“Yusif Vəzir Çəmənzəminli həbsxanada
belə qələmi yerə qoymayıb”
O, öz kimliyini gizli
saxlamaq üçün ən az 15 təxəllüsdən
istifadə edib
Onun həyatı çətinliklər içərisində
keçib. Anadangəlmə yazıçı olan Y.V.Çəmənzəminli
Azərbaycan ədəbiyyatı tarixində özünəməxsusluğu
ilə seçilir. O, 1887-ci ildə Şuşa
şəhərində anadan olub. Atası Məşədi
Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa
bəylərindən biri idi. Yusif Vəzirin
daşıdığı Vəzirov soyadı XVIII əsr
Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu
vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın
tutduğu vəzir vəzifəsi ilə bağlı olaraq nəsildən-nəslə
keçib. İbrahimxəlil xanın vəziri
Mirzə Əliməmmədağa Vəzirov soyadını
daşıyan Məşədi Mirbaba (Yusif Vəzirin atası)
nəslinin ulu babasıdır. 1797-ci ilin
iyununda İran hökmdarı Ağaməmməd şah Qacar
Şuşanı zəbt etdiyi zaman İbrahimxəlil xan tərəfindən
Türkiyə dövlətinə yenicə səfir təyin
olunmuş Mirzə Əliməmmədağanı dustaq etdirib
qətlə yetirir. Uzun illərdən sonra
Türkiyədə səfirlik etmək Mirzə Əliməmmədağa
nəslinin nümayəndəsi Y.Çəmənzəminliyə
nəsib olur. O, 1919-cu ildə yeni yaranmış Azərbaycan
Demokratik Cümhuriyyətinin Türkiyədə ilk səfiri
olur. Yusif Vəzirin atası Məşədi Mirbaba İran,
Orta Asiya və Türkiyənin bir qismini gəzmişdi, fars və türk dillərini mükəmməl
bilirdi.
Yusif Vəzir Şuşada Molla Mehdinin məktəbində
oxuyur. Məşədi
Mirbaba oğlu Yusifi Ağdama aparır, təhsili ilə
özü məşğul olur, ona türk və fars dillərini öyrədir. Yusif 1896-ci ildə
Şuşa realnı məktəbinə
daxil olur. Yusifin riyaziyyata o qədər də
marağı yox idi. Yusif oxuduğu
kitablarda rəssamların və heykəltəraşların tərcümeyi-halına
diqqət yetirərdi. Hələ
kiçik yaşlarında rəsm əsərləri çəkməklə
məşğul olmuşdu. Gözlənilmədən
onun böyük qardaşı Əbülhəsən xəstələnir,
1904-cü ildə vəfat edir. Bu hadisə
Yusifi sarsıdır. Bir müddətdən
sonra qardaşı Əbülhəsənin
yaratdığı zəngin kitabxana Yusifə verilir.
Yusif Vəzir kitabxanadaki rus və əcnəbi klassiklərin
kitablari ilə yaxından tanış
olandan sonra onda rəsm ilə bərabər ədəbiyyata da
böyük maraq oyanır. Çexovun şirin
və duzlu hekayələri Yusif Vəzirin çox xoşuna gəlir.
1906-ci ildə atası vəfat edir. Onun vəfatından
sonra ailə 19 yaşlı Yusifin himayəsində qalır.
O, yatalaq xəstəliyindən yatır. Yusifin
bibisi onun sağalacağına ümidini itirib Şuşaya
göndərir. Yusifin üç ay yataqdan
qalxa bilməməsi ailəni böyük çətinliklər
qarşısına qoyur. Ailə köməksiz
qalır. Yusifin anası Seyid oğlunun həyatını
xilas etmək üçün əlindən gələni edir.
Ailənin ağır vəziyyətində Yusif hələ
uşaq ikən Güney Azərbaycanın "Çəmənzəmin"
adlı kəndindən qaçaraq Şuşaya pənah gətirmiş,
Yusifgilin Həyətlərində sığınacaq
tapmış Həsənxan, Nifti və Fərəc
qardaşları onlara kömək edir. Yusif sağaldıqdan
sonra anasına deyir: "Əgər mən gələcəkdə
adlı-sanlı adam olsam, sədaqətli
qonşularımızın kəndlərinin adını
özümə təxəllüs qəbul edəcəyəm".
Yusif Vəzir Bakıya gəlir, realnı məktəbin
altıncı sinfinə daxil olur. Şuşadakı
milli ədavət Vəzirovlar ailəsini də ata-baba yurdundan
didərgin düşməyə məcbur edir. Onlar Aşqabada köçməli olurlar.
1907-ci ildə Yusif Vəzirin "Molla Nəsrəddin"
jurnalında "Bakı realnı məktəbinin
altıncı sinif şagirdi Mir Yusif Vəzirov" imzası
ilə yazısı çap olunur. Bu yazıdan
sonra ona təhqir və hədələmə məktubları
gəlir.
