayı artaraq 432141-ə
çatıb. 2011-ci ildə bu rəqəm 307
min nəfər olub. İki il ərzində
fərdi sahibkarların sayı 125 min artımşdır ki, bu
da bu sahədə dinamik artımdan xəbər verir. İqtisadiyyatın bütün sahələrində
fərdi sahibkarların sayının artımı
müşahidə edilir. Fərdi sahibkarların 84,7%-i və ya 365,7 mini xidmət sahələrində
fəaliyyət göstərirlər. Yerdə qalan fərdi
sahibkarların 11,3%-i kənd və meşə təsrrüfatı,
balıqçılıq, 3%-i sənaye, 1%-i tikinti sahələrini
əhatə edir.
2013-cü
il yanvarın 1-nə ölkə üzrə hüquqi şəxs
yaratmadan fəaliyyət göstərən fərdi
sahibkarların 39,7%-i ticarət, nəqliyyat vasitələrinin
təmiri, 17,3%-i nəqliyyat və anbar təsərrüfatı,
5,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə,
0,4%-i təhsil, 1,1%-i informasiya və rabitə, 0,3%-i maliyyə
və sığorta fəaliyyəti, 1,3%-i istirahət, əyləncə
və incəsənət sahəsində, 1,9%-i daşınmaz
əmlakla əlaqədar əməliyyatlar, 1,7%-i peşə,
elmi və texniki fəaliyyət, 0,7%-i inzibati və
yardımçı xidmətlərin göstərilməsi,
0,9%-i ev tərərrüfatları, 0,5%-i əhaliyə səhiyyə
və sosial xidmətlərin göstərilməsi, 13,6%-i isə
digər sahələrdə xidmətlərin göstərilməsi
sektorlarını əhatə edir. Göründüyü
kimi, fərdi sahibkarlar daha çox qeyri-neft sektorunda
çalışırlar. Bu isə həmin
sahədə fərdi sahibkarlıq fəaliyyəti
üçün daha əlverişli şəraitin və
imkanların olması ilə əlaqədardır.
Dünya təcrübəsi göstərir ki,
sahibkarlıq - təsərrüfat fəaliyyətinin
liberallaşdırılması ilə dövlət
qurumlarının səmərəli işinin üzvi surətdə
əlaqələndirildiyi, kiçik və orta biznesə fəal
dövlət yardımının həyata keçirildiyi və
daxili bazarda haqlı rəqabətin bərqərar olduğu
ölkələrdə daha geniş yayılır və
sürətlə inkişaf edir. Eyni zamanda, milli
iqtisadiyyatın tərəqqisi üçün sahibkarlıq
resurslarının inkişafının təmin edilməsi və
onlardan səmərəli istifadə olunması mühüm əhəmiyyət
kəsb edir. Ona görə də, dövlət
müxtəlif vasitələrlə sahibkarlığın
inkişafını stimullaşdırır, təşviq edir.
Bu məqsədlə normal qanunvericilik bazası
yaradılıb, özəlləşdirmə aparılıb və
bu proses davam edir, müxtəlif proqramlar qəbul edilib, vergi və
kömrük sistemində islahatlar həyata keçirilib,
özəl sektorun dəstəklənməsi üzrə
müxtəlif maliyyə mənbələri
formalaşdırılıb, infrastruktur problemləri həll
olunur və s.
Aydın məsələdir ki, ölkədə bundan
sonrakı iqtisadi artım, müasir texnologiyaların tədbiqi,
özəl sektordan dövlət büdcəsinə vergi
daxilolmalarının artması, ərzaq təhlükəsizliyi
problemlərinin həlli, işsizliyin azaldılması,
yoxsulluğun aradan qaldırılması həm də
sahibkarlığın inkişafından və milli sahibkarlar təbqəsinin
formalaşmasından asılıdır. Bötövlükdə
qeyri-neft sektorunun inkişafı sahibkarlığın tərəqqisi
hesabına mümkündür. Bazar
münasibətlərinə xas olan işgüzar aktivlik məhz
bu fəaliyyət sahəsində aşkarlanır. Bazar mexanizminin mühüm elementi olan sağlam rəqabət
mühitinin formalaşmasında sahibkarlığın
inkişafı əsas şərtdir. Bunun
üçün isə azad sahibkarlıq və liberal iqtisadiyyat
siyasəti genişləndirilməlidir. Əvəzində
inkişaf edən sahibkarlıq bölməsi, özəl
sektor məşğulluq, rəqabət qabiliyyətli məhsulların
buraxılması, xidmətlərin göstərilməsi,
dövlət büdcəsinə vergilərin ödənilməsi,
xidmət sferasında keyfiyyətin
yaxşılaşdırılması və s. bu kimi problemlərin
həllini öz üzərinə götürür.
