Azərbaycan dirijorluq məktəbinin
ustadı – Niyazi
"Suyu az buraxsın deyə, Niyazinin ayaqqabılarına qat-qat qəzet qoyardıq"
Niyazi Tağızadə
Hacıbəyov Zülfüqar oğlu (Maestro Niyazi) 1912-ci il avqustun 20-də Tiflisdə ziyalı ailəsində
doğulub. Anası Böyükxanım ixtisasca
həkim, atası Zülfüqar isə Azərbaycanda musiqili
teatrın banilərindən olub. Əslən
Şuşadan olan və Bakıda yaşayan Zülfüqar bəyin
oğlunun niyə məhz Tiflisdə doğulması da
maraqlı faktdır. O vaxt Zülfüqar bəyin teatr
truppası Tiflisə qastrola gedibmiş. Böyükxanım
da onlarla birlikdə. Elə bu səfər
zamanı ailənin ilk övladı doğulur. Adını Niyazi qoyurlar. Uşaqlıqda
onu Knyaz da çağırıblar. Rəsmi
mənbələrdə bu barədə heç nə
yazılmasa da, deyilənlərə görə, bu adı ona məhz
Üzeyir bəy verib. Qardaşı
Zülfüqar bəyin qucağında körpəni görən
Üzeyir Hacıbəyov onun üz ifadəsini və
duruşunu knyaza bənzədib. Tağızadə
isə anası Böyükxanımın soyadıdır.
Anasının qardaşı, yeganə
dayısı Heydərəli Tağızadə
inqilabçı olduğundan faciəli şəkildə qətlə
yetirilib. Bundan sonra Niyazi bu soyadı
yaşatmağı özünə borc bilib.
Niyazinin uşaqlığı Bakıda keçib. Özündən
sonra Çingiz adlı bir qardaşı da olub. 4 nəfərdən ibarət bu ailə Basin
küçəsindəki (indiki Füzuli küçəsi)
birotaqlı evdə yaşayıb. Evləri
darısqal olsa da, qonaq-qarası əskik olmayıb. Uşaq ətrafında həmişə
musiqiçiləri, yazıçıları,
tanınmış şəxsiyyətləri görüb.
Bu mühit də istər-istəməz ona
öz təsirini göstərib. Niyazi əvvəl
hərb sənətini seçsə də o yolu getmədi.
Niyazi ilk
musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə
skripka sinifində oxumaqla alıb. Sonradan
atası Zülfüqar və əmisi Üzeyir Hacıbəyovların
tövsiyəsi ilə təhsilini 1925-26-cı illərdə Moskvada
Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinifində
davam etdirib. 1929-30-cu illərdə isə
illərdə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi
Texnikumunda bəstəkarlıq sinifində davam etdirib. Ancaq şəhərin havası ona düşmədiyindən,
sözügedən təhsil ocağını bitirə bilməyib.
Azərbaycan dirijorluq məktəbinin formalaşması və
inkişafı onun adı ilə bağlıdır. Q.Ropov,
P.Ryazanov, L.Rudolfun bəstəkarlıq məşğələlərində
iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-35-ci
illərdə başlayır. 1935-ci ildə
ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini
- "Rast" və "Şur"u nota
köçürür. 1946-cı ildə
gənc dirijorların baxış müsabiqəsinin
laureatı adını qazanır. 1949-cu
ildə ən məşhur əsərini - "Rast"
simfonik muğamını yazır. Böyük sənətkar
müxtəlif vaxtlarda Azərbaycan SSR-in xalq artisti, SSRİ
xalq artisti adlarına, Ü.Hacıbəyov adına Azərbaycan
dövlət mükafatına, SSRİ dövlət
mükafatına, "Çitra" baletinə görə Cəvahirləl
Nehru adına beynəlxalq mükafata layiq görülüb. Müxtəlif vəzifələrdə
çalışıb. Həmçinin
1979-cu ildə Azərbaycan Dövlət Flarmoniyasının bədii
rəhbəri olub.
Maestro Bakıya qayıdandan sonra Dağıstan Maarif
Komissarlığına şöbə müdiri göndərilir. İran təbəəsi
olan Həcər xanımla da elə Mahaçqalada tanış olur. Həcər
xanım əslən Cənubi Azərbaycandandır. Qardaşı Əli İsgəndər
Mahaçqaladakı İran konsulluğunda
çalışırmış. Əli
İsgəndərin təşəbbüsü ilə bir
gün Niyazinin ailəsini qonaq çağırırlar və
yaxın münasibətləri yaranır. Niyazi
bəy Həcər xanımı burada görür və
bir-birlərinə aşiq olurlar. Həcər
xanımın ailəsi İrana geri dönmək istədiyindən
qızlarının Niyazi ilə yaxınlaşmasını əngəlləməyə
çalışırlar. Həcər xanım rus dilində
qələmə aldığı xatirələrində o
günləri belə nəql edir: "1932-ci ilin sonlarında
ailəmizdə İrana qayıtmaq haqqında danışmağa
başladılar. Niyaziylə qaçıb gizlicə
evlənmək qərarına o vaxt gəldik. Ancaq bu
planı gerçəkləşdirmək çətin məsələydi:
qardaşlarım hər hərəkətimə göz
qoyurdular, üstəlik, hara qaçacağımızı da
bilmirdik. O dönəmlərdə Üzeyir və
Zülfüqar Hacıbəyovlar çox sadə dolanır,
zaman-zaman ehtiyac içində yaşayırdılar. Zülfüqar bəyin mənzili tək, həm də
balaca bir otaqdan ibarət idi. Amma Niyaziylə
qəti qərara gəlmişdik. Tələbə şəhərciyindəki
qısa görüşlərdən yararlanıb,
qaçış planını hazırladıq..."
