“Türkün
tökülən qanları bihudə gedərmi?”
Məhəmməd Hadinin bəzi
şeirləri Cümhuriyyət
dövrünün ovqatı
və məhsuludur
XIX əsr Azərbaycanın
ən görkəmli ziyalılarından biridir Məhəmməd Hadi. Təhsil almaq
onun ən böyük arzusu olub. Amma o zaman bu, yetim bir uşaq
üçün xəyal
kimi bir şey idi. Arzusunun ardınca getmək üçün zəngin
qohumlarına üz tutsa da, ona
əhəmiyyət verən
olmur. Məhəmməd Hacı Əbdülsəlimzadə
Hadi (Şirvani) 1879-cu
ildə Şamaxı şəhərinin Sarıtorpaq
məhəlləsində, tacir
ailəsində doğulub.
İbtidai təhsilini məhəllə
məktəbində şamaxılı
Molla Səmədin yanında alır, sonra da Hacı
Molla Abbasın məktəbində davam etdirir. 9 yaşında
ikən atası vəfat edir, anası isə başqası ilə ailə həyatı qurur. Hadi bacıları ilə
bərabər nənəsi
Teyyibə xanımın
himayəsində yaşayır.
Onun vəfatından sonra Hadi digər qohumu Mustafa Lütfinin himayəsində yaşamış
və ondan ərəb dilini öyrənmişdi. Elm öyrənmək
arzusunda olan gənc Hadi məqsədinə nail ola bilmədiyindən
əmisi oğlunun köməyi ilə ticarətlə məşğul
olmağa çalışır.
Amma tezliklə bu işdən də əl çəkir.
1902-ci ildə Şamaxı zəlzələsindən
sonra Kürdəmirə
köçən M.Hadi
orada müəllimlik edir.
Məhəmməd Hadi imzası mətbuat aləminə
ilk dəfə 1905-ci ildə
"Həyat" qəzetinin
109-cu nömrəsində çap
edilib. Bu nömrədə
şairin "Lövhi-məkatib"
adlı şeiri dərc edilir. Çox keçmir ki, Hadi mətbuatdakı şeirləri ilə oxucuların böyük rəğbətini qazanır.
İstedadına yaxşı bələd
olan Mustafa Lütfi Həştərxanda nəşr
etdirdiyi "Bürhani-tərəqqi"
qəzetində çalışmağa
başlayır. Xeyli məşhurlaşmış
şair "Həyat",
"Füyuzat" və
"Bürhani-tərəqqi" qəzetlərində elmə,
maarifə çağıran
şeirlər və intibah məsələlərinə
dair məqalələr
yazırdı. 1906-cı
ildə Əli bəy Hüseynzadənin dəvəti ilə Məhəmməd Hadi Bakıya gələrək
"Füyuzat" məcmuəsində
çalışmağa başlayır.
"Füyuzat" qapandıqdan sonra "Tazə həyat" və "İttifaq" qəzetlərində çalışır.
1910-cu ildə Hadi çox arzuladığı
İstanbula gedir və "Tənin" qəzetində Şərq
dilləri mütərcimi
vəzifəsində çalışır,
yazıları ilə
həm də "Rübab", "Şahbal",
"Məhtab", "Hilal"
kimi qəzet və dərgilərlə
də əməkdaşlıq
edir. Hadinin tərəqqi və
inkişaf ruhunda yazdığı şeirlər
bütün Yaxın Şərqdə oxunub yayılırdı. Hətta şairin
"Fünun və maarif" adlı şeiri Hindistanda, "Həblülmətin" qəzetində
farsca tərcümə
olunub çap edilmişdi.
"İttihad və
tərəqqi" firqəsinə,
"Gənc türklər"
hərəkatına inamın
sarsılması, real türk
gerçəkliyinə dəyib
parçalanan romantik xəyallar ona səbəb olur ki, şairin Türkiyədən yazdığı
şeirlər də qatı müxalifət mövqeyindən səslənir. Hadini açıq siyasi çıxışlar şəkli
alan etirazlarına
görə Salonikə
sürgün edirlər.
Hadi öz faciəsini Abdulla Şaiqə belə söyləmişdi: "Mən
buradan çar istibdadından çıxıb
geniş nəfəs almaq, azad həyat
keçirmək ümidi
ilə ora getmişdim. Fəqət orada həmin istibdadı bir az da artıqlığı ilə
görüncə səbrim
tükəndi. Ruhumdakı sıxıntı
və kədərləri
unutmaq üçün
çarəsiz yenə
daha şiddətli sürətdə içməyə
başladım. Neyləyim? Qadın azadlığına dair yazdıqlarım xoşlarına
gəlmədi, xalq azadlığına dair yazdım, yenə darıldılar. İttihadçılar hər yazıçıdan
ancaq mədhiyyə gözləyirdilər. Şübhəsiz, mən onu bacarmazdım.
