Turan sevdalısı
Əhməd Cavad arzu
edirdi ki, uca bayraq bütün ayrı düşmüş
türk ellərini birləşdirsin
Şairin
məramı vətənini azad, müstəqil dövlət
kimi görmək idi
Əhməd Cavad (1892-1937) XX əsrin əvvəllərində
yazıb-yaradan, şəxsiyyəti şairliyinə,
şairliyi şəxsiyyətinə heç bir xələl gətirməyən,
əksinə, bir-birini tamamlayan Azərbaycan ədəbiyyatının
ən görkəmli nümayəndələrindən biridir.
Şair ilk qələm təcrübələrini Gəncədə
qələmə alıb. Gəncə ədəbi mühitində
Hüseyn Cavid, Abdulla Sur, Əli Razi, Əli Nəzmi, İdris
Axundzadə kimi ədiblərlə yaxından
tanışlığı onun gələcək ədəbi
taleyində əsas istiqamətə çevrilir. İlk qələm
təcrübələrində ərəb, fars
tərkiblərindən xilas ola bilməyən gənc şair
çox keçmir ki, dilimizin saflığı uğrunda
mübarizə çevrilir, şeirlərini xalq dilində
anasından, nənələrdən, babalardan eşitdiyi xalq ədəbiyyatı
nümunələrinin ruhuna uyğun şəkildə
yazmağa başlayır. Bu yenilik şairin ədəbi
həyatında çox böyük təbəddülat idi,
onun poetik dünyagörüşünün formalaşması
mərhələsini təşkil edirdi.
Əhməd Cavadın həyat və fəaliyyəti
haqqında 1992-ci ildə f.e. doktoru Əli Saləddin
"Əhməd Cavad" adlı monoqrafiya çap etdirib. Burada
şairin uşaqlıq dövründən ömrünün
sonunadək həyatında baş verən hadisələr, o
cümlədən ədəbi yaradıcılığı
mükəmməl şəkildə əks etdirilib. Əhməd Cavad 37-ci ilin repressiya
qurbanlarındandır. Təbii ki,
şairin faciəli taleyi əsərlərinin də taleyindən
yan keçməyib. Çoxlu əsərləri
yandırılıb məhv edilsə də, hazırda qalan əsərləri
də şairin Azərbaycan poeziyasında yüksək yerini
qoruyub saxlamağa kifayət edir. Məqsədimiz
şairin əsərlərinin folklor qaynaqlarını
araşdırmaq, folklora bağlılığını, xalq
təfəkkürü ilə şairin təfəkkür
oxşarlıqlarını müəyyənləşdirməkdən
ibarətdir. Bu məqsədlə şairin
şeirlərindən bəzilərini tədqiqat obyekti kimi
seçməyi nəzərə aldıq.
Gəncə ədəbi mühiti, burada Abdulla Sur,
Hüseyn Cavid kimi şəxsiyyətlərlə birgə əməkdaşlıq
etməsi Əhməd Cavadın
dünyagörüşünün formalaşmasında
böyük rol oynayıb. Əhməd Cavad bir
türk sevdalısı idi, fikrində, xəyalında Turan
dünyası vardı. Türkün
müqəddəs bayrağı dalğalandıqca şairin də
ilhamı cuşa gəlirdi. Bu sevgidən qaynaqlanan ilk
şeirlərindən biri "Çırpınırdın
Qara dəniz" 1914-cü ildə Türk
bayrağının şərəfinə
yazılmışdı:
Çırpınırdın
Qara dəniz
Baxıb
türkün bayrağına!
"Ah"...
deyərdim, heç ölməzdim
Düşə
bilsəm ayağına!
22 yaşlı gənc bir oğlanın azadlıq
arzuları, xəyalları baş alıb gedirdi. Şairin xəyalında
Türkün uca bayrağı Qara dənizdə
dalğalanırdı. Şair arzu edirdi ki,
bu uca bayraq bütün ayrı düşmüş türk
ellərini birləşdirsin. Bu yolda şəhid
olmaq, qurban getmək lazımdırsa, şair ön cərgədir.
Türkün bayrağı dalğalandıqca
türk ellərinə azadlıq, səadət gətirəcəkdir.
I Dünya müharibəsində iştirakı,
müxtəlif cəbhələrdən keçərkən
gördükləri şairin qəlbində türk sevgisini
daha da artırırdı. Şair 1916-cı ildə
Kutaisidə yazdığı "Aşiqin dərdi"
şeirində dərdlərini aşağıdakı kimi dilə
gətirirdi:
Ayrı
düşdüm bən elimlə,
Gedən bulud, getmə, dinlə.
Ağla
bana öz dilimlə,
Türk aşiqi söyləyəni.
