18 iyun Azərbaycanda insan hüquqları
günüdür
Vətəndaşlarının
hüquqlarının qorunması sahəsində KİV-lərin
böyük rolu var
Bütövlükdə vətəndaşların və
ayrı-ayrılıqda fərdlərin hüquqlarının
qorunması qloballaşma prosesinin əsas prioritet istiqamətlərindən
biri hesab olunur.
Bu nöqteyi-nəzərdən yanaşdıqda
ilkin olaraq sənaye, nəqliyyat və rabitə sahəsində
texnoloji inqilab əsasında müasir qlobal maliyyə-iqtisadi və
informasiya məkanının dinamik formalaşması prosesi
başa düşülür. Qlobal problemlər
sosial inkişaf zəminində yaranan ziddiyyətlər, insan fəaliyyətinin
ətraf mühitə təsirinin kəskin artması, ölkə
və regionların qeyri-bərabər sosial-iqtisadi və
texnoloji inkişafı kimi amillərin təsiri fonunda
formalaşır. Qlobal problemlərin həlli
beynəlxalq əməkdaşlığın yaradılmasını
və eyni zamanda, humanitar, insan hüquq və
azadlıqlarının müdafiəsi sahəsində
onların real tətbiqinin təmin olunmasını tələb
edir. Qloballaşma şəraitində insan
hüquq və azadlıqlarının təmin olunması
müasir beynəlxalq münasibətlərdə həlli vacib
olan ən aktual problemlərdən biri hesab olunur. Belə ki, son illərdə dünyada baş verən
hadisələr bu fikri bir daha sübüt edir. Beynəlxalq
münasibətlərdə son bir neçə ildə baş
verən hadisələrə nəzər yetirdikdə terror
aktları, vətəndaş müharibələri, inqilablar,
cinayətlər, illərlə davam edən ərazi və ya
etnik münaqişələr, bütün bəşəriyyəti
hədəfə alan nüvə
silahının istehsalı kimi xoşagəlməz və
dünyanın hər bir sakini üçün hədə
olan hadisələrin nə qədər sürətlə
yayıldığının şahidi oluruq. Təbii
ki, belə bir şəraitdə ilk və həll edilməsi ən
vacib məsələ pozulmuş hüquqların bərpa edilməsi
və əsas insan hüquq və azadlıqlarına
qarşı yönələn bütün aktların
qarşısının alınmasıdır. İnsan hüquqları anlayışı ilkin olaraq
insanların siyasi, hüquqi və sosial hüquqlarının
dövlət tərəfindən qorunması ideyasına əsaslanır.
BMT-nin 1948-ci ildə qəbul olunmuş İnsan
Hüquqları Bəyannaməsi bütün bəşəriyyəti
yaşamaq, şəxsi azadlıq və təhlükəsizlik,
işgəncələrə məruz qalmamaq və ya kölə
olmamaq azadlığı, təsadüfi həbs və ya
sürgündən müdafiə olunmaq, qanun
qarşısında bərabərlik və məruz
qaldığı pozuntulardan müdafiə üçün
hüquqi vasitələrindən istifadə, ədalətli məhkəmə
araşdırması, düşüncə, fikir, ifadə, hərəkət
və dinc toplaşmaq azadlığı, cəmiyyətin
siyasi və mədəni həyatında iştirak etmək,
ödənişli iş, azad iş seçimi və
işsizlikdən müdafiə, təhsil almaq, sosial təminat,
ailə sağlamlığı və rifahı
üçün lazımi həyat səviyyəsinə malik
olmaq hüququ ilə təmin edir. 1948-ci il
10 dekabrda BMT Baş Assambleyasının qəbul etdiyi
"İnsan hüquqları və əsas
azadlıqlarının qorunmasına dair Konvensiya" və 3
sentyabr 1953-cü ildə qüvvəyə minən Avropa
Şurasının İnsan Hüquqlarına dair Avropa
Konvensiyasına əsasən hər kəsin yaşamaq
hüququ qanunla qorunur. Heç kəsin
yaşamaq hüququ əlindən alına bilməz, heç kəs
işgəncəyə və ya qeyri-insani rəftara məruz
qala bilməz, heç kəs məcburi əməyə cəlb
oluna bilməz. Hər kəsin azad şəkildə
fəaliyyət göstərmək və toxunulmazlıq
hüququ var. Bütün bu hüquqlar yalnız sülh şəraitində
deyil, həm də müharibə dövründə və
etnik münaqişələr zamanı da toxunulmazdır.
