Repressiyaya uğrayan
barmaqlar
Xədicə Qayıbova Şərq
Konservatoriyasının əsasını qoymuşdu...
Akademik Ziya Bünyadovun uzun sürən
axtarışları nəticəsində məlum oldu ki,
repressiya illəri musiqi sahəsindən də yan keçməyib. Azərbaycanın
ilk pianoçu qadını, muğamlarımızın pianoda
ilk ifaçısı, peşəkar musiqiçi Xədicə
xanım Qayıbova bu illərin musiqiçi qurbanlarından
biri idi. Xədicə Qayıbovanın
adı Azərbaycanda təkcə fortepianoda muğamların
ilk ifaçısı kimi deyil, həm də repressiyaya məruz
qalan iki musiqiçidən biri kimi tarixə düşüb.
O, Azərbaycanın ilk peşəkar qadın pianoçusu və
pianoda ilk muğam ifaçısı kimi tanınır.
X.Qayıbova 1893-cü il mayın 24-də
Tiflisin məşhur müsəlman ruhanisi Osman Müftizadənin
ailəsində dünyaya gəlmişdi. Atası
Osman Müftizadə qızına mükəmməl təhsil
vermək arzusunda idi. Ata bunun
üçün xeyli əziyyət çəkməli olur.
Çünki öz maddi gücü buna imkan
vermirdi. Elə bu vaxt tale onlara bir şans
yetirir. Tiflisdə yerləşən
"Müqəddəs Nina" qız məktəbinə
daxil olan iki qızın dövlət hesabına
oxuyacağı elan olunur. Ərizələrin
qəbulu başlanır. Ancaq iki yerə
200 ərizə verilir. Püşkatma
keçirilir və qəbul olunan iki qızdan biri olur balaca Xədicə.
İlk elementar musiqi biliklərinə
"Müqəddəs Nina" qız məktəbində yiyələnən
Xədicə xanım ilk musiqi təhsilini də L.N.Knini və
Truskovskidən alır. Lakin onun təhsil
illəri uzun sürmür, ailəsinə bədbəxtlik
üz verir. Atası, qardaşı və
bacısı vərəmdən ölür. Artıq təhsilini davam etdirə bilməyəcəyini
anlayan Xədicə xanım 1911-ci ildə arzularına müvəqqəti
fasilə verir. Bu məqsədlə
"Müqəddəs Nina" qız məktəbindən
ayrılır. Və həmin gün də
Qafqaz Ruhani İdarəsinin baş müftisi, məşhur din
alimi Hüseyn Əfəndi Qayıbzadənin oğlu, yol
mühəndisi Nadir Qayıbova ərə gedir. Həm
Müftizadələrin, həm də Qayıbovların maarifpərvər,
mədəni insanlar olması, ailə qurduqdan sonra da daha
mükəmməl bir mühitdə yaşaması onun
dünyagörüşünə təsirsiz
ötüşmür. Bir müddət Tiflisdəki
tatar məktəbində dərs deyir. 1919-cu
ildə həyat yoldaşı Nadir Qayıbovla birlikdə
Bakıya köçür. Bakı mühiti onun
inkişafı üçün geniş imkanlar açır,
o, qadın sənətçilərin az
olduğu Bakıda ulduza çevrilir sanki. Burada
tezliklə yeni mühitə uyğunlaşır, musiqi mədəniyyətinin
fəal iştirakçısına çevrilir. Deyilənə görə, Hacı Zeynalabdin
Tağıyevin Xədicə xanıma xüsusi hörməti
varmış. Hətta ona serviz və çox qiymətli
brilyant qaşlı üzük də
bağışlayıbmış...
Xədicə xanımın Şah döngəsi, 16
nömrəli evi əsl musiqi ocağı idi. Burada mütəmadi
olaraq musiqi məclisləri keçirilirdi. Dövrün ziyalıları, musiqiçiləri,
şair və yazıçıları, elm xadimləri,
aktyorları bu ocağa toplaşırdı.
