“Bağrı şan-şan olan güllərə dəymə”...

 

Akif Səmədin 55 yaşı tamam olur: "Hələ dərdin yazammadım"

 

İyulun 22-si həyatdan vaxtsız getmiş şair Akif Səmədin 55 yaşı tamam olur. O, 1959-cu ildə Qazax rayonunun Astanbəyli kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. "Gənc müəllim" qəzeti "Mərhəmət" jurnalı redaksiyalarında işləyib, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çalışıb. Tələbəlik illərindən bədii yaradıcılıqla məşğul olub. "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Özümə yol" (1996), "Seçilmiş əsərləri" (I cild) kitabları nəşr olunub. 2004-cü il iyulun 6-da Bakıda vəfat edib, doğma Astanbəyli kəndində torpağa tapşırılıb.

Akif Səmədi 1990-cı illərin başlanğıcından tanıyırdım. Onun şeirlərində insanı sevmək, onu tanımaq, anlamaq var. Bir şair olaraq onda gözəl ruhani (insani) duyum var. O, gerçəkliyin arxasındakı ilahi gözəlliyi görə, şeirə gətirə bilirdi. Çağımızda yaradıcılığın müxtəlif sahələrində bu cəhət qıtlaşıb. Ancaq Akif Səməddə ilahi duyğuları, mənanı şeirdə ifadə etmək ustalığı var:

 

Daşda bitən kolmuşam,

Öz-özümü yolmuşam,

Özümdən yol almışam,

Özümə yol gedirəm.

 

O, təsvirçi, tərənnümçü şair deyildi. Şair var ki, bütöv bir şeirində belə bir fikrə rast gəlmək olmur. Onun şeirlərində demək olar, hər misra dolğun yaradıcı fikir ifadə edir.

 

Zəmidə bağrı xal lala,

Mənimlə başlanan dünya.

Qoymurlar özümə qala,

Mənimlə başlanan dünya.

 

İnsan adicə lalədə dünyasını tapır, həmin tapıntıdan başlanır onun üçün dünya. Ancaq insanın o mənəvi dünyasını da əlindən alırlar dünyasızlar - mənəviliyi ələ salmaqla, arxa çevirməklə. Təbiətlə birdir Akif Səməd. Onun dağını, daşını, cığırını dərindən tanıyırdı:

 

"İç" dedikcə içim göynər,

Necə içim, bulaq, səni?

Dağ yolunda köçüm göynər,

Necə qucum, yaylaq, səni?

 

O, dağa-daşa, çaya sevdalıydı. Dərdini təbiətlə bölüşür, özündən bezar olanda da təbiətə üz tuturdu.

Asif Ata yazır: "Ölümü yaşadan qorxudur. Ölümdən qorxmuram. Bu səbəbdən ölümsüzəm. İnsan ömrü bir cümlədir, ölüm onun son nöqtəsi". Ölüm mövzusu da Akif Səmədin şeirlərində aparıcı yer tutur - o, ölümlə oynayır sanki.

 

Doğru-düzünə yaşasan,

Halal sözünə yaşasan,

Ömrü özünə yaşasan,

Qardaş, ölüm nəmənədi?

 

Akif Səməd dərd şairi idi. Hayıf ki, yaşamdan tez getdi.

Şeirdə ruhani (insani) duyğular ifadə etmək asan deyil. Gərək ömürdə ruhani yaşantın ola ki, onu ifadə edə biləsən.

 

Yadındamı qardım?

Səhraya yağardım,

Əvvəl mən vardım,

Sonra da mən varam.

 

Şair burada təbiətə ruhani (insani) münasibət bəsləyir, özünü qarda, səhrada görür. İnsanın əbədi varlıq olduğunu fəhmən duyur. "Özümə yol gedirəm" deyən Akif Səməd hərdən şeirə sığmırdı. Şeir onun üçün əslində özünüifadə vasitəsidir.

Əsl yol, yolçu azdır, az olub həmişə. Dünyada çoxlu yalan yollar var, adamları çaşdırır, doğru yoldan sapdırır. Görünür, Akif "Yolu olan qalmaz darda" deyəndə içində həqiqi yol ehtiyacı duyurmuş. Belədə insan düşdüyü çətin durumdan çıxmaq üçün doğru yolu sanki möcüzə kimi gözləyir, arayır...

Özünü tanıyan təbiətdəki balaca yarpağın da dilini bilir. Akif Səməd bu halı içində gəzdirdiyinə əmin idi. Təbii, yaşamaq istəyirdi Akif Səməd. Dərdi ilə dost olmağı, özünü qınamağı, bütün əzabına, dəhşətinə baxmayaraq dünyanı sevməyi bacarırdı.

