“Uğurlarımız
qısqanclıqla qarşılanır”
Altay Həsənov:
Gimnastika Azərbaycanda ən populyar idman növlərindən
biri olacaq
İyunun 13-15-də Bakıda bədii gimnastika üzrə yüksək səviyyəli
növbəti beynəlxalq
yarış - Avropa çempionatı keçiriləcək. Turnir ərəfəsində
Trend Azərbaycan Gimnastika
Federasiyasının vitse-prezidenti
Altay Həsənovdan müsahibə
götürüb.
- Bədii gimnastika tədricən Azərbaycan
idmanının vizit kartına çevrilir. Gimnastlarımız nüfuzlu beynəlxalq
turnirlərdə yüksək
yerləri fəth etməyə başlayıblar.
Azərbaycan gimnastikasının uğurunun sirri nədədir?
- Son illər ərzində Azərbaycanda gimnastika gerçəkdən də,
fantastik templə inkişaf edir. Bu baxımdan heyətində
yerli idmançıların
durmadan artdığı
yığma komandamıza
baxmaq yetər. Bununla yanaşı, biz tədricən
nüfuzlu yarışlarda
dünyanın aparıcı
komandalarının rəqibinə
çevrilirik. Azərbaycan beynəlxalq
gimnastika ailəsinə
nisbətən yaxınlarda
daxil olub, lakin artıq yüksək nəticələr
əldə etməyə
başlayır.
Az öncə qeyd edilənlərin hamısı Azərbaycanda
gimnastikanın misilsiz
inkişafına dəlalət
edir. Gimnastikada qazandığımız uğurlar təsdiq edir ki, işə
düzgün yanaşanda
və lazımi şəkildə təşkil
ediləndə istənilən
sahədə uğur qazanmaq olar. Lakin əlbəttə ki, bütün bunları Gimnastika Federasiyasının
prezidenti Mehriban Əliyevanın şəxsi
iştirakı olmadan həyata keçirmək mümkün olmazdı.
Onun təşəbbüskarlığı və iradəsi, böyük şəxsi zəhməti, komandaya qayğıkeş münasibəti
və ölkədə
bu idman növünün inkişafı
prosesinə səmərəli
rəhbərliyi uğurun
təminatı oldu.
Şübhəsiz ki, onun beynəlxalq gimnastika hərəkatına və
ümumiyyətlə, ölkəmizdə
idmanın inkişafına
verdiyi töhfəni qiymətləndirmək çətindir.
Qeyd etmək
lazımdır ki, turnirlərdə nəticələr,
əlbəttə, önəmlidir. Bununla yanaşı,
əsas məqsəd Azərbaycanda bu gözəl idman növünün kütləviliyidir.
Federasiyamızın prezidenti Mehriban
Əliyevanın dediyi
kimi, ölkənin şəhər və rayonlarında gimnastikaya diqqət uzunmüddətli
strategiyanın bir hissəsidir. Gimnastika seksiyaları
təkcə Bakıda
deyil, həm də artıq regionlarda formalaşıb.
Bu idman növünün
kütləviliyində artıq
mühüm tərəqqiyə
nail olunub.
- Yığmamızın Avropa çempionatına hazırlığının gedişi
haqqında nə deyə bilərsiniz?
- Bədii gimnastika üzrə hazırkı Avropa çempionatı Bakıda keçirilən
artıq üçüncü
birincilik olacaq. Turnir gimnastika sahəsində
son vaxtların ən iri idman hadisəsi
olacaq. Orada iştirak etmək
üçün 33 ölkə
ərizə verib.
Rəqabət sərt olacaq
və 258 gimnast 9 dəst medal uğrunda mübarizə aparacaq.
Bu, çox maraqlı
mənzərə olacaq
və biz paytaxt sakinlərini və qonaqlarını yeni Milli Gimnastika Arenasında bütün bunları izləməyə
dəvət edirik.
- Əlbəttə ki, biz hamımız komandamıza azarkeşlik edirik və qarşıdakı çempionatda ona ən böyük uğurlar arzulayırıq. Siz azərbaycanlı idmançıların bu çempionata hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz?
