“Ərəb əlifbası türk sənətkarlarının
əlində”
Seyfəddin Mənsimoğlu: "Əsil yaradıcı adam gərək həyatı ciddi şəkildə öyrənsin"
Seyfəddin Mənsimoğlunun imzası artıq Azərbaycanın
hüdudlarından kənarda da tanınmaqdadır. Hətta Şərq
ölkələrindən gəlmiş tanınmış
mütəxəssislər də etiraf ediblər ki, hazırda əsərləri
dünyada tanınan Seyfəddin Mənsimoğlu (Məmmədvəliyev)
ağac üzərində xəttoyma üzrə yeganə sənətkardır.
Onun yaradıcılığında Şərq
ruhunun qədim ənənələri duyulmaqdadır. Bu, onun həyata-yaşama, dünyaya,
başlıcası, insana, insanlığa özünəməxsus
münasibətinin ifadəsidir. Seyfəddin
Mənsimoğlunun üslubu bundan sonra populyarlaşma mərhələsini
yaşayacaq. Bu gün keçmişə,
qədimliyə, sabaha münasibət məsələsilə
bağlı xalqlar daha da ciddi şəkildə
düşünməkdədilər. Onun
yaradıcılığı artıq məktəbə
çevrilməkdədir. Seyfəddin Mənsimoğlu
haqqında sənədli film də çəkilib, dəfələrlə
Azərbaycan televiziyasında nümayiş etdirilib. O, həm
də istedadlı fotoqrafdır, uzun illərdir Əlyazmalar
İnstitutunda fotoqraf kimi çalışır.
Onun əsərlərinə və xarakterinə bələdlikdən
belə təsəvvür yaranır ki, ağac üzərində
xəttoyma sənətilə məşğul olmağı
heç də təsadüfi deyil. Müsahibim danışır ki,
1936-cı ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı
kəndində anadan olub: "Təbiidir ki, bu gün ağac
üzərində xəttoyma ustası kimi
tanınmağımda doğulduğum mühitin xüsusi təsiri
olub. Ağlım kəsəndən bu qənaətdə
olmuşam ki, canında, qanında yaradıcılıq
ab-havası olan insan üçün zamanın, mühitin rolu
danılmazdır. Yadımdadır, uşaq vaxtı hər
il Ermənistan tərəfdə yerləşən
yaylağa gedərdik. Gorus tərəfdə təpənin
sinəsində iri bir daş parçasının təbii
formasını təbiətin möcüzəsi kimi
anlayırdım. Bu məqam indi də
yadımdan qətiyyən çıxmır. Həmin
hadisədən 20-25 il sonra ora yolum
düşdü. Mənə elə gəldi ki,
daş xatirimdə olan formadan kiçilib. Amma
bununla belə həmin daş əvvəlki kimi yenə də
ruhumdadır.
Pafoslu çıxmasın, bu 70 ildə ardıcıl
olaraq dünya mədəniyyəti, incəsənətinin
soraqlarını öyrənmişəm, Şərqdə bu
sənətin izlərini axtarmışam. Bunu mən
demirəm; Türkiyədən, İrandan, ərəb ölkələrindən
gəlmiş çoxlu mütəxəssislər işlərimə
baxıblar, heyranlıqlarını gizlətməyiblər.
Onlar etiraf ediblər ki, bu vaxtacan ağac üzərində
bu həcmdə, dərinlikdə, geniş əhatəli,
özünəməxsus işlər olmayıb. Mütəxəssislər xüsusən əsərlərimin
dəqiqliklə ekiz olduğunu da qeyd ediblər.
Hətta
bir dəfə Türkiyədən müfti gəlmişdi,
institutda nümayiş etdirilən işlərimə baxandan
sonra mənimlə çox böyük heyranlıqla
görüşdü, dedi ki, əsil sənətkar əlini
sıxdığıma görə özümü xoşbəxt
hesab edirəm. Fikirləşdim ki, yəqin
Türkiyədə belə bir sənət yoxdur ki, bu, belə
danışır. Həmişə məni
burada işləməyə ruhlandıran şəxslərə
rəhmət oxuyuram ki, nə yaxşı, burada işləmişəm.
Fotoqraflıq işi ilə məşğulluğum
qədim əlyazmaları, Şərq ruhunu öyrənməyimə
çox kömək etdi. Ərəb əlifbası yaradıcı
adam üçün geniş imkanlara
malikdir. Fikirləşdim ki, bu əlifba ilə nəsə
orijinal bir iş görmək olar. Bir kitab diqqətimi
cəlb etdi. Orada yazılmışdı: "Ərəb
əlifbası türk sənətkarlarının əlində".
Bu söz mənim sonralar görəcəyim işlər
üçün bir açara çevrildi.
