Cavan və ahıl: Qüvvə və
müdrikliyin vəhdəti
Dostum, həmkarım Əlövsət
Bəşirliyə
İnsan ömrünün bütün
yaşlarının özünə
məxsus yükü
var. Bu, tale tərəfindən hədiyyə olunmuş xoşbəxtlik yüküdür. Onun bütün dövrlərini
mahiyyətindən doğan
təbiiliyi, gözəlliyi,
sevinci, sevgi və ehtirası tam dolğunluğu ilə duymaq, reallaşdırıb
yaşamaq, mahir süvari kimi son nəfəsədək dördnala
çapmağı bacarmaq,
xalqın təbiri ilə desək, yerində və vaxtında «gözü dolusu görmək» əsil xoşbəxtlikdir.
Fikrimcə, fərdi xüsusiyyətləri
və təsadüfləri
istisna etməklə, yaxşı halda 6-14 yaşı uşaqlıq,
15-18 yaşı yeniyetməlik,
19-40 yaşı gənclik,
41-70 yaşı kamillik,
71-80 yaşı ahıllıq,
81-90 yaşı qocalıq
dövrü, 90-dan yuxarı
yaşı uzunömürlülük
adlan¬dır¬¬maq olar.
* * *
Uşaqlıq dəcəllik, şıltaqlıq,
sındırıb-dağıtmaq, ağlayıb əldə etməklə daha çox yadda qalır. Balacalar hər şeylə
maraqlanır, sirri öyrənmək əvəzinə,
görmək istə-yirlər.
Ona görə tərpənən,
hərəkət edən,
səs çıxaran
oyuncaqları sındırıb,
içərisinə baxırlar.
* * *
Yeniyetməlik ağılı ağılsızdan
yox, öz səhvlərindən, uğursuzluğundan
öyrənir. O, atasını,
anasını, gözü
tutduğu bir gənci, ədəbiyyatda
oxuduğu, filmlərdə
gördüyü, folklordan
öyrəndiyi obrazları
ideallaşdırıb nümunə
götürür, təqlid
edir, ona bənzəməyə çalışır.
İnanır ki, istək
və arzularının
həyata keçirilməsi
üçün at da,
meydan da gələcəkdə – gənclik
dövründədir.
* * *
Gənclik yeniyetməlikdən fərqli
olaraq, «nə etmək» haqqında düşünməklə yanaşı,
«necə etmək» barədə də fikirləşir. Onlara inanmaq, yeri gələndə səhvlərini
bağışlamaq lazımdır.
Xalq arasında
müdrik bir deyim var: əgər
gənclik bilsəydi,
qocalıq bacarsaydı…
İstedadlı gənclər üçün
uğursuzluq da tərbiyə məktəbi,
ağıl, bilik mənbəyi ola
bilər. Bununla onlar uğursuzluğun
nə vaxt, hansı şəraitdə,
nə üçün,
nədən baş verdiyni, gələcəkdə
nəyi etməməyin
vacibliyini öyrənir,
heç vaxt unutmur, təkrar etmirlər. Lakin bunu – uğursuzluğu
daimi, əsas, aparıcı metoda çevirmək lazım deyil.
Gənclik romantikadır, ilham və yaradıcılıqdır,
özünüaxtarışdır, riskdir, xalq dilində
desək, lazım gəlsə özünü
oda atmaq, közə vurmaqdır. Fərqlənmək, seçib-seçilmək, sayılmaq,
populyar olmaq, igidlik, cəsurluq, qəhrəmanlıq nümunəsi
göstərmək arzusudur.
O, işi çox gen götürür; arzu-istəkləri
imkan və vəsaitindən böyük
olur. Tələsir, problemi tədbirdən
daha çox zor, enerji, bircə
zərbə ilə həll etməyə çalışır.
Gənclik ahılın ağlına
gələn fikrin ilk anına bənzəyir. O, balta ilə yonulmuşdur, rəndələnib, sürtülüb
cilalanmayıb, hərtərəfli
ölçülüb biçilməmişdir.
Kamil deyil, faydalı, professional
məsləhətlərlə təkmilləşməyib.
Gənclik üçün hər şey parlaqdır, işıqlıdır, dadlıdır,
ətirlidir. Ciyərlərinə doldurduğu havanın
ləzzətindən doymur.
Onun üçün bitkilərin, ağacların,
təbiətin, daşın,
dəmirin, az
qala şüşənin
də qoxusu var. Bütün səslər həzin, məlahətli, ecaz¬kardır, ona ruh və rahatlıq
verir.
