“Rəfdəki qadın”. Onu
sevməkdən qorxun!
XANIM-PORTRETin PORTRETdə XANIMlığı
Zəruri
ön söz: Mən adətən, dostlarımın oğulları
ilə fəxr etmişəm. Ancaq Günay mənə
dostlarımın qızları
ilə də fəxr etmək səadətini nəsib etdi. Və Günayın ilk şeirlərini
oxuyanda öz qızıma dediyimi gördüm onda - 2011-ci ildə... Günay, sən böyüyəndə
böyük böyüyübsən.
Uşaqlıq etmədən!
Uşaqlıq görmədən!
Və... heç
vaxt da uşaq
olmadan! Hərəkətlərində uşaqlıq olsa
da.
SÖZARASI:
İbn Sinanın sorağını eşidib
görməyə gələn
Biruni deyilən ünvanı tapanda məhlədə bir dəstə uşağın
oynadığını görür,
cuppulunun birindən ibn Sinagilin evini
soruşur. Oğlan... ibn Sinagilin
evini göstərir.
Biruni qapını döyür.
Səsə çıxan qadına
ibn Sinanı görməyə gəldiyini
deyir. Anası ibn Sinanı çağırır və...
bayaq Biruniyə ibn Sinanın evini göstərən uşaq gəlir!!! Özünü təqdim edən Biruni: "ibn Sina sən
idinsə, niyə evi göstərirdin, özün demirdin ki mənəm" sualına cavab verir: "Mən bayaq orda oynayan
uşaqlardan biri idim və uşaq
kimi apardım özümü. İndi isə səninlə
alim kimi danışmağa hazıram".
Günay
ədəbiyyat meydanımızda
"şeir-hekayə, poema-povest,
roman-roman" oynayan "tərbiyəsiz
uşaqlar"ın içində,
onlarla bir məkanda oynayan, sualı-cavabı "uşaq ağlı"nda
olan həmin o... YAZARdır!
Fəqət... ədəbiyyata
ilk addımından fərqli
düşüncə, qlobal
təfəkkür, özünəməxsus
manera ilə yazıçı-şair kimi
gələn Günay həm də qadınlıbı və kişiliyi, daza dəqiq ifadə etsək, cinsəlliyi öz oxucusuna unutduraraq gəlib! Kişiliyin-qadınlığın, təbiətin və
mənzərələrinin bədii ifadəsi ona, şeirlərinə yaddı. Rəssam o sadəcə! Bu rəssamlıq
da ondan ibarətdi ki... həyatdakı duyurula bilinməyən obrazların
ağını ağ, qarasını
qara yuyub sözün kəfəninə
büksün.
Etirazı olan "obıvatel"
Günayın istənilən
şeirini götürüb
üstümə gəlməyə
özünü haqlı
biləcək - cavabımı
eşidən anacan: bəli, olmadıqlarını
iddia etdiyim hamısı Günayın
şeirlərindədi. Amma Günayın
düşüncələrini ifadə etdiyi bu bədiilikdə Günay ÖZ BİLDİYİ, təsəvvüründə canlandırdığı
OBRAZLARDA və obrazlarla
təqdim etsə, anlayacaq bir kimsə
olacaqmı onu? Yox! Xeyr! Əsla!
Ona görə də cəsarətlə deyirəm: onun üçün asfalt da, küçə də, ev
də, şəhər
də, qadın da, kişi də,
uşaq da, böyük də, ata da, ana
da, qardaş da, bacı da,
dost da, düşmən
də (əstəğfürullah!
Günayda "düşmən"
yoxdur! Bağışlayın!),
hətta Vətən də... planşet materialı! Fırçası, klaviaturası yox.
İlahi düzümün
necəliyini və nədənini təsnifatlandıra
bilmədiyimiz kimi, Günayın rəssamlığını
da... eləcə! Çözümə gəlmir!
İstənilən şeirini oxuyanda Günayın heç bir çərçivəyə
sığmadığını görürsən. Şeir kimi yanaşanda, ədəbiyyatşünaslıq nəzəriyyəsi təkzib
edəcək: ölçü-mizan,
bədii təsvir və bədii ifadə vasitələri, üslub, müasirlik, zaman anlam və
dəyərini itirmiş
miskin bir durumda... bu tabloların
qabağında.
