Tanınmış teatr
rəssamı
Nüsrət Fətullayev səhnəni əsərdə "oynamayan" yersiz əşyalarla ağırlaşdırmağın əleyhinə idi
XX yüzilliyin ziqzaqlı,
qarışıq hadisələri
Azərbaycanın mədəni-mənəvi
həyatına təsir
etməyə bilməzdi. Ancaq bütün
olmazın çətinliklərə,
problemlərin bolluğuna
baxmayaraq bu, yaradıcı yüzillik idi. Bu dövrdə
heç kəsə bənzəməyən, özünəməxsus
milli sənətkarlar
doğuldular, yaşayıb-yaratdılar,
adlarını tariximizin
silinməz səhifələrinə
yazdılar. Bunlardan biri
də Nüsrət Möhsün oğlu Fətullayevdir.
1913-cü ilin payız
vaxtında Lənkəranda
bir uşaq dünyaya göz açdı. Adını Nüsrət qoydular.
1920-ci ildə Nüsrətin ailəsi Bakıya köçdü.
Gözünün önündə baş vermiş hadisələri uşaqlıq
yaddaşına yazdı.
Onun fitri istedadı sürətlə
üzə çıxmağa
başladı: insanların
hərəkətini, tarixi
hadisələri bir seyrçi rəssam kimi beyninə köçürər, sonra
da kağız üzərində müxtəlif
cizgilər edərdi. Gənc Hüsrət həm də təhsil aldığı
Teatr texnikumunda daha geniş məkanlara can atardı. Bir gün o, Azərbaycan Dövlət Dram teatrının
dekorativ sexinə təcrübəyə gəldi.
Bu gəliş onun sehrli bir
aləmə qədəm
qoymasına səbəb
oldu. Teatrın rəssamı, cani-dildən
millətimizə xidmət
edən P.O.Ryabçikovun
nəvazişi ilə
teatrda tərtibatçı
rəssamlığın əlifbasını
öyrənməyə başladı.
Müəllimi Nüsrətin fitri
istedadına vuruldu.
Sonralar Nüsrət müəllimini belə xatırlayacaqdı: "Mərhum
Ryabçikov geniş
qəlbli bir adam idi.
O, mənim ilk yaradıcılıq
müvəffəqiyyətlərimə sevinər, milli teatr kadrlarının yetişdirilməsinə xüsusi
qayğı göstərərdi.
Mən sonrakı yaradıcılığımda
onun xidmətlərini
heç zaman unutmamış və unutmayacağam".
Bu xatirələrin işığında
Nüsrət müəllimin
mənəvi xəzinəmizdə
olan şəxsi fondundakı sənədlərinin
birinin üzərində
avtoqraf yazanda birinci gün idi ki, Ədəbiyyat
və İncəsənət
arxivində işə
düzəlmişdim. Sonralar Nüsrət
müəllimlə bir
neçə dəfə
görüşdüm. Sənədlər bu gün mənim hafizəmdə Fətullayevlər
nəslinin sənətkar
şəxsiyyətlərinin yaşam illərini canlandırdı: Hökümə
xanım Qurbanova, Fateh Fətullayev, Vəfa xanım Fətullayeva... Bu şəxslərin hər
birinin özünəməxsus
yaradıcılıq dəst-xətti
məni həmişə
düşündürüb.
Nüsrət Fətullayev 1934-cü ildə
Teatr Texnikumunu uğurla başa vurur. Diplom işini müdafiə
etmək üçün
böyük yazıçı-dramaturq
C.Məmmədquluzadənin "Ölülər" əsərinin
bədii tərtibatını
öhdəsinə götürür.
N.Fətullayev tamaşaya verdiyi
gözəl tərtibatla
texnikumu bitirir. "Eskadranın məhvi"
tamaşasının bədii
tərtibatına görə
ona daha yüksək sənət nailiyyətləri arzulayan
Sidqi Ruhulla - "O, bu işi yüksək
professionallıqla qurub"-
deyir".
1938-ci ildə o, teatrın
baş rəssamı vəzifəsinə təyin
olunur. 1940-cı ildə N.Fətullayevə
"Əməkdar incəsənət
xadimi" adı verilir. 1941-ci ildə İkinci Dünya müharibəsi başlayır. Bu illərdə o teatrın aparıcı xadimlərindən
biri kimi fəallıq göstərir.
1945-ci ildə "Şərəf
nişanı" ordeni
ilə təltif olunur: "1947-ci ilə kimi 55 pyesin bədii tərtibatını
verən Nüsrət
müəllim teatr və səhnəmizin tarixində daha çox məşhurlaşır.
Onun bədii tərtibatlarından "Hacı
Qara", "Molla İbrahim Xəlil kimyagər", "1905-ci ildə",
"Yaşar", "Sevil",
"Oqtay Eloğlu",
"Aydın" (C.Cabbarlı),
"Vaqif", "Xanlar",
"Fərhad və Şirin", (S.Vurğun)
"Eskadranın məhvi",
"Həyat", "Məhəbbət",
"Toy", "Nizami", "Dumanlı Təbriz",
"Vəfa" və
b. tamaşaların uğurlarını
xüsusilə qeyd etmək olar.
