“Qafqaz Albaniyasının tarixi və mədəni
irsi insan hüquqları kontekstində”
Ötən gün Bakıda "Qafqaz Albaniyasının
tarixi və mədəni irsi insan hüquqları kontekstində"
mövzusuna həsr olunmuş beynəlxalq konfrans öz
işinə başlayıb.
Qeyd edək
ki, Konfrans Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının
İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı,
YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının və
Azərbaycan Respublikası Müəllif Hüquqları
Agentliyinin dəstəyi ilə keçirilir. Bu
gün də davam edəcək konfransda Rusiya, Polşa,
Gürcüstan, Litva, Ukrayna, Belarus və Qazaxıstandan dəvət
edilmiş alimlər də iştirak edir.
Tədbirin
açılışında çıxış edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Qafqaz
Albaniyası mövzusu üzrə hüquqi, dini və mədəni
irs aspektlərini əhatə edən konfransın keçirilməsində
əsas məqsəd Azərbaycanın Qafqaz Albaniyası
irsinin mənəvi varisi olması və onun təbliği ilə
bağlı fəaliyyət perspektivlərinə stimul verilməsi,
gələcəkdə bu istiqamətdə nəzərdə tutulan
tədbirlərin görülməsi ilə bağlı
müzakirələrin aparılmasıdır. Onun
sözlərinə görə, Azərbaycanda abidələrin
qorunub saxlanması istiqamətində mühüm işlər
görülür. Nazir qeyd edib ki, Qafqaz
Albaniyasının tarixi və mədəni irsinin qorunması
ilə bağlı araşdırmalar davam etdiriləcək.
AMEA-nın
İnsan Hüquqları və Konfliktologiya İnstitutunun
direktoru, millət vəkili Aytən Mustafayeva bildirib ki, mədəni
irs nümunələri hansı ölkədə olmasından
asılı olmayaraq, bütün insanlıq üçün
böyük əhəmiyyət daşıdığından
qorunub saxlanmalı, gələcək nəsillərə necə
varsa, elə də ötürülməlidir. Onun sözlərinə
görə, münaqişə yaradan və digər dövlətin
ərazisini işğal edən ölkələr beynəlxalq
hüquq normalarını pozaraq, eləcə də
dünyanın əksər ölkələrinin
qoşulduğu müvafiq konvensiyanın tələblərinə
məhəl qoymayaraq, tarixi və mədəni irs
nümunələrini məhv edir və ya
özününküləşdirərək
oğurlayırlar: "Erməni işğalı nəticəsində
Azərbaycana dəyən humanitar, mədəni və tarixi zərərin
miqyasları çox böyükdür. Ermənilər
işğal etdikləri ərazilərdə Azərbaycanın
mədəni irsini təmsil edən obyektləri xüsusi həyasızlıqla
məhv ediblər.
A.Mustafayeva bildirib ki, erməni
işğalçılarının Azərbaycanın
Dağlıq Qarabağ regionundakı milli-mədəni sərvətlərinə
vurduğu zərər heç bir ölçüyə
sığmır. Belə ki, qarət olunmuş və məhv edilmiş əşyalar
təkcə Azərbaycanın deyil, bütün dünya
sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir:
"Azərbaycan ərazisində mövcud olan qədim
dövlətlərdən biri Albaniyadır. Məlum
olduğu kimi, Qafqaz Albaniyası eramızdan əvvəl IV-III əsrlərdən
bizim eranın VIII əsrinə qədər, yəni ərəb
xilafəti tərəfindən işğal edilənə qədər
mövcud olub. Paytaxtı əvvəllər
Qəbələ, daha sonra isə Bərdə şəhərləri
olan bu dövlətin ən mühüm vilayətlərindən
biri indiki Dağlıq Qarabağ ərazisi olub. Qafqaz Albaniyası çoxmillətli, tolerant
münasibətin bərqərar olduğu bir ölkə olub.
Burada kifayət qədər inkişaf etmiş
hüquq sistemi var olub. 498-ci ildə Aquen
dini yığıncağı dövlət və kilsə
hüququna dair bir sıra normalar müəyyən edib. Aquen qanunları da sübut edir ki, Albaniyada əhalinin
müxtəlif təbəqələri arasında hüquqi
münasibətlər yüksək səviyyədə tənzimlənirdi.