Azərbaycanda fəaliyyət göstərən
sahibkarlıq strukturları ölkədə məhsul
istehsalında, işlərin və xidmətlərin yerinə
yetirilməsində iqtisadiyyatda aparıcı mövqeyə
malik olmaqla yanaşı, əhalinin məşğulluq səviyyəsinin
yüksəldilməsində və insanların sosial vəziyyətinin
yaxşılaşdırılmasında da mühüm rola
malikdir.
2012-ci ilin yekun statistikasına əsasən Azərbaycanda 4,4 milyon nəfər məşğul əhalinin
1,16 milyon nərəfəri və ya 26%-i dövlət
sektorunda, 3,3 milyon nəfəri və ya 74%-i qeyri-dövlət
bölməsində işləyir. Habelə işləyənlərin
49%-i özəl sektorda (2,2 milyon nəfər),
0,2%-i bələdiyyələrdə (7,2 min nəfər), 2%-i
xarici investisiyalı və birgə müəssisələrdə
(87,3 min nəfər) çalışır, 22,2%-i isə
(989,6 min nəfər) sərbəst məşğul əhalidir.
Təkcə qanunların qəbulu da kifayət deyil, real
və praktiki olaraq iqtisadi azadlıqlar daha da genişləndilməlidir. Habelə
sahibkarların hüquqları qorunmalıdır. Əslində iqtisadiyyatın tam
liberallaşdırılmasına, dövlətin iqtisadiyyata
müdaxiləsinin minimuma endirilməsinə, azad rəqabətə
və iqtisadi azadlıqların təmin olunmasına daha
çox ehtiyac var. Sənaye və xidmət sferası özəl
sektorun və sahibkarlığın, kənd təsərrüfatı
fermerlərin hesabına daha da inkişaf etdirilməlidir.
Sahibkarlığa iqtisadi artımın əsası
kimi baxılmalıdır. Ona görə də
dövlət sahibkarlıq fəaliyyətinin
inkişafını bundan sonra da
stimullaşdırmalıdır. Sahibkarlığın
inkişafına mane olan amillər isə aradan
qaldırılmalıdır.
Müsbət
haldır ki, dünyadakı maliyyə böhranı şəraitində
belə Azərbaycan hökuməti tərəfindən valyuta
ehtiyatlarından səmərəli istifadə,
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi,
maliyyə intizamının möhkəmləndirilməsi,
milli valyutanın sabitliyinin qorunması və ölkədə
investisiya mühitinin yaxşılaşdırılması sahəsində
uğurlu nəticələrə nail olunmuşdur. Bu isə investorların, sahibkarların maraq dairəsindədir.
Dünya maliyyə-iqtisadi böhranı bir daha sübut
etdi ki, bütün ölkələr üçün eyni
inkişaf reseptləri, tövsiyyələri qəbul edilə
bilməz. Müasir bazar iqtisadiyyatın bütün sahələrinin
qarşılıqlı təsirindən ibarət olan mürəkkəb,
çoxsahəli sistemdən ibarətdir. Azərbaycanda
bazar iqtisadiyyatına keçid ölkədə
sahibkarlığın təşəkkül tapmasını,
formalaşmasını və inkişaf etdirilməsini zəruri
edib, buna geniş imkanlar yaranıb. Müasir
dünyada bazar iqtisadiyyatını azad rəqabətə əsaslanan
sahibkarlıq fəaliyyəti olmadan təsəvvür etmək
mümkün deyil. Azərbaycanın
hazırki və gələcək iqtisadi inkişafı da məhz
sahibkarlığın formalaşmasından və onun hansı
səviyyədə inkişaf etdirilməsindən
asılıdır.
Müsbət haldır ki, artıq Azərbaycan
iqtisadiyyatda keçid dövrünü arxada qoymuş və
ölkədə bazar iqtisadi sistemi
formalaşmışdır. Sahibkarlığın
inkişafı istiqamətində həyata kəçirilən
tədbirlər öz müsbət nəticələrini vermişdir.
Ölkədə aparılan islahatlar daha
geniş vüsət almış və sosial-iqtisadi inkişaf
sahəsində keyfiyyətcə yeni - davamlı inkişaf mərhələsinə
qədəm qoyulmuşdur. Yeni mərhələnin
əsas hədəfi iqtisadi səmərəlilik, sosial ədalətlilik
prinsiplərini rəhbər tutmaqla qeyri-neft sektorunun,
sahibkarlığın inkişafının sürətləndirilməsi,
milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi
və ölkədə dinamik sosial-iqtisadi inkişafın
davamlılığını təmin etməkdir.
Mahir Həmzəoğlu
Xalqcəbhəsi.-2014.-9 iyul.-S.12.