Mediada intihar mövzusu
Gülnar Nəzərova:
"Bu cür məlumatların bolluğu ən sadə
problemlə qarşılaşan şəxsləri də
intihara sövq edə bilər"
Bu gün Azərbaycan mediasında intiharlarla bağlı
kifayət qədər xəbərlər yer alır. Demək olar
ki, hər gün bu tipli xəbərlər bütün media
orqanlarında, televiziya, internet saytlar və qəzetlərdə
yayımlanır. Müxtəlif vaxtlarda dəfələrlə
belə xəbərlərin KİV-də
işıqlanldırılmasının cəmiyyətdə
ciddi psixoloji fəsadlara yol açdığı bildirilsə
də problem öz həllini tapmamış qalır. Bir sıra ölkələrdə də bu məsələnin
törətdiyi narahatlıqla bağlı müzakirələr
aparılıb və intihar xəbərlərinin
sayının imümkün qədər azaldılmasına cəhdlər
olub. Psixoloqlar da intihar xəbərlərinin
mediada geniş yayılmasının məni fəsadlara yol
açdığını deyirlər.
Sosial
Qayğı və Tədqiqatlar Mərkəzinin rəhbəri
Gülnar Nəzərova deyib ki, insan cəmiyyəti
formalaşdığı andan etibarən cəmiyyətin
sosial bəlası olan intiharlar da mövcud olub: "Bu səbəbdən
də müxtəlif alimlər intiharlarla bağlı
araşdırmalar aparıblar. Onlardan biri olan
görkəmli sosioloq Dürkheymin araşdırmalarına qədər
tək Qərbdə deyil, bütün dünyada intiharın səbəbi
hər zaman intihar edən şəxsin səhhətində və
psixoloji durumunda görülürdü. Lakin
Dürkheym müəyyən etdi ki, intiharın səbəbi fərdin
özündən çox onun yaşadığı ətraf
mühitdə axtarılmalıdır. O, müəyyən
qrup insanların (qadınlar, cavanlar, varlı şəxslər)
digərlərindən (kişilərdən, qocalardan,
imkansızlardan) daha az hallarda intihara əl
atdığını bildirdi. İntiharların
statistikası cəmiyyətin xüsusiyyəti ilə
birbaşa əlaqədardır. İntiharlar
bir sıra səbəblərin (fiziki, əqli, iqtisadi problemlər,
alkoqol və narkotik vasitələrdən istifadə, ailələrin
dağılması, zorakılıq, günahkarlıq hissi və
s.) təsiri ilə baş verir".
Mütəxəssisin
sözlərinə görə, intiharları bir neçə
şəkildə qruplaşdırmaq olar: "Cəmiyyətdə
qəbul edilən normalara hədsiz riayət edən şəxslərin
intihar etməsi altruistik intihar adlanır. İnsanların
bağlı olduğu hansısa dəyərlər öz
qüvvəsini itirdikdə baş verən intihar eqoist intihar
adlanır. İnsanların vərdiş
etdikləri üstünlüklərdən məhrum olması
ilə ortaya çıxan intiharlar anomik intiharlardır.
Şəxsin həyatı, dəyərləri və s. digərləri
tərəfindən hədsiz nəzarət altında olduqda
baş verən intiharlar fatalistik intihar adlanır. İnsanların çıxış yolu hesab etdiyi
bu yol bəzən məqsədli,
planlaşdırılmış şəkildə, bəzən
isə ani psixoloji gərginliyin təsiri ilə baş
verir".
Onun
fikrincə, texnologiyaların inkişafı intiharlarla da
bağlı informasiyaların sürətli və kütləvi
şəkildə axınına gətirib çıxardı:
"Azərbaycanda son dövrlərdə intihar xəbərləri
KİV-də daha çox yer almaqdadır. Bu məlumatlar
insanların diqqətini cəlb etdiyi üçün KİV
bu problemi işıqlandırmaqda daha çox maraqlı olur.
Lakin bu problemin işıqlandırılması
heç də həmişə insanların ondan "dərs
alması" ilə nəticələnmir. İntihara meyilli şəxslər intiharla
bağlı mütəmadi informasiyalarla
qarşılaşdıqda həm bu məsələdə tək
olmadıqlarını düşünürlər, həm də
özləri üçün konkret intihar formasını
müəyyən edirlər. Bu cür məlumatların
bolluğu nəinki intihara meyilli şəxslər, həm də
ən sadə problemlə qarşılaşan şəxsləri
də intihara sövq edə bilər. Təbii ki,
intiharın növləri, intiharın daha ağrısız
formaları və s. bu kimi informasiyaların əlçatarlılığı
insanların intihar barədə fikirlərinin qətiləşməsinə
gətirib çıxarır".
