Məni burda sanmayın, mən hər
gün Qafqasdayam...
Mühacir aydınlarımızdan biri də Hüseyn Baykaradır
Azərbaycan öz istiqlalına qovuşanda, onun cəmi
14 yaşı vardı. Vətəndə yaşamaq qisməti
olsaydı, onu Qara Hüseynov çağıracaqdılar.
Şuşalıydı. 20-ci
illərin ortalarında universitetin tarix fakültəsində
oxuyurdu. Ancaq onu tələbə yoldaşlarından fərqləndirən
bir özəlliyi vardı - Hüseyn vətənin
işğalda olduğunun fərqindəydi...
...Dözməyib
fikirlərini başqalarıyla bölüşürdü. Buna görə həbsə də
düşmüşdü. Hətta həbsxanada
Əhməd Cavadla bir neçə ay
"arkadaşlıq" da etmişdi (xatirələrində
belə yazır). Bu
"arkadaşlığın" Hüseynə çox
böyük təsiri olduğu gün kimi aydındır.
Ancaq Əhməd Cavad da bu ünsiyyətdən az
qazanmadı. Hüseyn Baykara sonralar mühacirətdə
olduğu dönəmdə yazdığı "Azərbaycan
istiqlal mübarizəsi tarixi"ndə Əhməd Cavada
ayrıca bölmə həsr etdi və onun vətəndə məlum
olmayan şeirlərindən danışdı...
1927-ci
ilin baharında Hüseyn əvvəl İrana, sonra Türkiyəyə
keçir (eynən Almas İldırım
kimi). İstanbul universitetinin hüquq fakültəsini
bitirir. Uzun illər bu sahədə
çalışır. Ancaq ədəbi fəaliyyətindən
də qalmır. Həm də Azərbaycan
mühacirət publisistikasında görkəmli yer tutur
Hüseyn Baykara.
Digər mühacirlər kimi qürbətdə vətəninin
istiqlalı uğrunda mübarizəyə başlayır, Azərbaycan
xalqının vəziyyəti haqqında mətbuatda elmi,
publisistik məqalələrlə çıxış edirdi. Onun məqalələrində
söhbət yalnız və yalnız Azərbaycandan gedir.
"Azərbaycanda erməni basqısı və
Naxçıvan məsələsi", "Azərbaycan
istiqlalının 50 illiyi dolayısı ilə", "Azərbaycan
cümhuriyyətinin iki hərbi zəfəri", "Azərbaycan
renessansını yapanlardan Abbasqulu Ağa Bakıxanov",
"Azərbaycan istiqlal mücadiləsinin iqtisadi təməli",
"Dədə Qorqud kitabı üzərinə notlar" və
s. yazılar bu qəbildəndir.
Araşdırmaçı Faiq Ələkbərov
yazır ki, "Azərbaycana milliyyətçilik fikrini
Əhməd Ağaoğlunun Fransadan, Əli bəy
Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadənin
İstanbuldan gətirdiyi düşüncəsi yanlış
və əsassızdır". Azərbaycan
türkçülüyü ideyasını, milli azərbaycançılığı
türk ideoloqları Məhəmməd Əmin Rəsulzadə,
Mirzə Bala Məmmədzadədən sonra, Azərbaycan-türk
ictimai-siyasi və mədəni-fəlsəfi irsində
yaşadan, bu mənada Azərbaycanın istiqlal davası
tarixində mühüm yer tutan mühacir
aydınlarımızdan biri də Hüseyn Baykaradır.
1927-ci ildən
Türkiyədə mühacirət həyatı
yaşamağa məcbur olan Hüseyn Baykaranın "Azəri-Türk",
"Odlu Yurd" və b. qəzet-jurnallarda Azəbaycan
xalqının mədəniyyəti, ədəbiyyati və
onun ziyalıları ilə bağlı elmi-publisistik məqalələri
dərc edilib. Azərbaycanın milli azadlıq hərəkatına
xüsusi yer verən Hüseyn Baykara yazırdı ki, ona aid
"Azərbaycan mədəniyyəti tarixi" ilə "Azərbaycan
istiqlal mübarizəsi tarixi" kitabları Azərbaycanın
azadlıq mübarizəsinin əlifbasıdır. Sonuncu kitabında Azərbaycanın istiqlal
savaşı tarixi ilə yanaşı, Hüseyn Baykara milli
azadlıq hərəkatının siyasi-ideoloji, siyasi-fəlsəfi
mahiyyətini də göstərməyə
çalışıb.