Müdrikliyi ilə gənclik həvəsini və yenilik ruhunu qoruyub saxlayan ağsaqqallar kimi zəhməti və bacarığı ilə həyatdan daha tez dərs alıb,
formalaşan cavanlara da rast gəlmək
mümkündür. Belə adamlar
üçün hədd,
yaşdan daha çox fikir və ruhdur.
Təbii istedadla doğulmuş gənclər enerji, bilik və müdrikliklə
dolu, bütün yaş dövrlərini vəhdətdə birləşdirən
möcüzədirlər.
21 yaşında dueldə
həlak olan dahi fransız riyaziyyatçısı Evarist
Qalua yeganə əsəri ilə müasir cəbr elminin inkişafının
bünövrəsini qoymuşdur. 19 yaşında
respublikada bütün
xalq tərəfindən
fitri istedada malik şair kimi tanınan, qəbul olunan və sevilən Səməd Vurğun «Yeddi oğul istərəm» filminin əsasını təşkil
edən poemasını
və əbədiliyə
vəsiqə alan, uşaqdan qocayadək hamının Vətən himni bildiyi «Azərbaycan» şeirini 23 yaşında
yazmışdır.
Dahi mütəfəkkir bəstəkar
Üzeyir Hacıbəyli
Şərqdə ilk operanı
– «Leyli və Məcnun»u, Rixard Ştraus «Don Juan» simfonik poemasını 24, Mixail Lermontov «Zəmanəmizin
qəhrəmanı»nı 25, Nikolay Qoqol «Müfəttiş» əsərini
27 yaşında yaratmışdır.
Norveç riyaziyyatçısı
Henrix Abel cəmi 27 il yaşamasına baxmayaraq, riyaziyyat elminin inkişafına
fundamental töhfələr verib.Volfqanq Motsart erkən, ağlasığmaz
istedadıyla yeniyetimə
yaşlarında dahiliyin
əlamətlərini parlaq
şəkildə nümayiş
etdirmişdir.
* * *
Qələbə yalnız əzələ ilə qazanılmır. Onun ikinci – gözəgörünməz
gücə, enerjiyə
– elm, bilik , peşəkarlığa,
təcrübəyə , düzgün
qərarlar qəbul etmək üçün müdriklərin məsləhətlərinə
böyük ehtiyacı
var. Ağsaqqal gəncliyin
enerjisini müdrikliyilə
tamamlayır, bütövləşdirib
möhtəşəm uğur
və qələbəyə
çevirir. Elə isə nə
üçün gənclik
ağsaqqalın müdrikliyini
öz enerjisi, çevikliyi, cəsurluğu
ilə tamamlayıb, uğurlu sonluğa çatdırmasın?!
Qocalığın ağır, şərəfli
yükü yaşından
asılı olmayaraq, bütün insanlara durmadan yaxınlaşır. Hər kəs
taleyin bu təbii xoşbəxtlik yükünü sakit və müdrikliklə daşımağa hazır
olmalıdır.
Bu yaş dövründə
cismani və ruhi-mənəvi hisslərin
yerdəyişməsi baş
verir. İkinci birincidən önə
keçir. Gərəksiz, faydasız hiss və duyğulardan uzaqlaşır.
Hər parıldayanı qızıl
sanıb, ona doğru yüyürmür.
Ahıl dünyəvi, milli dəyərlərin, adət-ənənələrin
sədaqətli qoruyucusuna
çevrilir. Adamlarla elə yaşayıb davranmağa çalışır
ki, sanki Allah onu görür , allahla fikrən
elə danışır
ki , guya adamlar onu görür.
Cavan gözləri,
ahıl ağlı və dərrakəsi ilə daha dərin,
daha geniş, aydın və mükəmməl görür. Ona görə
də birincisi gördüyünə, ikincisi
ağlına və məntiqinə daha çox inanır.
Gənclik yeniyetməliyin, kamillik gəncliyin səhvlərini
görür. Bunu dərd edib
ürəyini sıxmır,
nəticə çıxarmağı
daha önəmli sayır.
Əsil müdrik təkcə işdə, ictimaiyyətdə,
xalq arasında deyil, şəxsi həyatında – ailədə,
xəlvətdə, tənhalıqda
da şəxsiyyətinin
böyüklüyünü qoruyub saxlayır.
* * *
Ahılların fiziki zəifliyi onları praktik işdən uzaşqlaşdırır. Lakin elə
zəruri, vacib işlər var ki, həlli enerjidən daha çox müdriklik, təcrübə tələb
edir. Ona görə də
antik Roma Respublikasının
Ali Dövlət Şurası
senat – ağsaqqallar, müdriklər Məclisi adlandırılmışdır.