1910-cu ildə
o, Kiyevə gedir, Müqəddəs Vladimir adına
İmperator Universitetinin hüquq fakültəsinə daxil
olur. Kiyevdəki 5 illik tələbəlik
dövründə vətənlə əlaqəni kəsmir.
Yusif Vəzir Bakıda nəşr olunan qəzetləri və
jurnalları müntəzəm olaraq alır və Azərbaycanda
baş verən hadisələrlə yaxından tanış
olur. 1912-ci ildə "Yeddi hekayə",
1913-cü ildə isə "Həyat səhifələri"
adlı kitablarını Kiyevdə çap etdirir. 1917-ci ildə Kiyevdə oxuyan azərbaycanlı tələbələri
ətrafına toplayaraq Türk Ədəbi Mərkəziyyə
firqəsi "Musavatin" Kiyev şöbəsini yaradır.
Həmin şöbəyə
başçılıq etmək üçün Yusif Vəzir
sədr seçilir. Müstəqil Ukrayna
Respublikası yarandıqdan sonra Azərbaycan Demokratik Cumhuriyyəti
Yusif Vəziri Ukraynada diplomatik nümayəndə təyin
edir. 1919-cu ildə isə o, səfir kimi
İstanbula göndərilir. 1925-ci ildə
qardaşı Miri 29 yaşında Parisdə vəfat edir.
Yeganə qardaşının vaxtsız vəfatı
Yusif Vəziri sarsıdır. O, vətəni Azərbaycana
qayıtmağı qərara alır. Yusif Vəzir
1926-cı ilin aprel ayında həmişəlik olaraq
mühacirətdən vətənə qayıdır. Yusif Vəzirin 1937-ci ildə cürbəcür bəhanələrlə
işdən kənar edilir. 1938-ci ilin avqust
ayında Yusif Vəzir Urgəncə yola düşür.
O, Urgənc pedaqoji instituta baş müəllim və eyni
zamanda institut kitabxanasına müdir təyin olunur. 1940-cı il yanvar ayının 25-də Yusif Vəzir Urgəncdə
həbs edilib Bakıya gətirilir. O, altı aya yaxın
Keşlə həbs düşərgəsində
saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də
Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs
düşərgəsinə göndərirlər. 1943-cü il yanvarın 3-də Nijni Novqorod vilayətinin
Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində
vəfat edir.
Onun zəngin yaradıcılığına nəzər
yetirdikdə məlum olur ki, 1930-35-ci illərdə Azərbaycan
Neft İnstitutunda işləyən zaman həmin institutda
çıxan jurnalında məqalələr nəşr etdirib. Bir çox
hekayələri "Maarif və mədəniyyət"
jurnalında və başqa mətbuat orqanlarında
işıq üzü görüb. Sonralar
"Qızlar bulağı", "Studentlər",
"1917-ci il" adlı romanlarını çap etdiri.
1935-ci ildə "Həzrəti-Şəhriyar"
adlı komik pyesini bitirir. Uzun illər tədqiqatçıların
diqqətindən kənarda qalan "Həzrəti-Şəhriyar"
komediyası ilk dəfə 1980-ci ildə "Qobustan"
jurnalının 4-cü nömrəsində çap olunub.
Yusif Vəzir tərcümələr üzərində
də işləyib. L.Tolstoyun, İ.Turgenevin, A.Neverovun, N.Qoqolun, B.Lavrenevin, L.Seyfulinanın,
V.Hüqonun və s. bir neçə əsərlərini rus
dilindən Azərbaycan dilinə tərcümə edib. Kinossenarilərin tərcüməsində də fəal
iştirak edib. İlk səsli film olan
"Çapayev" filminin ssenarisini də Azərbaycan dilinə
1936-cı ildə Y.V.Çəmənzəminli tərcümə
etmişdi. Yazıçı 1937-ci ilin
aprel ayında tamamladığı "İki od
arasında" adlı tarixi romanı işdən
çıxarıldığı üçün çap
etdirə bilməmişdi. Sağlığında
nəşr etdirə bilmədiyi bu tarixi roman ilk dəfə
1964-cı ildə "Azərbaycan" jurnalında ixtisarla
"Qan içində" adı ilə çapdan
çıxmışdı.
