“Ağlayırdım, gülürəm!”

 

Əhməd Cavadın ədəbi taleyinin müəyyənləşməsində "Göy-göl" şeiri xüsusi önəm daşıyıb

 

II yazı

 

"Ağlayırdım, gülürəm!" Əhməd Cavadın 1920-ci ilin aprel ayının əvvəllərində yazdığı şeirdir. Sanki şair gələcək bədbəxtlikləri görərək öz dostlarını, yoldaşlarını müstəqil dövlətin qədrini bilməyə çağırırdı. Şeir belə başlayır:

 

Arkadaşlar, dörd yanıma baxdıqca,

Ağlayırdım, ağlayırdı irmaqlar!

Yurd oğlunun göz yaşları axdıqca,

Ağlayırdım, ağlayırdı, torpaqlar!

 

Bu dərdin, kədərin sonu gəldi, müstəqil dövlət yarandı, xalqımız, millətimiz güldü, torpaqlarımız, irmaqlarımız güldü. Şairgüldü, vətən övladları da güldü. Lakin sarı şeytanlar yenə də başında idi, yenə də aləmi qarışdırdılar. Əgər millət sayıqlığını itirərsə, yenidən əsarət altına düşə bilərdi. Şair bu qorxu hissini şeirin sonunda belə ifadə etmişdi:

 

Göstərməsən bundan sonra sən ərlik,

Beş gün çəkməz yurdun-yuvan dağılar!

Qardaş kimi eyləməsən həp birlik,

Yenə girər torpağına yağılar!

 

Deyirlər şairlərin duyumları zamanı qabaqlayır. Əhməd Cavadın da duyduğu qorxu hissi özünü göstərirdi. Milli birliyin olmaması, hiyləgər düşmənin yenidən millətin içərisinə girməsi müstəqil Azərbaycan Demokratik Cümhuriyyətinin iki illik hakimiyyətinə son qoydu. Azərbaycan yenidən işğal olundu. Azərbaycanda bolşevik hökuməti - sovet respublikası quruldu.

Yeni quruluşun təbliğatçıları hər yerdə sovet rejimini təbliğ edir, insanları inandırmağa çalışırdılar. Bu illər Əhməd Cavadın həyatında durğunluq dövrü kimi xarakterizə olunur. Ola bilər ki, yeni quruluşla qəlbən barışa bilməyən şair yazdığı şeirləri ortalığa çıxartmır, dəruni könül çırpıntılarını içərisində boğmağa çalışırdı. Yalançı təbliğat, şişirdilmiş vədlər ikrah hissi yaradırdı. Məhz 1922-ci ilin avqust ayında Qubada yazılmış "Əfəndiyə" şeiri sovet quruluşunun yalançı təbliğçilərinə, "qırmızı şarlatanlara", üstü örtülü olaraq M.C.Bağırova ünvanlanmışdı:

 

Dəng eyləmə məni, artıq qalmamış

Ehtiyacım cənnətinə, əfəndi!

Hanı səndən huri satın alanlar?

Onlar gəlsin xidmətinə, əfəndi!

 

Açıq-aşkar görünür ki, Əhməd Cavad Azərbaycan Demokratik Cümhuriyyətinin iflası ilə barışa bilmir, daxilən yeni quruluşu qəbul etmirdi. Əhməd Cavad şəxsiyyətinin böyüklüyü onun vətəninə, xalqına bağlılığlında, bu yurdun, bu ölkənin istiqlaliyyətinə olan sevgisində idi.

Şairin ədəbi taleyinin müəyyənləşməsində "Göy-göl" şeiri xüsusi önəm daşıyır. Şeir 1925-ci ildə Gəncədə yazılıb. Bu şeirin başı bəlalıdır. Şairin həbs olunmasında, müxtəlif təzyiqlərə məruz qalmasında bu şeirin rolu həddindən artıq şişirdilib. Bu şeirin üstündə dəfələrlə şair mühakimə olunub. Şeirdə işlənən göy, yaşıl rənglər, ay, ulduz kimi kosmoqonik rəmzlər bədxah adamların yuxusunu qaçırıb, şeiri Müsavat hökumətinin təbliği kimi qiymətləndiriblər, Azərbaycan Demokratik Cümhuriyyətinin üçrəngli bayrağının ifadəsi kimi mənalandırmağa çalışıblar. Şair dəfələrlə təkzib verərək bu şeirin təbiət təsvirlərindən ibarət olduğunu söyləməsinə baxmayaraq göy rəng bədxah adamların yuxusunu ərşə çəkib, qırmızı hökumətin süqutuna çağırış kimi başa düşülüb.

