Milli azlıqların mədəni
azadlığı
Azərbaycanda yaşayan milli
azlıqların mədəni və təhsil haqları qorunur,
inkişaf etdirilir
Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir, bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır.
Müstəqilliyin bərpasının ilk illərində 1992-ci ildə Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərin inkişafı üçün dövlət yardımı haqqında" fərman verdi. Fərmanda deyilirdi: "Azərbaycan Respublikasının ərazisində yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələrinin Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilən siyasi, iqtisadi, sosial, mədəni hüquqlarını və azadlıqlarını qorumaq, onların həyata keçirilməsinə yaxından kömək göstərmək məqsədi ilə nazirlik və idarələrin fəaliyyət çərçivəsində milli münasibətlərlə bağlı məsələlərə, bu fərmandan irəli gələn vəzifələrə hərtərəfli baxılsın.
Respublikamızda yaşayan milli azlıqların demək olar ki, hamısı Azərbaycan dövlət dilini və onların təqribən beşdən dördü rus dilini də bilir. Əlbəttə ki, bu dillərə real yiyələnmək səviyyəsi fərqlidir, amma görünür ki, etniklərarası ünsiyyət üçün kifayətdir. Avropa Şurasının tam hüquqlu üzvü olan Azərbaycan bu mötəbər qurumun 05 noyabr 1992-ci ildə qəbul etdiyi "Regional dillərin və ya azsaylı xalqların dillərinin Avropa Xartiyası"nın prinsiplərini daim diqqət mərkəzində saxlayır.
Fərmanda daha sonra deyilir: "Milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələrinin peşə hazırlığına uyğun olaraq və heç bir ayrı-seçkiliyə məruz qalmadan bərabər hüquqlara malik olmasını nəzərə alaraq, həmin hüquqların həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılsın, onların pozulmasına yönəldilmiş hər hansı bir hərəkətin, yaxud hərəkətsizliyin qarşısı alınsın, ərizə və şikayətlərin baxılmasına və vətəndaşların qəbulunda həmin məsələlərin həllinə diqqət artırılsın". Fərmanda Azərbaycan Respublikasının Prezident Aparatına, Nazirlər Kabinetinə, nazirlik və idarələrə, yerli icra hakimiyyəti başçılarına aşağıdakı istiqamətlərdə dövlət yardımının və hökumət siyasətinin həyata keçirilməsi bir vəzifə kimi tapşırılır;
- milli azlıq, azsaylı xalq və etnik qrupların mədəni, dil və dini özgünlüyünün qorunub saxlanılması və inkişaf etdirilməsi;
- milli ənənə və adətlərə əməl, dini mərasim və ayinlərin tam azad icra edilməsi, ibadət yerlərinin qorunub saxlanılması və onlardan istifadə edilməsi;
- milli sənətkarlığın, peşəkarlıq və özfəaliyyət yaradıcılığı və xalq sənətlərinin sərbəst inkişaf etdirilməsi;
- bütün millətlərin tarix və mədəniyyət abidələrinin qorunması;
- əhali üçün əhəmiyyətli olan yerlər, qoruqlar, parklar və digər təbiət obyektlərinin mühafizə olunub saxlanılması.
"Mədəniyyət haqqında" qanunun 11-ci maddəsində milli mədəniyyətin inkişafına və qorunub saxlanılmasına yardım nəzərdə tutulur. Dövlət Azərbaycan xalqının milli mədəniyyətinin inkişafına və qorunub saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verir. "Təhsil haqqında" qanunun 6-cı maddəsi və "Dövlət dili" haqqında qanunun 3-cü maddəsinə əsasən təhsil milli azlıqların müxtəlif dillərində verilə bilər. "Azərbaycanda yaşayan milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı" haqqında Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 sentyabr tarixli Fərmanı milli azlıqlar arasında əlaqələrin yaxşılaşdırılması və hüquqi dövlətin yaradılmasına onların cəlb olunmasının səviyyəsinin artırılması məqsədi daşıyır. Daxili qanunvericiliyin bu müddəaları ilə yanaşı, Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixində qoşulduğu irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, aparteidin qarşısının alınması və onun cəzalandırılması, genosidin qarşısının alınması və onun cəzalandırılması haqqında BMT Konvensiyaları kimi beynəlxalq sənədlərin müddəaları da tətbiq olunur.
Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasının öyrənilməsi üzrə xüsusi şöbə yaradılıb. Bakıda katolik kilsələri, sinaqoqlar məscidlərlə yanaşı fəaliyyət göstərir. Bu mənada Azərbaycan bütün dünyada multikulturalizm məkanı kimi tanınır.
Bunlarla yanaşı Azərbaycan beynəlxalq konvensiya da qoşulub. Bu da ölkəmizin mili azlıqların hüququnun qorunmasına çox böyük önəm verdiyini ortaya qoyur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-cı ildən etibarən Bakı şəhərində "Azərbaycan-doğma diyar" devizi altında azsaylı xalqların incəsənəti festivalları keçirilir. 2006, 2008 və 2011-ci illərdə keçirilmiş festivallar respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Festivallar çərçivəsində Azərbaycan etnik musiqisinə həsr olunmuş nəşrlər hazırlanıb, görkəmli alimlərin iştirakı ilə azsaylı xalqların və etnik qrupların mədəni irsinin qorunması mövzularında elmi konfranslar keçirilib, onların həyat və yaşayış tərzini əks etdirən fotosərgilər təşkil edilib. Festivallar kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb, elmi konfransların materialları "Musiqi dünyası" jurnalında çap olunub. İctimai Televiziya tərəfindən festivallara informasiya dəstəyi verilib.
