“Qılınc həmin qılıncdır,
vuran əl isə həminki olmayıb”
17 iyul (1487) Şah İsmayıl Xətayinin
doğulduğu gündür
Sərkərdə, dövlət xadimi, şair Şah
İsmayıl Xətayi hələ XIV əsrin əvvəllərindən
tanınan şeyx Səfi əd-Din (1252-1334) nəslinin
davamçısıdır. Təriqət Şah
İsmayılın babası Şeyx Cüneydin vaxtından
etibarən hərbi əməliyyatlara qoşulur. Bundan sonra hərbi uğurlarla birlikdə təriqətin
nüfuzu da artır. Səfəvi
döyüşçülərinin əqidəsinə
görə, öz müqəddəs mürşidlərinin
yolunda candan keçmək özünü bu yola həsr etməyin
ən ibtidai dərəcəsi idi.
Şah İsmayılın atası Şeyx Heydər
müridlərinə on iki qırmızı sarıqdan
çalmalanmağı məsləhət görür və səfəviyyə
təriqətinin ardıcılları
"qızılbaşlar" adlanmağa başlayır. Dar mənada
qızılbaşlar deyəndə təriqətin əsasını
təşkil edən türk-Azərbaycan tayfaları nəzərdə
tutulurdu. Qızılbaşlar
başlarını qırxdırır, bığ uzadır və
qırxıq başlarında kəkil saxlayırdılar.
Döyüşdən qabaq onlar Azərbaycan dilində dua edir
və deyirdilər: "Ey pirim, ey mürşidim, sənə
mənim canım qurban!"
Səfəvilərin Ərdəbildəki malikanələri
möhkəmlənib inkişaf edir. Böyük şeyxin
varisləri bütün Azərbaycanı birləşdirmək
niyyətinə düşürlər. Dağıstan
və Şirvan üzərinə yürüşlərdə
şirvanşahlarla döyüşlər zamanı
İsmayılın babası Şeyx Cüneyd və atası
Şeyx Heydər həlak olurlar. Şeyx
Heydərin ölümündən sonra İsmayılın
dayısı Ağqoyunlu Sultan Yaqub Ərdəbili tutaraq
bacısı Aləmşahbəyimi, habelə onun
azyaşlı oğlanlarını - Sultan Əlini,
İbrahimi, İsmayılı əsir alır. Bu zaman
İsmayılın hələ iki yaşı da
(İsmayıl 1487-ci il 17 iyulda Ərdəbildə
doğulmuşdu. Anası Aləmşahbəyim
Ağqoyunlular sülaləsinin hökmdarı Uzun Həsənin
qızı idi) tamam olmamışdı. Sultan Yaqubun
1490-cı ildə hakimiyyətə gələn oğlu
Baysunqur 1 il keçməmiş əmisi oğlu Ağqoyunlu
Rüstəm padşah tərəfindən devrilir, o, Heydərin
oğlanlarını azad edir, Ərdəbili yenidən Sultan
Əliyə qaytarır. Ölümündən az
əvvəl Sultan Əli qardaşı İsmayılı təriqətin
şeyxi vəzifəsində özünün varisi elan edir.
Etibarlı qızılbaşların köməyi sayəsində
7 yaşlı İsmayıl gizlənə bilir. Onu əvvəlcə
elə Ərdəbildə gizlədirlər. Bir qədər sonra şəhərdə Şeyx
Heydərin oğlanlarını tapmaq üçün ciddi
axtarışlar başlandıqda onu Rəştə, oradan da
Gilan hakimi Kərkiyə - Mirzə Əlinin sarayına
aparırlar. İsmayıl təqribən 6 il burada qalır, tanınmış əmir və
alimlərin rəhbərliyi altında özünün dini,
dünyəvi və hərbi təlimlərini davam etdirir. 13 yaşı olanda o, artıq müstəqil şəkildə
siyasi və dini fəaliyyətə başlayır. 1499-cu ilin avqustunda Gilanı tərk edir,
qışı dəstələrilə birlikdə Astarada
keçirir. Yaz qabağı Çuxursəddən
keçərək Ərzincana yollanır. Bütün yol boyu yerli sufilər dəstəsinə
qoşulur və onun bayrağı altına 7 min süvari
yığışır. 1500-cü ilin
sonlarında İsmayıl Kürü keçərək,
bütün Şirvanda heç bir müqavimət görmədən
Şamaxıya girir. Şirvanşah Fərrux
Yasar 20 minlik süvari və 6 minlik piyada qoşunu ilə
Gülüstan qalası yaxınlığında Cabani adlanan
yerdə İsmayıla qarşı döyüşə girir.