Beləcə,
sevgililər hər şeyi, bütün çətinlikləri
göz önünə alaraq 1933-cü il
iyulun 31-də qaçış planını həyata
keçirirlər. Əvvəlcə
Ağdaşa Zülfüqar bəyin qohumlarının
yanına gəlirlər. Orda molla kəbini
kəsdirirlər. Bir müddət sonra
Bakıya gəlirlər və 5 nəfərlik ailə
Zülfüqar bəyin o bir otaqlı evində yaşamağa
başlayır. Təxminən bir il
burada qalandan sonra kirayə mənzil tapıb orada
yaşayırlar. Ailə qurduqları ilk vaxtlar
çox çətin vəziyyətdə olurlar, maddi
sıxıntı çəkirlər. Həcər
xanım yazır ki: "Maddi durumumuz da ağır idi. Niyazi Konservatoriyadan 70 manat təqaüd
alırdı. Bunun 15 manatı ev kirayəsinə
gedirdi. Rəfiqələrimin,
qardaşlarımın gözündən yayındırıb
gətirdikləri paltarlar məni yola verirdi, amma Niyaziyə
geyim almağa pulumuz, təbii ki, yox idi. Onun
olası-qalası bircə kostyumunu hər mövsümə
uyğun boyayırdıq. Kostyumun astarı
elə gündəydi ki, hər gün yamamaq lazım gəlirdi.
Suyu az buraxsın deyə, Niyazinin
ayaqqabılarına qat-qat qəzet qoyardıq. Bununla
belə, onunla xoşbəxt idik. Gənc
idik axı, hər necə olsa da,
sığındığımız bir otaq və gələcəyimiz
vardı".
Ancaq şəraitsizlik, çətinlik, gərgin əmək
Niyazinin səhhətinə təsir etməmiş olmadı. Evliliyinin ilk
illərində onda vərəm xəstəliyi
aşkarlandı. Bəstəkarlar
İttifaqının köməyi və atasının
qonorarı ilə onu Ukraynaya müalicəyə göndərirlər.
Niyazi təbii ki, Həcər xanımla birgə
Ukraynaya gedir və yaxşı müalicə olunub
qayıdır. Həcər xanım bir xatirəsində
yazır ki, "Niyazi xəstələnərkən lap əsəbiləşər,
sevdiyi bu sözləri dilə gətirərdi: "Həcər,
düşünəndə ki, ölərəm, sən
başqasına ərə gedərsən, cin başıma
vurur! Əsəbiləşəndə
uşaqdan da pis olurdu. Yadımdadı, vərəmə,
özü də ağır formasına tutulanda,
şıltaqlığa başlar, hətta mənim ondan iyrənib-iyrənmədiyimi
də yoxlardı. Qəfildən hər
hansı xörəkdən dadmağımı xahiş edər
və öz qaşığını mənə uzadardı.
Mən də boyun qaçırmazdım. Bax onda Niyazinin gözlərindən həm xoşbəxtlik,
həm də minnətdarlıq yağardı".
Dostlar, qohumlar deyir ki, onlar həqiqətən də
xoşbəxt idilər. Birincisi, bir-birlərini dəli kimi sevirdilər.
İkincisi də, artıq Niyazi bəstəkarlıq
və dirijorluq fəaliyyətinə başlamışdı.
Bu isə uğura, şöhrətə
doğru irəliləmək demək idi. O, 1933-cü
ilin dekabrında Azərbaycanda ilk simfonik əsərlərdən
sayılan "Zaqatala süitası"nı
yazır. 1934-cü ildə dirijorluqla da məşğul
olmağa başlayır. Neftçilər
İttifaqının orkestrində dirijorluq edir. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq
musiqisinin klassik nümunələrini - "Rast" və
"Şur"u nota köçürür. 1937-ci ildə
Mirzə Fətəli Axundov adına Opera və
Balet Teatrında dirijorluq vəzifəsinə dəvət olunur.
