Mətbuatımızın mühacir
yazarları
Ceyhun Hacıbəyli Parisdə
yaşadığı dövrlərdə də Bakı qəzetləri
üçün məqalələr göndərirdi
Azərbaycanın mühacir mətbuatının aktiv yazarlarından biridir Ceyhun Hacıbəyli. Araşdırmaçı Abid Tahirli yazır ki, ölkədə meydan hərəkatı başlanandan sonra kütləvi informasiya mənbələrində, xüsusilə dövrün qabaqcıl mətbu orqanlarında - "Odlar yurdu", "Elm", "Səhər", "Gənclik", "Azadlıq" kimi nəşrlərdə Sovet hakimiyyəti illərində ört-basdır edilmiş bir çox həqiqətlər haqda yazılmağa başladı. Təbii ki, dahi Üzeyir Hacıbəylinin kiçik qardaşı Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı da diqqətdən kənarda qalmadı.
Münhendə nəşr olunan "Naşe
obşeye delo" adlı mühacir qəzetinin 1962-ci il 21
oktyabr tarixli 157-ci nömrəsində yazılıb:
"Ceyhun Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşada
(Azərbaycan) anadan olmuşdur. Orta təhsilini Şuşa və
Bakının realnı məktəblərində
almış, sonra Peterburq Universitetinə daxil olaraq hüquq
fakültəsini bitirmişdir. Daha sonra o, Parisin Sorbonna Universitetində
Ali Texniki Məktəbdə təhsil almışdır". Amma Ceyhun
Hacıbəylinin təvəllüd tarixləri müxtəlif
sənədlərdə müxtəlif göstərilib.
Bu barədə ictimai xadim özü ötən əsrin 50-ci
illərində qələmə aldığı "Bir il xəyallarda
və bütöv bir ömür" adlı memuarında
Ceyhun bəy yazır ki, qardaşlarımın doğum
haqqındakı şəhadətnamələrində qeyri-dəqiqlik
ucbatından ilk təhsil üçün onların məktəbə
qoyulmasında problem yaranmışdı.
Ceyhun
Hacıbəyli Şuşada realnı məktəbdə -
Haşım bəy Vəzirovun müdir olduğu ikisinifli
rus-müsəlman məktəbində, Bakıda ilk, Peterburq və
Parisdə ali təhsilə yiyələndikdən sonra hələ
15-16 yaşlarından başladığı mətbu fəaliyyətini
daha da genişləndirmişdir. "İttihad" (1917), eləcə
də "Kaspi"nin əlavəsi kimi çıxan
"İzvestiya" qəzetlərinə redaktorluq edən
C.Hacıbəyli "İrşad", "Proqres", "Tərəqqi",
"Kaspi", "Baku" kimi qəzetlərə məqalə,
felyeton və hekayələr yazırdı. "Leyli və Məcnun"
operasının səhnəyə qoyulmasında qardaşı
Üzeyir bəyə yaxından köməklik göstərmişdi
və 1908-ci il yanvar ayının 12-də,
Tağıyev teatrında operanın ilk tamaşasında
İbn-Səlam rolunu ifa etmişdi.
Ceyhun Hacıbəyli sonradan Parisdə
yaşadığı dövrlərdə Bakı qəzetləri
üçün məqalələr də göndərirdi. Yazarın XX əsrin
ikinci on illiyindəki Bakı fəaliyyəti daha çox
mühərrirlik, maarifçilik və müəllimliklə
bağlıdır. Bakıda müəllimlərin birinci
qurultayının keçirilməsi və tədbirin
proqramının hazırlanması məqsədi ilə
yaradılan komissiyada o, fəal iş aparmışdı. 1918-ci ilin avqustunda Ceyhun Hacıbəyli Gəncəyə
gəlir və yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti ilə sıx təmas qurur. Hökumətin başçısı Nəsib bəy
Yusifbəyli ona və Şəfi bəy Rüstəmbəyliyə
rəsmi "Azərbaycan" qəzetini nəşrə
başlamağı təklif edir. C.Hacıbəyli bu
işə böyük məmnunluqla razılıq verir və az vaxtdan sonra - sentyabrın 15-də onun
redaktorluğu ilə "Azərbaycan"ın ilk nömrəsi
işıq üzü görür və C.Hacıbəyli qəzetin
88 nömrəsinə redaktorluq edir. 1919-cu ilin
yanvarında Azərbaycan Xalq Cümhuriyyət hökumətinin
Versal (Paris) Sülh Konfransında iştirak etmək
üçün Fransaya göndərdiyi nümayəndə
heyəti tərkibində Ceyhun bəy də var idi.
