Zərdabiyə həsr olunmuş
monoqrafiyanın təqdimatı olub
"Kaspi" qəzeti və Azərbaycan Mətbuat Şurasının
təşkilatçılığı ilə fəlsəfə doktoru, zərdabişünas
alim Eldəniz Həsənovun "Həsən
bəy Zərdabi irsi: keşməkeşli həyat yolu" adlı monoqrafiyanın təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının
sədri Əflatun Amaşov bildirib ki, monoqrafiya Azərbaycan milli mətbuatının banisi,
görkəmli ictimai xadim, böyük maarifpərvər, alim Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyinə
həsr edilib.
Əflatun Amaşov qeyd edib ki, Həsən
bəy Zərdabinin Azərbaycan ictimai-siyasi və mədəni həyatında xidmətləri
əvəzsizdir: "Zərdabi
kimi şəxsiyyətlər
hər bir xalqa hörmət və şöhrət gətirir, mənsub olduğu milləti dünyada tanıdır. Əlimərdan bəy Topçubaşov, Məhəmməd
Əmin Rəsulzadə,
Cəlil Məmmədquluzadə,
Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi kimi şəxsiyyətlər Azərbaycan
xalqının bir xalq kimi inkişafında
böyük rol oynayan insanlardır. Eyni zamanda Azərbaycan siyasi məfkurəsinin inkişafında Həsən
bəy Zərdabinin çox böyük rolu var. O, "Əkinçi"
qəzetini yaratmaqla Azərbaycanda xalqın mənliyi, özünüdərki
ilə bağlı məsələlərdə mühüm
rol oynayıb".
"Kaspi" qəzetinin təsisçisi
Sona Vəliyeva isə deyib
ki, kitab müəllifin
çoxillik tədqiqatı, arxiv işləri əsasında ərsəyə
gəlib. Onun sözlərinə görə,
zaman keçsə də, Həsən Bəy
Zərdabi kimi şəxsiyyətlərin
irsinə münasibət dəyişmir.
Xalq cəbhəsi.-2014.-16 iyul.-S.4.