Ya gərək Günaydan keçəsən, ya da ədəbiyyatşünaslıq
nəzəriyyəsindən!
Amma təzadın biri də bu ki,
Günayın tabloları
EŞİDİLƏNDƏ anlaşılır!
Özü də ədəbiyyatşünaslığa
tüpürərək!
Özü də baxdıqca
da nokauta düşməklə!
Günayın şeirlərini oxumağı
bir çox hallarda qadağan etmək lazım olur - ən azından o anlamda ki, adamın ağlı çaşa bilər!
Günayın əksər şeirləri
adamın beynini tormozlayır.
Bu effekti intibah dövrünün bir çox dahi rəssamlarının əsrlər
sonra sirri açılan tablolarından
almaq olur.
Zaman və məkan baxımından Günayı təhlil etmək absurd.
Günay
zamanın axarından
kənarda! Günaya zaman heç nəyi diqtə edə bilmir: (postmodernizm, anderqraundluq, təriqətçilik, sufilik,
hürufilik və sairə bu tipli
cərəyançılıq, -izmlik) üzüqara zamanın özünü
nəzmə çəkib
hakimlik etmək istəyən zamana baş qaxıncı kimi qaytaran Günay
Ümid öz axarıyla öz zamanını yaşayır.
Fəqət bir müstəvidə ikili zamanla yaşamaq qeyri-mümkün! Nəticə
də ondan ibarət ki, öz dünyasını ifadə edən, tablolarını yaradan Günay Ümid bizli dünyalarda sərgisini keçirmək
məhkumluğunda!
Həə... faciə bax, bunda!
HAŞİYƏ:
Karl Fridrix Qauss olub - riyaziyyatçı və... çox cavan ölənlərdəndir.
4-cü sinifdə oxuyanda ədədi silsiləni, 6-cı sinifdə
oxuyanda həndəsi silsiləni kəşf edib. 4 il
universitetə imtahan verib - məsələləri
öz kəşfləri
ilə həll etdiyindən "iki" yazıb qaytarırmışlar.
Axırda professorlardan
biri başa salır ki, dədə, sən mövcud qaydalarla həll et, daxil
olandan sonra, özünün bildiklərini
elmdə təsdiqlədərsən.
Nəhayət, 20 yaşında
tələbə olan Qauss... riyaziyyat elmindəki çatışmazlıqlardan
çərləyərək, səhv etmirəmsə, 28
yaşındamı, 30 yaşındamı
ölür!
Faciənin biri də bu: Günay həyat və ədəbiyyat imtahanlarını
bizim cəmiyyətin qaydaları ilə verməyə məhkum!
Kİ... "Qauss"luğunu
təsdiqlətsin.
ZƏRURİ
İZAHAT: Arada "ağzıgöyçəklər"in
Günayın savadını
və mütaliəsini
"söz konusu"
etməklərini nəzərə
alıb, nəzərə
çatdırdım! Və
həm də...
SÖZƏ
SÖYKƏK: Günay Ümid
Yazıçılar Birliyinin
üzvüdü, Prezident
təqaüdçüsüdü!
Günayı bizimlə müasir edən zaman, sadəcə, onun cisminə bizi şahid gətirsə də, bizi onun
ruhuyla müasir edə bilmir. Günay
TARİXİN SAXLANCINDA, Allahın dərgahında və bizim aramızda... RUH
MƏLƏYİ tək yüz
il əvvəldədi
bizdən, yüz il sonradadı bizdən!
Onu sevməkdən
qorxun - biz Günaya sevgi izhar edəcək
qədər deyilik. Ona şəkildən,
qəzet səhifəsindən,
kitab vərəqindən,
rəfdən boylananda
baxdığımız kimi
baxanda öz yerində olacaq.
Və mən sonda deyirəm: Günay Ümid imza olaraq da, şairə
olaraq da, içimizin kitab rəfində sıralanan ən ilkindən tutmuş ən sonunda SÖZ SAHİBİ olanlarımızla
bir boyda, bir biçimdə!