Nümayəndə heyətinin məsul katibi təyin olunan
Ceyhun Hacıbəyli redaktoru olduğu qəzetin 1919-cu il 9
yanvar tarixli 83-cü nömrəsində "Möhtərəm
oxucularımıza" adlı müraciətində
yazırdı: "Vətən və millət yolunda əlimdən
gələn xidməti və öhdəmə düşən
vəzifəmi qəzetimizin müdiri sifəti ilə ifaya məşğul
ikən, vətən övladlarının xahiş və əmrinə
müti olaraq cahan sülh konfransına göndərilməklə
üzərimə daha ağır və məsuliyyətli,
lakin müqəddəs bir vəzifə düşdü. Bu böyük xidməti möhtərəm
yoldaşlarım ilə bərabər ifa üçün
Avropaya getmək lazım olduğuna görə, qəzet idarəsi
işindən müvəqqəti olaraq ayrılıb əziz vətənimizin
istiqlalı məsələsinin istədiyimiz yoldakı həlli-hüsn
ifasından asılı olan məsul vəzifəmizin
haqqında var qüvvəmizlə
çalışacağımızı əlavə etməyi
və möhtərəm oxucularımıza kamali-sidq və səmimiyyət
ilə xudahafiz deməyi özümə fərz bildim".
Bu məsul
və şərəfli vəzifə ona doğma Azərbaycanda
həvalə edilən son iş oldu. Ceyhun bəy
bir daha Vətənə qayıda bilmədi. Lakin son nəfəsinədək Azərbaycanla
yaşadı, onun istiqlalı uğrunda ideoloji mücadilə
apardı, ölkəmizin mədəniyyətini xaricdə təbliğ
etdi, onun qeyri-rəsmi, lakin mötəbər, xoşməramlı
və fədakar təmsilçisi oldu.
Böyük
xalq xadimi, Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy
Topçubaşovun rəhbərlik etdiyi nümayəndə
heyətinə Məmmədhəsən Hacınski, Əkbərağa
Şeyxülislamov, Mir Yaqub Mirmehdiyev, Məmməd Məhərrəmov,
Əhməd bəy Ağaoğlu ilə yanaşı Ceyhun
Hacıbəyli də daxil idi. Azərbaycan Xalq Cümhuriyyətinin
dünya dövlətləri tərəfindən
tanınması üçün əsl fədakarlıq
nümunəsi göstərən nümayəndə heyəti
1920-ci ilin mayınadək "Azərbaycan" adlı
bülleten (cəmi 12 nömrə), fransız dilində Azərbaycanın
rəngli coğrafi xəritəsini, üç kitab
("Qafqaz Azərbaycan Respublikası", "Azərbaycanın
iqtisadi və maliyyə vəziyyəti", "Azərbaycan
Respublikası əhalisinin antropoloji və etnik tərkibi")
kitablar nəşr etmişdilər. Ceyhun Hacıbəylinin
1919-cu ilin sonunda "Revyu dö mond musulman" jurnalında
irihəcmli "İlk müsəlman respublikası"
adlı əsəri, "Le temps" qəzetinə müsahibəsi
(20 noyabr 1920) böyük maraq doğurur. 1926-cı
ildə Ceyhun bəyin redaktorluğu ilə mühacirətdə
fransız dilində "Azərbaycan" jurnalı nəşrə
başlayır.
1925-ci ildə
"Sosiete Asiatique" cəmiyyətinin "Journal
Asiatque" məcmuəsində C.Hacıbəylinin "XVIII əsrin
əvvəllərinin Azərbaycan tarixçisi Abbas Qulu
Ağa Bakıxanov", 1933-cü ildə həmin nəşrdə
"Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı) (əsər
1934-cü ildə Parisdə kitab halında da nəşr
edilmişdir), 1930-cu ildə Londonda "Asiatic Revie" məcmuəsində
"Azərbaycan mətbuat tarixi" məqalələri dərc
edilib. C.Hacıbəylinin mühacirət dövrünün
araşdırıcısı Mirzəbala Əmrahovun fikrincə,
C.Hacıbəyli "Kavkaz" jurnalının fransız nəşrinə
redaktorluq etmiş, mühacir Qafqaz mətbuatı ilə fəal
əməkdaşlıq etmiş, "La Revue dö monde musulman",
"Le bülletin dölomote France-Orient", "La Revue
Contemporaine", "La Revue Politique et Parlamentarie", "La
Revue des Jeunes", "Le Fiqaro" və bu kimi mətbu
orqanlarla birgə işləmiş, bir neçə il məşhur
"La Revue de deux Mondes" fransız jurnalının əməkdaşı
olub. Həmin jurnalın 1934-cü ilin ilk
nömrəsində (yanvar) Ceyhun bəyin çox maraqlı
"SSRİ-də ziyalılar" məqaləsi dərc
edilib.