Hüseyn
Baykaranın fikrinə görə, Mirzə Fətəli və
H.Zərdabinin o dövrdəki yazılarında, mübarizələrində
Azərbaycan üçün istədikləri bunlardır:
"Azad siyasi bir həyat, xalq demokratiyası, məhsul vasitələrinin
inkişaf etdirilməsi, təbii sərvətlərdən xalqın
rifahı üçün geniş surətdə fayda təmin
edilməsi". Bütün bu nemətlərin
xalq üçün əldə edilməsi tezisinin
başında, onların ən öndə gələn ideoloji
arzuları "feodal monarxiya" rejimini zorla devirmək istəyi
vardır. Bu iş yerinə yetirilmədən o biri
işlərin həyata keçməycəyini daha çox
Mirzə Fətəli başa düşmüş və
anlamışdır". Beləliklə, Hüseyn Baykaraya
görə, "millət" anlamını ilk dəfə
M.F.Axundzadə işlətmiş, Azərbaycanda ilk millətçilik
ruhunu Həsən bən Zərdabi "Əkinçi"də,
Ünsizadə qardaşları isə "Kəşkül"
və "Ziya" qəzetlərində
aşılamışdır.
Azərbaycan
xalqının milli şürundakı inkişafı göstərmək
məqsədi ilə o qeyd edirdi ki, Azərbaycan
ziyalıları XIX əsrin birinci yarısında daha çox
fars dilində əsərlər yazdığı halda, həmin
əsrin ikinci yarısında vətənpərəvərlik
duyğularının və millətçiliyin qüvvətlənməsi
nəticəsində elmi-ədəbi əsərlərini
artıq Azərbaycan türk dilində qələmə
alıblar. 1890-cı illərdə çar
Rusiyasının Azərbaycan türklərinin türk dilində
qəzet nəşrinə qadağa qoymasına baxmayaraq,
artıq azəri türk cəmiyyəti bir millət olaraq
meydana çıxma şüuruna çatmışdır.
Hüseyn Baykara yazır: "Çünki miladdan öncə
min illərə varan dövrdən bəri ata və
babalarının yaşadıqları bir torpaq parçası
- "Vətən" vardı, bu torpaqda yaşayan və
zamanın axarı ilə inkişaf edən bir Azəri
türk cəmiyyəti vardı. Üçüncü
ünsür, bu cəmiyyətin haqqını, iradəsini,
varlığını, malını, canını qoruyan,
kültür və mədəniyyətini yaradan ziyalı
liderləri idi. Onların rəhbərliyi
altında tarixin səhnəsinə çıxmaq və
üzərlərinə düşən "millət"
rolunu oynamaq lazım gələcəkdi. Beləliklə,
sözdə deyil, işdə azadlıq uğrunda mübarizə
aparmaq lazım gəlirdi".
Bununla da,
XX əsrin əvvəllərində etnik birliyə malik Azərbaycan
xalqı, coğrafi sərhədlərə malik Azərbaycan
ölkəsi və xalq, o cümlədən ziyalılar
arasında müstəqilliyə, azadlığa qovuşmaq
şüuru olduğu halda, yalnız siyasi hakimiyyət və
azadlıq yox idi. Hüseyn Baykara qeyd edirdi ki, siyasi hakimiyyət
və azadlıq uğrunda mübarizədə, 20-ci əsrin əvvəllərində
Azərbaycan-türk ziyalıları əsasən,
üç: 1) islamçılıq və
türkçülük (Ə.Ağaoğlu,
Ə.Hüseynzadə və b.); 2) liberal-demokratik
(Ə.Topçubaşov və b.); 3) sosial-demokratik (marksizm)
(M.Ə.Rəsulzadə və b.) cəbhədə təmsil
olunublar. O, ilk iki cərəyanı milli müxalifət
adlandıraraq hesab edirdi ki, sonralar (1910-cu illərdə)
sosial-demokratlardan bir çoxu, o cümlədən M.Ə.Rəsulzadə
də milli-demokratik cəbhəyə keçib.
Onun
fikrincə, həmin dövrdə "panislamist" Əhməd
Ağaoğlu geniş və dərin, teoretik şəkildə
"islam millətçiliyi"ni, "pantürkist"
Əli bəy Hüseynzadə osmanlı türkçülüyünü
təbliğ etdiyi zaman, "liberalist"
Ə.Topçubaşov "Rusiya müsəlmanlarının
birliyi" devizi altında, daha çox Azərbaycan türk
xalqının milli-mədəni muxtariyyəti
üçün çalışırdı. Hüseyn bəy
yazırdı: "Ə.Topçubaşovda Ə.Ağayevin
geniş və dərin teosentrik panislamizmi yox idi. Sanki o, belə bir ideyanın müvəffəqiyyətlə
başa çatmayacağını qabaqcadan hiss etmiş və
anlamışdı. Bu məqsədlə o, 1905-ci il
inqilabının gətirdiyi azadlıq nemətlərindən
Azərbaycan xalqı üçün əlindən gələn
qədər daha çox pay qoparmaq istəyirdi".
