Dan yerindən əsən
yellərin səsi
Mikayıl
Müşviqin 106 yaşına...
Həyatdan
nakam getmiş istedadlı şair Mikayıl Müşviqin
anadan olmasından 106 il ötür. O,
1908-ci ildə Bakıda ziyalı ailəsində dünyaya
göz açıb. Əslən Xızı
rayonundandır. İbtidai təhsilini
inqilabdan əvvəl rus-tatar məktəbində
almışdı. Azərbaycanda Sovet
hakimiyyəti qurulduqdan sonra Bakı darülmüəllimində
və 12 saylı dərəcəli məktəbdə
oxumuş, Azərbaycan Dövlət Darülfünunun dil və
ədəbiyyat fakültəsini bitirmişdi. Əmək fəaliyyətinə pedaqoq kimi
başlamışdı. Bakının orta məktəblərində
7 il müəllimlik etmişdi. Son iş
yeri 18 saylı Bakı şəhər orta məktəbi
olmuşdu (bu məktəb indi onun adını
daşıyır). Poetik
yaradıcılığa 1926-cı ildə "Gənc
işçi" qəzetində çap etdirdiyi "Bir
gün" şeiri ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm
çıxış edib. Mikayıl
Müşviq bədii tərcümə ilə də ciddi məşğul
olub. 6 il evli olub: 1931-1937-ci illərdə
Dilbər Axundzadə ilə ailə həyatı sürüb.
1968-ci ildə Bakıda Dilbər Axundzadənin
"Müşfiqli günlərim" adlı xatirələr
kitabı nəşr olunub. Kitab çap
olunan kimi oxucular arasında böyük maraqla
qarşılanmışdı. Kitabın
son genişləndirilmiş nəşri isə 2005-ci ildə
"Gənclik" nəşriyyatında işıq
üzü görüb.
Mikayıl
Müşviq 1938-ci il yanvarın 6-da
güllələnib. Xatirəsini əbədiləşdirmək
üçün Bakıda büstü qoyulub, məktəbə,
küçəyə və meydana adı verilib. Onun "Yenə o bağ olaydı", "Oxu,
tar" və başqa şeirləri populyardır. Öldürülənə kimi Mikayıl
Müşviqin 10 kitabı çap olunmuşdu.
"Bir
baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdi:
hazırda ifşa edilmiş Hüseyn Cavid, Əhməd Cavad,
Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa
Talıblı, Tağı Şahbazi, Əhməd Triniç və
başqa əclaflar! Xalqın qəddar
düşməni Ruhulla Axundov nüfuzundan istifadə edərək
Yazıçılar İttifaqını bərbad vəziyyətə
salmışdır". Bu, 1937-ci il iyunun 3-də Azərbaycan
K(b)P XIII qurultayında M.C.Bağırovun
çıxışındandır. Bu
çıxışdan sonra Azərbaycanda yaradıcı
insanların repressiyası daha da kütləvi xarakter aldı.
Bu repressiyaların ilk qurbanlarından biri isə
istedadlı gənc şair Mikayıl Müşviq idi.
Mikayıl Müşviqin ölümü imperiyaya gərək
idimi? O,
doğrudanmı
imperiyaya
qarşı çıxırdı? Əslində
belə deyildi. Ümumiyyətlə,
Müşviqin istedadı, özünəməxsusluğu,
fitrətən xalq ruhunu sevməsi, şeirlərinə bu tipli
mövzuları gətirməsi zamanın ruhuna yad idi. Müşviqlərə qarşı kin o qədər
güclü oldu ki, onların Sovetlərə verəcəyi
xeyrə belə inanmadılar. Məqsəd
onları məhv etmək idi, etdilər də.
Şirin xanım Kərimbəyli Şadiman Müşviq
haqqında fikirlərini belə bölüşür: "Bəxtinə
29 il ömür düşən Müşfiq anadan şair
doğulmuşdu. Bunu onun məhəbbət dolu şeirlərinin
axıcılığı da bizlərə diqtə edir.
Cəsədləri Xəzərin qorxulu fırtınalarına
yem olan faciə qəhrəmanlarından biri də yəqin ki,
Müşfiqdir... Həyatının baharında cismi yox
edilib, ruhu incidilən Müşfiq!.. Nə
idi bu istedadlı şairimizin günahı?!.
Hətta ona qəbiri də çox gördülər... Bu nurun işığından gözləri
qamaşanlar öz alayarımçıq bacarıqlarından
qorxdular, qorxdular ki, Müşfiq sağ olsa, onlar
Müşfiqin yanında çox solğun, üzgün,
cılız, aciz görünəcəklər. Elə ona görə də şeirləri ilə
könülləri ovsunlayan, ürəkləri riqqətə
gətirən şairi susdurdular. Onlar təkcə
Müşfiqin özünə yox, həyat
işığı görməmiş neçə-neçə
şeirlərinin də qətlinə fərman verdilər.