Mən mədhiyyə üçün deyil, aləmi
alt-üst edib inqilab yaratmaq üçün doğuldum. İstibdad xəfiyyələrinin mərkəzi olan
İstanbul həyatı məni boğurdu. Dəfələrlə məni sərxoş halda
yaxalayıb polis idarəsinə almışdılar. Bir dəfə "Siz istibdad mikroblarısınız"
- deyə qayim-məqamı təhqir etdim. O, məni
İstanbula qayıtmamaq şərtilə yunan şəhəri
Salonikə sürgün etdi. Pul yox, tanış
yox... Salonikdə qadınların
bazarlıqlarını evlərinə daşıyıb
aldığım pul ilə ölüm-zülm
yaşayırdım. Zalım yunanlar bunu da
mənə çox gördülər. Bir
gün məni Türkiyə xəfiyyəsi adı ilə
yaxalayıb polis idarəsinə aldılar. Mən xəfiyyə olmayıb Qafqaz şairi
olduğumu onlara inandıra bilmədim. Bir
neçə gün həbsdə qaldıqdan sonra məni gəmiyə
mindirib İstanbula göndərdilər.
Yolda yunan bəhriyyələri məni dənizə atmaq
istədilər. Bir keşiş zor-güc məni
onların əlindən qopardı. Gəmi
İstanbul körpüsünə yan aldı. Yaramaz mal kimi İstanbul da məni qəbul etmədi.
Çox yalvardıqdan sonra məni Batuma gedən
bir gəmiyə mindirib yola saldılar. Batumda
sahilə çıxdım və bir dostumun köməyilə
Bakıya gəldim. Eh, qardaşım, mənim
həyatım başdan-başa bir faciədir".
Abdulla
Şaiq "Xatirələrim" kitabında Hadinin
İstanbuldan gələndən sonra bir müddət onlarda
qaldığını yazır: "Günümüz bir yerdə
xoş keçirdi. Rahatlanmaq və
çalışmaq üçün kabinetimi ona verdim. Evdə bərk tapşırdığım
üçün heç kəs onun sərbəstliyinə
toxunmurdu. Məqsədim onu içməkdən
uzaqlaşdırıb təbii yola salmaq idi. Hətta
"qaçmasın" deyə: "Araq ya şəraba
meyliniz var isə, yemək ilə bir az
içmək pis deyil" - deyə bir neçə dəfə
işarə də etdim. Qəbul etmədi: "Allah bəlasını
versin, fəlakətlərimin başlıca səbəbi o
deyilmidir?" - dedi. Bir həftə bizim evdə
qaldı. Bir gün dərs deyib evə
qayıtdığım zaman Hadini görmədim. Anamdan
və başqalarından soruşduqda: "Səhər sən
evdən çıxdıqdan sonra o da hara isə
çıxıb getdi" - deyə cavab verdilər. Həmin gün nahara qədər onu gözlədim,
qayıtmadı. Yeməyimi yeyib evdən
çıxdım. Nəriman Nərimanovun qardaşı
Rizvan Nərimanov ilə dost olduğundan onun dükanına
getdim. Rizvan gülə-gülə dedi: "Bura gəlmişdi.
Türkiyəni çox söydü,
ittihadçılarda abır qoymadı. Sonra
hara isə çıxıb getdi".
Bir həftə Hadini axtardım. Xəbər verən
olmadı. Sonralar tanış bir həkim
tərəfindən, tutulmuş olduğu alkoqolizm xəstəliyindən
sağalmaq üçün xəstəxanaya göndərildiyini
öyrəndim. Xəstəxanadan çıxdıqdan sonra
görüşdük: "Bizim evdə sənə heç
bir mane olmadığı halda bəyənməyib
qaçdın", - dedim. O, utancaq bir tövr ilə:
"Yox, qardaşım, sənin evində özümü
çox azad hiss edirdim. Heç bir mane də yox
idi. Fəqət sənə mane olurdum" - deyə cavab
verdi. Onu yenə evə
aparmaq üçün israr etdim. Ancaq Hadi
bu dəfə razılıq vermədi.
Birinci Cahan Müharibəsi başlamışdı. Azərbaycanlılardan
təşkil edilmiş "Dikaya diviziya" Karpat cəbhəsinə
göndərildiyi zaman, Məhəmməd Hadi də ordu mollası
kimi onlarla birlikdə Karpata getmişdi. Hadinin
dostlarından olan şair Mürşüd Səttar oğlunun
söylədiyinə görə 1916-cı ildə cəbhədən
ona iki məktub yazmış və hər iki məktubda
müharibə hadisələrini təsvir etmişdi.