Psixoloq Asəf
Kərimov KİV-lərdə, internet səhifələrində
bu cür xəbərlərin verilməsinin intihar hallarına
təsir etməsinin təsdiq olunduğunu bildirib. İlk
növbədə KİV-lərdə bu davranış
formasının tez-tez nümunə gətirilməsi, məqsədli
şəkildə olmasa da, informasiyanın şüuraltına
yerləşməsinə səbəb olur:
"Uşaqlar və yeniyetmələr televiziyalara heç bir
nəzarət olmadan baxırlar. Eyni zamanda,
internetdə də nəzarətsizlik var. Nəticədə
bir davranış nümunəsi kimi bu faktların çox
görülməsi, oxunması artıq bir davranış
nümunəsi kimi yeniyetmələrin beynində iz salır,
onları təşviq edir. Digər bir tərəfdən
intiharla bağlı təkcə xəbərləri yox, eyni
zamanda hərəkəti təbliğ edən müəyyən
qruplar var. Xüsusilə, yeniyetməlik dövründə
özlərini aktuallaşdırmaq istəyində olan gənclər
yaratdıqları qruplarda rok və bu qəbildən olan musiqi
dinləməyə üstünluk verirlər. Bu cür musiqi formaları daha çox insanın mənfi
emosiyalarını əks etdirir. Yeniyetmələr
bu yola özlərini təqdim etməyə, cəmiyyətin
diqqətini cəlb etməyə
çalışırlar".
Psixoloq bildirib ki, hansısa bir şəxsin bu cür xəbərlərə
meylinin olması da intihara gətirib çıxara bilər. İnternet
vasitəsilə materiallar yalnız xəbər şəklində
yox, hərəkətlər, fotolar formasında da var.
İntihar sözünü yazmaqla tək googl-da nə qədər
şəkillər tapmaq olur.
İntihar meyillik bütün insanlarda olur.
Psixoloq əlavə edib ki, intihar düşünən
insan əvvəlcə hazırlıq mərhələsini
yaşayır.
Bununla bağlı bədii ədəbiyyat
oxuyur. Fotoşəkilləri və filmləri
izləyir. Onlar valideynləri və ya digər insanlarla
bu problemlərini həll etməkdənsə, internetdə
ünsiyyətə üstünlük verirlər: "Adətən
belə yeniyetmələr internetdə xüsusi adlar və s.
ilə bir-birilərini çox tez tapırlar.
"Həyatdan bezənlər", "tənha adamlar və
yaxud "qara paltarlı adamlar" adı altında bir-birilərini
tapırlar. Adətən onların ünsiyyətində
həyatın pis, zalım olması ilə bağlı fikirlər,
"məni heç kim sevmir, bütün
insanları görən gözüm yoxdur" formasında
cümlələr olur. Xüsusilə də dəyərləri,
mentaliteti, qadın və kişi, oğlan
və qız münasibətlərini, gender problemlərini
ortaya qoyan fikirlər səslənir və tənqid olunur. Bu cür insanlar öz davranışları ilə
bir-birini güzgü kimi əks etdirirlər. Ölümü və yaxud intiharı özləri
üçün daha romantik cümlələrlə təsvir
edirlər. "Kaş ki, indiki zamanda ölü
olsaydım, o zaman mənim arxamca ağlayanların kim olduğunu, yaxşı və pis dostun kim
olduğunu bilərdim, kimi statuslarla ünsiyyət
yaradırlar. Bu yolla bir-birilərinə stimul
verirlər və intihar meyilləri olan insan bu statsuları oxuduqda
onlarda bu hərəkətlərə meyl daha da güclənir.
İntihara meyilli insanlara yardım
olmalıdır".