Əhməd Cavad Türk bayrağının Azərbaycan
səmalarında dalğalanacağı ümidilə
yaşayırdı. Zaman öz sözünü deyirdi,
dünya çalxalanırdı. Belə
bir zamanda Azərbaycan Demokratik Cümhuriyyəti elan olundu.
Bu sevincdən hissləri qəlbində
aşıb-daşan şair həmin gün "Elin
bayrağı" şeirini yazdı. Şeir
Azərbaycan Demokratik Cumhuriyyətinin Milli Şurasına həsr
olunmuşdu. Şair haqq üçün
açılan əllərin paklığını qeyd edirdi,
o əllər milli bayrağı yüksəklərə
qaldırmaq üçün açılmışdı.
O əllər bir millətin haqq səsini dünyaya çatdırmaq
üçün açılmışdı:
Təmiz
al alnındakı tozu, torpağı,
Haqq
üçün açdığın əllərinlə
sil!
Qalxıb,
bir də enməz elin bayrağı,
O sənin,
o mənim əlimdədir, bil!
Şeirdəki fikir Milli Şuranın ilk sədri
seçilmiş M.Ə.Rəsulzadənin "Bir kərə
yüksələn bayraq bir daha enməz" ideyası ilə
üst-üstə düşürdü. Əhməd Cavad bu
şeirin sondakı variantlarında həmin beyti "Vətən
bir fidandır: yaşıl bayrağı, soldurmamaq sənin əlindədir,
bil!" kimi işlədir.
Bayraq bir millətin istiqlal savaşında əsas
atributlarından sayılır. Tarixən türklər
bayraq uğruna candan keçməyi şərəf işi
kimi qəbul ediblər. Ənənəvi
olaraq bu hissi öz içində yaşadan şair
türkün al bayrağını tərənnüm etməkdən
yorulmurdu.
Türkün al bayrağının rəngi şəhidlərin
qanı ilə boyanıb. Göydən bir ulduz
da türkün bayrağındakı hilalın qoynuna
sığınıb. Sanki ay da, ulduz da bu
bayraqla birgə türkün dövlətçilik ənənəsini
salamlayır, türkün dünyaya haqq-ədalət
carçısı olaraq gəldiyini car edirdi. Əhməd Cavad bu bayrağı döyüşlərdən
döyüşlərə aparan şanlı türk ordusunun
şərəfinə şeirlər yazırdı. Bu ordu keçdiyi yerlərdə qayda-qanun yaradır,
haqq divanı qururdu. Belə bir ədalətli
yürüş də 1918-ci ildə Bakı şəhərinə
oldu. Həmin ilin mart ayında erməni
daşnakları Bakıda Azərbaycan türklərinə
qarşı soyqırımı siyasəti həyata
keçirirdilər. Daşnak
S.Şaumyanın rəhbərliyilə təpədən-dırnağa
silahlanmış erməni ordusu on minlərlə türkü
qanına qəltan etmişdi. Erməni
daşnakları qocaları, qadınları, uşaqları
amansızcasına qırır, evləri yandırır,
türklərin mədəniyyət abidələrini məhv
edirdi.
Belə bir zamanda qardaş Türkiyədən Nuru
paşanın rəhbərliyi ilə köməyə gələn
qoşun hissəsi Qafqaz İslam ordusunu yaratdı. Bu ordunun
qüvvəsi ilə Bakıda erməni daşnaklarının
hakimiyyətinə son qoyuldu, türklərin qanuni haqları bərpa
olundu. Əhməd Cavad yazırdı:
Atıldı
dağlardan zəfər topları,
Bürüdü
elləri əsgər, bismillah!
O Xan
sarayında çiçəkli bir qız
Bəkliyor
bizləri zəfər, bismillah!
Əhməd Cavad vətənpərvər şair idi. Hər
misrasında, hər beytində vətənin bir hissəsi, bir
parçası öz əksini tapırdı. Dağlar da vətən anlamında işlədilmişdi.
Bu vətən böyük Türk
Dünyası idi. Burada Elxan da, Sabutay da,
Şamil də vətən övladları olaraq
anılırdı. Bu igidlər hər biri
ayrı-ayrılıqda qəhrəman idi. Bədbəxtlik
də onda idi ki, onlar heç vədə birləşə
bilmədilər, məğlubiyyətlərinin səbəbi də
parçalanmaları oldu. "İranın aslanı,
Türkün hilalı" qartalları ürkütsə də,
qanad saldırsa da, məğlubiyyətin acısı vətənin
üzünü gülməz etdi:
İranın
arslanı, türkün hilalı,
Ürkütdü göyündə uçan qartalı.
Qanlı
qarlar sənə düşman çıxalı,
Görmədim
üzünü gülər, a dağlar!