Tarixi faktlara və əldə edilmiş tədqiqat
materiallarına əsasən, Albaniya dövlətinin varisi bu
gün məhz Azərbaycan Respublikasıdır. Bu gün Azərbaycanda yaşayan udinlər, avarlar,
xınalıqlar və digər tayfalar albanların nəslindəndir.
Təəssüflər olsun ki, hazırda
işğal altında olan Qarabağ torpaqlarında və
indiki Ermənistan ərazilərində çoxsaylı Alban məbədləri
və digər tarixi-memarlıq abidələri qalıb. Alban kilsə, məbəd və monastrları
özünün bir çox xüsusiyyətlərinə
görə, xristianlığın digər müvafiq abidələrindən
və ibadət yerlərindən fərqlənir. Terroru və işğalçılığı
dövlət siyasəti səviyyəsinə qaldıran və
türk, Azərbaycan və alban tarixi və mədəniyyəti
ilə bağlı hər bir şeyi görünməmiş
şəkildə mənimsəyən ermənilər tərəfindən
bu abidələr tamamilə erməniləşdirilib və ya
məhv edilib".
Millət
vəkili qeyd edib ki, erməni millətçiləri öz
işğal siyasətlərinə haqq qazandıraraq
bütün qədim Alban abidələrinin "Erməni abidələri"
olduğunu bildirirlər: "Azərbaycanın işğal
olunmuş Dağlıq Qarabağ ərazisində hazırda
erməni separatçılarının dövriyyəyə
buraxdığı pul vahidlərinin üstündə də qədim
alban məbədi təsvir olunub. Qafqaz regionuna gəlmə
xalq olan ermənilərin antik alban mədəniyyəti ilə
heç bir tarixi, hüquqi bağlılığı yoxdur.
Ermənilər qədim Azərbaycan dövləti
olan Albaniya ilə bağlı bütün faktları
saxtalaşdırırlar".
YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının I
katibi Günay Əfəndiyeva qeyd edib ki, Qafqaz Albaniyasının
tarixinin, etnoqrafiyasının, mədəniyyətinin, sosial
münasibətlərinin araşdırılması
böyük əhəmiyyət kəsb edir. Çünki
söhbət Azərbaycanın keçmişindən, bu
günədək miras olaraq qalmış zəngin mədəni
irsimizdən gedir.
O qeyd edib
ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərinə
YUNESKO-nun texniki missiyasının göndərilməsinə
imkan vermirlər: "Qafqaz Albaniyası mövzusu YUNESKO
üçün çox önəmlidir. Çünki
belə mövzular elmi, mədəni cəhətdən
prioritetdir. Bu baxımdan Qafqaz
Albaniyasının tarixi bir nümunə kimi göstərilə
bilər. Azərbaycanda mədəni irs,
mədəni dəyərlər, onların qorunub
saxlanmasına böyük önəm verilir. Heydər
Əliyev Fondunun bu sahədə fəaliyyəti təkcə
ölkənin sərhədləri ilə məhdudlaşmır.
Fond tərəfindən xaricdə də mədəni,
dini, tarixi abidələr bərpa olunur, onların qorunub
saxlanmasına, mühafizəsinə maliyyə dəstəyi
verilir. Lakin bu qədər dünya mədəni
irsinə önəm verən Azərbaycan təəssüflər
olsun ki, özünün bəzi ərazilərində bunu etməkdən
məhrumdur. Söhbət Ermənistan tərəfindən
işğal olunmuş Azərbaycan ərazilərindən
gedir. Azərbaycan uzun illərdir ki,
müxtəlif beynəlxalq kürsülərdən həmin ərazilərə
texniki missiyaların göndərilməsinə
çağırır. Lakin Ermənistanın
qeyri-konstruktiv mövqeyi nəticəsində bunu həyata
keçirmək mümkün deyil".
