“Sən də yatmış
duyğularını oyat, hüriyyətə doğru addım
at...”
Mirzəbala Məmmədzadənin
publisistikasında daha çox diqqəti cəlb edən
mövzu milli məsələ və istiqlalımızın
qorunmasıdır
1933-cü
il, 27 aprel. Berlində nəşr olunan
"İstiqlal" qəzetində çap edilən məqalədə
Azərbaycan istiqlalını məhv edib ona "proletar
inqilabı" rəngini verənlər kəskin tənqid
edilirdi: "Azərbaycanın istila tarixinə nə rəng
verirlərsə-versinlər, həqiqət, həqiqət
olaraq qalacaqdır. Azərbaycan istila
edilmişdir. Azərbaycan rus istilası
altındadır".
Yazının müəllifi Azərbaycan mühacir mətbuatının
ən fəal yazarlarından biri Mirzəbala Məmmədzadədir. 1898-ci il
avqustun 13-də Bakının yaxınlığındakı
Zirə kəndində, balıqçı ailəsində
doğulub. Ailələri dolanışıq
dalınca Bakıya köçəndən sonra şəhərin
Çəmbərəkənd adlanan məhəlləsində
yaşayıb. Cəfər Cabbarlı da bu
məhəllədə yaşayıb.
1911-ci ildə Yeddinci Rus Tatar məktəbini bitirərək
ünlü maarifçi Həbib bəy Mahmudbəyovun
açdığı şəxsi məktəbə daxil olub.
Dünyagörüşünün formalaşmasında, milli
şüurda böyüməsində, ərəb və fars dillərini öyrənməsində bu təhsil
müəssisəsinin rolu böyükdür. Mirzəbala
yeniyetməliyindən bədii yaradıcılıqla məşğul
olub.
1914-cü
ildə Bakı Politexnik Texnikumunun İnşaat Memarlıq
şöbəsində təhsil alan Mirzəbala
həmin il atasını itirib. Ailə
başçısının vaxtsız dünyasını dəyişməsi
ailəni çətin duruma salsa da oğul ruhdan düşməyib.
Məktəbdə oxuya-oxuya xırda ticarətlə
məşğul olub. Bununla yanaşı o
dövrün qaynar Bakısının müxtəlif fikir cəryanlarının
təşkil etdiyi toplantılarda fəal iştirak edib. Cəfər Cabbarlı ilə yeniyetməlik illərindən
başlanan tanışlıqları sonradan sıx əqidə
və məslək dostluğuna çevrilib.
İctimai-siyasi işlərə böyük maraq
göstərən gəncin bir jurnalist və siyasi xadim kimi
yetişməsində "Açıq söz" qəzetinin
və onun yaradıcısı M.Ə.Rəsulzadənin
çox böyük rolu olur. Hətta burada ilk dəfə
görüşüb tanış
olduğu M.Ə.Rəsulzadə ilə aralarında olan əqidə
və məslək dostluğuna ömrünün sonuna kimi
sadiq qalır. İlk dəfə
"Açıq söz" qəzeti ilə sıx əməkdaşlığa
başlayan Mirzəbalanın jurnalistlik və publisistik fəaliyyətində
əsas yeri tutan da siyasi mövzuda yazdığı məqalə
və əsərləridir. İstiqlal,
müstəqillik mövzusunda mütəmadi yazan müəlliflərdən
biri kimi püxtələşir. Fikirlərini
əsaslandırmaq üçün tutarlı, dolğun
faktlardan, mənbələrdən məharətlə istifadə
edir. Oxucusunun qəlbində istiqlala, azadlığa
qarşı sevgi hissi yaratmağa çalışaraq onu bu
yolda mübarizəyə səsləyərək: "Ey gənc
türklər! Bu gün Kəbeyi-müqəddəsiniz
olan vətəninizi azad ediniz. Əgər
milli ədəbiyyat istəyirsiniz, yenə onu
qurtarmalısınız. Əgər milli məktəb
istəyirsiniz, yenə onu qurtarmalısınız. Əgər elmi-fənn arzulayırsınız yenə
onu xilas etməlisiniz. Hər bir fikriniz, hər
bir düşüncəniz, hər bir əməl və diləyiniz
onun içərisində təmin olunmalıdır. Sizi bir insan olaraq vətən yaşadır. Sizi bir millət olaraq vətən yaşadır.
Sizin dininiz, irz və namusunuz yenə vətəniniz
içində səlamət qala bilər. Sən də
yatmış duyğularını oyat, hüriyyətə
doğru addım at, hüriyyət yolunda qan tökməyə,
can verməyə hazır olduğunu bildir. Hüriyyəti və
vətəni yolunda can verməyən bir millət, muxtariyyəti,
istiqlaliyyəti yolunda varından keçməyən bir millət
yaşamaq istəmir deməkdir". Bütün
varlığı ilə istiqlala, azadlığa can atan müəllif
az vaxtda ziyalılar, xüsusən də gənclər
arasında böyük nüfuz qazaraq "Açıq
söz"ün aparıcı mühərrirlərindən
birinə çevrildi.