Əhməd Cavadın "Dağlar" şeiri ictimai
motivlidir. Burada vətənpərvərlik hisslərinin insan qəlbində
yeri və dərki müəyyənləşdirilir, insan və
vətən vəhdəti öz ifadəsini tapır. İnsan vətəni ilə böyük olur, igid
olur, dönməz olur, mətin olur. Vətən
dağlar deməkdir, dağların qoynunda axar çaylar, ətəyinə
baş qoyan düzlər deməkdir. Dağı,
daşı, torpağı, suyu, havası və insanları ilə
müqəddəsdir vətən.
Əhməd Cavadın poeziya gülüstanını bəzəyən
şeirlərdən biri də yenə də vətən
mövzusunda yazılmış məşhur "Azərbaycan,
Azərbaycan" şeiridir. Şeir 1919-cu ildə
Gəncədə yazılıb, 8 hecalıdır, 10 bənddən
ibarətdir. Burada da şair təbiət təsvirləri
ilə vətənin gözəlliyini tərənnüm edir,
müqəddəs, ülvi duyğular aşılamağa
çalışırdı:
Dağlarının
başı qarlı,
Sinəsi yaşıl ormanlı.
Dərələrin
şirin barlı,
Azərbaycan,
Azərbaycan!
Əhməd Cavadın vətənpərvərlik
duyğularını əks etdirən "Gəncəm,
hey" şeiri şairin bu anlamda yazdığı əsərləri
içərisində xüsusi yer tutur. Gəncənin
yetirmələri olan Nizami Gəncəvidən Cavad xana qədər
olan bir dövrə şairin poetik baxışı şeirdə
əks olunub. Gəncə şəhəri
həm də məşhur çinar ağacları ilə
şöhrət qazanıb. Gəncənin
küçələrində göylərə baş ucaldan
çinarları şair bu yurdun uğrunda vuruşan, can qoyan
sərkərdələrə bənzədirdi.
Gəncənin sazı-sözü dilləndikcə tarix
boyu bu şəhərin üzərindən əsən
qovğalı zamanlar şairin xəyalında
canlanırdı. Gəncə şairin xəyalında bir mübarizlik
simvolu, alınmaz qala, millətimizin güvənc yeri idi:
Ziyad xan
evləri cərgə-cərgədi,
Hər
çinar qoynunda bir sərkərdədi!
Sazında,
sözündə pərdə-pərdədi
Qovğalı
illərin Gəncəm, Gəncəm, hey!..
Üstünə
gələnlər gəlməz özünə!
Bir
başına döyər, bir də dizinə!
Ox kimi
süzərək-xain gözünə
Sancılar
millərin, Gəncəm, Gəncəm, hey!..
Tarixdən məlum olduğu kimi, 1804-cü ildə
Sisianovun rəhbərliyi ilə işğalçı rus
qoşunları Gəncənin üzərinə hücuma
keçdi. Gəncə şəhərinin hakimi Cavad xan öz
mübariz dəstəsi ilə rus imperiyasına qarşı
vuruşurdu. Uzun zaman davam edən
döyüşdə Cavad xan həlak oldu, Gəncə
qapıları düşmənin üzünə
açıldı, lakin xalq heç vədə öz qəhrəmanlarını
unutmadı, bu gün də insanlar Cavad xanı və onun
mübariz döyüşçülərini minnətdarlıq
hissi ilə xatırlayırlar. Şair
Əhməd Cavad da bu şeirində ulu Cavad xanı ülvi
hisslərlə poeziyasında canlandırdı.
Şair
üçün Cavad xan inam, iman yeri idi:
Mən nəyə
söykənim, nəyə inanım!
Bir sana, tək sana gəlir gümanım!
Bu Cavad qalası dinim, imanım.
Açılsın
güllərin, Gəncəm, Gəncəm, hey!..
"Gəncəm, hey" şeiri 1918-ci ildə Gəncədə
yazılıb.
Azərbaycanda Demokratik Cümhuriyyətin
qurulması Əhməd Cavadın poetik dünyasına yeni bir
ruh, yeni bir həvəs gətirmişdi. Uzun
zaman öz müstəqilliyini itirmiş Azərbaycanın səmasında
Günəş yenidən doğmuşdu. Təbii
ki, bu duyğular Əhməd Cavadın poeziyasında
özünə yer alır, poetik düşüncəyə
çevrilərək şeirlərində təsbit olunurdu.
Bütün mənəviyyatı ilə
torpağına, xalqına bağlı olan şairin məramı
vətənini azad, müstəqil dövlət kimi görmək
idi. Şair uzun zaman bu azadlığın
həsrətini çəkmişdi. İndi
onun qədrini bilmək, qoruyub saxlamaq lazım idi. Təsadüfü deyil ki, şair həm də
ürək ağrısı ilə arkadaşlarına
müraciət edir, bu azadlığın, bu müstəqilliyin
qədrini bilməyə çağırırdı.
Nizami
Muradoğlu,
şair-publisist
Xalq Cəbhəsi.-
2014.- 4 iyun.- S.14.