Belə ki, insan hüquq və azadlıqları
heç bir halda və heç bir şərtlə məhdudlaşdırıla
bilməz.
Məlum
olduğu kimi, hər il iyunun 18-i ölkəmizdə
İnsan Hüquqları Günü kimi qeyd olunur. Ombudsman Elmira Süleymanovanın təşəbbüsü
ilə ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək
respublikamızda "İnsan hüquqları
aylığı" keçirilir. Aylığın
məqsədi insan hüquqları sahəsində əldə
edilmiş nailiyyətləri, habelə mövcud problemlərin
həlli yollarını müəyyənləşdirməkdir.
Bu ay çərçivəsində "Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyini artırmaq sahəsində
Milli Fəaliyyət Proqramı"nın müddəalarına
əsaslanmaqla, ölkəmizin bütün regionlarında
dövlət qurumları, QHT və KİV-lər, beynəlxalq
təşkilatlar, icmalar tərəfindən insan
hüquqlarının effektiv müdafiəsinə yeni mərhələ
açan, əhalinin müxtəlif qruplarını əhatə
etməklə insan hüquqlarını təbliğ edən
mövzularda müxtəlif maarifləndirmə tədbirləri
və müzakirələr təşkil olunur. Aylıq
çərçivəsində keçirilən tədbirlər
ölkəmizdə insan hüquqlarının təbliğinə,
əhalinin müxtəlif qruplarının
hüquqlarının müdafiəsinə və onların
problemlərinin həllinə öz töhfəsini verir.
Onu da qeyd
edək ki, Müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən
Konstitusiyası ölkənin gələcək inkişaf
prioritetlərini müəyyənləşdirməklə
yanaşı, insan hüquq və azadlıqlarının təminatını
dövlətin ali məqsədi kimi ön plana
çıxarıb. Konstitusiyada əksini
tapmış bu strateji məqsəd ilk növbədə
hüquq islahatları və insan hüquqlarının
qorunması prinsipinin real həyatda tətbiqini zəruri edib.
Respublikamızda həyata keçirilən hüquqi
islahatların ən mühüm mərhələlərindən
biri insan hüquqlarının və azadlıqlarının
müdafiəsində səmərəli hüquq müdafiə
mexanizmi olan Ombudsman təsisatının yaradılması olub. Ombudsman təsisatının
yaradılması hüquqi dövlət quruculuğu istiqamətində
aparılan islahatların məntiqi davamı idi.
2001-ci il dekabrın 28-də isə Milli Məclis
"Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili haqqında" Konstitusiya qanununu qəbul
edib. Müvəkkil təsisatının
yaradılması və fəaliyyəti üçün maddi
və hüquqi baza formalaşdırılıb.
Prezidentin
2006-cı il dekabrın 28-də imzaladığı "Azərbaycan
Respublikasında insan hüquqlarının müdafiəsi
üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi
haqqında" sərəncamında Azərbaycanın
müasir inkişaf dövründə hüquqi dövlət
quruculuğu və insan hüquqlarının müdafiəsi
sahəsində səylərin gücləndirilməsi dövlət
siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib.
