Güllələnmiş gənc general Əbdülhəmid bəy
Qaytabaşı
Əliağa
Şıxlinski onu Müsəlman Korpusunun qərargah rəisi
təyin etmişdi
Şəmistan Nəzirli "Güllələnmiş
Generallar" kitabında yazır ki, 1920-ci ilin aprel
çevrilişinə qədər İmperiya və Müsavat
ordusunda altmış doqquz azərbaycanlı general olub. Dini müsəlman,
milliyyəti azərbaycanlı olduğuna görə sovetlər
dövründə onların haqqında danışmağa,
yazmağa qadağa qoyulmuşdu. Onların
sırasında ən gənc general Əbdülhəmid bəy
Qaytabaşı idi. Qaytabaşının
bütün sənədləri arxivdə "Tamamilə məxfidir"
qrifi ilə saxlanılıb. Ona görə
də, nəinki Qaytabaşı, XIX-XX əsrin yetişdirdiyi
bütün generallar Sovet işğalı boyu bu qrif
altında xalqdan gizlədilib. "Qaytabaşı"
qəribə və maraqlı soyaddır deyilmi?
Bu soyadın öz tarixi var.
Əbdülhəmid bəyin Ulu babası kapitan
Əbdülməcid bəy XVIII əsrin sonlarında Türkiyənin
İstanbul şəhərindən Tiflisə
köçüb. Alay başçısı olduğuna
görə ona Xaytabaşı titulu verilib. Ruslar onun Xaytabaşı soyadını sənədlərində
səhvən, təhriflə Qaytabaşı kimi yazırlar.
Sonralar rəsmiləşən bu nadir soyad
1920-ci ilin iyun ayında general Əbdülhəmid bəy
güllənənə qədər işlənib.
1918-1920-ci illərdə Milli ordunun sıralarında
şərəflə xidmət edən ən yaxşı
generallardan biri olub Əbdülhəmid bəy. Nağıl
kimi səslənsə də bu bir faktdır. Şəmistan Nəzirli hesab edir ki, o
qarışıq illərdə azadlıq və istiqlaliyyət
uğrunda çalışanları zaman özü
yetişdirib və təltif etmişdi. Onların
cəngavərliyi anadan gəlmə qanuni bir hal olub. Dövr onları yetişdirəndə yaşa yox,
başa və bacarığa qiymət verib.
Beləliklə,
Əbdülhəmid Qaytabaşı - Azərbaycan Xalq
Cümhuriyyətinin ən gənc generalı - 1884-cü il iyulun 10-da Tbilisidə doğulub.
Şərif bəy iki dəfə evlənib. Əbdülhəmid
bəy onun ikinci evliliyindən doğulub. Anası
Qazax qəzasının Şıxlı kəndindən olan
mülkədar Mirzə Əliağaoğlunun qızı Xədicə
xanım olub. Əbdülhəmid bəy
Peterburq yaxınlığındakı Pavlovsk Hərbi Məktəbini
bitirib. Azərbaycan Mərkəzi Dövlət arxivində
yunker Əbdülhəmid bəy Qaytabaşının həmin
ildə bacısı, şahzadə Mələk xanım Qacara
yazdığı məktublar, 97 saylı vəsiqə, dərslərə
davamiyyəti haqqında qeydlər və konspektləri
saxlanılır. Qovluqda yunker Əbdülhəmid bəy
Qaytabaşının 1905-ci il avqustun 22-də
komandirinə yazdığı raport da qalıb. "Bildirirəm ki, yay tətili zamanı Ryazan
quberniyasına, orada yaşayan yeznəmgilə getmişdim.
