Azərbaycanın ilk mətbuat orqanları
1870-ci ildən 1889-cu ilədək
Qafqazda 56 mətbuat orqanından cəmi 3-ü Azərbaycan
dilində idi
Uzun müddət Zaqafqaziyanın inzibati və mədəni
mərkəzinin Tiflis şəhəri olması mətbuat və
ədəbiyyata da öz təsirini göstərib. Bakıda ilk
rus qəzetinin nəşrinədək Azərbaycan
xalqının iqtisadi və mədəni həyatına aid
faktları Tiflisdə çıxan rus qəzetləri əks
etdirirdi. XIX əsrin 20-ci illərindən başlayaraq
"Tiflisskiye vedomosti", "Zakavkazski vestnik",
"Kavkaz", "Novoye obozreniye" və başqa qəzetlərdə
Azərbaycan xalqının ədəbi həyatına aid
yazılar əhəmiyyətli yer tuturdu.
"Tiflisskiye vedomosti" Qafqazda rus dilində
çıxan ilk qəzet idi. Bu qəzetdə dekabristlərin
iştirakı, qəzetin redaktor müavini V.D.Suxorukovun 14
dekabr hadisələri ilə sıx əlaqədar olması və
s. haqqında məlumatlar vardı. Rus-Azərbaycan
ədəbi əlaqələri haqqında maraqlı tədqiqatlar
aparan alimlər "Tiflisskiye vedomosti" qəzeti haqqında
da yeri gəldikcə bəhs ediblər. "Tiflisskiye
vedomosti" qəzetinin bəzi məqalələri mərkəzi
qəzetlərdə yenidən dərc edilirdi. Bu qəzet
1829-cu ildə gürcü dilində, 1830-cu ildə fars dilində, 1832-ci ildə isə Azərbaycan
dilində də buraxılıb. Azərbaycanca qəzetin
adı "Tiflis əxbarı" idi.
XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və
ictimai inkişafı milli mətbuatın yaranmasını zəruri
edirdi. Bu zərurəti dərk edən görkəmli
maarifçi Həsən bəy Zərdabi hökumətə
müraciət edərək çətinliklə olsa da belə
bir qəzetin nəşrinə icazə ala bilmişdi. Qəzetin
nəşri üçün Zərdabi İstanbuldan xüsusi
ərəb mətbəə şriftləri gətirtməli
olmuş və nəhayət, xeyli əziyyətdən sonra
1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində
qəzetin ilk nömrəsinin nəşrinə nail ola bilmişdi. "Əkinçi"nin nəşrilə həm də milli mətbuatımızın
əsası qoyulub. 1875-ci ilin 22 iyulundan 1877-ci
ilin 29 sentyabrına qədər nəşr edilən
"Əkinçi" qəzetinin ümumilikdə 56 sayı
işıq üzü görüb. Qəzet
ayda iki dəfə 300-400 tirajla nəşr olunub. İlk milli mətbuat orqanı olan "Əkinçi"
qəzetinin işıq üzü gördüyü gün -
iyulun 22-si respublikada "Mətbuat Günü" kimi qeyd
edilir.
Bundan sonra "Ziya", "Kəşkül" qəzetləri
işıq üzü gördü.
"Kəşkül", "Əkinçi" ilə
"Ziya" arasında orta bir mövqe tutmuşdu, lakin
"Əkinçi"yə daha artıq dərəcədə
meyli hiss edilir.
Ziyalıların şüurunda "Azərbaycan
milləti" məfhumunun oyanması "Kəşkül"
dövrünə təsadüf edirdi. Onlar
başa düşmüşdülər ki, "din" və
"millət" məfhumları ayrı-ayrı şeylərdir.
"Kəşkül" qəzeti öz səhifələrində
bu məsələləri aydınlaşdırmağa səy
göstərmiş və ictimai-siyasi şüurun
inkişafına kömək edib. "Kəşkül"
Azərbaycan millətinin inkişafı və başqa millətlərlə
dostluq əlaqələrini möhkəmlətməsi
haqqında da müsbət səciyyə daşıyan məqalələr
verirdi. Bu məqalələrin bir çoxu
mövzusu, ideya istiqaməti, dili və üslubu ilə fərqlənirdi.
1870-ci ildən 1889-cu ilədək Qafqazda 56 mətbuat
orqanı fəaliyyət göstərib. Bunun 20-si rus
dilində, 15-i gürcü dilində, 15-i erməni dilində,
3-ü Azərbaycan dilində idi.
Əgər ayrı-ayrı elmi cəmiyyətlərin,
idarə və təşkilatların rəsmi nəşrlərini
də nəzərə alsaq, həmin rəqəm 69-a
çatar. Həmin
mətbuat orqanlarının bir çoxunun ömrü lap az olub. Cəmi 23 mətbuat
orqanı 5 ildən yuxarı yaşaya bilib. Bunlardan rus nəşrləri
aşağıdakılardır: "Qafqaz", "Tiflisski
vestnik", "Tiflisskiye obyavleniya", ("Tiflisski
listok"), "Kaspi", "Yuridiçeskoe obozrenie",
"Bakinskiye izvestiya", ("Bakinski
torqovo-promışlennı listok") və "Severnı
Kavkaz".