Azərbaycanda aparılan demokratik hüquqi islahatlar
insan hüquqlarının müdafiəsi sahəsində
mühüm irəliləyişlərin əldə edilməsinə
şərait yaradıb, bu müddət ərzində ölkəmiz
bir çox hüquqi aktlara qoşulub. BMT və
Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda
"İnsan hüquqları və demokratiyanın dəstəklənməsi
sahəsində birgə layihə haqqında" memorandum
imzalanıb.
Hüquqşünas
Kamran Məmmədovun sözlərinə görə, insan
haqlarının qorunması ilə bağlı beynəlxalq
konvensiyalar, eləcə də Azərbaycan daxilində qəbul
edilən qanunların hamısı insanın söz
azadlığına, fikir plüralizminə xidmət edir:
"Bu ona verilən hüquqdur. Bu hüquqdan
onun istifadəsinə isə dövlət təminat verir.
Hər bir Azərbaycan vətəndaşının
konstitusiya çərçivəsində hüquqları
qorunmalıdır və qorunur. Onun
seçmək və seçilmək, etiraz etmək, KİV-də
və istənilən tribunalarda öz fikrini azad şəkildə
cəmiyyətə çatdırmaq hüququ bu sənədlərlə
tənzimlənir".
Bəs insan hüquqları KİV-də necə qorunur? Zamanımızda
qloballaşma prosesi dayanmadan gedir, cəmiyyət həyatında
belə demək olarsa, informasiyanın yeri və rolu daha da
artıb. Əslində, müasir
dünyamızda informasiya ən bahalı məhsuldur. Onu da qeyd etməyə dəyər ki,
informasiyanın siyasi gedişata və münasibətlərə,
beynəlxalq, eləcə də bir ölkənin daxilində
formalaşan ictimai rəyə təsir imkanları haqda
saatlarla danışmaq olar. Daha bir ciddi
nüans isə ondan ibarətdir ki, hər hansı bir dövlətin
məqsədə yönələn informasiya siyasəti onun
müəyyənləşdirdiyi ideloji xəttin həyata
keçirilməsinə istiqamətlənib. İnformasiya cəmiyyətində yaşayan əhalinin
böyük hissəsi, kütlələr belə demək
mümkünsə, çağdaş informasiya
texnologiyalarından yararlanmaqla informasiyanın
özünün və onun əsasının, yəni biliyin
istehsalı, saxlanması, müəyyən müddətə
qorunması, emalı və ötürülməsi ilə məşğul
olur. Fərəhli haldır ki, son zamanlarda
Azərbaycanda informasiya texnologiyalarının kütləviləşərək
yeni kamilləşmə erasına qədəm basması naminə
nəzərəçarpacaq, əhəmiyyətli addımlar
atılıb, bu addımlar isə məhz dövlətin bu sahəyə
ciddi qayğısı və diqqəti sayəsində
mümkün olub. Texnoloji proseslərin,
innovasiyaların insanlara xidmət, yenilik baxımından
müasir dünyamızın əsas tələbinə
çevrildiyi belə bir mühitdə ölkəmiz də
qlobal çağırışlardıan kənarda
qalmayıb. Təkcə o faktı
qabartmağa dəyər ki, artıq respublika əhalisinin 70
faizə yaxını internet istifadəçisidir və bu rəqəm
ilbəil artmaqdadır. Əslində
müasir dünyəvi qanunlara riayət olunan Azərbaycanda
elektron demokratiya yüksək səviyyədə təmin
edilir və ölkəmiz inkişaf etmiş ölkələrdə
olduğu kimi internetin məhdudlaşdırılması ilə
bağlı heç bir tədbir həyata keçirmir.
Sevindiricidir ki, bu gün ölkədə ən yeni
texnologiya - 4 G tətbiq edilir. Dövlət internet
mediasının inkişafını, internetdə fikir və
söz azadlığını, sosial şəbəkələrin
genişlənməsini dəstəkləyir. "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsersiyasında da internetin
imkanlarından daha geniş yararlanmaq, qabaqcıl
texnologiyaları daim Azərbaycana gətirməyi davam etdirmək
kimi mühüm hədəflər müəyyənləşdirilib.