"Çəmənzəminli" Yusif Vəzirin təxəllüslərindən
biridir. Yusif Vəzirov
1904-cü ildən etibarən öz kimliyini gizli saxlamaq
üçün ən az 15 təxəllüsdən
istifadə edib. Yazıçı Firuz Mustafa hesab edir ki, Azərbaycanın
böyük yazıçısı Yusif Vəzir Çəmənzəminlinin
məzarının vətənə gətirilməsi ədibin
ruhuna böyük diqqət və sayğı nümunəsi
olardı: "Yusif Vəzir Azərbaycan Xalq Cümhuriyyətinin
Türkiyədəki səfiri kimi fəaliyyət göstərərkən
gənc dövlət qırmızı imperiyanın qanlı
caynağına keçdi, səfarətxana öz fəaliyyətini
dayandırmalı oldu. O, bəlkə də Türkiyədə
qalsaydı, daha dolğun bir həyat yaşaya bilərdi. Yusif Vəzir sovetlərin qələbəsindən
sonra Parisə mühacirət etmişdi, orada "Paris xəbərləri"
qəzetində "Şərq məktubları"
başlığı altında köşə yazıları
ilə çıxış edirdi. O, bəlkə də
Parisdə qalsaydı, Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında daha fəal iştirak
edərdi. Yusif Vəzir Özbəkistanın Urgənc
şəhərindəki Xorəzm Vilayət Pedaqoji
İnstitutunda rus dili müəllimi kimi kollektivdə
böyük nüfuz qazanmışdı. O, öz
pedaqoji fəaliyyətini davam etdirsəydi, sonralar sakit bir alim
ömrü yaşayardı. 30-cu illər
repressiyası Yusif Vəzirin və onun ailəsinin həyatına
böyük faciələr gətirdi. O, öz isti
yuvasından, ev-eşiyindən, el-obasından, göz bəbəyi
kimi sevdiyi Vətənindən didərgin düşdü. Yusif Vəzirin həyatının son illəri
Özbəkistanla bağlı olub. 1937-ci
ildə müxtəlif bəhanələrlə işdən
azad edilmişdi. Heç yerdən bir qəpik
gəliri olmayan Yusif Vəzir Azərbaycan kommunistlərinin o
vaxtkı başçısı Mircəfər Bağırova
ərizə ilə müraciət edir, heç bir cavab
almır. Yerli hakimiyyətdən bir kömək görməyən
yazıçı 1937-ci il iyun ayının 8-də
Ümumittifaq K(b)P-nın Baş katibi
İ.V.Stalinə ərizə ilə müraciət etməli
olur. Onun ərizəsinə Baş katibdən də
bir cavab gəlmir. Yusif Vəzir bir aya
yaxın Moskvada qalır, "əlaqədar" idarələrin
qapısını döyür, Stalinə yazdığı ərizə
barədə dəfələrlə Mərkəzi Komitəyə
müraciət edir, hər yerdə eyni laqeydliklə
qarşılanır. Təzədən Bakıya
qayıdan Yusif Vəzir qonşu ölkələrdə iş
axtarmaq məcburiyyətində qalır. 1938-ci
ildə "Kommunist" qəzetində oxuduğu bir
elanın sorağı ilə sənədlərini Özbəkistana
göndərir. Müsabiqədən
uğurla keçən Yusif Vəzir Urgəncdəki pedaqoji
instituta baş müəllim və eyni zamanda institut
kitabxanasına müdir təyin olunur. Amma az
sonra yazıçı həbs edilib Bakıya gətirilir.
Günlərin bir günü böyük ədibin
uyuduğu qəbristanlığın yerini müəyyənləşdirmək
qərarına gəldim. Təbii ki, Yusif Vəzirin qəbrinin dəqiq yerini iki mənbədən
öyrənmək olardı: onun öldüyü həbs
düşərgəsindən və dəfn olunduğu qəbristanlıqdan.
Beləliklə, mən Yusif Vəzirin (Vəzirov Yusif
Çəmənzəminlinin) dəfn olunduğu qəbristanlığı,
daha dəqiq desəm, onun məzarını axtarmaq qərarına
gəldim. Dost-tanışlardan, məlumat
kitabçalarından, mətbuatdan xeyli məlumat əldə
etdim.
Suxobezvodnoye Qorki (indiki Nijni Novqorod) şəhərinin
115-120 kilometrliyində, Semyonov rayonunun şimal-qərb hissəsində
yerləşən qəsəbədir. Ərazisi 380
hektardır. 1963-cü ildən şəhər
tipli qəsəbə statusu daşıyan bu yer ötən əsrin
30-cu illərində dustaqlar üçün "iş
yeri" kimi fəaliyyətə başlayıb. Yusif Vəzir ən ağır məhbəs şəraitində
belə son nəfəsinəcən qələmi yerə
qoymayıb. O, hər gün yazıb-yaradıb. Sürgün dostlarının yazdığına
görə, böyük ədib son nəfəsində məhbəs
nəzarətçisindən xahiş edib ki, onun yazdıqlarını
həbsxana çardağının altında əlçatmaz,
xəlvəti bir yerdə gizlətsin. Həmin
yeri ədibin özü əvvəlcədən müəyyənləşdiribmiş.
Nəzarətçi hörmətlə
yanaşdığı ziyalı məhbusun xahişini yerinə
yetirir. Amma "susuz quru yerin"-
Suxobezvodnoyenin yağış və çisəyi həmin
yazıları elə o əlyazmaların müəllifinin
ömrü, həyatı kimi çürüdüb məhv
eləyib".
Uğur
Xalq Cəbhəsi.-
2014.- 7 iyun.- S.13.