- Komandamız turnirə tam hazırdır. Bədii gimnastika üzrə yığmanın baş məşqçisi Mariana Vasileva döyüşkən, bitkin və ən əsası, istedadlı kollektiv formalaşdırıb. Bununla belə, biz tədricən "xoş problemlər"lə üzləşməyə başlayırıq. Belə ki, yığmaya düşmək üçün rəqabət artır və həqiqətən də, böyük potensialı olan bəzi idmançılar komandaya keçə bilmirlər. Lakin biz gələcək inkişaf məqsədi ilə hamı üçün zəruri şərait yaradırıq. Mən əminəm ki, yığmada yer uğrunda rəqabətli mübarizə komandamızı daha da gücləndirir.
- Siz qeyd etdiniz ki, Azərbaycan beynəlxalq gimnastika ailəsinə nisbətən yaxınlarda daxil olub, lakin artıq yüksək nəticələr göstərir. Bəs Siz komandadakı vəziyyətə mənfi təsir göstərə biləcək kənardan süni problemlərin yaradılması cəhdləri ilə üzləşmisinizmi?
- Aydındır ki, bizim son uğurlarımız bəzən bir sıra rəqiblərimiz tərəfindən qısqanclıqla qarşılanır. Bəzilərini, ehtimal ki, inkişaf dinamikamız qorxudur. Biz bunu anlayışla qarşılayırıq, çünki sonda bu idmandır və hamı qalib gəlmək istəyir. Bununla yanaşı, hərdən xoşagəlməz haldır ki, bəzən bizə qarşı çirkin və qeyri-idman metodlarından istifadə olunur.
Digər tərəfdən, bütün bunların hamısı çətin ki, bizim irəliləyişimizə təsir etsin və biz bununla bağlı elə də narahat olmuruq. Rəqiblərimizə yeganə arzumuz bizim gözəl Bakımıza gəlmək və onun sakinlərinə idman bayramı hədiyyə etməkdir.
- Bəs gimnastika ictimaiyyəti daxilində hansısa mənfi məqamlar mövcuddurmu?
- Mahiyyət etibarilə, xeyr. Federasiyanın əməkdaşları, məşqçilər, idmançılar, texniki heyət və bədii gimnastika ilə aidiyyəti olanların hamısı vahid ailə kimi çalışırlar. Axı hamının bir hədəfi var - Azərbaycanda bədii gimnastikanın inkişafı. Amma hər yerdə olduğu kimi, bizim də kiçik problemlərimiz var. Məsələn, "incimiş" məşqçilər deyilən qrup var və bu qrup hesab edir ki, dünyada bu idman növünü onlardan yaxşı bilən yoxdur. Bu kateqoriyalı məşqçilərin səviyyəsi həvəskar seksiyalar mərhələsində qalıb, lakin iddiaları xeyli yüksəkdir. Azərbaycanda gimnastikanın təşəkkülünün erkən mərhələlərində bu məşqçilərdən bəzilərinə tələbat var idi. Lakin bu gün ölkəmizdə bədii gimnastika yüksək beynəlxalq standartlara yaxınlaşır ki, bu da müvafiq olaraq məşqçilərdən yüksək iş standartları tələb edir. Öz üzərində işləmək və ixtisası artırmaq əvəzinə - halbuki Federasiya bütün məşqçilərə qeyd olunan şəraiti yaradır - onlar cılız intriqalarla məşğul olurlar. Bütün bunlar xırda məsələlərdir və öz ixtisasının aşağı səviyyəsini ört-basdır etmək məqsədi daşıyan belə cəhdlər Azərbaycanda mütləq şəkildə ən populyar idman növlərindən biri olacaq gimnastikanın inkişaf prosesinə və komandalarımızın müxtəlif səviyyəli beynəlxalq turnirlərdə uğurlu çıxışına təsir edə bilməz.
Xalq Cəbhəsi.- 2014.- 12 iyun.- S.15.