"Gündəlik
Bakı" qəzetinin əməkdaşı Anar Rasim
oğlunun fikrincə, Azərbaycan mediasında insan
haqlarına dəyər verilir: "Düzdür, bəzən
bizdə deyirlər ki, mediada insan haqları pozulur və s. Mən
şəxsən bu fikirlərlə razı deyiləm. Çünki istənilən qəzetin, internet
resursun qapısı açıqdır. İstənilən
şəxs burada öz fikrini deyə bilər. Bu insan haqqının tanınması və ona dəyər
verilməsi deməkdir. Bundan başqa
KİV-lər də insan haqlarına, hüquqlarına
geniş yer ayırır. Azərbaycan vətəndaşlarının
hüquqlarının qorunması sahəsində KİV-lərin
böyük rolu var. İstər yazılı, istər mirtual
media bu sahədə vətəndaşlara böyük dəstək
durur, onların pozulmuş hüquqlarının bərpasını
gündəmə gətirir və s. Bundan başqa bəzi mətbuat
orqanlarında insanların hüquqi cəhətdən maarifləndirilməsi
istiqamətində də yazılar dərc edilir".
İnsan
hüquqları bəşəriyyətin indiyədək nail
olduğu ən yüksək dəyərdir. 1948-ci il 10 dekabr
tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində
insan hüquq və azadlıqlarının heç bir dövlətin
daxili işi olmadığı, ümumbəşəri səciyyə
daşıdığı əksini tapmış, dövlətlərin
bu sahədə nə kimi işlər görməli
olduqları miqyas da göstərilib. Beləliklə
- əsas insan haqları - yaşamaq, azadlıq, bərabərlik,
mülkiyyət və təhlükəsiz yaşamaq
hüquqları demokratik dövlətlərin
qarşısında duran başlıca məqsəd
sayılıb. Bu hüquqlar eyni zamanda
çeşidli iqtisadi-siyasi, dini sistemləri, ideologiyaları
birləşdirən əsas meyar sayılır.
Ayrılıqda götürülən ölkələr
qanunvericiliyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsində
əksini tarmış mütərəqqi prinsirlərə
uyğunlaşdırmaqla fundamental insan hüquq və
azadlıqlarının maksimum təminatına şərait
yaratmağa can atır. Bütün bu
sadaladıqlarım informasiya cəmiyyətinin bünövrəsi,
əsasları kimi də qəbul edilir. Çünki
çağdaş durumda bəşər
qarşısındakı mühüm və aktual problemlərdən
başlıcası qlobal informasiya cəmiyyəti kontekstində
məhz insan hüquqlarının qorunmasıdır. Məntiqlə düşünsək, onda belə deməyə
əsasımız olar ki, sözügedən informasiya cəmiyyəti
formalaşıb özünü günbəgün daha
çox təsdiq etdikcə insan hüquqlarının keyfiyyətli
təmini üçün geniş spektrli imkanlar
açılır. Ona görə ki, informasiya
cəmiyyətinin əsas qayəsi əslində sosial mənsubiyyətindən
asılı olmayaraq insanların istədikləri vaxtda
informasiya tələbatlarını ödəyə bilməsi,
digər yöndən onların nə düşündüklərini
heç bir maneə olmadan ictimaiyyətə yetirmək
üçün vasitə və imkanlar yaratmaqdır.