İkinci Dünya Müharibəsinin başlanması ilə
əlaqədar mühacirlərin fəaliyyətinə bir
durğunluq hakim kəsilir. Müharibə bitdikdən
bir müddət sonra mühacirlərin fəaliyyəti yenidən
canlanır. Ankaradakı Azərbaycan Kültür və
Dayanışma Dərnəyi, onun orqanı - "Azərbaycan"
jurnalı və Münhendəki Azərbaycan Milli Birlik Məclisi,
onun iki dildə (Azərbaycan, rus) nəşr olunan "Azərbaycan"
jurnalı xüsusi fəallıq göstərirdi. Bu dərnəklər,
ümumiyyətlə mühacirətin Türkiyə və
Avropa qanadları arasında bir sıra ciddi ixtilaflar olsa da
(admiral Kerkin rəhbərlik etdiyi "Amerika Komitəsi" və
rus mühacirləri ilə əməkdaşlıq məsələləri
və s. kimi problemlərə görə), onların əsas
ideyası, məqsədi Azərbaycanın istiqlalı məsələsi
olmuşdur və hər iki düşərgə bu müqəddəs
amal uğrunda mücadilə etmişdir.
Ceyhun Hacıbəyli "Azadlıq" radiosunun
yaradıcılarından, Münhendə fəaliyyət
göstərən SSRİ-ni öyrənən institutun fəal
üzvü olmuşdur. O, həmin institutun Parisdə fransızca nəşr
etdiyi "Qafqaz" jurnalının Azərbaycan bölməsində
gedən yazılarını redaktə edib. 1959-cu
ildə institutun xətti ilə Ceyhun Hacıbəylinin məşhur
"Azərbaycanda islam əleyhinə təbliğat və
onun metodları" əsəri çap olunur.
Tədqiqatçılar bildirir ki, C.Hacıbəylinin
hekayə və felyetonlarının başlıca mövzusu
müsəlman məişətindən
götürülmüş və mövcud cəmiyyət həyatının
naqis cəhətlərinin tənqid edilməsinə xidmət
etmişdir. Maarifçi-yazıçının əsas
ideyası təhsilə, elmə yiyələnməklə cəhalətdən,
nadanlıqdan, mövhumatdan xilas olmaqdır. Ceyhun bəyin mühacirətə qədərki
yaradıcılığında publisistika mühüm yer
tutur. Dövrünün bir çox qələm sahiblərindən
fərqli olaraq, hər ilin sonunda Azərbaycanın ədəbi,
mədəni, mətbu, ictimai-siyasi həyatında baş verən
dəyişikliklərlə bağlı "Kaspi" qəzetində
seriya məqalələr dərc etdirirdi ki, həmin mənbələrə
istinad edərək, XX əsrin əvvəllərinin tarixini qələmə
almaq mümkündür. Salnaməçi-publisistin
xüsusi ilə mədəni həyatla bağlı sanballı
məqalələri böyük diqqət çəkir.
Mövzu
baxımından C.Hacıbəylinin publisistik məqalələrini
aşağıdakı kimi təsnif etmək olar:
- ədəbiyyat, mədəniyyət, teatr,
maarif, mətbuatla bağlı məqalələr;
- xeyriyyəçilik məsələlərinə
həsr olunmuş yazılar;
- Azərbaycanın
ictimai-siyasi, ədəbi-mədəni həyatında parlaq iz
qoymuş şəxsiyyətlərə həsr olunmuş
materiallar;
- dini dəyərlərlə bağlı, eyni
zamanda fanatizmin ifşası ilə əlaqədar qələmə
alınan yazılar;
- erməni məkrini, hiyləsini və vəhşiliyini
ifşa edən məqalələr.
Araşdırmaçı Abid Tahirli yazır ki, "bəzən qələm sahibləri bir nəfərin öz əqidəsinə və məsləyinə sədaqətini izhar etmək üçün "son nəfəsinədək" ifadəsindən istifadə edirlər. Bu sözlər Ceyhun Hacıbəylinin ünvanına çox yaraşır. O, həqiqətən mənalı həyatını bütünlüklə Azərbaycana, onun istiqlalı uğrunda mücadiləyə həsr edib". Vəfatından üç gün əvvəl 1962-ci ilin 19 oktyabrında yazdığı və Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna ünvanladığı məktub bunu bir daha təsdiqləyir. Bu gün də aktual səslənən həmin sənədlə bağlı H.Xəzərin "Mücahid" jurnalında "Ceyhun bəyin vəziyyəti" adlı məqaləsi dərc olunub. Müəllif Ceyhun Hacıbəylinin Azərbaycanın istiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzuladığını, hər cür qruplaşmaya qarşı olduğunu bildirdiyini qeyd edir və göstərir ki, onun M.Vəkiloğluna yazdığı "mühacirəti bir yerə toplamağa səy ediniz, bu çox mühümdür" vəsiyyəti də bu istəkdən irəli gəlirdi. Ceyhun bəy bu arzu, ideal və məramla yaşadı, bu istəklə də həyatdan köçdü (1962-ci il). Parisin Sen-klu qəbiristanlığında dəfn edilib.
Ülviyyə
Tahirqızı
Xalqcəbhəsi.-2014.-24 iyul.-S.11.