Bakıda rus dilində çıxan qəzetlər ideya
- siyasi nöqteyi-nəzərindən Qafqazın digər şəhərlərində
çıxan rus qəzetləri ilə bir cərgədə
gedirdi. Azərbaycanda çıxan ilk rus qəzeti
"Bakinski listok" hesab edilir. Qəzetin
redaktoru Bakı real gimnaziyasının müəllimi Xristian
Sink idi. Qəzetin ilk nömrəsi 1871-ci
ilin martın 19-da (6-da) çıxıb, iyun ayında bağlanıb.
1872-ci ilin yanvarında qəzetin nəşri
yenidən bərpa olunub. Həmin il
iyunun 3-dək davam edib.
1876-cı ildə Bakıda rus dilində ikinci bir qəzet
"Bakinskiye izvestiya" nəşrə başlayıb. Bu qəzet
quberniya idarəsinin rəsmi orqanı idi və general - qubernator
D.S.Staroselskinin təşəbbüsü ilə
buraxılıb. Staroselski 1875-ci ildə
"Əkinçi" qəzetinin nəşrinə də
kömək edib. Onun "Bakinskiye
izvestiya" qəzetini çıxarmaqda məqsədi
Bakı quberniyası haqqında oxuculara geniş məlumat vermək
idi. O, hələ qəzet çıxmazdan xeyli əvvəl
quberniya idarəsinin nəzdində mətbəə
açıb, çapçılar dəvət edib. 1888-ci ildən sonra qəzet "Bakinski torqovo -
promışlennı listok" adı ilə
çıxıb.
1894-cü ilin yanvarından "Bakinskiye qubernskiye
vedomosti" adlı rəsmi dövlət qəzeti də fəaliyyətə
başlayıb. Qəzet teleqram və elanları olan əlavəsi
ilə çıxırdı. Bu teleqram və
elanların bir hissəsi Azərbaycan dilində
buraxılırdı. Qəzet 1916-cı ilə
qədər çıxıb.
Adları çəkilən bu qəzetlərin
hamısında rəsmi xəbərlər, qərarlar, elanlar
və teleqramlar geniş yer tuturdu. Bakıda rus dilində
çıxan burjua qəzetləri içərisində
"Kaspi" qəzeti daha uzun ömür sürmüş,
müxtəlif dövrlərdə cəmiyyətin həyatını
öz baxışları nöqteyi-nəzərindən əks
etdirib. Qəzetin 1881-ci ildən 1919-cu ilədək
müddətdə 10 min 65 nömrəsi çıxıb.
"Kəşkül" qəzeti
bağlandıqdan sonra Tiflisdə Azərbaycan dilində mətbuat
orqanı yaratmaq üçün bir neçə dəfə
təşəbbüs olub. Məsələn,
Məmmədağa Şahtaxtinski 1896-cı ildə Azərbaycan
dilində "Tiflis" adlı, Kamal Ünsizadə isə
1900-cü ildə "Daniş" adlı qəzet
çıxarmaq istəyiblər. Lakin
onların təşəbbüsü fayda verməyib.
M.Şahtaxtinskinin
"Şərqi-rus" adlandırdığı qəzetin
birinci nömrəsi 1903-cü il martın
30-da çıxıb. Əvvəllər o, həftədə
üç dəfə buraxılırdı. 1904-cü il iyunun 8-dən etibarən gündəlik qəzetə
çevrilib. "Şərqi - rus" qəzeti
XX əsrin ilk Azərbaycan qəzetidir, həm də ilk
gündəlik Azərbaycan qəzetidir. Azərbaycan
mətbuatının qürurverici tarixi nəşrlərindən
biri də ideyaları və onların gerçəkləşmə
üsulları heç vaxt köhnəlməyən "Molla
Nəsrəddin" jurnalıdır. Jurnalın
redaktoru Mirzə Cəlilin əsas qayəsi milləti
müasir dünyaya uyğun ölçülər səviyyəsində
görmək idi. "Molla Nəsrəddin"
bu amallar uğrunda mübarizə fonunda yaranıb.
Jurnalın ilk nömrəsi 1906-cı il
aprelin 7-də çıxdı. Jurnalın
yazıları bütöv bir millətin başına
açılan oyunların, əzab-əziyyətlərin,
haqsızlıqların satirik ifadəsi idi.
"Mola
Nəsrəddin" çap edilib yayıldıqdan sonra onun təsiri
altında Qafqazda, Orta Asiyada, Volqa-boyunda, İranda və
İran Azərbaycanında, Dağıstanda və başqa
yerlərdə bir sıra satirik və yumoristik jurnallar
çıxıb. Bu jurnalların bir çoxu
"Molla Nəsrəddin"in layiqli ardıcılları
olmuş, inqilabi-demokratik ideyaları yayıb. Bəzi satirik jurnallar isə liberal görüşlərdən
irəli getməyib, aşağı səviyyədə
çıxıb.
