Gender bərabərliyi
Bu sahədə medianın da üzərinə
müəyyən vəzifələr düşür
Gender bərabərliyi termini dünya leksikonunda yeni
sayılır.
Lakin biz bu sözün mənasını bilmədiyimiz
dövrlərdə belə onun mahiyyətini dərk etmiş,
gündəlik həyatımızda tətbiq etmişik. Ağbirçəyə qayğı, anaya məhəbbət,
bacıya hörmət, həyat yoldaşına sevgi kimi hisslər
azərbaycanlıların milli-mənəvi dəyərlərində
kök salıb. Tarixin dərinliklərindən
bu günədək genofondumuz qadınları qorumuş,
qadınlar da genofondumuzu yaşadıb. Analoji
tendensiya günümüzdə müəyyən deformasiyalara
uğrasa da, ümumilikdə deqradasiyalara məruz qalmayıb.
Biz bütün bunlara görə milli mənsubiyyətimizə
borclu olmalıyıq. Ümumiyyətlə, gender (cins) bərabərliyi
ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər
sahələrində kişi və
qadınların bərabərliyini nəzərdə tutur. Gender tendensiyası müxtəlif ölkələrdə
özünü müxtəlif cür büruzə verib.
Bütün sahələrdə, xüsusilə
də idarəçilikdə, qərar qəbulunda gender bərabərliyinə
nail olmaq üçün inkişaf etmiş Avropa dövlətlərində
belə bir sıra qanunlar qəbul edilib, müəyyən
addımlar atılıb. Amma hələ də dünya
üçün gender bərabərliyinin təminatı aktual
problem olaraq qalır.
Azərbaycan da müstəqillik əldə etdikdən
sonra bu istiqamətdə bir sıra vacib işlər
görüb.
Nailiyyətlər çox olsa da, problemlər də az deyil. Problemlərin bir qisminin
araşdırılması və köklü həlli
üçün Azərbaycanda Ailə, Qadın, Uşaq
Problemləri üzrə Dövlət Komitəsi
yaradılıb. Onu da xatırladaq ki, 2008-ci
ildə keçirilən Beynəlxalq İqtisadi Forumun nəticələrinə
görə Azərbaycan qadın və kişilərin
hüquq bərabərliyinin səviyyəsinə görə
dünya ölkələri arasında 61-ci yeri tutub. Ötən illərin göstəricilərinə
görə isə Azərbaycan iki pillə yuxarıda qərar
tutub. Hazırda Azərbaycanda 30-dan artıq icra
başçısının müavini qadındır, 20-dən
qadın millət vəkili var. Parlamentin vitse-spikeri və komitə
sədrlərindən biri, Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının, Ailə, Qadın, Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri
qadındır, iki nazir müavini, MSK üzvləri, DSK sədrləri
arasında da qadınlar var. Daxili İşlər Nazirliyi
strukturlarında 600 nəfərdən artıq qadın
çalışır, onların 219-nun zabit rütbəsi
var. Zabit rütbəsi olan 19 nəfər qadın rəhbər
vəzifədə işləyir.
Milli Məclis
aparatı rəhbəri xidmətinin gender məsələləri
sektorunun müdiri Vəfa Əfəndiyeva bildirib ki, gender
problemi və gender bərabərliyinin təmin olunması
dünyanın bir çox ölkələrində aktual
problemlər sırasında durur. Bu, ilk növbədə
iqtisadi və sosial sahədə gender bərabərsizliyi
amilinin insan resurslarının keyfiyyətinin pisləşməsindən
irəli gəlir. Belə ki, problemin ciddi xarakter
alması sosial-iqtisadi tərəqqiyə mane olur, insan
kapitalının inkişafında mövcud sistemin səmərəliliyini
aşağı salır və nəhayət, cəmiyyətdə
sosial ədalətsizliyin dərinləşməsinə gətirib
çıxarır: "İnsan hüquq və
azadlıqları beynəlxalq hüququn fundamental prinsiplərinin
təsiri əsasında müasir dövlətlərin əksəriyyətinin
qanunlarında təsbit olunub. İnsan
hüquqlarının təmin edilməsi sivilizasiyanın ən
böyük nailiyyətlərindən biridir. Bununla belə insan hüquqları sahəsində
beynəlxalq və yerli qanunların zaman-zaman mükəmməlləşdirilməsinə
ehtiyac yaranır. Xüsusən də
qadınlara qarşı zorakılıq, o cümlədən məişət
zorakılığı ilə mübarizə insan
hüquqlarının təmin edilməsini rəhbər tutan
dövlətlərin bu gün həll etməyə
çalışdığı əsas problemlərdən
biridir.