Ötən ay növbəti dəfə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi milli azlıqların IV Respublika festivalı Dövlət Musiqili Teatrında qala-konsertlə başa çatıb.
Tədbiri giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq ölkədə yaşayan bütün milli azlıqların Azərbaycan xalqının tərkib hissəsi, tolerantlığın və qarşılıqlı hörmətin dövlətin milli siyasətinin fərqləndirici xüsusiyyəti olduğunu vurğulayıb.
Festival "Doğma yurdum
Azərbaycan" devizi
ilə keçib. Rəşid
Behbudov adına
Dövlət Mahnı
Teatrında festivalın
seçim turları baş tutub, ukrayna, tatar, kürd, yəhudi icmalarının, habelə
axıska türklərinin,
respublikanın müxtəlif
rayonlarının özfəaliyyət
kollektivləri çıxış
ediblər.
Qala-konsertdə Qəbələ rayonunun
Nic kəndindən olan
folklor kollektivi, "Tuqan tel" tatar ansamblı, Balakən rəqs ansamblı, Lənkəran,
Astara və digər rayonların ansamblları çıxış
ediblər.
Festival çərçivəsində Muzey Mərkəzində milli azlıqların həyatını əks etdirən "Bir ailədə" adlı foto sərgisi, habelə "Etnik mədəniyyətlərin müxtəlifliyi
və multimədəni
ənənələr" mövzusunda "dəyirmi
masa" keçirilib.
Həmçinin "Azərbaycanda yaşayan milli azlıqların mahnıları"
adlı 1000 nüsxədən
ibarət Azərbaycan,
ingilis, rus, fransız və alman dillərində olan albomun buraxılması
nəzərdə tutulub.
Azsaylı xalqların mədəni-maarif
inkişafı tarixində
Azərbaycanın müəyyən
təcrübəsi var. Respublikamızın
13 rayonunda yaşayan etnik qrupların uşaqları öz milli adət və ənənələrini,
mədəniyyətini öyrənmələri
üçün lazımi
şərait yaradılıb. Belə
ki, Quba, Qusar, İsmayıllı, Xaçmaz, Oğuz, Qəbələ rayonlarının
126 məktəbində 24670 şagird ləzgi, Lerik, Lənkəran, Astara, Masallı rayonlarının 246 məktəbində
26070 şagird talış,
Balakən, Qəbələ,
Xaçmaz, Zaqatala, Quba, Şamux rayonlarının 32 məktəbində
4748 şagird avar, udin, tat, şaxur, yəhudi, xınalıq, kürd dillərini əsasən ibtidai siniflərdə öyrənirlər.
Beləliklə, respublikanın 407 məktəbində azsaylı
xalqların və etnik qrupların 55488 nəfər uşağı
öz ana dillərini öyrənirlər.
Azsaylı xalqların dillərində
təlim aparan müəllimlər müvafiq
qaydalara uyğun olaraq vaxtaşırı ixtisasartırma kursundan keçirilirlər.
Avropa Şurası
və Azərbaycanın
Təhsil Nazirliyi hələ 2003-cü ilin mayında Bakıda "Təhsil siyasəti və milli azlıqlar"
mövzusunda seminar keçirib,
elə həmin noybarın son günlərində
isə bu məsələ ətrafında
Strasburqda AŞ-ın
iqamətgahında beynəlxalq
ekspertlərin iştirakı
ilə müzakirələr
aparılıb. Hər iki tədbirdə
ölkədəki milli
azlıqların təhsilinə
münasibət yüksək
dəyərləndirilib.
Bu gün Təhsil Nazirliyi ölkə Konstitusiyası, "Təhsil
haqqında" qanunun
tələbləri və
Avropa Xartiyasının
prinsiplərini əldə
rəhbər tutaraq, azsaylı xalqların dilləri, tarixi və mədəniyyətinin
öyrənilməsi istiqamətində
mümkün imkanlardan
istifadə edir.
Azərbaycanda Əfqan Qaçqınları
İcmasının rəhbəri
Həmzə İmani bildirib ki, ölkədə
yaşayan əfqanların
mədəni irsinin qorunmasıylə bağlı
heç bir problem yaşamırlar: "Azərbaycanda
digər azsaylı xalqlar kimi əfqanlara
da mədəni irslərinin qorunub saxlanılması və inkiaşf etdirilməsiylə
bağlı sərbsətlik
verilib. Biz hər il Hovruzu
və millətimizə
məxsus bayramları
qeyd edirik. Uşaqlarımız təhsil alırlar.
Ümumiyyətlə, azərbaycanlılar kimi bizim də
mədəni hüquqlarımız
qorunur".
Azərbaycan Kazak Döyüşçülərinin
atamanı, general Viktor
Mereşkin də bu məsələdə heç bir maneə ilə üzləşmədiklərini bildirib: "Kazaklar və ruslar bütün dini ayin, milli bayramlarını
yüksək səviyyədə
qeyd edirlər. Hətta bizim tədbirlərimizdə
Azərbaycan hakimiyyətinin
rəsmiləri də
iştirak edirlər.
Bu Azərbaycanda azsaylı xalqlara verilən azadlıqın bir təcəssümüdür.
Azərbaycanda yaşayan bütün
milli azlıqların mədəni və təhsil haqları qorunur. Bizim tədbirlərimiz, keçirdiyimiz bayramlar, musiqili, əyləncəli
proqramlarımız yerli
mediada geniş işıqlandırılır. Belə tədbirlərin keçirilməsi
üçün Bakı
meriyasından bizə
yer də ayrılır və yaxud çox zaman öz mədəniyyət
mərkəzlərimizdə keçiririk".
Cavid
Xalq Cəbhəsi.-2014.-16 iyul.-S.11.