Ü.Hacıbəyov, F.Köprülüzadə, R.Qlierin,
L.Rudolf, M.Pressman, Sarabski, Bülbül, eyni zamanda, Azərbaycanın
və Türkiyənin dövlət adamlarının, görkəmli
ziyalılarının iştirak etdiyi musiqi gecələrində
Xədicə Qayıbova Azərbaycan milli musiqisinin gələcəyi,
xalq nəğmələrinin mühafizə olunması,
qadın musiqiçilərin təhsil imkanları haqda
müzakirələr keçirir. Tədbirlərdə
Türkiyənin görkəmli dövlət adamları və
ziyalıları da olurdu. Belə musiqi gecələri
nə qədər əyləncəli olurdusa, o qədər də
xalqın maariflənməsi, qadınların təhsilə, eləcə
də, səhnəyə cəlb edilməsi ilə
bağlı söhbətlərlə zəngin idi. 1920-ci ildə Xalq Maarif Komissarlığı nəzdində
Şərq musiqi şöbəsinə müdir təyin olunan
Xədicə Qayıbova "Qısamüddətli Şərq
musiqi kursları" təşkil etməyə nail olur və
uşaq xoru yaradır. Şərq
Konservatoriyasının əsasını qoyaraq, bura
bütün peşəkar musiqiçiləri toplamağa nail
olur. "Şərq musiqi kursları"
ləğv olunduqdan sonra o, təhsilini davam etdirmək qərarına
gəlir. 1927-ci ildə Azərbaycan
Dövlət Konservatoriyasının nəzəriyyə və
bəstəkarlıq fakültəsinə daxil olaraq professor
L.Abdan dərs alır. Fortepianoda muğam
improvizasiyaları ifa etməsi, dastanların toplanması və
bu qəbildən olan "əməlləri" onun təqib
olunmasına gətirib çıxarır. Repressiya illərinin ağır zərbəsi təkcə
insanlara qarşı deyil, həm də maddi və mənəvi
abidələrimizə yönəlmişdi. Bu illərdə dastanlar, muğamlar, xalq musiqisi, milli
alətlər "mürtəce" kimi
tanınıdılırdı. "Zərərli"
kimi qiymətləndirilir, onların inkişafı yolunda
çalışan hər kəs təqib olunurdu. Bu baxımdan Xədicə xanımın təqib
olunması mədəni irsə savaş açan bir rejim
üçün normal idi.
1933-cü
il... Həmin il təqiblər
həbslə nəticələnir. Əksinqilabçılıqda
və türkçülükdə günahlandırılaraq
üç ay həbs olunsa da heç bir sübut
olmadığı üçün azad edilir. 1934-cü ildən etibarən Konservatoriyada müəllim
kimi fəaliyyətə başlayır. 1934-cü
ildə həyat yoldaşı Nadir Qayıbovdan
ayrılmalı olur. Ayrılıq səbəbi
isə qəribədir. Çünki Nadir
Qayıbov Xədicə xanıma görə təqib olunur,
1934-cü ildə iki dəfə həbs edilir. Səbəb Mir Cəfər Bağırovun Xədicə
xanıma olan anormal heyranlığıdır. Bu illərdə iki övlad anası və evli olan
bir qadına qarşı manyak sevgisi M.C.Bağırova
bütün yollara əl atmaq imkanı verirdi. Artıq həyat yoldaşının növbəti həbsdə
öldürüləcəyini duyan qadın ondan ayrılaraq
ikinci dəfə başqa bir Qayıbovla - Rəşid bəy
Qayıbovla evlənir. Ancaq Rəşid bəy
1937-ci ildə əksinqilabçılıqda ittiham olunaraq
güllələnir. 1934-cü ildəki həbsindən
sonra 1938-ci il martın 18-də ikinci və
sonuncu dəfə həbs olunan Xədicə xanımın geri
qayıtmaq şansı olmur. Həmin vaxt 12 yaşı
olmuş qızı Alanqu Sultanova anasının həbs
olunduğu o məşum gecəni belə xatırlayır:
"Gecə gəlmişdilər. Səs-küyə
ayıldım. Anam həmin gəlişə
nə qədər hazır olsa da, sarsılmışdı.
