Cabbar Qaryağdıoğluya atası
oxumağı qadağan edibmiş
O, Azərbaycanda, Gürcüstanda, hətta
Orta Asiya və İranda da tanınan sənətkar olub
Azərbaycan milli musiqi mədəniyyəti tarixində
Cabbar Qaryağdıoğlunun özünəməxsus
mövqeyi var. O, təkcə xanəndə olmayıb, həm də
istedadlı bəstəkar və şair kimi tanınıb.
Cabbar
Qaryağoğlu 1861-ci il martın 31-də
Şuşa şəhərinin "Seyidli" məhəlləsində
boyaqçı ailəsində anadan olub. Şuşada
bu nəsil "Qarayağdılar"adı ilə məşhurdur.
Cabbar
Qaryağdıoğlu haqqında mərhum Firidun
Şuşinskinin maraqlı araşdırması var.
F.Şuşinski araşdırmasında qeyd edir ki, nəsilə
belə ad verilməsi haqqında müəyyən mülahizələr
var: "Ümumiyyətlə, o zamanlar Qarabağda və
xüsusilə Şuşada şəhər əhli
arasında adamlara ikinci bir ad qoymaq bir dəb olmuşdu. Əgər bir şəxsə ikinci ad və ya ləqəb
verilsə, şəhər əhli onu həmin adla da
çağırarmış. Deyilənə görə,
Cabbarın atası Məşədi İsmayıl kişi çox dinməz və qaraqabaq adam
imiş. Tay-tuşları bu xasiyyəti
üstündə onunla tez-tez zarafat edərmişlər.
"Ay İsmayıl, yenə nə olub, dünyanın xərc-xəcalətin
səndən alırlar. Qar-zad yağmayıb ki,
nə qaşqabağını sallamısan?" Sonralar isə ona sadəcə, olaraq
"Qaryağdı" deyirmişlər. Cabbar isə
lap uşaqlıqdan özünə
"Qaryağdıoğlu" ləqəbini
götürmüşdü".
Bu yerdə yadıma C.Qaryağdıoğlunun
qardaşı oğlu, məşhur heykəltəraş Cəlal
Qaryağdı ilə söhbətim yadıma
düşür.
Cəlal
müəllimlə onun emalatxanasında söhbət zamanı
dedi ki,
soyumuzun
"Qaryağdı" adlanmasının səbəbi
babamızın uşaq vaxtı qarlı havada bayırda
çox oynaması olub. Əsil adı
İsmayıl olan uşağı qorxutmaq üçün
"Ay İsmayıl, qar yağdı, keç içəri"
deyirmişlər. Sonradan uşağın adı elə
"Qaryağdı" qalıb...
F.Şuşinski
yazır ki, Şuşa ticarət şəhəri
olduğundan, o zaman az-çox varlı ailələr öz
uşaqlarını həm məktəbə göndərər,
həm də asudə vaxtlarında emalatxanada, dükanda,
öz yanlarında işlədərmişlər: "Məşədi
İsmayıl kişi də oğlu Cabbara
boyaqçılıq sənətini öyrətmək niyyətində
idi. Cabbar lap uşaq ikən başqa sənətə - xanəndəliyə
meyl etdi. Cabbarın böyük qardaşları
Məşədi Məhəmmədin və Qafarın gözəl
səsi olduğu üçün gənc vaxtlarından məhərrəmlik
təziyəsində şəbihgərdanlıq edirdilər.
Cabbarın böyük qardaşı Məşədi
Məhəmmədin xüsusilə məlahətli səsi
olub. Məşədi Məhəmmədin yanıqlı
oxumaları balaca Cabbara lap uşaqlıqdan təsir etmişdi.
Hələ məktəbə getməyən
Cabbar öz böyük qardaşı kimi oxumaq arzusu ilə
yaşayırdı. Bu həvəs onu
musiqi aləminə çəkib apardı. Cabbar da qardaşı Məşədi Məhəmmədlə
bu məktəbdə oxumuş, Səkinə və Qasım
rollarında çıxış etmişdi. Cabbargilin
evi şəhərin ən səfalı yeri olan
"Cıdır düzünə"nə yaxın
olduğundan balaca xanəndə öz kiçik
qardaşları və məhəllə uşaqları ilə
"Qaya başı"nda, "Qırx pilləkən"də
və "Ağzı yastı kaha" ətrafında quzu
otarar, oynayardı".