İlk işimin məzmunu belə idi ki, Allah hər
şeydən xəbərdardır. Görünür, belə
bir mövzuya müraciət etməyim uğurlu oldu, baxanlar tərəfindən
yüksək qiymətləndirildi. İstitutun direktoru, mərhum
Cahangir müəllim o zaman məmnunluqla işlərimə
baxdı, dedi ki, Seyfəddin, yaxşı olardı sən Azərbaycan
klassiklərinin adlarını yazaydın. Bu
yöndə artıq xeyli işlərim var".
Onun
yaradıcılığı əhatəliliyi ilə diqqəti
cəlb edir: "Yaradıcılığımda Türk
Dünyasının tanınmış simalarının
adları, yaradıcılığı ilə bağlı məqamlar
öz ifadəsini tapıb. Məsələn,
belə şəxsiyyətlərdən biri - 16-cı əsrdə
cığatay dilində yazan ilk qüdrətli türk
şairi Əlişir Həvainin adını yazdım, sözə
aid fikrini də ağac üzərində işlədim.
Həvai deyir ki, könül bir dəryadır,
onun incisi sözdür.
Onu da deyim ki, əsərlərimi əski əlifbada, amma
Azərbaycan türkcəsində yazıram.
Daha sonrakı əsərlərimin içində
"Babur şah" xüsusi yer tutur. Babur şah
Hindistanda hind-türk imperiyasını yaradan böyük bir
şəxsiyyət olub. Onun ruhumu oynadan
fikirləri belə bir əsəri yaratmağıma səbəb
oldu. Babur şah haqında bir fikrə rast
gəldim. Orada deyilirdi ki, Babur əsgərlərinin
və özünün türk olmasıyla fəxr edirdi.
Babur şah Miyanə əmirliyinə məktub
yazaraq xatırladır ki, siz yaxşı olar, türklərlə
qovğaya girməyəsiniz, çünki türklərin necə
bir döyüşkən xalq olması hər kəsə məlumdur.
Əgər deyilənlərə qulaq
asmasanız, başqalarının başına gələn
sizin də başınıza gələ bilər".
S.Mənsimoğlu
ixtisasca rəssamdır: "5 il Əzimzadə
adına Rəssamlıq Texnikumunda təhsil almışam. O
dövrdən az da olsa işlərim
qalıb, amma səviyyə məni qane eləmir. Həmişə bu fikirdə olmuşam ki, bəstəkarlıq,
rəssamlıq, şairlik kimi sənətlərlə məşğul
olmaq üçün fitri qabiliyyət lazımdır.
Belə çıxır ki, hələ mənim
üçün o an yetişməmişdi.
Sonradan oğlum istedadlı bir rəssam oldu, demək
olar ki, onun üçün bünövrə oldum. Hər halda rəssamlığın rəngkarlıq
sahəsilə məşğul olmaq mənim üçün
geniş üfüqlər vermədi. Sonralar o texnikuma
yolum düşəndə öz-özümə fikirləşirdim
ki, Seyfəddin, 5 il bu pillələri
boşuna düşüb-çıxdın. Sonra
fikirləşdim ki, indiki bu işləri görməyim
üçün məhz rəssamlıq təhsili
almağım lazım imiş. Əsil yaradıcı adam gərək həyatı ciddi şəkildə
öyrənsin, təhlil eləsin. Bu sənətə
meylimə görə indiyə qədər məni narahat edən
hisslərimə borcluyam.
Yəni başımı aşağı alıb foto ilə
məşğul olardım. Arada kəndə də getdim, 3 il orada müəllim işlədim. Gördüm ki, ağac üzərində xəttoyma
sənəti ilə məşğul olmamaq mümkün deyil.
Bir daha anladım ki, hər kəsə bu
dünyada bir ömür payı verilir. Gərək
insan bu ömrü aqibətinin tələbinə uyğun
yaşasın".
O, 48
yaşında ağac üzərində xəttoyma sənəti
ilə məşğul olmağa başlayıb: "Hər
halda arzularımı bu mənada reallaşdırdım. Düzdür, insanın arzuları çox olur, amma ən
əsaslarından heç olmasa müəyyən qisminin həyata
keçməsi, reallaşması hər kəsə nəsib
olmur. Bu yaxınlarda qəflətən bərk
xəstələndim. Ağlımdan
keçən bu oldu ki, mənim yaşımda olanlar hər
şeyə hazır olmalıdır. İnsan
daim əbədi işlər görməyə
özünü kökləməlidir. Artıq hiss etdim
ki, gördüyüm işlərə görə dünyadan
rahat gedə bilərəm. Hər
gördüyüm işimi sonuncu işim hesab edirəm. Çalışıram ki, dünənki işdən
bugünkü işimi daha səliqəli görüm.
Hiss edirəm ki, bu gün əvvəlki dövrlərdən fərqli
olaraq daha da təkmilləşmişəm. Bu, o
deməkdir ki, insan püxtələşdikcə işi daha da
kamilləşir".