Rəngi ağappaq idi. Bibim
Nigarın əri general Şıxlinski qardaşım
Əbdülkərimə gözəl bir şaşka
bağışlamışdı. Əsl sənət
əsəri idi. Divardan, xalçanın
üstündən asılmışdı. Onu da
götürdülər..."
Xədicə xanım öncədən bilirdi ki, ona
qarşı qondarma ittihamlar irəli sürüləcək və
buna görə də cəzalandırılacaq. O, ən pis halda
sürgün olunacağını gözləyirdi və
psixoloji olaraq özünü buna hazırlayırdı. Heç bir halda güllələnəcəyini
düşünmürdü, düşünə bilmirdi.
Həyat eşqi ilə dolu olan bir qadın bunu
düşünə bilməzdi... Sonradan onun haqda ictimai xadim,
inqilabçı Sultan Məcid Əfəndiyevin həyat
yoldaşı, "xalq düşməninin arvadı" kimi
həbs olunmuş Zivər xanım Əfəndiyeva belə
yazırdı: "Dustaqxana qadınlarla dolmuşdu. Onlar ərlərinə görə tutulmuş vəzifəli
şəxslərin, hərbçilərin arvadları idilər.
Mənim olduğum kamerada gözəl
musiqiçi Xədicə xanım Qayıbova və 30 nəfərdən
çox başqa qadınlar da vardı. Xədicə
xanım çox iradəli, şux qadın idi. Özünü şux aparır, hərdən
mahnı zümzümə edir, rəqs edirdi. Bir dəfə
belə dedi: "Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb. Gərək özümü qoruyam, sarsılmayam.
Eybi yoxdur, lap sürgünə də göndərsələr,
məhv olan deyiləm. Orda da musiqi klubu
düzəldib rəqs edəcəyəm, oxuyub-oynayacağam.
Qoy onlar sevinməsinlər." Ona qarşı irəli sürülən ittihamlar
ağır idi, əksinqilabçılıqda, xarici kəşfiyyatın
casusu olmaqda ittiham edilirdi.
1938-ci il
martın 16-da Azərbaycan Daxili İşlər Xalq
Komissarlığının Dövlət Təhlükəsizlik
İdarəsi birinci bölməsinin üçüncü
şöbə rəisinin müavini, leytenant Tevosyanın Xədicəxanım
haqda hazırladığı arayışdan: "Türk və
ingilis qərargahlarının Bakıda olduqları zaman,
1893-cü ildə anadan olan, Azərbaycan Dövlət
Konservatoriyasının keçmiş müəlliməsi Xədicə
xanım Qayıbova onlarla yaxın əlaqədə idi, həmin
qərargahların zabitlərini evinə qonaq
çağırırdı. Azərbaycanın
sovetləşməsindən sonra Qayıbova öz evində
Müsavat firqəsinin liderlərindən olan Mustafa Vəkilovu
gizlətmişdir. Vəkilovu həbs etmək
üçün gələndə Qayıbova ona qaçmaq
üçün imkan yaratdı. Vəkilov
xaricə qaçıb və indi Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk
ordusunun zabiti azərbaycanlı Sultan Hüseynzadə gizlənirdi.