Cabbar
uşaqlıqdan Hacı Hüsünün qüvvəli və
cəzbesdici səsini dinləyərmiş: "Hacı
Hüsünün məlahətli oxuması balaca Cabbarı
saatlarla düşündürərmiş. Çox
çəkmir ki, kiçik Cabbarın səsinə məftun
dinləyiciləri tapılır. Uşaqlar
qoyun-quzunu aparanda gənc xanəndəni oxudar, onu
çılğınlıqla
alqışlayarmışlar".
Cabbarın
musiqi təhsili almasında qardaşı Məşədi Məhəmmədin
böyük rolu olub: "Təbiidir ki, Məşədi Məhəmməd
Cabbarda musiqiyə, sənətə uşaqlıqdan ciddi
münasibət tərbiyə etmiş, xalqın klassik və
şifahi yaradıcılığına, xalq musiqisinin incəliklərinə
həssaslıqla yanaşmağı ona öyrətmişdi. Məşədi Məhəmməd xanəndə, həm
də şair kimi məşhur olduğundan onu Şuşada
toy və ziyafətlərə dəvət edərmişlər.
Məşədi Məhəmməd həmin məclislərə
kiçik qardaşı Cabbarı da apararmış. Bu musiqi məclislərinin gələcəyin
böyük xalq xanəndəsi Cabbar Qaryağdıoğlunun
mahir bir sənətkar kimi yetişməsinə müsbət təsiri
olub. O, bu məclislərdə öz qardaşından
başqa Şuşanın görkəmli xanəndələrini
də tez-tez eşidər, sənətin sirrlərini əxz edərmiş".
Cabbar 10 yaşında ikən şəhərdəki məktəbə
daxil olur. Onun
ilk müəllimi Şuşada "Saqəri" təxəllüsü
ilə tanınan Mirzəli Zeynalabdin oğlu olur: "Bir
gün şəhərin "Qurdlar" məhəlləsində
böyük bir toy olur. Toyda o dövrün məşhur
xanəndələri Hacı Hüsü, Məşədi
İsi, istedadlı tarzən Sadıqcan, Cavadbəy Əlibəy
oğlu və kamançaçı Mirzə iştirak
edirmişlər. 16 yaşı yenicə
tamam olmuş Cabbar da öz müəllimi Mirzəli ilə həmin
toya qonaq gəlibmiş. Məclis qızışır:
Hacı Hüsü "Şüştər", Məşədi
İsi "Mahir" oxuduqdan sonra Mirzəli toyun
"padşahı" şair Növrəs Ələsgərdən
gənc Cabbarın oxumasına icazə verməyi xahiş edir.
O, tarzən Cavadbəyin müşayəti ilə
"Kürd-şahnaz" oxuyur. Cabbarın zil və
təravətli səsi nəinki dinləyiciləri, hətta
musiqiçiləri məftun edir. Onun bu
müvəffəqiyyəti hamıdan çox qoca xanəndə
Hacı Hüsünü heyrətdə qoyur. Hacı
Hüsü onun alnından öpüb, məclis əhlinə
müraciətlə deyir: "Gələcəkdə bizim
yerimizi bu cavan xanəndə tutacaq".
Bu hadisədən
sonra Cabbarın şöhrəti hər yana
yayılır: "Onu şəhərdəki toylara dəvət
edirlər. Cabbarın toylara dəvət olunmasını
eşidən atası Məşədi İsmayıl kişi çox narahat olur, çünki Məşədi
İsmayıl oğlunun ancaq dini mərasimlərdə
oxumasına icazə vermişdi. O, oğlunun toylara getməsini
qəti qadağan edir. Deyilənə görə,
o, bunu mollaların təhrikilə etmişdi. Məşədi İsmayıl Cabbarı özü
ilə məscidə gətirər, orada mərsiyə
oxudarmış".