Mən orada olarkən Tiflisdən teleqram
aldım. Teleqramda göstərilirdi ki,
bacım ölüm yatağında olduğuna görə təcili
Tiflisə getməliyəm. Dərhal yola
düşdüm və yeznəmdən xahiş etdim ki, bu barədə
mənim rəislərimə xəbər versin. Mən
Tiflisə gələndən cəmi bir gün yarım sonra
bacım vəfat etdi. Mən onun yeganə
qardaşı kimi, bacımın dəfni ilə bağlı
qayğıları öz üzərimə
götürdüm. Bu müddətdə mən
özüm də xəstələndim və dərhal mənim
müalicə olunmağım barədə raportla komendant idarəsinə
müraciət etdim. Xəstə halda iki gün orada
qalandan sonra hələ tam sağalmamış olsam da, sürət
qatarı ilə Tiflisdən yola
düşdüm. Mən bu barədə komendant
idarəsinə məlumat vermişdim. Hərbi
məktəbə xəbər çatdırmaq məsələsinə
gəldikdə isə, mənə dedilər ki, bu barədə
narahat olmayım. İkinci rotanın yunkeri Əbdülhəmid
bəy Qaytabaşı"
22 yaşlı gənc Qaytabaşı (1906-cı ildə)
on altıncı Qrenadyor-Minqrel alayında xidmətə
başlayır. 1-ci Dünya müharibəsində 205-ci
Şamaxı Piyada alayında ştab-kapitan rütbəsində
döyüşlərdə iştirak edir. 1916-cı ilin martında dördüncü dərəcəli
"Müqəddəs Vladimir" ordeni (qılınc və
bantla birgə) ilə təltif edilir.
6 mart
1918-ci il, Tiflis şəhəri. Yenicə
yaranan Müsəlman korpusunun komandanı, general-leytenant
Əliağa Şıxlinskinin əmri: "Polkovnik
Əbdülhəmid bəy Qaytabaşı Müsəlman
Korpusunun Qərargah rəisi təyin edilsin!".
Martın 28-dək həmin vəzifədə
çalışan Əbdülhəmid bəy 1918-ci il noyabrın 15-də hərbiyyə naziri Səməd
bəy Mehmandarovun iki nömrəli əmri ilə Hərbi Hazirliyinin
növbətçi generalı kimi məsul vəzifə
daşıyır. 1919-cu il iyunun 25-də
isə Respublika Nazirlər Şurasının qərarı ilə
Əbdülhəmid bəy Şərif bəy oğlu
Qaytabaşı general-mayor rütbəsi ilə təltif
olunur. Səksən ildən çox
bağlı qalan saralıb-solmuş sənədlərdən
məlum olur ki, peşəkar hərbçi kimi Milli Ordu
quruculuğunda Əbdülhəmid bəyin əvəzsiz xidmətləri
olub. Şəxsi heyətin təşkili,
Baş Qərargahda növbətçilik sistemi, yeni hərbi
idarə və hərbi müəssisələrin
yaradılması üçün var qüvvəsi ilə
çalışıb.
1920-ci
ilin martında Əbdülhəmid bəy yazırdı:
"Cəmi bir il ərzində Baş Qərargahın fəaliyyəti
təşkil olunub qaydaya düşdü. Öhdəmizə
düşən bütün vəzifələri qərargahın
digər üzvləri ilə birlikdə vicdanla, namusla və
yorulmadan yerinə yetirdik".
Azərbaycan Mərkəzi Dövlət Arxivində
Əbdülhəmid bəy Qaytabaşının bəzi sənədləri
- bacısı Mələk xanıma yazdığı məktublar,
vəsiqə, dərsə davamiyyət qeydləri, konspektləri,
atası Şərif bəy haqqında sənədlər və
s. qorunur.
Şəmistan
Nəzirlinin "Güllələnmiş Azərbaycan
generalları" kitabında Qaytabaşının Bakıdan
Tbilisiyə general-mayor Firudin bəy Vəzirova
yazdığı bir məktub da diqqət çəkir:
"Çox hörmətli general Firudin bəy! Azərbaycan Demokratik Cümhuriyyətinin
yaratdığı milli ordudan, şübhəsiz ki, xəbərdarsınız.
Xalqımızın sərkərdə oğlu
kimi bu şad xəbərə yəqin ki, Siz də sevindiniz.