Hüseyn Baykaranın fikrincə, bu baxımdan
Ə.Topçubaşov Ə.Ağaoğlu və
Ə.Hüseynzadədən fərqli olaraq,
islamçılıq və türkçülük kimi
"utopik axınların heç birində iştirak etməyib. Burada
araşdırmaçı Faiq Ələkbərov Hüseyn
Baykara ilə razılaşmır. Onun yazdığına
görə, dərin bilikli hüquqşünas və siyasətçi
olan Əlimərdan bəy həyatı boyu realist və
uzaqgörən bir şəxs kimi tanınıb:
""Rusiya Müsəlmanları İttifaqı"
türklərin tarixində ilk dəfə birlik fikrini irəli
sürüb. Fikrimizcə, burada H.Baykaranın
qeyd etməsi ki, Ə.Topçubaşov ümumiyyətlə,
islamçılıq və türkçülük
axınlarında iştirak etməmişdir, doğru deyildir.
Sadəcə, Topçubaşov Ağaoğlu və
Hüseynzadə ilə müqayisədə daha çox realist
mövqedən çıxış edərək, milli
ideyanı mücərrəd və ümumi mahiyyət
daşıyan nə "islam birliyi", nə də
"Osmanlı türkçülüyü" olaraq qəbul
etməmiş, onu daha çox Rusiyanın əsarəti
altında olan türk xalqlarının azadlıq hərəkatında
və bu hərəkatın əldə edəcəyi milli-mədəni
muxtariyyətlər çərçivəsində
görmüşdür. Bu isə daha çox,
liberal-demokratizmə əsaslanan milli baxış idi".
Beləliklə, H.Baykara belə bir doğru qənaətə
gəlir ki, ümumilikdə 20-ci əsrin əvvəllərində
milli ideologiya baxımından mübahisələr
"avropalaşmaq, türkləşmək və
islamlaşmaq" ətrafında getmiş və bu mübahisələrin
ətrafında Azərbaycan türklərinin milli azadlıq hərəkatı
dayanmışdır.
Hüseyn
Baykaranın fikrincə, Qafqaz müsəlmanlarını
"ümmətçilik"dən "millətçiliy"ə
yönəldən, onları "türkçülük-millətçilik",
"Azərbaycan" ideyası ətrafında birləşdirən
və "Açıq söz" qəzetində bunu təbliğ
edən "Müsavat"ın lideri M.Ə.Rəsulzadə
olmuşdur. O qeyd edir ki, ilk dövrlərdə
sosial-demokratlarla eyni cəbhədə
çalışmış M.Ə.Rəsulzadə
1911-1913-cü illərdə Ş.C.Əfqaninin
yazılarının təsiri altında
türkçülük hərəkatına qoşulmuş və
Azərbaycanda bu ideyanın əsas ideoloqu olmuşdur:
"M.Ə.Rəsulzadənin Azərbaycan istiqlalının
elanında və Azərbaycan dövlətinin
yaradılmasında xidmətləri əvəzsizdir".
Hüseyn
Baykara yazır ki, "Müsavat" və Bitərəf
demokratik qrup öncə milli ərazi və milli muxtariyyət
tərəfdarı olsalar da, 1-ci və 2-ci rus
inqilablarının gedişi, Qafqaz hadisələri onları
özlərinin öncədən "uzaq məqsəd"
olaraq planlaşdırdıqları Azərbaycan istiqlalı
yoluna sürkləmişdi: "Azərbaycan istiqlal mübarizəsi
tarixində "Azərbaycan istiqlalına" nə rast gəlinmiş,
nə də baş verən siyasi hadisə olmuşdur. Azərbaycan xalqının ruhundan doğan bu istiqlal
hadisəsi tarixin axarı içində öz yerini
tapmışdır".
Göründüyü kimi, Hüseyn Baykara Azərbaycan
türkçülüyü ideyası və onun gerçək
təcəssümü olan müstəqil və milli Azərbaycan
uğrunda ömrünün sonuna qədər mübarizə
aparan şəhidlərdəndir. Bunu, onun ömrünün son illərində
qələmə aldığı şeirlərindən,
bayatılarından da görmək olar:
Düşmənlərimə
müjdə, bən qəlbimdən xəstəyəm,
Sonsuz həsrətlərimlə bir dəvamlı yasdayam.
Bəni
burada sanmayın, bən hər gün Qafqazdayam...
Siz
canımı gömərsiniz, canım bu ana yurda,
Qəlbimin güllərini göndərin doğma yurda.
Sovursunlar
Qafqazın o coşğun rüzgarına,
Bən
umutsuz ölmədim eyimsərəm yarına...
Vətən sevdalısı Hüseyn Baykara 1984-cü ildə
dünyadan köçüb.
Ülviyyə
Tahirqızı
Xalcəbhəsi.-2014.-26 iyul.-S.11.