Mirzəbala Məmməmmədzadə
jurnalistikasının və publisistikasının səciyyəvi
xüsusiyyəti istiqlala, onun qələbəsinə inam hissi
idi. Qələm və əqidə yoldaşı
M.Ə.Rəsulzadə kimi, Mirzəbala Məmməmmədzadə
də Azərbaycanın Azərbaycanın istiqlala
qovuşacağına, imperiyanın çökəcəyinə
inanırdı. Bu həqiqəti mətbuat
vasitəsilə də təbliğ edirdi.
Bu idi Mirzə Balanın publisistikasının əsas qayəsi.
Mirzəbala Məmmədzadəyə görə XX əsrin
əvvəllərində Azərbaycanda üç
ictimai-siyasi cərəyan mövcud olub; mürtəce
mühafizəkarlar, millətçi liberallar və
inqilabçı millətçilər. Birincilər
çarizmi himayə və təşviş edirdi. İkincilər isə rus liberalları ilə əməkdaşlıq
edirdilər. Üçüncülər
isə rus inqilabçı qüvvələri ilə birlikdə
hərəkət edərək çarizmi devirməyə
çalışırdılar. Müəllifin
fikrincə, bu üç siyasi cərəyan ümumi şəkildə
Azərbaycanda gedən ictimai-siyasi hərəkatın istiqamətini
müəyyənləşdirirdi.
Dövrün bütün ziyalıları kimi Mirzəbala
da bu problemlərin aradan qaldırılması
üçün milli birliyin vacib olduğunu dönə-dönə
vurğulayırdı. Çünki milli birliyin qorunub
saxlanması gənc demokratik respublikanı, onun
ideyalarını qorumaq və yaşatmaq demək idi. Onu da qeyd edək ki, bütövlükdə millətin
mənafeyini, istək və arzularını ifadə edən
ideyalar sistemi kimi milli ideologiyanın yaranması obyektiv tarixi
hadisə kimi ilk növbədə milli azadlıq hərəkatı
ilə bağlıdır. Milli
ideologiyanın yaranması uzun müddətli təbii-tarixi
prosesin məntiqi nəticəsi və ifadəsidir. Milli ideologiyanın yaranması, formalaşması və
milli ideoloji konsepsiyanın hazırlanmasında milli mətbuatın
rolu böyükdür və danılmazdır. Çünki "danışdığı
lisanda" ilk mətbuata malik cəmiyyət bir milliyyət ikən
millət olmağa başlamış deməkdir.
Ümumiyyətlə Mirzəbala Məmmədzadə məqalələrinin
əksəriyyətində bir sıra tarixi məqamlara
toxunaraq milli kimliyimizi dönə-dönə qeyd edərək
"türk" olmasını şərəflə qeyd
edirdi. Lakin uzun illər milli kimlik, milli şüurun
formalaşmadığı bir millətə millət
anlayışının aşlanması gərək idi.
Çünki məlum səbəblərdən
millət özünün mövcudluğunu bir müsəlman
olaraq, bir "müsəlman milləti" olaraq
qavrayırdı. Lakin "Millətpərəstliyin
və milli diriliyin nə olduğunu yaxşıca bilmək
üçün əvvəlcə millətin nə
olduğunu öyrənmək və onu öyrənmək
üçün nə kimi vasitələrə rica etmək
lazım olduğunu anlamaq gərəkdir". Məhz bu məqsədlə müəllif hər iki
anlayışın mahiyyətini açmağa,
arasındakı fərqləri göstərməyə
çalışırdı. Uzun müddət öz
kök soyundan və tarixindən, milli şüurundan
ayrılaraq "manqurt"laşan, millət kimliyini bir
"müsəlman", "tatar" kimi qavrayan millətə
öncə "milliyyət, millət" kəlmələrinin
mənasını anlatmaq lazım idi. Müəllif
məqalələrində bir daha bu məsələyə
toxunurdu.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti
dövründə Azərbaycan mətbuatında milli
şüurun inkişafı, milli tərəqqi məsəlləri
diqqət mərkəzində idi. Azərbaycanın
görkəmli jurnalist və publisistləri bu məsələlərin
mahiyyətini açmaq üçün incə mətləblərə
toxunub, bir çox məqamları aydınlaşdırmağa
çalışırlar.