İsmayıl kiçik bir dəstəsini
Gülüstan qalasının mühasirəsi
üçün saxlayaraq Bakıya yollanır və buranı
aldıqdan sonra yenə geri, həmin dəstənin yanına
qayıdır. Burada xəbər tutur ki, Azərbaycan
hökmdarı Əlvənd Mirzə Ağqoyunlu onun üzərinə
hücuma hazırlaşır. İsmayıl
adamlarını məşvərətə yığaraq
onlardan soruşur: "Siz nə istəyirsiniz, Azərbaycan
taxt-tacını, yoxsa "Gülüstan"
qalasını?" Onlar yekdilliklə "Azərbaycan"
deyirlər. İsmayıl qoşunu ilə
Naxçıvan istiqamətində hərəkət edir.
1501-ci ilin ortalarında Əlvənd Mirzə onları
Şərur düzündə qarşılayır. Əlvənd
Mirzənin 30 minlik ordusu ilə döyüşə girən
İsmayıl 7 minlik qoşunu onu darmadağın edir. Beləliklə, Təbrizə yol açılır.
1501-ci ilin payızında İsmayıl Təbrizə
girərək özünü şah elan edir və adından
pul buraxmağa başlayır. Səfəvilər
zamanında Heratdan Bağdada qədər nəhəng bir ərazidə
Azərbaycan dilində danışılırdı. 1503-cü ildə şah İsmayıl həm də
Fars və İraqi-Əcəm hökmdarı olan Ağqoyunlu
padşahı Muradla mübarizəyə girişir. Onlar arasında döyüş 1503-cü ilin 21
iyununda Həmədan yaxınlığında baş verir.
Şəxsən özünün
döyüşdüyü bu vuruşda İsmayıl qalib gəlir.
Murad padşahı təqib edir, həmin ildə
Şiraz, İsfahan, Kaşan və Qum şəhərlərini
tutur. 1508-ci ildə şah İsmayıl
artıq Bağdad da daxil olmaqla İraqi-Ərəbi, Diyarbəkiri,
habelə Ön Asiyanın bir sıra şəhərlərini
tutmuşdu. Çox qısa müddətdə
şah İsmayıl Şeybani xanın özbək dövlətindən
tutmuş Osmanlı imperiyasının sərhədlərinə
qədər uzanan möhtəşəm bir dövlət yarada
bildi. Səfəvi dövlətinin sahəsi
2 milyon 800 min kvadrat kilometrə çatırdı.
Türk sultanı I Səlim 1512-ci ildə taxt-taca
çıxan kimi şah İsmayılla müharibəyə
hazırlıq görməyə başlayır, Azərbaycan sərhədlərinə
200 minlik nəhəng bir ordu çıxarır. Döyüş 1514-cü il avqustun 26-da Çaldıran adlanan yerdə
baş verir. Üç gün davam edən gərgin
döyüş Sultan Səlimin qələbəsi ilə nəticələnir.
O, yol boyu Xoy, Mərənd və Təbriz şəhərlərini
tutur, Şah İsmayılın tacı, əlbisələri və
bəzək əşyaları da içində olmaqla xeyli qənimət
götürərək şəhəri tərk edir.
Çaldıran döyüşündən sonra
Şirvan və Gürcüstan üzərinə
yürüşlər istisna edilməklə Şah
İsmayıl iri hərbi əməliyyatlar keçirmir. Onun
bütün səyləri yaratdığı möhtəşəm
dövləti qoruyub möhkəmlətməyə yönəlir.
1524-cü ildə Şah İsmayıl vəfat edir. Onu Ərdəbildə
Səfəvilərə məxsus Darül-İrşad qəbristanlığında
dəfn edirlər. Şah İsmayılın Rüstəm
Mirzə, Şah Təhmasib, Sam Mirzə, Alxas Mirzə və Bəhmən
Mirzə adında beş oğlu və Xanım, Pərixan
xanım, Məhinbanu, Firəngiz xanım və Şahzeynəb
xanım adında beş qızı olub. Şah İsmayıl
habelə sufi təriqəti olan Səfəviyyənin
şeyxi, "Xətayi" təxəllüsü ilə ana
dilində gözəl şeirlər yazmış böyük
şair olmaqla yanaşı həm də idman oyunları,
cıdır yarışları, ovla məşğul olub, rəssamlıq
və xəttatlığın sirlərinə bələdliyi
ilə seçilib, yaxşı bərbəd çalıb və
gözəl səslə oxuyub. Dövrün
görkəmli alimləri, astronom və astroloqları,
tarixçiləri, şairləri, rəssamları, xəttatları,
musiqiçi və musiqişünasları onun sarayına
toplaşmışdılar. Ağqoyunlu
Uzun Həsənin Təbrizdə yaratdığı məşhur
kitabxananın nəzdində o, yeni tipli bir kitabxana yaradır.