Media və Təhsil İnnovasiyaları Mərkəzinin sədri
Səidə Quliyevi isə bildirib ki, KİVDF və QHT-lərə
Dövlət Dəstəyi Şurası tərəfindən
elən edilən bütün müsabiqələrdə insan
haqlarının qorunması mövzularına böyük
üstünlük verilir: "İldə bir neçə dəfə
elan olunan bu kimi müsabiqələrdə onlarla qəzet, QHT
insan haqlarının qorunmasıyla bağlı əhali
arasında maarifləndirmə işləri aparırlar. Qəzetlərimizin səhifələrində, QHT-lərin
təşkil etdikləri dəyirmi masalarda Azərbaycanda insan
haqlarının qorunması sahəsində ictimaiyyətə
bilgilər verilir. Sevindirici haldır ki, vətəndaş
cəmiyyəti institutları ilə KİV-lər arasında
bu məsələdə də əlaqələndirilmiş
formada iş aparılır. Azərbaycanda insan
haqları bütün sahələrdə qorunur. Milliyyətindən, dinindən, dilindən
asılı olmayaraq bütün vətəndaşlarımızın
hüquqları konstitusiya çərçivəsində bərabər
şəkildə qorunur. Bu geniş bir
mövzudur, amma söhbət ancaq mediadan gedirsə təşkilat
kimi apardığımız monitorinqlərin nəticəsi
onu deməyə əsas verir ki, bu sahədə KİV böyük
işlərə imza atıb. Elə QHT-lər
də".
Onu da qeyd
edək ki, informasiya cəmiyyətinin fundamental əsasları
1948-ci ildə qəbul edilmiş və barəsində
artıq söz açdığımız
"Ümumdünya İnsan Hüquqları Bəyannaməsi"nin
19-cu maddəsində öz əksini belə tarıb: "Hər
bir insan əqidə azadlığı və onu sərbəst
ifadə etmək azadlığı hüququna malikdir, bu
hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq
azadlığı, istənilən vasitələrlə və
dövlət sərhədlərindən asılı olmayaraq,
informasiya və ideyalar axtarmaq, almaq və yaymaq
azadlığı daxildir".
Bütün deyilən amil və imkanları insanlara
internet və onun infrastrukturu mükəmməl surətdə
yarada bilir. Öncə internetdən yalnız informasiya
mübadiləsi kimi, ünsiyyət qurmaq kimi istifadə
edirdiksə, indi onun fəaliyyət sferasının genişlənməsi
bizlərə daha çox imkan və vasitələr
yaradır, bu isə internet vasitəsilə insan haqq və
hüquqlarının qorunmasında mühüm rol oynayır.
İKT inkişafı ilə bahəm həm də
vətəndaş cəmiyyəti formalaşır, inkişaf
edərək özünü təsdiqə doğru addım
atır. Məhz internet insanlara ünsiyyət,
informasiya axtarışı, fikirlərini ifadə etmək
azadlığı, başqa vacib insan hüquqlarının
reallaşması kimi misilsiz imkanlar açdı. Onu da qeyd edək ki, ölkə
Konstitusiyasının üçdə bir hissəsi insan
hüquqları barəsindədir. Çünki dövlətin
ali məqsədi insan və vətəndaş
hüquqlarının, azadlıqlarının, öz vətəndaşları
üçün firavan və layiqli həyat səviyyəsinin
təmin edilməsidir. Həmçinin bizim əsas
qanunumuzda insan və vətəndaş huüqüqları və
azadlıqları Azərbaycan Resrublikasının tərəfdar
olduğu, imza atdığı beynəlxalq müqavilələrə
uyğundur. Müstəqil Azərbaycan
Resrublikasının 1995-ci il noyabrın
12-də qəbul edilmiş ilk Konstitusiyası ölkənin gələcək
inkişaf prioritetlərini müəyyənləşdirməklə
yanaşı, insan hüquq və azadlıqlarının təmin
edilməsini də önə çəkib. Konstitusiyada
əksini tapmış bu strateji məqsəd ilk növbədə
hüquqi islahatları və insan haqlarının qorunması
prinsirinin real həyatda tətbiqini zəruri edib. Əsas qanunda insan hüquq və azadlıqlarına
geniş yer verilməsi Azərbaycan dövlətinin demokratik ənənələrə,
insan hüquqları ideyasına əməl etmək istəyinin
ifadəsidir. Onu da vurğulayaq ki, əslində
internet təkcə və sadəcə informasiya mühiti
deyil, o həm də insanın özünü ifadə vasitəsidir.