Azərbaycan Respublikası müstəqillik əldə
etdikdən sonra insan hüquq və azadlıqlarının
müdafiəsi sahəsində, o cümlədən
qadınların hüquqlarının təmin edilməsində,
cinsi ayrı-seçkiliyə son qoyulmasında, məişət
zorakılığı ilə mübarizədə
böyük nailiyyətlərə imza atıb. Belə ki,
ölkəmiz 1992-ci ildə "Qadınların siyasi
hüquqları haqqında" Konvensiyaya, 1995-ci ildə isə
"Qadınlara münasibətdə ayrı-seçkiliyin
bütün formalarının ləğv olunması
haqqında" Konvensiyaya qoşulub. 1995-ci ildə qəbul
edilən Azərbaycan Respublikasının Konstitusiyasında kişi və qadınlara bərabər
hüquq və imkanların təmin edilməsi bu istiqamətdə
atılmış ən böyük addımlardan biridir:
"Gender bərabərliyinin təminatları haqqında"
qanun 2006-cı il oktyabrın 10-da Azərbaycan prezidenti tərəfindən
imzalanıb. Qanun kişi və
qadınları siyasi, iqtisadi, sosial, mədəni və ictimai
həyatın digər sahələrində bərabər
imkanlarla təmin edir, gender əsaslı ayrı-seçkiliyin
aradan qaldırılmasının vacibliyini bir daha
vurğulayır.
Nazirlər
Kabinetinin 2007-ci il 25 yanvar tarixli qərarı ilə qəbul
edilmiş "Demokratik cəmiyyətdə gündəlik
zorakılıqla mübarizə üzrə Respublika Kompleks
Proqramı" ölkədə gender əsaslı
zorakılıqla mübarizəyə zəmin yaradan əsas sənədlərdəndir.
2010-cu ildə Milli Məclisdə "Məişət
zorakılığının qarşısının
alınması haqqında" qanun qəbul edilib. Ölkəmizdə
düzgün gender siyasətinin reallaşdırılması
üçün beynəlxalq təcrübədən
yararlanmaq və bu sahədə geniş əməkdaşlıq
yaratmaq lazımdır. Qanunvericilik (konstitusiya hüququ, cinayət
hüququ, mülki hüquq, əmək hüququ) gender bərabərliyi
üçün hüquqi bazadır. Qanunlar
öz-özlü yündə dövlətin siyasi iradəsinin
bir göstəricisi kimi çox vacib rol oynayırlar. Bundan başqa, qanunların mövcudluğu konkret məsələlərə
diqqəti cəlb etməklə yanaşı, digər dəyişikliklər
üçün də katalizator rolunu oynaya bilər. Buna
görə də bir çox ölkələr gender bərabərliyinin
təmin edilməsi məqsədi daşıyan qanunlar qəbul
edib. Bir çox hallarda bu, gender
diskriminasiyasını qadağan edən Konstitusiya maddələridir.
Lakin bu Konstitusiya maddələri bəzən daha spesifik
qanunvericilik aktlarının olmamasını kompensasiya etsə
də, praktika onu göstərir ki, gender bərabərliyi
üzrə qanuni hüquqların həqiqi qorunmasını təmin
etmək üçün gender bərabərliyi və
diskriminasiyanın aradan qaldırılması məsələlərinə
daha aydın və konkret yanaşmanın olmasına ehtiyac var.
Ayrı-seçkiliyə, zorakılığa qarşı
hüquqi aktların qəbul edilməsinə, inkişaf və
tərəqqinin olmasına baxmayaraq, bəzən qanunların
praktiki cəhətdən həyata keçirilməsində
müəyyən maneələr müşahidə edilir.
Azərbaycan Respublikasının Konstitusiyasında
kişilərin və qadınların bütün hallarda
hüquq bərabərliyinə malik olduğu göstərilir. Bundan
başqa, qəbul edilən hüquqi-normativ aktlar gender bərabərliyinə
zidd olmamalıdır. Lakin qanunvericilikdə
müəyyən boşluqlar müşahidə olunur. Buna görə də qanunvericilik aktlarının
hazırlanması, qəbul edilməsi və həyata
keçirilməsi proseslərində gender probleminin təhlili
tələb olunur".
Onu da qeyd edilib ki, 2011-ci ilin mayında gender siyasətinin
təhlili və həyata keçirilməsi üçün
müvafiq icraedici orqanlar, digər dövlət strukturları
və vətəndaşlar arasında əlaqələndirmənin
və qanunvericilikdə nəzərdə tutulmuş gender bərabərliyinin
təmin edilməsi monitorinqi məqsədilə Milli Məclis
Aparatı rəhbərinin xidmətində Gender məsələləri
sektoru yaradılıb. Bu gün bizim agentliklərlə, komitələrlə,
komissiyalar və dünya institutları ilə birgə tərəfdaşlığımız
çox əhəmiyyətlidir.