Buradan təkcə Azərbaycanın deyil, həm
də bütün yaxın ölkələrin alimləri
istifadə edirdilər. Nəhəng
ölkənin hər tərəfindən ən istedadlı xəttat,
rəssam və ustalar buraya toplanır. Onlar
üçün burada xüsusi emalatxanalar yaradılır.
Bu emalatxanalarda kağız, karton, mürəkkəb,
rəng və digər ləvazimatlar da istehsal olunur. Kitabxananın rəhbərlərindən biri Şərqin
böyük miniatürçü rəssamı Kəmaləddin
Behzad idi. Həqiqi, Şahi, Süruri,
Tüfeyli kimi şairlər şah İsmayılın
sarayında qulluq edirdilər. Onlar
İsmayılın yaratdığı ədəbi məclisin
üzvləri idilər. Şah
İsmayılın dini və siyasi görüşlərini
ifadə eləyən şeirləri gəzərgi aşıq
və dərvişlər tərəfindən eldən-elə
yayılırdı. Bu mənada onun şəxsiyyətinə
üç tərəfdən yanaşmaq olar: Şeyx
İsmayılın görüşlərinin təsiri
altında şair Xətayi dərin ideya və ritmik musiqiyə
malik gözəl şeirlər yazır və şah
İsmayıl bu əsərlərdən öz siyasi məqsədləri
üçün istifadə edirdi. Xətayi eyni
zamanda həm də gözəl bir lirik şair idi. Onun ana dilimizin bütün incəliklərini
ustalıqla əks etdirən "Dəhnamə" poeması
Azərbaycan poeziyası tarixində mühüm yer tutur.
Həmin poemanın təbiətin bahar
oyanışına həsr olunmuş ölməz misraları
Azərbaycan şeirinin bütün müntəxəbatlarında
öz əvəzolunmaz yerini tutub".
Venesiyadan
olan bir tacir yol qeydlərində özünün Şah
İsmayılla Təbrizdəki görüşlərini belə
xatırlayır: "İndi onun 31 yaşı var. Ortaboylu,
olduqca gözəl və mərd bir kişidir. Saqqalını
qırxır, bığ saxlayır. Ona
qız kimi vurulmaq olar. Solaxay olsa da,
bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi
çaldırır. Rəqsi çox sevir
və rəqqasələr oynarkən ayaqlarını yerə
döyərək İsmayıla həsr olunan mahnılar da oxuyurlar.
O, hər gün əmirlərlə oxatma yarışları
keçirmək üçün meydana çıxır və
həmişə də günün qaliblərinə
mükafatlar verir. Bu yarışlar vaxtı onun
şərəfinə çalıb-oxuyur, rəqs edirlər.
Bu sufi öz təbəələri,
xüsusilə də əsgərlər tərəfindən
allah kimi sevilir və pərəstiş olunur. Onun
əsgərlərindən bir çoxu döyüşə
yalın əllə-dəbilqə və zirehsiz girirlər, əmindirlər
ki, İsmayıl onları döyüşdən salamat
çıxaracaq".
Xalq arasında indiyə qədər dildən-dilə gəzən
əfsanədə də şah İsmayılın qeyri-adi
fiziki qüvvəsindən danışılır. Əfsanədə
deyilir ki, şah İsmayılın öz qılıncı ilə
düşmən toplarının lüləsini yarması xəbəri
türk sultanına çatır. Maraqlanan
sultan şah İsmayıla ismarış göndərib
xahiş edir ki, qılıncını ona göndərsin.
Tezliklə onun bu xahişinə əməl
olunur. Lakin Sultan həmin qılıncla
topun lüləsini yarıb keçə bilmir və
İsmayılı günahlandırır ki, guya o, həqiqi
qılıncı göndərməyibmiş. Şah İsmayıl məcburiyyət
qarşısında yazdığı məktubda məsələnin
nə yerdə olduğunu anladığına işarə edir
və yazır ki, qılınc həmin qılıncdır,
vuran əl isə həminki olmayıb.
Şahismayıl İsmayılov,
Araşdırmaçı
Xalqcəbhəsi.-2014.-18 iyul.-S.14.