1911-ci il noyabrın 29-dan Bakıda "Məktəb"
adlı yeni bir uşaq jurnalı nəşrə
başladı. 1920-ci ildə Azərbaycanda Sovet Hakimiyyəti
qurulduqdan sonra 1921-ci ildə nəşrə başlayan
"Maarif" (cəmi 2 nömrəsi çıxıb) və
"Qırmızı günəş" (sonra
"Qızıl cavanlıq"), 1923-cü ildən
çıxan "Gənc pioner", 1927-ci ildən
çıxan "Pioner" jurnalları, "Azərbaycan
pioneri" qəzeti və s. mətbuat orqanları yeni nəslin
tərbiyə olunmasında mühüm rol oynayırdılar.
1919-cu ildə 20-dən çox bolşevik qəzeti nəşr
olunub. Azərbaycan
dilində "Bakı Fəhlə Konfransının
Əxbarı", "Azərbaycan gəncləri",
"Hürriyyət", "Haqq", "Füqəra sədası",
"Zəhmət sədası", "Oktyabr
inqilabı", "Gənc işçi", "Azərbaycan
füqərası", rus dilində "Nabat",
"Molot", "Proletari", "Raboçi put",
"Qolos truda", "Bednota", "Molodoy
raboçi", "Novıy mir" və başqaları Azərbaycan
bolşeviklərinin nəşr etdikləri qəzetlər idi.
Doğrudur, bu qəzetlərin ömrü çox az olmuş, bəzilərinin cəmi bir və
ya bir neçə nömrəsi çıxıb.
"Kommunist" qəzeti "Hümmət",
"Qoç-Dəvət", "Təkamül",
"Yoldaş", "Hümmət" (1917-1918-ci il-lər),
"Bakı Şurasının Əxbarı" kimi
bolşevik qəzetlərinin davamçısı olaraq meydana
atıldı.
"Kommunist"
1919-cu il avqustun 29-da həyata gəldi. Azərbaycan bolşevikləri "Kommunist"i
hökumət orqanlarından xəbərsiz, gizli buraxıblar.
"Kommunist"in 1919-cu il gizli
çıxan nömrəsini Ruhulla Axundov redaktə edib. Azərbaycanda
Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci il
aprelin 30-da Əliheydər Qarayevin redaktorluğu ilə
"Kommunist" leqal şəkildə öz nəşrinə
başladı. Azərbaycanda sovet hakimiyyətinin
ilk illərində "Kommunist" və "Bakinski
raboçi" qəzetlərinin səhifələrində qəzalardan
tez-tez materiallar dərc olunurdu. 1923-cü il
iyunun 16-da Bakıda "Kəndçi qəzetəsi"nin
birinci nömrəsi çapdan çıxdı.
Azərbaycan
Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi
Komitəsi (KPMK) 1923-cü il iyulun 2-də Bakıda Şərq
qadınlarının, xüsusilə Azərbaycan
qadınlarını ictimai-siyasi həyata alışdırmaq
məqsədilə aylıq, ədəbi, ictimai və siyasi
jurnal olan "Şərq qadını"nın nəşr
olunmasını qərara aldı. "Şərq
qadını" jurnalının 1-ci nömrəsi 1923-cü
ilin noyabrında 40 səhifədən ibarət 1000 nüsxə
tirajla çapdan çıxıb. Jurnalın
ilk redaktoru Ayna Sultanova olub. 1938-ci ildən
"Şərq qadını", "Azərbaycan
qadını" adı ilə nəşr olunmağa
başlayıb.
1926-cı ildə Bakı şəhər komsomol təşkilatının konfransı çağırılıb. Konfransın keçirildiyi gün bir dəstə fəal məktəbli üzərində "Pioner"sözü yazılmış 28 səhifəlik jurnal hazırlamışdı. Uşaqların xətti ilə yazılmış cəmi 50 nüsxə jurnal konfrans iştirakçılarının çox xoşuna gəldi. Həmin nüsxələr "Pioner" jurnalının ilk qaranquşu oldu. Aradan bir neçə ay keçəndən sonra, yəni, 1927-ci ilin fevralında "Pioner" jurnalı kütləvi tirajla çıxmağa başladı. 1934-cü il sentyabrın 2-də "Kommunist maarifi" qəzeti nəşrə başladı. 1938-ci ildə adı dəyişdirilərək "Müəllim qəzeti" adlandırıldı. Qəzet 1941-ci ilin iyununadək bu adla nəşr olundu. 1946-cı ilin aprelindən "Azərbaycan müəllimi" adı ilə yenidən nəşrə başlayan qəzet sonrakı illərdə də bu adla yaşadı. Sonrakı illərdə "Ədəbiyyat" (1933)", Azərbaycan pioneri" (1938), "Kirpi" jurnalı (1952), "Bakı " (1958) və s. qəzetləri meydana gəlib. Sovet dovründə şəhər və rayonlarda da qəzetlər nəşr olunub.
Cavid
Xalqcəbhəsi.-2014.-18 iyul.-S.11.