Bax, bu uğurunu alqışlamaq
xatirinə yazdım bu yazını.
Günayın istənilən şeiri
bizim əynimizə biçilib!
Günayın istənilən şeiri
bizim istənilən birimizdir!
Günayın istənilən tablosunda
üzümüz, gözümüz,
iç və dış dünyamız öz rəngindədi!
Koloriti göz qamaşdırır!
Palitrasındakı "göyqurşağı" bütün yaradıcılığının
ritmini müəyyən
edir!
Gözünüzə rahatlıq üçün seçin
- istənilən tablonu!
Əyninizə biçim üçün
götürün - tablo
kimi yox, söz kimi görə
bildiyiniz istənilən
şeirini!
Ürəyinizin, ömrünüzün, taleyinizin
serenadası, elegiyası,
rekviyemi, nəğməsi
bilin - istənilən
notda bəstələri.
Bəli, Günay həm də hisslərin gözəl bəstəkarıdır.
Bəstələri vazkeçilməz!
Tabloları vazkeçilməz!
Əyninizə biçilib ömrünüzün
sözlərdə sıralanan
kəfənləri!
Buyurun, geyinin - hamımıza yaraşanı, uyğun gələni var!
NƏHAYƏT:
Günay ÜMİD nə
əvvəl, nə indi, nə də
bundan sonra heç bir ümid mənbəyi deyil! O artıq ÜMİDin özüdür.
Darıxanda, sıxılanda,
düşünmək istəyəndə,
dalaşmağa köklənəndə,
etiraz və üsyana qalxanda, əl atın...
RƏFDƏKİ kitaba!
O kitab həyatda xanımlığın portretidir!
O portretə əl uzadanda... xanımlığa
şahid olun!
Və... sakitcə... qaytarın qoyun yerinə!
Toxunmadan!
Xələl gətirmədən!
Onu sevməkdən qorxun!
Onu qorumaq üçün çalışın!
Rəflərinizdə çox qiymətli bildiyiniz çox saxlancınız ola bilər!
Amma ziqiymət olanı odur: "Günay ÜMİD Yaşamağı öyrənəndə".
Elə edin ki, gələcəkdə deməyəsiniz: "arxada qalmışdılar, mən arxa bildiklərim"
Yaşamağı öyrənin - ÜMİD var ki... öyrənə bilərsiniz!
YAZIYA SÖZARDI: Mənim ümidim budur ki, hələ bir 30 ildən sonra da Günay belə dəyişilməz qalacaq, qala biləcək, bacaracaq. Onda bu yazının ömrü bir 30 il də uzanacaq, 30 ilin yazısı olacaq!.
Bunun üçün isə sadəcə... GÜNAYın özünə ÜMİD olması lazımdır. Həyatın yanlışlıqları üstündə yapdığı səltənəti - tabloları, bəstələri, protretləri - əbədiyaşar etmək üçün yaşamağı öyrətdiyi oxucularına, soydaşlarına öyrətdiyinin doğruluğunu o yanlışlıqları ÖZÜNÜN ETMƏMƏSİYLƏ NAİL OLA BİLƏR! Və həm də... özünün ÖZÜNDƏN SONRAKILAR üçün "TABLO"YA, "BƏSTƏ"YƏ, "PORTRET"Ə ÇEVRİLMƏSİNƏ imkan verməməsiylə!
Xas Söz yanlışı bağışlamır!
Xas rəng qarışığı sevmir!
Xaric vurmaq ahəngi pozur!
Yanlış yapmadan, qarışığa bulaşmadan, xaric səslənmədən AYƏTƏL-KÜRSÜdə qalma şansı indi ədəbiyyatda olan gənclərin içində ən çox Günay ÜMİDin şansı...
Və mən buna inandım, bu cür yazdım!!!
P.S. Hər fikrimin təsdiqini "Yaşamağı öyrənəndə" kitabından ala bilərsiniz. Sadəcə... REDAKTORUN NƏZƏRİNƏ çatdırıram: seçin hansını istəyirsiniz, qoşun yazının böyrünə.
Aydın Canıyev
Xalq Cəbhəsi.- 2014.- 10 iyun.- S.15.