Eyni zamanda qeyd etmək lazımdır ki, müxtəlif yazarlar tərəfindən Əhməd Cavada qarşı olan hücumlar da Əhməd Cavadın irtica tərəfindən amansızlıqla məhvinə gətirib çıxarmışdı. Təəssüf ki, Səməd Vurğun da öz şeirlərində bir neçə dəfə Əhməd Cavadın adını hallandırmışdır. Səməd Vurğun "Macəra" şeirində Azərbaycan qadınını tərənnüm edərkən şair Əhməd Cavad tənqid atəşinə tutulmuşdu:

 

Bu şad günlərini ey işçi qadın!

Gözləri görmədi şair Cavadın.

 

Halbuki Əhməd Cavad hələ 1929-cu ildə yazdığı "At bu çadranı" şeiri ilə Azərbaycan qadınını necə görmək istədiyini açıq-aşkar göstərmişdi:

 

Səni gözdən eyləyən,

Gözdən iraqlaşdıran,

Bu uğursuz çadranı

Fırlat qaranlıqlara.

Bitdi qaranlıq gecə,

Söndü zülmət, atdı dan,

gizlənmək vaxtıdır,

İş hara, çarşaf hara?

 

Hətta "Yoldaş, hinger, amxonaqo" şeirində Səməd Vurğun bir qədər irəli gedərək Əhməd Cavadı "düşmən" adlandırmışdı:

 

Mən Sanılıyam, Cavadam,

Onlara düşmənəm, onlara yadam.

 

Qayıdaq "Göy-göl" şeirinə. Əslində şeirdə var idi? Şeir doğrudan da təbiət gözəlliklərinin əsrarəngiz təsvirinin mahir rəssam fırçası ilə çəkilmiş tablosuna bənzəyir. Maraqlısı da budur ki, şeir qoşma şəklində yazılıb, Aşıq Ələsgərin "Dağlar" qoşması ilə qafiyənməsində çoxlu oxşarlıqlar var:

 

Dumanlı dağların yaşıl qoynunda,

Bulmuş gözəllikdə kamalı Göy göl!

Yaşıl kərdənbəndi gözəl boynunda,

Əks etmiş dağların camalı Göy göl.

 

Aşıq Ələsgərdə:

 

Bahar fəsli, yaz ayları gələndə

Süsənli, sünbüllü, lalalı dağlar.

Yoxsulu, ərbabı, şahı, gədanı

Tutmaz bir-birindən aralı dağlar.

 

Xəstə üçün təpəsində qar olur,

Hər cür çiçək açır, laləzar olur.

Çeşməsindən abi-həyat car olur,

Dağıdır möhnəti, məlalı dağlar.

 

Göründüyü kimi hər iki qoşma 11 hecalıdır. Aşıq Ələsgərin "Dağlar" qoşması 7, Əhməd Cavadın "Göy göl" qoşması 8 bənddən ibarətdir. Birinci bənddən başqa, yerdə qalan bəndlərdəki "Göy göl" əvəzinə "dağlar" rədifini işlətsək, qoşma dağlara aid ediləcək. Belə bir məqamda ortaya bir sual çıxır: görəsən, Aşıq Ələsgər Əhməd Cavad kimi irticanın dövründə yaşasaydı, onun da başına bu müsibətlər gətiriləcəkdimi? Bəlkə ...