Şeiriyyət zamanı o halda ötə bilər ki, yaradıcı şəxs gedişatı aşa bilsin. Akif Səmədlərin ömrü, duyğuları şeirdəmi qalsın? Gedənlərin ömürlərini, xəlqi diləklərini yaşamaq gərəkdir ki, xalq var olsun. Akif Səmədin cismani yaşı 45-də qırıldı, qaldı... Ancaq ruhunun yaşı çoxuydu. Ondan qalan şeirlər bunu deyir. İndi Akif Səmədin bir neçə şeirini təqdim edirik.

 

A bəxtəvər, elə bilmə

Yadam mən Akif Səmədə.

Dərd ha deyil, düşmür çiçək

Badamdan Akif Səmədə.

Anam məni daş doğmadı,

Gözlərində yaş doğmadı.

Ağac yaxın, daş doğmadı

Adamdan Akif Səmədə.

Çox da yollar buz-qarıymış,

Fələklər bizə yarıymış.

Bircə qarış yol varıymış,

Adəmdən Akif Səmədə.

***

Sən kövrəlmə, ay atam,

Dözümə yol gedirəm.

vaxtdı itib-batan

İzimə yol gedirəm.

Yanmaq yaraşır ömrə,

Qulam Allahdan əmrə.

Nəsimi, Yunus Əmrə

Sözümə yol gedirəm.

Daşda bitən kolmuşam,

Öz-özümü yolmuşam.

Özümdən yol almışam,

Özümə yol gedirəm.

***

Gedəsiydim bu şəhərdən vaxtında,

Ürəyimi bada verdim, getmədim.

Arzuların qanadında uçurdum,

Qanadları oda verdim, getmədim.

Üzə durdum, qürbət eldə ölmədim,

Ölmədimsə, ürəkdən gülmədim.

İşıq gələn div eviymiş, bilmədim,

Səs gələnə səda verdim, getmədim.

Ayrılıqmı, aydınlıqmı qoxur dan?

"Dilqəmi"mi, "Ruhani"mi oxur dan?

Məndən ötrü göz yaşları axıdan,

Yurd yerini yada verdim, getmədim.

***

Ürəyin dərd bilmir, pərdəyə dəymə,

Sənə oyuncaqdı dünyası yanmaq.

Əsli heykəlini dərd əyər, dəymə,

Hər kəsə qismətmi düyməsi yanmaq?

Xatirə göynətmə, illərə dəymə,

Qor olar altında küllərə dəymə.

Bağrı şan-şan olan güllərə dəymə.

***

Qəlbində baş əyir ulu sevgiyə,

Baxma ki, özünü əyməz bu dünya.

Məcnunun gözündə özü bilir,

Leylinin telinə dəyməz bu dünya.

Eşitməz batanın hay-harayını,

Dəniz harayını, çay harayını.

Uçurar, toz eylər xan sarayını,

Kərəmin külünə qıymaz bu dünya.

Çox da ki, şimşəklər haqqa şığıdı,

Bu qanlar, qadalar haqq yaraşığıdı.

Akifə oxşayıb, haqq aşığıdı,

Ulu sevgiləri söyməz bu dünya.

***

Düşmən nədi, yağı kimdi?

Dad-aman dostlar əlindən.

Dizə gəldi, neçə-neçə

Ataman dostlar əlindən.

Nədi əlacım, edim?

Neçə yol sözümü yedim.

Şikayətə durum gedim?

Yada mən dostlar əlindən!

Rəngləri var- , alaca,

Boz, sarıca, tünd qaraca.

Tikəmmədim bir balaca

Oda mən dostlar əlindən.

Neçəsinə könül verdim,

Hər salamdan artdı dərdim.

Ay... qədər çəkdim, gördüm

Qada mən dostlar əlindən.

Qəbrimdə otlar bitəcək,

Xığırım otda itəcək.

Ya budu dostlar gedəcək,

Ya da mən dostlar əlindən.

İncənin yolları

Binələri əldən çıxdı,

Endi İncənin yolları.

Bir gümüşü simə döndü,

Dindi İncənin yolları.

Neçə kəhərlər nal salıb,

Neçə igidlər ad alıb.

At səsinə həsrət qalıb

İndi İncənin yolları.

Dağ övladı kür olarmış,

O kürlükdə sirr olarmış.

Qala yolu bir olarmış,

Mindi İncənin yolları.

Dağlar, dərələr yaşıdı,

Tapdandı, gənə yaşadı.

Allah, şəhərə daşıdı

Kəndi İncənin yolları.

 

Uğur

Xalqcəbhəsi.-2014.-22 iyul.-S.15.