Ermənilərin
Qafqaz regionuna gəlmə xalq olduqlarını deyən
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin siyasi araşdırmalar və analitik təhlil
sektorunun müdiri Fuad Axundov isə beynəlxalq konransda diqqəti
Ermənistanın işğalçı siyasətini tarixi
gerçəkləri təhrif etməklə ört-basdır
etməsi faktına yönəldib: "Azərbaycan erməni
xalqını İrəvandakı rejimin ona
sırıdığı yalanlardan xilas edəcək. Ermənistan hakimiyyəti Azərbaycan prezidenti
İlham Əliyevin indiki Ermənistan dövlətinin İrəvan,
Göyçə, Zəngəzur kimi əzəli Azərbaycan
torpaqlarında yaradılması barədə bəyanatlarına
qeyri-adekvat reaksiya verir. Ermənistan
rejiminin cinayətlərindən biri də yalanlar uyduraraq
öz xalqını cəhalət içində saxlamağa
çalışmasıdır. İş
o yerə çatıb ki, hətta erməni mənşəli
xarici alimlər belə şikayətlənirlər ki, rəsmi
İrəvan onların öz tarixlərini
araşdırmasına imkan vermir".
Sektor
müdirinin sözlərinə görə, bununla bağlı
artıq onun "Saxtakarlıqları ifşa edənlər"
kitabının iki cildi çapdan çıxıb,
hazırda üçüncü cild üzərində iş
gedir. Eyni zamanda, bu mövzuda daha bir sənədli
film hazırlanır.
F.Axundov deyib ki, mayın 28-də Azərbaycan
özünün Respublika Gününü qeyd edərkən
Ermənistanda Azərbaycan əleyhinə iki film nümayiş
etdirilib. Bu,
Ermənistanın Mədəniyyət Nazirliyi və İrəvan
şəhər meriyasının dəstəyi ilə çəkilmiş
"Tarixin saxtalaşdırılması: Azərbaycan" və
"Romadan qədim şəhər" adlı filmlərdir. Həmin filmlər prezident İlham Əliyevin
hazırkı Ermənistan Respublikasının əzəli Azərbaycan
torpaqlarında yaradılması barədə bəyanatlarına
özünəməxsus cavab cəhdidir. İrəvan
şəhərinin guya hələ İrəvan qalası
tikilməzdən əvvəl mövcud olmasını sübut
etmək məqsədilə erməni saxtakarları filmdə
14-15-ci əsrlərə aid pul sikkələri nümayiş
etdirir və iddia edirlər ki, onlar İrəvanda
hazırlanıb. Lakin
apardığımız araşdırma zamanı müəyyən
olunub ki, Şirvanşahlar dövlətinə aid bu sikkənin
üzərində İrəvan deyil, İran
Kürdüstanında yerləşən Marivan şəhərinin
adı qeyd olunub".
PA rəsmisinin sözlərinə görə, bu,
çoxsaylı saxtakarlıq faktlarından yalnız biridir və
təkcə adıçəkilən erməni filmlərində
belə uydurmalar kifayət qədərdir.
F. Axundov
hesab edir ki, erməni tərəfinin belə
davranmasının səbəbləri məlumdur. Onlar sonradan ermənilərin məskunlaşdırıldığı
bütün ərazilərdən Azərbaycan
sivilizasiyasının izlərini silməyə
çalışır. Eyni aqibəti
hazırkı Ermənistan ərazisində və işğal
altında olan Azərbaycan torpaqlarında yerləşən
alban xristian abidələri də yaşayır və bunun
bariz nümunəsi Qanzasar monastır kompleksidir.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran
İmanov isə onların Azərbaycan tarixini
saxtalaşdırmaq, onun mədəni irsini
özünüküləşdirmək cəhdlərindən
danışıb.
Digər natiqlər isə Qafqaz Albaniyasının tarixi,
onun qorunması və digər məsələlər barədə
məruzə ilə çıxış ediblər.
Açılış
mərasimindən sonra konfrans Qafqaz Albaniyasının mədəni
irs nümunələrinin milli və beynəlxalq
səviyyədə qorunması, tədqiqi və təbliği
mövzularını əhatə edən plenar iclas və
sessiyalarla işini davam etdirib.
Tədbir çərçivəsində beynəlxalq
konfransın iştirakçıları üçün Qəbələ
və Şəki rayonlarına infoturların təşkil
edilməsi də nəzərdə tutulub.
TURQUT
Xalq Cəbhəsi.-
2014.- 11 iyun.- S.5.