Məşhur Roma filosofu, müdrik
natiq, zəmanəsində
hamı tərəfindən
«millətin atası» kimi qəbul edilən Mark Tulli Siseronun fikrinə görə, çox vaxt cavanların səriştəsizliyindən dağılan
dövlətlər, onlardan
sonra gələn qocaman dövlət başçıları tərəfindən
bərpa olunmuşdur.
Dahi filosof İsokrat 90, faciə ustası Sofokl 94 yaşında ən mükəmməl və dəyərli əsərlərini yaza-yaza keçinmişlər. Uinston Çörçillin İkinci Dünya müharibəsindən sonra – ahıl yaşlarında irəli sürdüyü «Dünyada yeni düzən» strateji konsepsiyası bu gündə aktuallığını itirməmiş, qocalığındakı ədəbi fəaliyyəti Nobel mükafatına layiq görülmüşdür . 86 yaşlı Zbiqnev Bzejinski hazırda ümumdünya siyasətinin aparıcı fiqurlarından biridir.
* * *
Ağsaqqal özündən əvvəlki bütün yaş dövrlərinin nöqsanlarını süzgəcdən keçirib, ləyaqətini estafet kimi özündən sonra gələn nəslə ötürür. Onun ən böyük, dəyərli sərvəti vaxtdır. O, hər günü, saatı müdrikliklə sıxıb, şirəsini gənclər üçün «əlində – ovcunda» saxlayır.
Ağsaqqal riskə getməkdən çəkinir, orta vəziyyətlə kifayətlənir, ehtiyatı əldən vermədən uğurları addım-addım qazanır. Cavandan fərqli olaraq isinmək üçün tonqala çox yaxın oturub yanmır, uzaqda durub üşümür, hər zaman, hər yerdə, hər şəraitdə özünün rolunu və yerini aydın görür.
* * *
Uşaqlıq və gənclik zaman etibarilə qocalığa uzaq olduğu qədər də , yaddaşda yaxın, doğma və əzizdir. Onun cismini tərk etsə də, ruhunda yaşayır.
Qocalıq tarixdir, ictimai praktikadır. Gəncliyin irili-xırdalı bütün uğurlarında payı vardır. Onun narahatlığı, problem və ehtiyacları çoxdur: fiziki zəiflik, xəstəlik, yoxsulluq, bəzən dövlətin unutqanlığı, ictimai mühitin, gəncliyin etinasızlığı, övladlarının – uşaqlarının, nəvə-nəticələrinin taleyi, problemləri və s.
Bəzən yaşlı adamın yersiz və yöndəmsiz sözü və ya hərəkətini hallandırıb, «qocalıqdandır» deyirik. Bu fikir nəinki yanlışdır, hətta günahdır. Yöndəmsizlik insanın yaşında deyil, başında, təbiətindədir. O, törəmə deyil, mayadadır. Uşaqlıq¬da ona göz yumub, «uşaqdır», cavanlıqda güzəştə gedib, «cavandır» deyirik, qocalıqda vitrinə çıxarırıq.
Qocalıq xəstəlik deyil, sərvətdir, xəstəlik qocalıqdır. Hamı kimi onlar da qocalıqdan yox, konkret xəstəliklərindən dünyalarını dəyişirlər.
* * *
Qocanın ruhuna, duyğu və düşüncə tərzinə dərindən nüfuz etmədən onu düzgün dərk edib, dəyərləndirmək mümkün deyildir. O, bütün yaş dövrlərini yaşayıb, hər dövr haqqında tam, mükəmməl anlayışı, fikri, deməyə sözü var. Qocalığı yaşamayanların ona dəyər, qiymət verməsi, haqqında fikir yürütməsi, görmədiyin, tanımadığın adam haqqında fikir söyləməyə bənzəyir.
Qocaları əzizləmək azdır, onları babaların nəvələri sevdiyi kimi sevmək, ingilislərin qocaman dövlət xadimlərinə pərəstiş etdikləri kimi pərəstiş etmək lazımdır.
Həyatdan, elmdən, ədəbiyyatdan öyrəndiklərimiz ruhumuza hopur, ağsaqqallarımızdan, ata-babalarımızdan götürdüklərimiz isə canımızda, genetik kodumuzda yaşayır.
Ağsaqqalları sevmək, onlara pərəstiş etmək soyumuzun kökünü suvarmaq, bünövrəmizi bərkidib möhkəmləndirmək,milli şüurumuzu,mənəvi dəyərlərimizi qorumaq nəslimizi , el-obamızı, xalqımızı şərəfləndirməkdir.
Hüseynağa Qəniyev
Xalq Cəbhəsi.- 2014.- 10 iyun.- S.7.