“İnam və
Şübhə” kitabı təqdim olunub
Ötən həftənin sonunda
"Zero" kitab evində
Asif Atanın fəlsəfi-tənqidi əsərlər
toplusu - "İnam və Şübhə"
kitabının təqdimatı
olub. Kitabın ərsəyə gəlməsinin
təşəbbüsçüsü, şair Fərid Hüseyn tədbiri giriş sözüylə
açaraq iştirakçıları
"İnam və Şübhə" kitabının
nəşri münasibətilə
kutlayıb, kitabdakı
əsərlərin maraqla
qarşılanacağına inandığını bildirib.
İşıqlı Atalı
Asif Atanın bənzərsiz yaradıcılığı,
fəlsəfi-tənqidi əsərlərinin
özünəməxsusluğu, kitabdakı əsərlərin
hər birinin mahiyyəti haqqında danışıb: "Asif
Ata yaradıcılığa özünəməxsus fəlsəfi-bədii
tənqidlə başlayıb.
Ötən yüzilin 70-ci illərinin
sonlarında Mütləqə
İnam Ocağını
yaradaraq özünün
dünyabaxışını təqdim edib. Bununla belə Ata ömrünün
sonunadək fəlsəfi-bədii
tənqid yaradıcılığı
ilə məşğul
olub. Əslində onun bu sahədəki işi gerçək ədəbi
tənqidçilikdən artıq
- təhlilçilik idi.
O, yazıçının görmədiyini görür,
demədiyini deyirdi. Onun bütün əsərləri
asan oxunur, dili sadədir, ancaq mahiyyəti təbii olaraq mürəkkəbdir. Ata deyirdi ki, tənqidi
əsər bədii əsər kimi oxunmalıdır".
Çıxışçılar kitabın nəşrini yüksək dəyərləndiriblər. Professor Nizami
Tağısoy Asif Atanın yaradıcılığı
haqqında fikirlərini
bölüşüb, tənqidi
əsərlərinin fəlsəfi,
bədii, etik-estetik tərəflərinə diqqət
çəkib: "Onun
əsərlərində insanlığın
əsas istiqamətləri
müəyyənləşib". Fazil Kərimli Asif Atanın müəllimliyi,
yaşamıyla yaradıcılığının
üst-üstə düşməsi,
ardıcıl olmasının
təbiiliyindən danışıb.
Yusif Dirili Asif Ata ilə həyatın, eləcə
də sənətin müxtəlif sahələri,
ədəbiyyatla bağlı
çoxsaylı söhbətlərinə
toxunub: "Ata açılmamış
xəzinədir".
Yazıçı Kənan Hacı
deyib: "Asif Ata Azərbaycan fəlsəfəsində,
tənqidində öz
istiqaməti olan, standartları dağıdan
şəxsiyyətdir. Buna görə o, təqiblərə
məruz qalıb.
Gələcək nəsillər də
onu sevə-sevə oxuyacaq, xatırlayacaq".
Tarixçi-alim Dilavər Əzimli
Asif Atanın hərtərəfli yaradıcılığına
heyranlığını bildirib,
xatirələrini bölüşüb:
"Asif Atanın həm də xoşbəxtliyi ondadır
ki, məktəb yarada bildi".
Babək
Xalistürk deyib:
"Ata böyük filosofdur.
Belə dahilər əsasən zamanlarında anlaşılmırlar.
Asif Ata Türk Dünyasında
ilk dəfə özünəməxsus
fəlsəfi sistem yaradıb. Onun əsərlərində insana sönməz sevgi var. Atanın yolunu davam etdirən
ardıcıllarına, bu
kitabı ərsəyə
gətirənlərə uğurlar
diləyirəm". Məhərrəm
Şəmkirli: "Bu kitabın
nəşri məni çox sevindirdi. Sonralar bilinəcək ki, Asif Ata nəinki Azərbaycanın, dünyanın
böyük şəxsiyyətidir".
Yolruh Atalı deyib: "Atanın ədəbi-tənqidi
əsərləri onun
istədiyi ədəbiyyatın
yaranması üçün
ən gözəl örnəkdir. Ata göstərir
ki, əgər ədəbiyyatın söykəndiyi
hansısa fəlsəfə
olmasa, o ədəbiyyat
uzunömürlü ola bilməz". Kitaba Asif Atanın
fəlsəfi-tənqidi əsərlərinin
bir qismi - "İnam və Şübhə", "Yerdəkilərin
göy həsrəti",
"Şeyx Nəsrullah
əsarəti", "Bayatı
işığı", "Məcnunluq", "Xaqanilik",
"Vəcdli idrak",
"Nikbinlik", "Həqiqət
və Yarımhəqiqət",
"Ölməyən dərd",
"Dünyadan artıq",
"Şeir dərdi",
"Xəyal gerçəkliyi"
kimi əsərləri
daxil edilib.
Kitab "avanqard.net" saytı kitabxanasının
nəşridir.