Əgər, etiraf etsək, internet artıq
çoxdan həyatımızda insanların fərqli,
çeşidli baxışlarını ifadə edən bir
vasitədir. Onunla insanlar bir-birindən
seçilib fərqlənən fikirlərini, hiss və
duyğularını, baxış və
dünyagörüşlərini öz şəxsi
bloqlarında yaradır, müxtəlif maraq dairələrinin
ifadəçisinə çevrilirlər. Onu
da qeyd etmək istəyirik ki, internet yarandığı
gündən indiyə kimi informasiya mənbələri haker
hücumlarına məruz qalır ki, bu da informasiya cəmiyyətinin
formalaşmasına, inkişafına, eləcə də insan
hüquqlarının hifz olunmasına müəyyən dərəcədə
mənfi təsir göstərir. Çünki
texnologiyalar və müdafiə sistemləri inkişaf etdikcə
kibercinayətkarlar hücum taktikalarını müasirləşdirir,
modernləşdirir və beləliklə də bir sıra
hallarda öz məqsədlərinə çata da bilirlər.
Bu səbəblərdən bütün
dünyanın kibercinayətkarlığa qarşı
mübarizə aparmasına baxmayaraq, hələ də əsaslı
bir nəticə ortada yoxdur. Nəzərə
almaq lazımdır ki, informasiya cəmiyyətində insan
hüquqlarının kobud şəkildə pozulduğu virtual
məkanlar vardır ki, onların da sırasında bir sıra
sosial internet şəbəkələri mövcuddur.
Bəllidir ki, insan hüquqları və internet idarəçiliyi
bir-biri ilə qırılmaz surətdə əlaqəlidir. Çünki
internet və insan hüquqları bir-birini
qarşılıqlı surətdə tamamlayır, onları
ayrılıqda təsəvvür belə etmək çətindir.
Bu fikirlər ATƏT-in KİV azadlığı
üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçə
məxsusdur. Xanım həmçinin 2012-ci il iyulun 6-da BMT İnsan Hüquqları
Şurasının internetdə söz azadlığı ilə
bağlı qəbul etdiyi xüsusi qətnaməni internetdə
azadlığın müdafiəsi üzrə beynəlxalq səylərdə
mühüm addım adlandırıb. Deyib ki, bəzi
dövlətlər internetin filtrasiyasını, ictimai
maraqların, milli təhlükəsizliyin qorunması, terrorizmə
qarşı mübarizə məqsədilə saytların
bloka alınmasını həyata keçirir. Lakin çox zaman bu tədbirlərdən tənqidi
səslərin boğulması üçün də istifadə
edilir. "İnternet virtual məkan deyil.
Bu, həyatımızın mühüm hissəsidir.
Odur ki, insan hüquq və
azadlığını off-line və on-line rejimə bölmək
olmaz. Bu gün Azərbaycanda ifadə
azadlığı sahəsində vəziyyət qənaətbəxşdir
və hökumətin "açıq qapılar" siyasəti
xarici aləmdə də bəyənilir".