Onlar ədəbiyyatımızı, kitab rəfini
bəzəyəcək Müşfiqin doğulmamış əsərlərinə
həsrət qoydular. Onlar ən nəhayət, mənəviyyatımıza
zərbə vurdular - Mikayıl Müşfiq, Hüseyn Cavid,
Əhməd Cavad kimi şairləri məhv etməklə... Bu
gün pula-vara hərislər, beşgünlük ailə həyatı
quranlar, doğulan uşaqların həyatını faciə
dolu ömürlə qol-boyun edənlər Mikayıl
Müşfiq şeirlərindən bəhrələnsəydilər,
sevginin ucalığını, həyatın şirin
olduğu qədər də acı olduğunu dərk edərdilər.
Çünki Müşfiqin şeirlərində
yüksək həyat eşqi, sevginin yenilməzliyi, möhtəşəmliyi
insan ürəyində məhrəmanə hisslər bəsləyir.
Onu nəinki öz sevdiyinə kəc baxmağa,
əksinə, adamı bu ilahi hissə sadiq qalmağa səsləyir.
Cismən onu məhv etdilər, həyatının
çiçəkləndiyi vaxda onu sevməyə, sevilməyə
həsrət qoydular. Onu gülüzlü
yarından ayırdılar, ona "vətən xaini",
"xalq düşməni" damğası vurdular. Onun şair ruhunun qarşısında tələ
qurdular, bir səd kimi durdular. Fəqət
mənən onu həyatdan apara bilmədilər".
1937-ci ildə isə xalqın ürəyini
parçaladılar. Bu dəfə zərbə daha çox ədəbiyyat
adamlarına dəydi. İmperiya əlindən
gələn etdi ki, xalqın ruhunu tamamilə sarsıtsın.
Ədəbiyyat mahiyyətcə əbədiliyi
ifadə edir. Ümumən sənət
görünənin arxasındakı görünməzlikdən
soraq verir. Zaman-zaman məşhur sənət
əsərləri məhz zamanı aşdığına, əbədiliyi
bu və ya digər səviyyədə təsdiq etdiyinə
görə mövcud olub, bu gün də yaşayır. 30-cu illərdən başlayaraq Moskva ədəbiyyat
adamları arasında özünə carçılar
axtarmağa başladı. Bu ideyaya tabe
olmayanların məhvi planını məharətlə
hazırladı və həyata keçirdi. 1937-ci il yaradıcı adamların ürəyində
və ağlında elə dəhşətli xof yaratdı ki,
bu gün də həmin xof ürəklərdən
çıxmayıb. Hə qədər acı səslənsə
də, bu, gerçəklikdir. 37-ci il
repressiyaları zamanı biri-birlərini satanlar, xəyanətlər
selində insanların halsızlığı, imperiyanın
mütləq hakimliyi bütün aydınlığı ilə
göründü, bilindi. Mikayıl
Müşviqlərin Məmməd Rahimlər tərəfindən
basqılara məruz qalması, müxtəlif adlarla
çağırılması, bunun ictimaiyyətə
hay-küylə təqdim edilməsi onların həbsi
üçün imkan yaratmış oldu. Ədəbiyyat
adamlarının 1937-c ilin oktyabrında başlanan kütləvi
həbsləri dəhşətli xofun yeni, daha qanlı mərhələsi
oldu.
Yazıçılar İttifaqının 60-a yaxın
üzvünün 27 nəfəri represiyaya məruz qaldı. Sovet
imperiyası daha da azmanlaşdıqca məhvini
yaradırdı, ancaq anlayırdı ki, yerində saymaq daha pis
ölümdür. Bütün
imperiyaların axırı yoxdur, ancaq imperiyalar çökərkən
balaca sayılan, yüzillər boyunca qanı sorulan
xalqların üstünə yıxılanda vəziyyət
daha da acınacaqlı olur. Sovet
dövründə, xüsusən də 30-cu illər
repressiyası zamanı yazıçıların müstəqilliyinə
hər mənada qadağalar qoyulması onların
yaradıcılıqlarına, hər şeydən əvvəl
isə psixikalarına olduqca mənfi təsir edib. Sovet dövründə yazıçının nəzarət
altında saxlanması şübhəsiz, onun idraki-bədii
keyfiyyətlərini istədiyi kimi, azad şəkildə ifadə
etməsinə ciddi əngəl törədirdi. Repressiya dövründə Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin görkəmli simaları məhv
edildi.
