Yazı mədəniyyətimiz

 

"Orfoqrafiya lüğəti"ndə 80 minə yaxın söz özünə yer alıb

 

Yazı mədəniyyətinin tərəqqisində orfoqrafiya mühüm rol oynayır. Təsadüfi deyil ki, XX əsrdə Azərbaycan yazısından ərəb əlifbası çıxarıldıqdan sonra orfoqrafiya məsələsi günün mühüm məsələlərindən biri kimi meydana çıxdı. İlk orfoqrafiya qaydaları 1925-ci ildə nəşr olunsa da, sonra bunun əsasında 1929-cu ildə "İmla lüğəti" adı ilə "Azərnəşr" tərəfindən orfoqrafiya sözlüyü çap olundu. Həm ilk orfoqrafiya qaydaları, həm də "İmla lüğəti" Vəli Xuluflunun müəllifliyi ilə çıxdı. "İmla lüğəti" (birinci nəşr) həcmcə çox kiçik olan bir lüğət olub, burada dilimizdəki sözlərin az bir hissəsi verilmişdi. Lüğətin həcmcə kiçik olmasına baxmayaraq lüğət yazı mədəniyyətimizin, nitq mədəniyyətimizin inkişafında mühüm rol oynamışdı. "İmla lüğəti" orfoqrafiya lüğətinin tərtibi tarixində ilk təşəbbüs olduğundan çox qiymətli bir lüğət idi. Təbii ki, dil inkişaf edir, lüğət tərkibi yeni sözlərlə zənginləşir. Bu zaman dilin orfoqrafiya qaydalarını nizama salmaq, orfoqrafiyadakı bəzi dolaşıqlıqları aradan qaldırmaq lazım gəlir. Bu zərurət yeni-yeni orfoqrafiya lüğətlərinin hazırlanması zərurətini meydana gətirir. Odur ki, "İmla lüğəti" 1940-cı ildə Nizami adına Ədəbiyyat və Dil İnstitutunun elmi əməkdaşları tərəfindən "Orfoqrafiya lüğəti" (ikinci nəşr) adı ilə nəşr olundu. Bu lüğətdə 21 mindən artıq sözün orfoqrafiyası özünə

yer aldı. Bu lüğət də tələbatı tam şəkildə ödəmədiyi üçün 1960-cı ildə AMEA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutu tərəfindən "Azərbaycan dilinin orfoqrafiya lüğəti" nəşr olundu. 1960-cı ildə çap olunmuş lüğət 1940-cı ildə nəşr olunmuş lüğətin əsasında hazırlanmışdı. 1960-cı ildə çap olunmuş (üçüncü nəşr) "Orfoqrafiya lüğəti"ndə 40 mindən artıq söz var idi. Dilin lüğət tərkibində gedən zənginləşmə prosesi, o cümlədən tələbat yeni bir orfoqrafiya lüğətinin çapı zərurətini yaratmışdı. Beləliklə, 1975-ci ildə "Azərbaycan dilinin orfoqrafiya lüğəti" (dördüncü nəşr) nəşr olundu. Bu lüğət 58 min sözü əhatə edirdi və demək olar, öz dövrünün leksikasını əks etdirə bilmişdi.

2004-cü ildə "Azərbaycan dilinin orfoqrafiya lüğəti" (beşinci nəşr) latın qrafikalı əlifba ilə çap olundu. Bu lüğət Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanıb. 2004-cü ildə çap olunmuş "Azərbaycan dilinin orfoqrafiya lüğəti" Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli fərmanına uyğun olaraq Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənib. Lüğətə 1975-ci ildə çap olunmuş "Orfoqrafiya lüğəti"ndə olmayan 18 minə yaxın söz daxil edilib. 1975-ci ildə kiril əlifbası ilə çap edilmiş "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 58 min sözü əhatə edirdisə, latın qrafikası ilə 2004-cü ildə çap olunmuş "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 80 minə yaxın sözü əhatə edib və onların düzgün yazılışını göstərib.

Orfoqrafiya lüğətlərinin təkmilləşdirilməsi, yenidən çap olunması hər şeydən əvvəl bir tələbatla bağlı olur. Belə ki, mövcud orfoqrafiya lüğəti tələbatı ödəmir, dilin lüğət tərkibinə gələn yeni sözlər orfoqrafiya lüğətində əks olunmur, lüğət tərkibində, sözlərin tələffüz və yazı normalarında təbii inkişaf prosesi gedir və s. Bütün bu tələbatlar əsasında orfoqrafiya lüğətinin yeniləşməsi zərurəti meydana gəlir. Azərbaycanın iqtisadi, siyasi, sosial, mədəni, elmi həyatında və digər sahələrdə o qədər mütərəqqi dəyişikliklər baş verib ki, bunların hamısı yeni- yeni məfhumlarla yanaşı, onları ifadə edən sözləri də dilimizin lüğət tərkibinə təbii olaraq gətirib. Ona görə də dilimizin lüğət tərkibinə daxil olan yeni-yeni sözlərin yazılış normalarını qaydaya salmaq üçün zamanın, dövrün tələbinə cavab verən orfoqrafiya lüğətinin çapına ehtiyac olub.