Şair
Karpat cəbhəsində yazırdı: "Elm və mərifətlə
müsəlləh olmayanlar bundan sonra pək bədbəxt bir
halda yaşayacaqlar. Yaşayacaqlar deyil,
sürünəcəklər. Hazırda atəşfişani-cahan
olan müharibeyi-cəhənnəm nümundən sonra yeni həyat,
yeni məişət vücuda gələcəkdir. Hər şeydə bir inqilab və təcəddüd
görüləcəkdir. Dünyada bir dəyişiklik
hasil olacaqdır... Madam ki, həyat daimi bir
mübarizədən ibarətdir, bu mübarizədə məğlub
deyil, qalib və zəfəryab olmaq istəyənlər
vaxtın nə qədər cahanqiymət bir şey olduğunu
anlayaraq, onun əmri-tələbinə gərdəndadeyi-inqiyad
və itaət olmalıdırlar".
Şair cəbhədə ikən bir sıra kiçik
şerləri ilə yanaşı, bioqrafiyasını əhatə
edən "Sərgüzəşt"ini, eləcə də
müharibə təsvirləri ilə zəngin olan Şərq
ilə Qərbi müqayisəsi ilə bağlı fəlsəfi
poemanı yazır. Karpatdan qayıtdıqdan sonra Bakıya gəlmiş
və altı ay Mürşüdün evində
qalmışdı. Bu zamanlar Hadi Karpatda
yazmış olduğu "Əlvahi-intibah" adlı
ayrı-ayrı parçalardan ibarət mənzuməsini
"Turan" mətbəəsində pulsuz çap etdirərək
küçələrdə satırdı.
Abdulla
Şaiq "Xatirələrim" kitabında yazır:
"Bir gün küçədə sərxoş halda mənə
təsadüf etdi. "Hərarətli
şeirlərim" sərlövhəli mənzuməsini mənə
uzadaraq: "Al, beş manat ver!" - dedi. Mən
cibimdə olan on manatımın hamısını ona verdim.
O, diqqətlə üzümə baxdıqda məni
tanıdı və pulu ovcuma qoyub məni qucaqladı. Çox mütəəssir idi.
"Şaiqciyim, bağışla, tanımadım" - dedi.
Nə qədər israr etdim, pulu almadı.
Şərqdə
ilk Xalq Cümhuriyyətinin bərqərar olmasını Hadi bədii
alqışlayır və "Əhrarlı təranələr"lə
qarşılayır ("Azərbaycan hökuməti"
novzadinə", "Şühədayi-Hürriyyətimizin ərvahinə
ithaf", "Zəfəri-nəhayiyə doğru",
"Əsgərlərimizə, könüllülərimizə",
"Məfkureyi-aliyəmiz" şeirləri). Ənənəvi
hərb, cəngavərlik ruhunda yazılan "Əsgərlərimizə,
könüllülərimizə" şeirinin
döyüş ahəngi, cəngi və marş ritmi
inandırırdı ki, öz hücum və mübarizə
rübabını şair cümhuriyyətin qələbəsinə
salamat və zədəsiz gətirib çıxarıb.
Hadi təkcə Cümhuriyyətin amalına - "Məfkureyi-aliyəmizə"
iki şeir həsr etmişdi. Bakıda mart
qırğını da ən ağrılı şəhid
ağrısını, növhəsini martın 31-də
"Azərbaycan" qəzetində, Hadidə
tapmışdı. Utopik qardaşlıq
çağırışına, birtərəfli "beynəlmiləllik
idilliyası"na, ayıq, oyaq əks-səda
da o zamankı ədəbi-bədii fikirdə yenə Hadi
şeirindən eşidilir. Eyni istiqlal ovqatı
Hadinin bu vaxta qədər yasaqda qalan digər iki cümhuriyyət
dövrü şerində - "Zəfəri-nəhayiyə
doğru" və "Əsgərlərimizə,
könüllülərimizə" mənzumələrində
də davam edir. "Aydınlıq bir gecədə təfəkkür
dəqiqələri", "Kor soqqur", "Baharın
ilhamları və ictimai rəmzlər", "Hərarətli
şeir və yaxud qızdırmalı halımda
saçmalarım" kimi ehtiraslı, klassik fəlsəfi
lirika da Hadi şeirində Cümhuriyyət dövrünün
ovqatı və məhsuludur. Cümhuriyyətin
məhvi Hadinin də şeirinin ovqatında, özünün
ruhunda və səhhətində növbəti dəfə əks
olunur, bu dəfə artıq son, ölümlə nəticələnən
böhran şəklində tragik ifadəsini tapır.
Əli Nəzmi xatirələrində
yazdığına görə, həmin ilin baharında
şair ağır maddi ehtiyacda idi. Gəncə üsyanından bir
neçə gün sonra (1920, may) Hadi xəstəxanada
ağır yatırmış, həmin günlərdə vəfat
etdiyi güman olunur. Bəzi mənbələrdə
isə Məhəmməd Hadinin uzun çəkən xəstəliyinə
görə vəfat etdiyi bildirilir. İndiyədək
Hadinin az əsərləri bizə
çatıb. Belə ki, əsərlərini
satdığından, ədəbiyyatçılar güman
edirlər ki, Hadinin bəzi əsərləri özü ilə
torpağın altına gömülüb.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 6 iyun.- S.11.