İnsan
mümkün qədər dünyadan arzusuz getməyə nail
omalıdır. Bu, nə qədər çətin olsa da
mümkündür: "Baxır ki, bu arzunu, istəyi kim reallaşdırır. Hər halda
arzularımı realaşdırmaq üçün daim
inadlı olmuşam, anlamışam ki, bir an
da olsa, rahat durmaq olmaz".
O, həm
də fotoqrafdır. Fotolarında da
özünüzəməxsus dəsti-xətti aydınca
sezilir. Deyir ki, fotoqraflıqla məşğul olmaq da
haradasa aqibət işidir: "50-ci illərin
axırlarında bir fotoqrafın gördüyü işlərə
baxmaqla bu sənətin sirlərini öyrənmişəm. Rəhmətlik Məmmədağa müəllim məsləhət
gördü ki, nə öyrənsən, özün öyrənəcəksən.
Mən də gecə-gündüz
çalışdım, sənətimin sirlərini mənimsədim.
Əlyazmalar İnstitutunda fotoqraf işləmək
də asan məsələ deyil. Fotoqraflıqla
məşğul olmaq mənə ağac üzərində xəttoyma
işində çox kömək edib. Füzulinin
əsərlərini oxuduqca onunla bağlı əsərimin
artıq təkmil variantının yaranmasına səbəb
oldu. Hər dəfə Füzulinin heykəlinin
yanından keçəndə deyirəm ki, səni
yaradanın başına dönüm, səndən sonra sənə
çatası şair yoxdur. Füzulini 5 dəfə
ayrı-ayrı kompozisiyada işləmişəm. Onun qəzəlinin əsasında "Məhəmməd
Füzuli" yazdım. Bu məqamda fotodan
istifadə etdim".
Bu gün foto nə qədər inkişaf etsə də,
rəssamlığın yerini vermir. Amma təbiidir ki, hər birinin
öz yeri var. Foto insan əməlini, onun xatirəsini, məhz
həmin anı əbədiləşdirir:
"Fotoqrafçılıq da sırf yaradıcı bir
işdir. Ona barmaqarası baxmağın əleyhinəyəm.
Görürsən, istedadlı bir fotoqraf bir şairin elə
bir şəklini çəkib onu kəşf edir ki, əslində
bu, onun yaradıcılığına, gözəl bir beytinə
bərabər olan iş kimi xarakterizə edilir. Ola
bilər, kimsə onun texniki yollarını bilsin, amma
insanın bu sənətlə məşğul olması
istisnasız olaraq fitrət halı ilə bağlıdır.
Aşıq
Ədalətin də şəklini çəkmişəm, mənə
çoxları dedi ki, bunu niyə belə çəkmisən,
heç sifəti görünmür. Dedim ki, mən onun musiqiyə
qaynayıb-qarışan vədəsini çəkmişəm".
Bu gün demək olar ki, hamı şəkil çəkir. Sənəti
bu dərəcədə qiymətdən salmaq olmaz. Bu gün müğənnilərin də sayı
çox artıb, həmçinin foto ilə məşğul
olanların. Görürsən ki, yüz il
əvvəl çəkilən şəkillər 10-15 il əvvəl
çəkilən şəkillərdən daha yaxşı
qalıb. İndiki şəkillərin keyfiyyəti
əvvəlkilərdən aşağıdır. Fotoqraf çox duyumlu olmalıdır. Mərhum şair Bəhmən Vətənoğlunun
şəklini çəkmişdim; o qədər xoşuna gəlmişdi
ki, bu barədə dönə-dönə məmnunluğunu
bildirmişdi. Ümumiyyətlə, gərək
yaradıcı adam hər sahədə
öz sözünü desin".
Azərbaycan ruhu çox qədimlərə söykəndiyi
dərəcədə həm də özünəməxsusdur. S.Mənsimoğlu deyir:
"Bayatılarımız, muğamlarımız, miniatür
sənətimiz, xalçalarımız əzəmətli təmələ
malikdir. Sağlıq olsun, ömür imkan versə,
bu mövzularda da nəsə yaradacağam. Bir əsərimdə Xudafərin körpüsü
ilə sazımızı birləşdirmişəm. Saz burada ucalıq, birləşdirici rol oynayır.
Demək istəmişəm ki, güneyli
soydaşlarımızla aramızda tikanlı məftillər
olsa da, amma musiqi ilə bu bağlılıq yaranıb,
heç vaxt da kiminsə bu bağlılığı
qırmağa gücü çatmayacaq.
Sağlıq olsun, Babəkə həsr olunmuş əsər
də yaradacağam. Babək o boyda ərəb xilafətinə qarşı
23 il mübarizə apardı. Onun yenilməzliyini etiraf etməmək böyük
günah olardı. Səid Həfisi Babəkimizi
istənilən səviyyədə təqdim edə bilməyib.
Həfisi Babəkin əzəmətini tam verə
bilməyib. Hər halda əsərlərim
sabaha qalacaq, bu, mənim üçün hər
şeydir".
Uğur
Xalqcəbhəsi.-2014.-9 iyul.-S.10.