Sözümüz "Göy-göl" haqqındadır. "Göy göl" şeirinin müxtəlif nəşrlərində müəyyən fərqlər mövcuddur. 1991-ci ildə tərtibçilər Tofiq Mahmud Rəhman Həsənovun Əhməd Cavadın "Sən ağlama, mən ağlaram" kitabında yeddinci bənd belə verilib:

 

Dolanır başına göydə buludlar,

Bəzənmiş eşqinlə çiçəklər, otlar.

Öpər ayağından qurbanlar, otlar,

Ayrılıq könlünü qıralı, Göy göl!

 

Bəndin birinci beyti 1992-ci ildə Əli Saləddin tərəfindən tərtib edilib çap olunmuş Əhməd Cavadın seçilmiş əsərlərinin ikicildliyinin birinci cildində eynidir. İkinci beyt isə fərqli şəkildə verilib:

 

Dolanır başına göydə buludlar,

Bəzənmiş eşqinlə çiçəklər, otlar.

Öpər yanağından qurbanlar otlar,

Ayrılıq könlünü qıralı, Göy göl!

 

Birinci variantda "Öpər ayağından qurbanlar, otlar" dedikdə belə məlum olur ki, Göy gölün axarından, yəni ayaq hissəsindən qurbanlıqlar otlar öpürlər, çünki ayrılıq zamanı gəlib. Məntiqlə burada uyğunsuzluq var. Göy gölün eşqiylə bəzənmiş otların eyni zamanda onun ayağından öpüb ayrılıq girdabına düşə biləcəkləri ağlabatan deyil. Həm bənddə otlar isminin iki yerdə eyni məzmunda işlənməsi qafiyə sistemini pozmuş olur. Belə olsaydı, onda şair burada cinas qafiyə işlətmiş olardı. Bu bənddə isə cinas qafiyələnmə yoxdur. Fikrimizcə, "Öpər yanağından qurbanlar otlar" deyimi daha dəqiqdir. Belə ki, qurbanlıq heyvanlar adətən bir neçə dəqiqəliyə Göy gölün ətrafında otlamağa buraxılır. Bu zaman qurbanlıqlar gölün qucağında su içib otlayırlar ki, bu halı şair qurbanlıqların Göy gölün yanağından öpməsi kimi mənalandırıb. Öpmək həm ayrılıq əlamətidir. Qurbanlıqlar da sövqi-təbii bu halı duyaraq sanki Göy göllə vidalaşırlar. Birinci variantda otlar sözü hər iki halda ismin cəm şəklində işlənib, "otlamaq" anlamındadır, "bəzənmiş eşqinlə çiçəklər, otlar" misrasındakı "otlar" sözü ilə sinonimlik təşkil edir. Zənn edirik ki, ikinci variant daha düzgündür.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Səməd Vurğun Əhməd Cavadın "Göy göl" şeirinə nəzirə yazıb, lakin özünün etiraf etdiyi kimi Əhməd Cavadın "Göy göl" şeirini əvəz edəcək bir şeir yaranmayıb. Səməd Vurğunun "Göy göl" şeiri belədir:

 

Göy göl

Gəlin, gəlin, gülə-gülə

Seyrə çıxaq biz Göy gölə,

Eldən elə, dildən dilə,

Göy gölün şöhrəti vardır,

Nizamidən yadigardır.

 

Bizim Göy göl tamaşadır,

Uca dağlar baş-başadır.

Ömrü, günü çox yaşadır.

Bu yerlərin ilk baharı,

Gəlin quraq çadırları.

 

Göy göl ellər gözəlidir.

Eşqimizin əzəlidir.

Ana yurdun öz əlidir,

Bu dağlara işıq verən,

Yolçulara yol göstərən.

 

Ümumiyyətlə, Əhməd Cavadın "Göy göl" şeiri dərin məzmunu, poetik siqləti, səslənmə cazibəsi ilə şairin ən dəyərli bədii əsərlərindəndir. Şeir xanəndələrimizin ifasında gözəl mahnı kimi səslənir, dillər əzbəridir. Şeir bütün zamanlar üçün ədəbiyaşarlıq hüququ qazanıb.

 

Hizami Muradoğlu,

filologiya üzrə fəlsəfə doktoru

Xalq Cəbhəsi.- 2014.- 6 iyun.- S.14.