Bəstəkarlar ittifaqının üzvü
seçilir. 1938-ci ildə Moskvada
keçirilən Azərbaycan mədəniyyəti
ongünlüyündə Niyazi ilk dəfə olaraq musiqi
auditoriyası qarşısına çıxır. Müslim Maqomayevin "Nərgiz"
operasının nümayişi
planlaşdırılmışdı. Lakin
dirijorluq etməli olan Üzeyir bəy xəstələndiyindən
Niyazidən onu əvəz etməsini xahiş edir. Tamaşaçıları ilk
çıxışından özünə məftun edən
Niyazinin Bolşoy Teatrdakı birinci çıxışı
onun parlaq sənət yolunun başlanğıcı
sayılır. Elə bu
çıxışına görə ilk dəfə 26
yaşında "Şərəf nişanı" ordeni ilə
təltif olunur. Bakıya qayıtdıqdan
Simfonik Orkestrə başçılıq edir. Ümumiyyətlə, Azərbaycanda dirijorluq məktəbinin
formalaşması və inkişafı məhz Niyazinin adı
ilə bağlıdır. 1949-cu ildə ən
məşhur əsərini - "Rast" simfonik
muğamını yazır. Bir sıra
ölkələrdə dirijor kimi müvəffəqiyyətli
çıxışlarına görə 1959-cu ildə
SSRİ xalq artisti adını alır. Bundan
başqa SSRİ Dövlət mükafatına və Hindistan
yazıçısı Rabindranat Taqorun əsərləri əsasında
1962-ci ildə yaratdığı "Çitra" baletinə
görə Beynəlxalq Nehru mükafatına layiq
görülür.
Müxtəlif filmlərə musiqi də yazır. "Kəndlilər",
"Fətəli xan", "Doğma xalqımıza",
"Almaz", "Mahnı belə yaranır" filmlərinə
musiqi bəstələyib. "Arşın mar alan"ın
1945-ci ildə çəkilən ilk variantında da
Üzeyirin musiqisini Niyazi orkestrləşdirib. Hələ
film ekrana çıxmazdan əvvəl Üzeyir bəyə
"Niyazi filmdə sənin musiqini dəyişib" desələr
də, bəstəkar buna ciddi reaksiya verməyib.
"Nizami" kinoteatrında keçirilən premyerası
zamanı filmi diqqətlə izləyən və musiqiyə
diqqət yetirən Üzeyir bəy nümayişdən sonra
qardaşına oğlunun əlini sıxaraq, bircə cümlə
işlədib: "Çox sağ ol,
qoçaq".
Beləcə, həyat davam edir. Niyazi sevgidə də
xoşbəxt idi, yaradıcılıqda da. Həcər
xanımla olan münasibətlərinə də söz ola bilməzdi. Baxmayaraq ki, maestronun bir az acılığı vardı. Amma həyat
yoldaşı onu elə bu cür də sevirdi - ürəyi
yumşaq, acı dil. Həcər xanımın belə bir
xatirəsi də var: "Bir dəfə yenə Moskvada olarkən,
bizi restorana çağırmışdılar. Süfrəyə qara çörək verdilər -
Moskvanın çovdar çörəyindən ötrü
ürəyim gedir. Bir tikə çörək
götürüb üzərinə xardal yaxdım, sonra da
üstünə istiot səpdim. Niyazi bunu görüb
dedi ki, "neynirsən, istiot hara, xardal hara? Bu
qarışıqdan nə alınar?".
Dedim: "Necə yəni nə alınar? Niyazi alınar!". Hamı uğunub
özündən getdi. Ən çox
gülən də Niyazinin özüydü.
Cütlüyün arasında məzəli hadisələr
də olurdu.
Məsələn, Həcər xanım yazır ki:
"Niyaziylə mənim barəmdə məzəli əhvalatlar,
ara-sıra, Türkiyə mətbuatına da yol tapırdı.
Bir dəfə Türkiyədə hansısa səfirlikdə
ziyafətə qatılmışdıq. Xörəkpaylayan
mənə yanaşıb - "Madam, viski istəyirsiz?", - deyə soruşdu. İstəmədiyimi
söyləyəndə, xörəkpaylayan araq, konyak, şərab
da təklif etdi. Mən yenə istəmədiyimi
bildirəndə, Niyazi hamının eşidəcəyi səslə
- "Mənim xanımım mənim qanımdan başqa
heç nə içmir!" - dedi. Hamı
ürəkdən gülməyə başladı".
Həcərlə
Hiyazi 51 il 2 gün birgə ömür
sürürlər. Həcər xanım bunları etiraf edir:
"Sözün düzünü desəm, hərdən mənə
elə gəlirdi ki, onu qoruyuram, amma o, məni qorumağı
bir yana, heç mənə verdiyi əziyyətləri də
görmür. Olurdu ki, inciyirdim ondan. Ancaq bu düşüncələr
bütövlükdə ədalətli deyildi. Əvvəla, söhbət məndən düşəndə,
Niyazi həmişə dostlarımıza deyirdi ki,
"heç bir qadın onun mənimçün elədiklərini
edə bilməzdi. Axı, hansı
qadın gecələr gözünü yummayıb mənim əsərlərimə
qulaq asar, hansı qadın gecələr mənə yemək
bişirərdi. Həcərin önündə
çox günahım var və ona çox borcluyam".
Mən də Niyaziyə minnətdaram".
Ülviyyə
Tahirqızı
Xalqcəbhəsi.-2014.-12-14
iyul.-S.13.