Cabbarın
xanəndəlik sənətini qorumasının maraqlı bir
tarixçəsi olur: "O dövrdə Cabbargilin
qonşuluğunda Smirnov familyalı bir həkim
yaşayırdı. Həmin həkim Cabbarın
xətrini çox istəyirdi. Cabbar yenidən
xanəndəlik etmək üçün kömək göstərməyi
həkimdən xahiş edir. Həkim ona
kömək edəcəyinə söz verir. Bu söhbətdən sonra Cabbar həkimin
tapşırığı ilə özünü xəstəliyə
vurur. Onun bir balaca naxoşluğu var
imiş. Yemir, içmir, gündən-günə
sınıxır, geri gedir. Atası
Cabbarı həmin həkimin yanına aparır. Smirnov
Cabbarı bir qədər müalicə etdikdən sonra Məşədi
İsmayıla deyir: "Sənin oğlun vərəm xəstəliyinə
tutulub. Bu, qorxulu bir şeydir. Əgər sən onu oxumağa qoymasan, xəstəlik
şiddətlənər və oğlunu tez məhv edər".
Həkimin bu sözünü eşidən Məşədi
İsmayıl çox qorxur, həmin gündən oğlunun
oxumasına icazə verir".
Cabbar
Qaryağdıoğlu 20 yaşına kimi Sadıqcanla peşəkar
xanəndə kimi ancaq Qarabağın məclis və toy şənliklərində
iştirak edir: "Ancaq çox çəkmir ki, onun
şöhrəti Gəncə, Şamaxı, Bakı şəhərlərinə
və daha uzaqlara yayılır. Onu Ağdaşa
toylarda oxumağa dəvət edirlər. Ağdaşda
olması barədə qəribə bir əhvalat söyləyirlər:
bir dəfə gecədən xeyli keçmiş Qarabəyin
karvansarasında qurulan bir məclisdə Sadıqcan tarı sinəsinə
basıb "Qarabağ şikəstəsi"
çalırmış, Cabbar da oxumağa başlayıbmış.
Çox keçmədən şəhər əhli
yuxudan oyanıb evlərin damlarına çıxır, bu
qeyri-adi səsə qulaq asmağa başlayırlar. Sonra tələsik geyinib Qarabəyin karvansarasına
sarı axışmağa başlayırlar. Bu, polisi təşvişə salır. Polis rəisi
atlı kazaklarla karvansaraya gəlir. Ancaq nə qədər çalışırlarsa,
camaatı dağıda bilmirlər. Nəhayət,
Cabbar şikəstəni bitirir, adamlar onun bir daha
oxumayacağını yəqin etdikdən sonra gedirlər".
Cabbar Ağdaşdan Şamaxıya, oradan da Sadıqcanla
birlikdə 1878-ci ildə Bakıya qəssab Hənifənin
toyuna dəvət olunur. Bakılılar Qaryağdıoğlunun və
Sadıqcanın ad-sanına bələd olduqlarından
onları böyük hörmətlə qarşılayır,
8 ay qonaq saxlayırlar. Çox keçmədən
Cabbarı Abşeronda gündə bir neçə yerə dəvət
edirlər. Cabbar Qaryağdıoğlunun Gəncə,
Qarabağ, Şirvan və Bakı toylarındakı
çıxışı, onu tez bir zamanda Azərbaycanda, həm
də Gürcüstanda, Orta Asiya və hətta İranda
tanınan sənətkar edir. C.Qaryağdıoğlu
ikinci dəfə Bakıya təxminən 40 yaşlarında gəlir.
Bütün xanəndələr və
musiqişünaslar onun ətrafında toplaşırlar.
Çox keçmədən
Qaryağdıoğlu bakılı tarzən Mirzə Fərəc
Rza oğlu və kamançaçalan Dəmirçi Quludan
ibarət Şərq musiqisi üçlüyü yaradaraq xalq
şənliklərində oxumağa başlayır. O
dövrdə bütün Abşeronda nə bir məclis, nə
bir toy, nə ziyafət Cabbarsız keçinməzdi...
Uğur
Xalqcəbhəsi.-2014.-22 iyul.-S.14.