Kitabı nəşrə hazırlayanlar
Safruh Atalı, İşıqlı Atalı
və Yolruh Atalı, seriyanın rəhbəri və redaktoru Fərid Hüseyndir. Bildirək ki, 1988-ci ildə Asif Atanın "İnam və Şübhə" kitabı
"Yazıçı" nəşriyyatında "Asif
Əfəndiyev" imzasıyla
nəşr olunub.
Asif Ata tənqidində
başlıca məqsəd
yazıçının görmədiyini
görmək, demədiyini
deməkdir. Onun tənqidinin - təhlilinin
məqsədi insanilik
uğrunda döyüşdür.
O, ədəbi tənqiddən
hünər istəyirdi,
onun döyüşkənlik
ölçüsünü yaradırdı. Asif Atanın ruhundan yaratdığı öz Nizamisi, Xaqanisi, Füzulisi, Sabiri, Cəlili, Hadisi, Cavidi, Cabbarlısı var.
Ümumən dünya
ədəbiyyatının klassikləri
ilə bağlı da onun bənzərsiz
fikirləri var. "İnam
və Şübhə"
əsərində inam-şübhə
təzadının sənətdə
ifadəsi, insanın gerçəklik-mahiyyət arasındakı
çırpıntıları, həqiqətə yetməsinə
mane olan antiinsançı
yaradıcılıq cərəyanları,
eləcə də dünyanın məşhur
ədəbi əsərləri
təhlil edilir, bəşərin əsilliyə
- inama yetəcəyi,
şübhədən qurtulacağına
inam ifadə olunur.
"Yerdəkilərin göy həsrəti"ndə
Hüseyn Cavidin əsərləri üstə
insanın əzəli
göylük eşqi,
ucalığa, insanlığa,
həqiqətə, ədalətə
yetmək çağırışı
səslənir, əslində
göylük ünvanının
insanlığa - inama,
idraka, mənəviyyata,
iradəyə yetmək
olduğu haraylanır. "Dünyadan artıq" əsərində Ömər
Xəyyam rübailəri
üstə insanlıq
qayğıları dilə
gətirilir, Xəyyam
meyinin mahiyyəti açılır, insanın
dünyadan üstünlüyünün
mənəvi əsasları
göstərilir. "Nikbinlik" əsərində
Füzuli eşqinin zamandan ötəliyi, əzabdan fərəh yetirməsi qüdrəti öyülür, əsl nikbinliyin insaniliyə yetmək olduğu vurğulanır.
"Şeyx Nəsrullah
əsarəti" Asif
Atanın məşhur
fəlsəfi-tənqidi əsərlərindəndir,
Mirzə Cəlilin
"Ölülər"i mövzusunda yazılıb.
"Şeir Dərdi" fəlsəfi-tənqidi əsərində
yaradıcıdan şeiriyyətin
mahiyyətinə uyğun
yaşamaq, yazmaq istəyi, tələbi
var. Əsərdə Vətən,
İnsan dərdinin Azərbaycan şairlərinin
yaradıcılığında özünüifadə məqamları
araşdırılır, çatışmazlıqlar
göstərilir, insani-yaradıcı
ölçüyə uyğun
gələnlər təqdir
olunur: "Dərddən
yaranıb şeir - dərdsizlikdən ölə
bilər".
Bayatı çağırmaq millətimizin
uca ruhumuzdan doğub. Bayatı doğmalığını
hər an yaşamımızda, düşüncəmizdə
duyuruq. Asif Atanın "Bayatı
işığı" yazısında
bayatılarımızın ruhu, fəlsəfi mahiyyəti açılır.
"Ölməyən Dərd" adlı fəlsəfi-bədii məqamı
çağımızın ruhsuzluğuna, ümidsizliyinə,
idealsızlığına sabahlı, gələcəkli
baxışdır. "Xəyal gerçəkliyi"
əsəri Azərbaycan
nağılları üstə
yazılıb, burada nağıllarımızın mahiyyəti
açılır, Asif
Atanın nağıl
janrına özünəməxsus,
tamamilə bənzərsiz
münasibətini ifadə
edir.
"Həqiqət və
yarımhəqiqət" əsəri
C.Cabbarlının "Oqtay
Eloğlu"su və
"Aydın"ı üstə
yazılıb, insanın
bitməyən həqiqət
axtarışları təhlil
edilir, yarımhəqiqətdən
ötə olması qaçılmaz sayılır. "Məcnunluq" əsərinin
qaynağı Füzulilikdir.
Aşiqliyin ali
timsalı olan Füzulinin Məcnunu Asif Atanın qələmində, mütləq
görümündə bənzərsiz
qiymətini alır. Əsərin
ilahi şeiriyyətli
dili diqqəti çəkən əsas məqamdır.
"Vəcdli idrak"
əsərində İmadəddin
Nəsiminin zamanı ötən vəcdi, həqiqətə yetən
insani aqibətli ömrü şeiriyyətində
axtarılır, insanlığa
nümunə olaraq sunulur, Ata təbirilə desək, Nəsiminin şəxsində "aşiqlik,
filosofluq, cəngavərlik"
təsdiq olunur.
Uğur
Xalq Cəbhəsi.- 2014.- 10 iyun.- S.14.