Psixoloqun sözlərinə görə, Azərbaycanda bu
sahədə onlayn yardım forması azdır və belə
yardımların şəbəkəsini genişləndirmək
lazımdır. Eləcə də bu cür adamların yanında olanlar
da bu insanlarla ünsiyyət qurmağa, söhbət eləməyə
vaxt ayırmalıdırlar: "Əvvəlcə problemin
qaynaqlanma səbəbi tapılmalıdır. Xüsusilə,
yeniyetmləik dövründə qarşılıqsız sevgi
ilə bağlı bu hallar daha çox olur. Dostlarla ünsiyyətdə çətinlik yarandığında,
normal qrupdan ayrılıb risk qrupuna qoşulduqda, böyüklər
tərəfindən eşidilmədiklərini
düşündükdə bu hallar yarana bilir. Yardım məsələsinə gəlincə,
bununla bağlı konkret işlər görülməlidir.
Dövlətin idarəçiliyində olan
televiziyalar bu barədə ciddi verilişlər, söhbətlər
verməlidirlər. Eyni zamanda internetdə
də psixoloji yardımlar həyata keçirmək olar. Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin saytı var, Təhsil Nazirliyinin saytı var. Bu
qurumlar rəsmlikdən bir qədər irəli keçib bu məsələlərlə
bağlı psixoloji yardım bölməsi yarada bilərlər.
Təhsil Nazirliyi məktəb psixoloqları
arasında sosial şəbəkələrdə bir qrup yarada
bilər. Əslində buna böyük bir
vəsait də tələb olunmur. Gənclər
və İdman Nazirliyinin tərkibində yardımçı
saytın yaradılması mümkündür. Əvvəl mütəxəssis yoxluğundan
şikayət etmək olardı. İndi bu
problem də yoxdur. Yaşlı nəsildən
fərqli olaraq gənc nəsildən olan mütəxəssislər
xarici ökələrdə təcrübələrə gedirlər
və özlərini təkmilləşdirirlər. Sadəcə olaraq bu məsələni nəzarətdə
saxlayan bir dövlət qurumuna ehtiyac var".
Onun
fikrincə, Səhiyyə Nazirliyi özü bu işlərə
nəzarət etməli, "Psixi sağlamlıq haqqında
qanun"un təşkilində bu hissələr
mütləq nəzərə alınmalıdır. Bu tədbirləri həyat keçirməklə
internetdə intihara meyl yaradan təbliğatın
qarşısını almaq mümkündür.
Psixoloq fəsillərarası keçid dövrlərində
intihara meyilliliyin daha da gücləndiyini bildirib. Eyni hal yaz aylarında,
xüsusilə aprel-may aylarında da özünü göstərir.
Bəs nə etməli? O, bildirib ki,
bunları nəzərə almaq və həmin vaxtlarda daha gərgin,
xüsusi bir iş rejiminə keçmək
mümkündür. Tutqun havanın insanın əhval-ruhiyyəsinə
təsir göstərdiyini deyən psixoloq bu cür havalarda
yaranan gərginliyi aradan qaldırmaq üçün ünsiyyətin
qurulmasını təsirli vasitə hesab edir: "Ən
azından ünsiyyət zamanı insanlar öz problemlərini
bir-biri ilə bölüşürlər. İndi
isə bizdə problem ondadır ki, insanlar get-gedə fərdiləşir
və kollektiv mübahisələr və söhbətlər
getdikcə azalmaqdadır. On görə də
insanlar fikirlərini bölüşə bildikləri, onları
yaxşı tanıyan insanlarla ünsiyət qurmağa
çalışmalıdırlar. Yaxşı
olar ki, hətta tutqun havada belə evdə çox
oturmasınlar və özləri üçün kiçik
yığıncaqlar, tədbirlər təşkil etsinlər.
Konsertlərə getmək, açıq havada,
şəhər qırağında gəzmək olar. Depressiya vəziyyətini azaladan formalardan biri də
heyvanlarla ünsiyyətdir. Ev heyvanları
- quşlar, pişiklər, balıqlarla məşğul olmaq
insanın əhvalını yüksəldə bilir. Eyni
zamanda insan öz həyat tərzini və iş mühitini
müəyyən dərəcədə dəyişməyi
bacarmalıdır. Yaradıcılıqla məşğul
olmaq olar. Yaradıcılıq mənfi
enerjini götürür. Xüsusilə, rəqs
də faydalıdır. Musiqi dinlədikə
qəmli musiqi olmamasına fikir vermək lazımdır. Ən əsası birmənalı olaraq evdə
qapanmaqdan uzaqlaşmaq lazımdır".
Əli
Xalq Cəbhəsi.-
2014.- 5 iyun.- S.11.