Yeni yaranan orduda xidmət etmək
üçün Sizin kimi bacarıqlı və təcrübəli
sərkərdələrə çox böyük
ehtiyacımız var. Onu da xatırladım ki,
könüllülər hesabına ordumuzun sayı gündən-günə
artır. Ağır şəraitdə
olsa da, Baş Qərargah yaradılmasına nail olduq. Qərargahın nəzdində ümumi şöbə,
növbətçi general şöbəsi, süvari
şöbəsi, mətbuat və başqa şöbələr
artıq fəaliyyətdədir. Azərbaycan
hökuməti ordu üçün dövlət büdcəsindən
xeyli vəsait ayırmışdır. Hazırkı
vaxtda hərbi ləvazimatla yanaşı, yeni zabit heyətinin
hazırlığında da çətinliklərimiz
çoxdur. İnanırıq ki, Azərbaycan
müstəqillik qazandığı vaxtda gənc Azərbaycan
ordusunun sıralarında xidmət edən
oğullarımız üçün Siz hərbi təcrübənizi
əsirgəməyəcəksiniz. Ona görə
də, xahiş edirəm, Baş Qərargahda birgə
çalışmaq üçün dəvətimizi qəbul
edəsiniz. Hörmətlə: Baş Qərargahın
növbətçi generalı, polkovnik Əbdülhəmid bəy
Qaytabaşı".
Bolşeviklər
Azərbaycanı işğal edəndən sonra general-mayor
Əbdülhəmid bəy Qaytabaşı 1920-ci il aprelin 30-da bolşevik ordusunda müvəqqəti
qərargah rəisi təyin edilir. Həmin ilin
iyun ayında isə Gəncə üsyanına görə
günahlandırılıb güllələnir. Güllələnərkən generalın cəmi 36
yaşı vardı.
Məhəmməd
Əmin Rəsulzadə sonralar qələmə
aldığı "Azərbaycan davası" adlı məqaləsində
o müdhiş günləri xatırlayaraq yazmışdı:
"Azərbaycan Cumhuriyyəti hökuməti aprel
ayının 27-də yuxusundan sərsəm bir halda
qalxdı... Xüsusi bir amansızlıqla Vətənimizə
hücum edən bolşevik-daşnak ordu birləşmələri
vətənpərvər oğullarımızı qan
içində boğdu. Ölkəmiz təqibə,
böhtana məruz qaldı. Min cür həngamələrlə
izahı olmayan həbslərin dalğası gücləndi.
On minlərlə günahsız adamlar güllələndi.
Azərbaycan Milli Ordusunun min iki yüzdən
çox əsgər və zabiti Arazı keçərək o
taylı qardaşlarımıza pənah apardı. Təqib olunan minlərlə ziyalımız
Türkiyəyə, Fransa və Almaniyaya mühacirətə
getdi".
Şəmistan bəyin dediyinə görə, o dövrdə
tutulanları yaşayış olmayan adaya (Bulla adasına - Xərə-Zirə)
diri-diri atıb çıxıb gəlirmişlər. Və ya
ziyalıları, generalları Bakıda Pankratovun idarəsində
(indiki Yusif Məmmədəliyev küç. 15-17 -də yerləşirmiş)
gecələr zirzəmidə güllələyir, sonra Nargin
adasına aparıb boğazına daş bağlayıb dənizə
atırmışlar. Boğazına ona
görə daş bağlayırmışlar ki, birdən
dirilə bilər.
Araşdırmaçı
Nəsiman Yaqublu deyir ki, sovet tarixçiliyində bolşeviklərin
Bakını müqavimətsiz ələ keçirməsi ilə
bağlı iddiaları saxtadır: "Rusiya arxivlərində
çalışarkən 1920-ci ilə aid yeni sənədlərlə
rastlaşdım. Bunlardan biri həmin dövrdə
çəkilmiş təxminən bir dəqiqəlik
videolentdir. Həmin videolentdə göstərilir
ki, 11-ci ordu Bakıya daxil olarkən Azərbaycan ordusu hissələri
onlara müqavimət göstərib. Döyüş
səhnəsini əks etdirən videolenti mən Bakıya gətirmişəm".