Qayıbovanın evindən o, İrana
qaçıb və orada alman və yapon kəşfiyyatlarına
xidmət edir. Əksinqilabi millətçi təşkilatının
rəhbərlərindən biri - Fərəczadənin 1937-ci il iyulun 17-də verdiyi ifadədən
görünür ki, Türkiyə kəşfiyyatının
agenti Dadaş Bünyadzadə həmin kəşfiyyatla əlaqəsini
Qayıbova Xədicə xanımın vasitəsilə
saxlayırdı. Qayıbovanın əri Rəşid
Qayıbov Azərbaycan SSR DİXK tərəfindən əksinqilabi
millətçi təşkilatının üzvü kimi həbs
edilmişdir. 1933-cü ildə Qayıbova
casusluqda təqsirləndirilərək Azərbaycan Dövlət
Siyasi İdarəsi tərəfindən həbs edilmiş, amma
ittiham sübut olunmadığı üçün azad
edilmişdir. Yuxarıdakılara əsasən
Qayıbova həbs edilib Azərbaycan SSR CM-nin 68-ci maddəsinə
görə istintaqa cəlb edilməlidir". İstintaqın "Özünüzü müqəssir
bilirsinizmi?" sualına cavabı "Mən əksinqilabi fəaliyyətlə
məşğul olmamışam və bu barədə
özümü müqəssir bilmirəm" olur. O, hətta
keçmiş ərinin qohumu Əliağa Şıxlinski ilə
tanış olmaqda və birgə fəaliyyət
göstərməkdə ittiham olunur. Bundan
başqa, sovetləşmədən sonra müsavat firqəsinin
liderlərindən Mustafa Vəkilovun 10-15 gün onun evində
gizləndiyi məlum olur. Xədicə
xanım bunda heç bir məqsəd güdmədiyini desə
də, bu, heç nəyi dəyişmir. O, eyni zamanda
bildirir ki, Azərbaycan inqilabi komitəsinin sədri Davud
Hüseynovun da bundan xəbəri olub. Onu şərləməyin,
inadını sındırmağın o qədər də
asan olmadığını anlayan rejimin icraedici canlı
mexanizmləri işgəncəyə əl atır. Dindirmələr, fiziki iztirablar onu yorur, ümidini
üzür. Aqibətini dərk edən bu zərif məxluq
artıq süqutunu qəbul edir... Mayın 8-də
müstəntiq Tevosyan 23311 nömrəli istintaq işi üzrə
ittihamnamə tərtib edir. Xədicə
xanım Qayıbova Azərbaycan SSR Cinayət Məcəlləsinin
68-ci maddəsi ilə müqəssir hesab edilir. Altı
ay sonra isə Xədicə xanımı sarsıdan və əbədi
susduran qərar çıxarılır: "Qayıbova Xədicə
Osman qızı - Türkiyə konsulxanası ilə əlaqəsinə
və casusluq fəaliyyətinə görə güllələnsin,
şəxsi əmlakı müsadirə edilsin!" On beş dəqiqəlik məhkəmə ilə
hökm verilir və oktyabrın 27-də icra edilir.
1954-cü ildə Alanqu Sultanova anasının
günahsız həbs olunması ilə bağlı Azərbaycan
Daxili İşlər Nazirliyinə müraciət edir. 1955-ci il
aprelin 28-də Xədicə xanım Qayıbovanın
günahsız həbs olunması ilə bağlı hökm
çıxarılır, ona bəraət verilir... Xədicə
xanım həbs olunan gecə pal-paltarı
yığılmış çamadanı götürməmişdi:
"Mən pianoçuyam. Ağır şey
qaldıra bilmərəm. Siz
götürün" - demişdi. Ən
dar günündə də piano çalan barmaqlarının
qeydinə qalmışdı. Pianosuna yenidən
qovuşacağı günün uzaqda olmadığı
inancında idi. Lakin danışan dilləri susduran rejim
onun pianonun ağ və qara dilləri
üzərində gəzişən, ruha qida verən incə
barmaqlarını da susdurdu...
Ülviyyə Tahirqızı
Xalq cəbhəsi.-2014.-19 iyul.-S.13.