Məhz bu ehtiyacı ödəmək üçün 2013-cü ildə "Azərbaycan dilinin orfoqrafiya lüğəti" (altıncı nəşr) "Şərq-Qərb" Nəşriyyat Evi tərəfindən çap edilib. Bu lüğət AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasında bəyənilib və çapa məsləhət bilinib. Lüğətin layihə rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya üzrə elmlər doktoru, professor Ağamusa Axundov, redaktor və ön sözün müəllifi isə filologiya üzrə elmlər doktoru, professor İsmayıl Məmmədlidir. "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin tərtibində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun "Lüğətçilik" şöbəsinin əməkdaşlarının - şöbə müdiri, professor İsmayıl Məmmədlinin, professor Aydın Ələkbərovun, professor Nadir Məmmədlinin, filologiya elmləri doktoru Nəriman Seyidəliyevin, filologiya üzrə fəlsəfə doktoru Bəhruz Abdullayevin, böyük elmi işçi Nigar Xəlifəzadənin zəhməti və xidməti əvəzsizdir. Elmi ictimaiyyət və mütəxəssislər yaxşı bilir ki, 2004-cü ildə çap olunmuş "Azərbaycan dilinin orfoqrafiya lüğəti" oxucuların böyük marağına səbəb olub. Odur ki, oxucular və mütəxəssislər qəzetlərdə, jurnallarda məqalələr çap etdirib, öz təkliflərini, rəylərini söyləyib, bəziləri münasibətlərini yazdıqları məktublarla bildiriblər. 2004-cü ildən keçən müddət ərzində rəylər, təkliflər, fikirlər, mülahizələr, məktublar saf-çürük edilib, bunların əsasında təkmilləşdirmələr aparılıb və 2013-cü ildə "Azərbaycan dilinin orfoqrafiya lüğəti" (altıncı nəşr) çap edilib. Qeyd olunduğu kimi, bu lüğət həcm baxımından 2004-cü ildə çap olunmuş orfoqrafiya lüğətindən fərqlənir. Belə ki, 2004-cü ildə çap olunmuş orfoqrafiya lüğətində 80 minə yaxın söz vardısa, genişləndirilmiş və yenidən işlənilmiş bu nəşrdə 110 min 563 söz var. 2013-cü ildə çap olunmuş lüğətə 2004-cü ildəki lüğətdəki sözlərdən əlavə 30 mindən çox söz daxil edilib. Bu lüğətdə əlavə edilmiş sözlərin əksəriyyəti yeni yaranmış sözlər, eyni zamanda 2004-cü ildəki nəşrə daxil edilməmiş sözlərdir. Məsələn, musiqi adları, xörək adları, siyasi terminlər, hüquq terminləri və s.

2013-cü ildə çap olunmuş "Azərbaycan dilinin orfoqrafiya lüğəti" (altıncı nəşr) 840 səhifə olmaqla "Ön söz"dən, "Lüğətin quruluşu"ndan, "Orfoqrafiya qaydaları"ndan, "Lüğətdəki şərti ixtisarlar"dan, "Azərbaycan əlifbası"ndan (burada latın qrafikalı əlifba ardıcıllığı ilə sözlərin orfoqrafiyası verilir), "Əlavələr"dən, "Lüğətdəki sözlərin axtarış cədvəli"ndən ibarətdir.

2013-cü ildə çap olunmuş "Azərbaycan dilinin orfoqrafiya lüğəti" öz quruluşu baxımından əvvəlki nəşrdən (2004-cü il nəşrindən) bəzi cəhətlərinə görə fərqlənir. Belə ki, 2004-cü ildə nəşr olunmuş lüğətə coğrafi adlar, adam adları, müasir ədəbi dildə işlənməyən qəliz ərəb və fars sözləri, yalnız bir məhəllə və məhdud peşəkarlar dairəsində işlənən sözlər (arqotizmlər) daxil edilməyib. 2013-cü il nəşrində isə orfoqrafiya lüğətinə "Şərq-Qərb" Nəşriyyat Evi tərəfindən hazırlanmış coğrafi adlar (əlavə 1-2) və şəxs adları (əlavə 3-4) ilk dəfə olaraq əlavə olunub. Burada Azərbaycan Respublikasının coğrafi adları Azərbaycan Milli Ensiklopediyasına uyğun olaraq hazırlanıb.