Oxucu.info
saytının rəhbəri Məhərrəm
Ağalaroğlu bildirib ki, internet mediasının
inkişafı və çoxalması elə insan
haqlarının qorunması deməkdir: "Bəzi radikal
fikirli insanlar, elə xarici dövlətlər, hansısa beynəlxalq
təşkilatlar Azərbaycanda insan haqlarının
pozulmasını önə çəkirlər. Məntiqə sığmayan və heç bir dəlili,
sübut gətirmədən ölkəmizdə insan
hüquqlarını pozulmasını deyirlər, xüsusən
də KİV-də. Amma sizi
inandırım ki, bu fikirli inasanlar bir dəfə də olsun
Azərbaycan mediası ilə bağlı monitorinq
aparmayıblar. Orada gedən yazılarla tanış
olmayıblar. Tanış olsaydılar belə
bir fikirdə olmazdılar. İnternet
portallarının, informasiya agentliklərinin, qəzet və
jurnalların çoxalması Azərbaycanda insan
haqlarının qorunmasıdır. Bu insan
öz haqqından istədiyi formada istifadə edir, dövlət
isə ona heç bir maneə yaratmır. İstənilən
mediada tənqid görmək mümkündür, hətta
hakimiyyətin əleyhinə çox vaxt sübuta yetirilməyən,
faktlara söykənməyən materiallar da dərc edilir.
Eyni zamanda Azərbaycanda hüquqları pozulan
insanların problemləri gündəmə gətirilir. Onların porblemlərinin həlli ilə
bağlı müvafiq dövlət orqanları
qarşısında məsələlər
qaldırılır. Bu Azərbaycanda
medianın inkişafını, dövlət qurumları ilə
əlaqələrini sübut edir. Azərbaycanda
istənilən şəxs istənilən qəzet və yaxud
da internet portalının tribunasından öz fikrini deyirsə,
bu insan haqlarının qorunmasına verilən dəyər
deyilmi?"
Beynəlxalq ekspertlər, analitiklər hesab edirlər ki,
internetin insan azadlığına birbaşa və bilavasitə
aidiyyatı vardır. Terrorizm, ekstremizm və uşaq
parnoqrafiyasına qarşı mübarizə insan
haqlarının pozulması ilə eyni müstəvidə həyata
keçirilə bilməz. Eyni zamanda analitiklər belə
hesab edirlər ki, son 5 ildə Azərbaycanda internet ciddi
inkişaf yoluna qədəm qoyub, yəni sosial media
hamının üzünə açıqdır, siyasi və
ideoloji senzuradan isə danışmağa belə dəyməz.
Söz açılmışkən, ölkə Prezidentinin
2011-ci il 27 dekabr tarixli sərəncamı
ilə təsdiqlənmiş "Azərbaycan Resrublikasında
insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramı"nın əhəmiyyətini vurğulamaq
lazımdır. Məhz bu proqram əsasında
Azərbaycanda "İnsan hüquqları
aylığı" çərçivəsində bir
sıra silsilə tədbirlər baş tutub. Bu ona görədir ki, insan hüquqlarının
qorunması müasir dünyada ən aktual məsələlər
sırasında özünə yer edib və bu istiqamətdə
ölkə qanunvericiliyində nəzərdə tutulan və
qanunla tənzimlənən proseslər, beynəlxalq təcrübədən
irəli gələn nüanslar da var.
İnsanlar gündəlik olaraq müntəzəm surətdə
internetdən istifadə edirlər və bəzən onlara elə
gəlir ki, internet mütləqdir, azad məkandır, amma onun
meydana gəlməsi ilə ortaya çıxan yeni davranış
qaydalarını da unutmaq lazım deyil. Ümumiyyətlə,
internetdə söz, fikir azadlığı əsas müzakirə
mövzusu olduğu kimi, insan hüquq və
azadlıqlarının qorunması da əsas və
aktualdır.
Ən yaxın gələcəkdə isə Azərbaycanda
informasiya cəmiyyətinin əsası olan internetin tam sərbəst
olması qarşıya məqsəd kimi qoyulub, dövlət səviyyəsində
bu istiqamətdə mühüm işlər
görülür. Çünki ölkədə informasiya
bolluğu, internet vasitəsilə fərdi bilgilərin
toxunulmaz olması, insan hüquq və
azadlığının, eləcə də söz
azadlığının daim təmin edilməsi zamanın
aktual reallıqlarındandır.
Cavid
Xalq Cəbhəsi.-
2014.- 10 iyun.- S.11;13.