Sektor
gender bərabərliyi sahəsində Azərbaycan
qanunvericiliyinin Aİ-nin gender bərabərliyi üzrə
qanunlar toplusu və CEDAW ("Qadınlara qarşı
ayrı-seçkiliyin bütün formalarının ləğv
edilməsi haqqında") Konvensiyasına
uyğunlaşdırılması, bərabər imkanların
yaradılması üçün müvafiq dövlət
qurumları və sosial tərəfdaşların institusional və
inzibati potensialının artırılması, Azərbaycanda
gender bərabərliyi sahəsində qanunvericiliyin
uyğunlaşdırılması və icra olunmasında Milli
Məclisə dəstək məqsədi ilə Tvinninq layihəsini
Avropa Birliyinə təqdim edib: "Layihənin icrası
zamanı Azərbaycanın bütün müvafiq
qanunvericiliyinin Aİ gender direktivləri və BMT
Konvensiyası baxımından nəzərdən keçirilməsi,
Azərbaycanda qadın və kişilər arasında bərabərlik
yaradan uzun və qısamüddətli strategiyaların, icra və
monitorinq üzrə effektiv mexanizmlərin işlənməsi,
müvafiq hökumət qurumları və sosial tərəfdaşların
potensialının artırılması, dövlət
qurumlarının əməkdaşlarının gender bərabərliyinin
vəziyyəti ilə bağlı təhlilləri barədə
məlumatlandırılması, seçilmiş istiqamətlərdə
gender bərabərliyi qanunvericiliyinin icra mexanizmlərinin tətbiqi
üzrə pilot layihələrin həyata keçirilməsi
nəzərdə tutulur. Hər bir sahədə olduğu kimi
gender bərabərliyində də dövlətin dəstəyi
ilə nailiyyətlər əldə olunub və bu nailiyyətlərin
daha da artırılması üçün biz əlimizdən
gələni etməliyik".
Hüquq
müdafiəçisi Səidə Qocamanlı bildirib ki, Azərbaycanda
gender bərabərliyi kifayət qədər yüksək
inkişaf edib: "Əvvəlki illərə nəzərən
son zamanlarda ölkə daxilində cəmiyyətdə
qadın-kişi münasibətlərində elə də
problemlər nəzərə çarpmır. Müxtəlif
iş sahələrində, həmçinin ailə daxilində
kişilər tərəfindən qadın
hüquqlarını tapdalanması hallarına çox nadir
hallarda rast gəlindiyindən bu barədə müsbət fikirlər
bildirmək mümkündür. Hesab edirəm
ki, başqa-başqa ölkələrlə müqayisədə
gender bərabərliyi mövzusunda Azərbaycandakı
mövcud vəziyyət o qədər də acınacaqlı
deyil".
Onu da bildirək ki, ölkəmiz özündə bir
sıra aktual vacib məqamları əks etdirən Konvensiyaya
(CEDAW) 1995-ci ildə qoşulsa da, həmin sənədə aid
Fakültativ protokolu 2001-ci ildə ratifikasiya edib. Düzdür,
CEDAW-ya qədər BMT qadın hüquqlarının müdafiəsi
ilə bağlı bir sıra qanunvericilik aktları qəbul
edib. "Qadınların siyasi hüquqları
haqqında Konvesiya" (1952), "Evli qadınların vətəndaşlığı
haqqında Konvensiya", "Minimal nikah yaşında nikaha
girməyə razılıq və nikahın qeydiyyatı
haqqında Konvensiya" (1962), Fövqəladə hallar və
silahlı münaqişələr zamanı qadın və
uşaqların müdafiəsi haqqında Deklarasiya (1974) bu
sıraya daxildir. Lakin CEDAW gender bərabərliyinin təmin
edilməsində, bir sıra vacib sahələri əhatə
etməsində təkmil mühüm sənəddir və
media üçün saysız-hesabsız mühüm
mövzu mənbəyi hesab edilməlidir. Belə
ki, CEDAW-nın hər bir maddəsində toxunulan məsələ,
eləcə də bu sənədin ölkəmizdə tətbiqinin
medianın diqqətində olması vacibdir. Yalnız belə olan halda, gender bərabərliyinin təmin
edilməsində media üzərinə düşən vəzifənin
müəyyən hissəsini yerinə yetirə bilər.
Cavid
Xalq cəbhəsi.-2014.-25 iyul.-S.11.