Coğrafi adlar Azərbaycan Respublikasındakı coğrafi adları və dünya üzrə bəzi coğrafi adları əhatə edir. Arzu edərdik ki, Azərbaycan Respublikasındakı coğrafi adların digər ərazilərdə - Qərbi Azərbaycanda (indiki Ermənistanda), Gürcüstanda, Dağıstanda, İranda, İraqda və digər yerlərdə mövcud olan arealları da lüğətdə öz əksini tapaydı. Məsələn, lüğətdə Ağbulaq kəndinin Cəlilabad, Xocalı, Xocavənd, İsmayıllı, Laçın, Şahbuz, Tovuz rayonlarındakı areallarının verilməsi təkcə coğrafi adın orfoqrafiyası ilə bağlı deyil, həm də onun yayılma coğrafiyası barədə geniş təsəvvür yaradır. Eləcə də Boyat kənd (Ağcabədi, Neftçala, Ucar rayonlarında), Borsunlu kənd (Goranboy rayonu, Tərtər rayonu), Bozlu kənd (Kəlbəcər rayonu, Laçın rayonu), Çaylı kənd (Biləsuvar, Qazax, Şəmkir, Tərtər rayonları), Xanlıqlar kənd (Qazax, Şərur rayonları) və s. çoxlu sayda Azərbaycanda arealları olan kəndlərin verilməsi oxucuya coğrafi adların yayılması barədə də bilgi verir. Ancaq lüğətdə xeyli coğrafi adlar var ki, onların Azərbaycanın hüdudlarından kənarda arealları var və həmin arealları göstərmək bu dəyərli lüğətin dəyərini daha da artıra bilərdi. Məsələn, Alpan, Altıağac, Çaykənd, Borçalı, Dəmirçilər, Faxralı, Kosalı, Qarabulaq və s. kəndlər (bu qəbildən olan coğrafi adlar da az deyil) öz areallarını Azərbaycandan kənarda da qoruyub saxlayıb. Onların hər birini vermək, bizcə, lüğətin dəyərini daha da artırardı. Ona görə ki, lüğətdəki hər bir sözün arxasında bir anlayış, məfhum dayanır ki, bu da oxucunu təkcə sözlərin orfoqrafiyası baxımından deyil, həm də məfhum və anlayışlar barədə bilgiləndirir. Burada 400-dən çox dünya üzrə bəzi coğrafi adlar verilir. Yenə də arzu edərdik ki, dünya üzrə bəzi coğrafi adlar deyil, dünya üzrə bütün coğrafi adlar lüğətdə tam şəkildə veriləydi.

Lüğətdə bəzi şəxs adları da verilir. Bu da indiyə qədərki orfoqrafiya lüğətlərinin tarixində ilk işlərdən biridir. Həm də təqdirəlayiq bir işdir. Lüğətdə 480-dən çox Azərbaycanda işlənən bəzi şəxs adları, 190-dan çox dünyada daha çox işlənən şəxs adları verilib. İlk təcrübə kimi şəxs adlarının orfoqrafiya lüğətində verilməsi, inanırıq ki, oxucuların, mütəxəssislərin ürəyincə olacaq. Ancaq yenə də arzu edərdik ki, gələcəkdə lüğətin təkmilləşmiş nəşrində həm Azərbaycanda, həm də dünyada işlənən şəxs adlarının əksəriyyəti orfoqrafiya lüğətində öz əksini tapaydı.

"Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə (altıncı nəşr) 2004-cü ildə çap olunmuş lüğətdən fərqli olaraq ilk dəfə beynəlxalq təşkilatların adları da verilib. 55 beynəlxalq təşkilatın adı lüğətə daxil edilib. Əlbəttə, oxucular bu təşkilatların orfoqrafiyası ilə yanaşı, onların mahiyyəti, məşğul olduqları sahələr, vəzifə və funksiyaları barədə də bilgilərini genişləndirə biləcəklər.

Lüğətdə orfoqrafiya qaydalarının verilməsi də oxucuda bir sıra qaydaların yaranması vərdişinə köməklik göstərmək baxımından qiymətlidir. Saitlərin yazılışı, samitlərin yazılışı, sözün müxtəlif yerlərindəki qoşa sait və samitlərin yazılışı, şəkilçilərin yazılışı, rəqəmlə yazılan miqdar saylarında şəkilçilərin yazılışı, mürəkkəb sözlərin yazılışı, köməkçi sözlərin yazılışı, birinci hərfi böyük yazılan sözlər, ixtisarların (abreviaturaların) yazılışı, sözün sətirdən - sətrə keçirilməsi qaydaları - bütün bunların hamısı "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin (altıncı nəşr) müsbət xüsusiyyətləri kimi diqqəti cəlb edir.

 

Buludxan Xəlilov,

professor

Xalq Cəbhəsi.- 2014.- 5 iyun.- S.14.