Professor Bədirxan
Əhmədov bildirir ki, 30-cu illər ictimai-siyasi prosesinin ən
böyük hadisəsi, şübhəsiz, Azərbaycan ədəbi
mühitindən də yan keçməyən repressiyadır:
"Özlüyündə siyasi hadisə olan repressiya bir
çox sahələr kimi, ədəbi prosesi də
ağuşuna almış və tarixdə ilk dəfə Azərbaycan
yazıçı, şair, tənqidçi, elm və maarif
adamlarının kütləvi həbsi və məhvi ilə
nəticələnmişdi. Bununla da siyasi iradə,
qərar və qətnamələrlə idarə olunan ədəbi
prosesə ölüm xofu, həbs qorxusu
çökmüşdü. Avtoritar rejimin və ona rəhbərlik
edən diktatorlar Stalin və Beriyanın repressiya
"sunamisi" bütün Sovetlər Birliyində, eləcə
də Azərbaycanda yüzlərlə alimi, şair və
yazıçını, folklorşünası, tənqidçini,
heykəltəraşı, aktyoru həyatdan vaxtsız
apardı: yalnız onların deyil, ailələrinin də faciəsinə
səbəb oldu. Hər hansı bir hadisəyə
qiymət verərkən siyasi-ideoloji deyil, tarixi, mənəvi
kontekstdən çıxış etmək lazımdır.
Həmin dövrün mətbuatında çap
olunan yazıların (repressiya zamanı, eləcə də, əvvəl
və sonra) hamısına ucdantutma istintaq üçün
xammal materialı kimi baxmaq və bu yöndən təhlil etmək
obyektiv nəticəyə gəlməyə imkan verir.
Repressiya ilə bağlı istintaq işləri ilə tanış olarkən məlum olur ki,
istintaqçıların iddia etdiyi kimi Sovet hakimiyyətini
yıxmaq üçün heç bir iş, hərəkət
mövcud olmayıb. Müstəntiqlər onlara
verilən siyahı üzrə insanları həbs ediblər və
istintaq zamanı çəkilən adları onlar ya özləri
yazıb, ya da ağır cəza tədbirlərindən sonra
boyunlarına qoyublar. Terroru ayrı-ayrı
adamlar deyil, zor və terror aparatı dövlət özü
edib. "Vahid türk-tatar dövləti"nin yaradılması, yaxud Azərbaycanın
SSRİ-dən ayrılmasına təşəbbüs (halbuki
bağlanmış müqavilədə buna formal olaraq icazə
verilirdi) ilə bağlı iddiaları tarixi sənədlər
təsdiq etmir. Ümumiyyətlə, Azərbaycanı
SSRİ-dən ayırmaq, silahlı üsyana
hazırlaşmaq, təxribat və terror hazırlamaq və s.
onlarla ittihamların heç biri başqa mənbələrdə
yazılı sənədlərlə təsdiq olunmur və
yalnız kiminsə şifahi, ya yazılı "xəbərçiliyinə"
(bu isə təşkil edilirdi) əsaslanırdı.
Silahlı üsyana hazırlaşmaq, SSRİ-dən
ayrılmaq kimi siyasi aksiyalar siyasi təkilatlanmanı zəruri
edirdi; ancaq birpartiyalı sistemdə bunu etmək mümkün
deyildi, başqa bir partiyanın yaradılmasına isə nə
əvvəlki, nə də bir il əvvəl
qəbul olunan və daha da irticalaşmış SSRİ
Konstitusiyası imkan vermirdi. İstintaq sənədlərinin
əksəriyyətində insanların böyük bir qismi Mərkəzdə
Stalinə, yerlərdə (Azərbaycanda M.C.Bağırov) I
katiblərə olunan sui-qəsdlərdə iştirakına
görə günahlandırılırdı. Buna baxmayaraq istintaq zamanı dindirmələr, demək
olar, bu aspektdə gedir və repressiya karuselinin tipik əsasını
təşkil edirdi. O ki qaldı şair və
yazıçılara, xalq içərisində məşhur
olan sənətkarlara, onlarla da eyni metodla istintaq
aparılıb, saxta ittihamlarla günahlandırılıblar. Yuxarıda qeyd etdiyimiz repressiya faktları on minlərlə
istintaq işini özündə ehtiva edir".
İndi poeziyaya yeni nəfəs gətirmək çətinləşib. Ancaq əgər Mikayıl Müşviq elə bir çətin vaxtda poeziyaya yeni söz, yeni nəfəs gətirməyi bacardısa, deməli, bu imkan həmişə mümkündür. Ancaq o imkanı bizə zaman verməyəcək, zamandan üstünlüyümüz verəcək.
Uğur
Xalq Cəbhəsi.-
2014.- 4 iyun.- S.11.