Tarixçi alimin fikrincə, Azərbaycan Cümhuriyyəti
işğala qarşı dayansa da dövrün şərtləri
respublikanın süqutuna gətirib çıxarır:
"Biz xalq olaraq 11-ci orduya təslim olmamışıq,
bütün imkanlarla işğalçı bolşeviklərlə
mübarizə aparmışıq. Sadəcə
olaraq, o zaman Azərbaycanı işğal edən qüvvə
həm say etibarı ilə çox idi, həm də o zaman ki,
beynəlxalq şərait dövlətimizi qoruyub saxlamağa
imkan vermədi". Tədqiqatçı-alim
o zaman Türkiyənin Azərbaycanı müdafiə edə
bilməməsini də əlavə etdi. N.Yaqublu dedi ki,
M.Rəsulzadənin məqalələrində aprelin 27-si
işğal günü kimi göstərilir: "Bizdə bir
çox hallarda işğal günü kimi aprelin 28-i göstərilməsi
yanlışdır".
Ancaq rus işğalı 27 apreldən çox sonralara qədər
davam edib. Daha doğrusu, ruslar uzun zaman Azərbaycan ordusunun
müqaviməti ilə qarşılaşıblar. Mirzəbala
Məmmədzadə yazırdı ki, işğaldan sonra Azərbaycanda
150-yə yaxın üsyan baş verib: "Yəni 150 dəfə
Azərbaycan xalqı bolşeviklərə qarşı
etirazını bildirdi. Ən böyük üsyan isə
1920-ci il mayın 26-dan iyunun 4-dək Gəncədə
baş verdi. Həmin üsyan zamanı Azərbaycan
ordusunun döyüşçüləri və Gəncənin
qəhrəman sakinləri 8 min rus əsgərini
öldürüblər. Sonradan Gəncəyə
əlavə, diviziyalar göndərildi və bu ordular Gəncəni
yerlə yeksan etdilər. On min nəfərə
yaxın Gəncə sakinini qətlə yetirdilər.
Sonradan Zaqatala, Şəki, Naxçıvan və digər
bölgələrdə də üsyanlar baş verdi".
N.Yaqublunun sözlərinə görə, bolşevik
işğalı nəticəsində Azərbaycanda
yaradılmış dövlət təsisatları məhv
edildi. Üçrəngli bayraq endirildi, ondan sonra ordu ləğv
edildi. Bolşeviklər özləri imzaladıqları
razılaşmaya əməl etmədilər: "Bolşeviklər
Azərbaycanı işğal edəndə parlamentdə qəbul
edilmiş 6 maddəlik sənədə əsasən bir
çox atributlar qalmalı idi. Məsələn,
sənədə görə siyasi partiyalara toxunulmamalı idi,
ancaq işğaldan sonra partiyalar qapadıldı. Müsavat Partiyasının fəaliyyətini
qadağan etdilər, üzvlərini repressiyalara məruz
qaldılar. Eyni zamanda sənəddə Azərbaycan
Cümhuriyyətinin siyasi xadimlərinə toxunulmaması
şərti vardı. Ancaq buna məhəl
qoyulmadı, Gəncənin qubernatoru Rəfibəyov güllələndi,
Nəsib bəy Yusifbəylini, Fətəlixan Xoyskini müəmmalı
şəkildə öldürdülər. Məhəmməd Əmin Rəsulzadəni həbs
etdilər, Stalin gəlməsəydi güllələməyə
hazırlaşırdılar. Bununla
bağlı qərar vardı. Nəriman Nərimanov
aldadıldı. Daha sonra Moskvada zəhərləyib
aradan götürdülər. Yəni, Azərbaycanda
əsası qoyulmuş müstəqil dövlətin
bütün atributlarına son qoyuldu".
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 5 iyun.- S.13.