1950-1960-cı illərdə "Şeyx Sənan" (H.Cavid), "Nişanlı
qız" (S.Rəhman),
"Fırtına" (C.Məcnunbəyov),
"Od gəlini"
(C.Cabbarlı), "Məhəbbətin
hökmü" (C.Məcnunbəyov),
"Söz arası"
(Q.Rəsulov) və s.
daha çox diqqəti cəlb edir. N.Fətullayev ömrünün sonuna qədər teatr rəssamı, bədii tərtibatçı
rəssam kimi mədəniyyət tariximizə
adını əbədi
yazıb. O, keçmiş
SSRİ Dövlət mükafatına
layiq görülmüşdü.
R.Rza ilk
dram əsəri olan
"Vəfa"nın
tamaşası barədə
yazırdı: "Mənim
ilk dram əsərim olan
"Vəfa"nı yazarkən
teatrın gözəl
ənənələrini çox
yaxşı gördüm.
İstedadlı teatr rəssamı
Nüsrət Fətullayev
digər sənətkarlarla
birlikdə mənim arzu etdiyim gözəl
bir tamaşa yaratmışlar". "Türkiyədə" (Nazim
Hikmət) əsərinin
bədii tərtibatı
barədə isə Süleyman Rüstəmin yazdığı rəy maraqlıdır: "Tamaşanın
bədii tərtibatını
rəssam Nüsrət
Fətullayev və Bədurə Əfqanlı
verib, musiqisini C.Cahangirov yazıb. İstər bəstəkar, istərsə
də rəssamlar əsərin ideyasını
tamaşaçıya çatdırmaqla
səmərəli əmək
sərf etmişlər".
İndi də H.Fətullayevin "Şeyx Sənan"la bağlı uğurları barədə. Tamaşanın bədii tərtibatına başlayarkən Nüsrət müəllim İsmayıl Axundovla birlikdə əsərə yaddaqalan tərtibat vermişlər. Ədəbiyyatşünas Ə.Ağayev yazır ki, tamaşanın bədii tərtibatı əsərin məzmunu və ideyasını başa düşməyə yaxşı kömək edir. Tərtibat və musiqi pyesdəki hadisələrin koloritini, qəhrəmanların mənəvi aləmini və ehtiraslarını anladır, xüsusilə korun nəğməsi təsirli və yaddaqalandır". 1955-ci il iyulun 2-də S.Vurğunun "Vaqif"i Gəncədə indiki Milli Dram teatrının kollektivi tərəfindən oynanılır. Əsərin tərtibatını və rəssam işlərini Azərbaycanın xalq rəssamı Nüsrət müəllim ən inandırıcı, realist və təbii boyalarla yaradır. "Səhnədə Azərbaycan xalqının tarixi memarlıq nailiyyətləri ümumiləşdirilmiş, xüsusən zərif sənət nümunələri olan şəbəkələr bütün mürəkkəbliyi ilə səhnədə canlandırılmışdır" - yazan professor Nazim Axundov, sonralar bu sətirlərin müəllifinə Nüsrət müəllimin "nadir istedadlı rəssam" olduğunu demişdi.
Onun şəxsi fondundakı sənədləri, eskizləri, tarixi memarlıq cizgilərinin nümunələrini araşdırıb nəşr etdirmək, gələcək nəsillərə yadigar kimi çatdırmaq hamımızın borcudur. Ümumiyyətlə, XX yüzilliyin ilk teatr rəssamı olan, həmin sənəti professional səviyyəyə çatdıran Nüsrət müəllimin yaradıcılığı gənc sənətşünas və teatrşünaslar tərəfindən araşdırılmalı və öyrənilməlidir. Bədii tərtibat verən rəssam Nüsrət müəllim kimi hərtərəfli biliyə malik olmalıdır. Bu sənət həm də daim milli ənənələrə bağlanmalıdır. Bu barədə Nüsrət müəllim uzaqgörənliklə yazmışdı: "Hər hansı bir səhnə əsərinin müvəffəqiyyəti eyni zamanda onun bədii tərtibatının keyfiyyətindən asılıdır. Tamaşada rejissor və aktyorların iştirakı ilə yanaşı, rəssamın da əsərə verdiyi bədii tərtibat yığcam və təsirli olub, hadisə və xarakterlərin məzmunlu çıxmasına kömək etməlidir. Lakin bəzi teatr rəssamlarımız bu mühüm məsələyə kifayət qədər əhəmiyyət vermir, səhnəni əsərdə "oynamayan" yersiz əşyalarla ağırlaşdırırlar. Bu isə pyesdəki əsas məzmunun tamaşaçılara dolğun və ifadəli şəkildə çatdırılmasına mane olur. Bir səhnədə tələb olunan effekti yaratmaq üçün işıqdan da kifayət qədər istifadə etmirik. Halbuki səhnə dekorları, qrim, kostyum, butafor və s. vasitələrlə yanaşı, işıq da hadisələrin səhnə də daha real və parlaq boyalarla canlandırılmasına kömək edən şərtlərdəndir. Buna görə də respublikamızın teatr rəssamları zəngin və maraqlı tərtibatlar hazırlamaq üçün dekorlardan və başqa səhnə ləvazimatından səmərəli istifadə etməli, habelə ölkəmizin qabaqcıl teatrlarının bu sahədəki təcrübəsindən öyrənməlidirlər".
Maarif Teymur, S.Mümtaz adına Dövlət Ədəbiyyat
və
İncəsənət
Arxivinin direktoru
Xalq cəbhəsi.-2014.-17 iyul.-S.12.