Mirzəbala Məmmədzadə "Açıq
söz"lə yanaşı 1914-cü ildən fəaliyyətdə
olan "Bəsirət" qəzeti ilə də sıx əməkdaşlıq
edərək qəzetin bir neçə saylarına baş
redaktorluq da etmişdi. 1917-ci ildə Bakıda tələbələrin
yayım orqanı olan "Gənclər sədası" və
"İttifaqı mütəllim" qəzetlərinin
redaktoru olan Mirzə Bala bir il sonra 1918-ci ilin sonlarında
Tiflisdə "İttifaqi-mütəllim" adlı təşkilat
yaradaraq "Gənclər yurdu" jurnalının türk və
rus dillərində nəşrinə başlayır.
1922-ci ildə isə Bakıda "Azərbaycan türk mətbuatı"
adlı iri həcmli tədqiqat əsərini nəşr
etdirir. Onu da qeyd edək ki, bu əsər Azərbaycan Xalq
Cümhuriyyəti dövrünün mətbuatı haqqında
ilk sanbalı əsər kimi diqqəti cəlb edir. Müəllif bu əsərində 1905-1917-ci illər
arasında Azərbaycanda mətbuat, maarif, ədəbiyyat,
teatr, ruhani və qadın məsələlərini
işıqlandırır.
Ümumiyyətlə, Mirzəbala Məmmədzadə publisistikasında daha çox diqqəti cəlb edən mövzu milli məsələ və istiqlalımızın qorunmasıdır. Onun "İstiqlalımız və istiqbalımız", "Cəbhə və arxa qüvvələr", "Azərbaycan və İran", "Əhd ediyorum", "Haqq təşkilatları", "Siyasi əhval", "Torpaq islahatı", "Ermənilər və biz", "Bizdə sinif mübarizəsi" və onlarla belə məqalələrini qeyd etmək olar. Müəllif yazılarını əsasən "Mirzə Bala", "Nuhoğlu", "M.B.Daşdəmir", "Əli Qutluq", "Əl Qut" imzaları ilə çap etdirib. Azərbaycan Xalq Cümhuriyyəti dövrünü tədqiq edənlərdən olan Mövsüm Əliyevin yazdığına görə, 2 mindən çox müxtəlif mövzulu məqalənin müəllifidir. Bu yazıların əksəriyyəti milli məsələlərə həsr edilən publisistik məqalələrdir.
Mirzəbala Məmmədzadə azərbaycanlıların Avropada nəşr etdikləri mühüm mətbu orqanlarından olan "Qurtuluş" jurnalının ən fəal yazarlarından biri idi. Azərbaycan Milli Qurtuluş Hərəkatının məcmuəsi Berlində, Çarlottenburq-2 ünvanında çap olunurdu. Burda yazılan məqalələr əsasən Məmməd Əmin Rəsulzadə və Mirzəbala Məmmədzadə tərəfindən yazılırdı. Ayda bir dəfə nəşr olunan məcmuə sovet imperiyası əsarətində əzilən Azərbaycanın həyatını əks etdirirdi. Məcmuənin məqsəd, məramını "Yazı Heyəti tərəfindən" adlı yazıda daha aydın görmək olar: "Kimə xitab etdiyimiz bəllidir". Hər şeydən əvvəl Azərbaycanlılara, Azərbaycanlı mühərrirlərə, yəni yabançı istilası altında əzilən əsir bir millətə və bu istila üzündən Vətən ayrısı insanlara xitab edirik.
Bu mühətəplərə siz qurtuluşdan söhbət açın! Bu, onların gecə-gündüz gözlədikləri şeydir. Qızıl Rus istilasından xilas olmaq üçün can atanlara qurtuluşdan bəhs etmək, istiqlaldan bəhs etməkdir. Çünki bir millət yalnız müstəqil olduğu zamandır ki, özünü qurtulmuş sayar. İkinci sırada Türkcə oxuyan qardaş və qonşu mühitlərə xitab edirik. Bu mühətəplərdən bir qismi bizim kimi qurtuluş davası aparır, eyni düşmənə qarşı bizimlə çiyin-çiyinə vuruşur".
Mirzəbala Məmmədzadə 1954-cü ildə "Amerika Komitəsi"nin Münhen şəhərində açdığı "Sovet Birliyini öyrənən institut"da direktor və direktor müavini vəzifəsində çalışır. Burada "Dərgi" məcmuəsində çıxış edir. "Yeni Qafqaziyyə", "Azəri türk", "İstiqlal", "Azərbaycan yurd bilgisi", "Milliyyət", "Kommunizmlə mücadilə", "Sabah" və s. mühacirətdə çıxan onlarla qəzet və jurnallarda külli miqdarda publisistik məqalələr çap edir.
Mirzəbala Məmmədzadə 1959-cu il martın 8-də İstanbulda qəflətən ürək xəstəliyindən vəfat etmiş, Qaraca Əhməd məzarlığında dəfn olunmuşdur.
Ülviyyə
Tahirqızı
Xalq cəbhəsi.-2014.-17 iyul.-S.11.