“Kitabi-Dədə Qorqud” dastanları
Tarixi faktlar "Qanturalı boyu"na
tarixi gerçəklik verib
II yazı
Bir neçə boyu çıxmaq şərtilə dastanlarda xanlar xanı Bayandır xanın adı çəkilir. Onun adı daha çox rəmzi məna daşıyır. Bəllidir ki, Bayandır xan Ağqoyunlu tayfa ittifaqının başçısı sayılır. Dastanın tədqiqatçılarından olan V.V.Bartold da bununla bağlı yazır ki, "Kitabı-Dədə Qorqud" dastanlarında adı keçən Bayandır xan çox güman ki, Ağqoyunlular sülaləsinin əsasını qoyan bayandurilər nəslinə işarədir. Bəllidir ki, oğuz dastanlarını toyda-mağarda şifahi şəkildə danışan ozanlar ustadnamə əvəzi kimi Dədə Qorqud barədə məlumat verib, onun ibrətamiz fikirlərini xatırladıb, ilk oğuz həyat və məişətindən maraqlı epizodlar söyləməklə dinləyicilərin diqqətini səfərbər etməyə çalışıblar. Həmin "müqəddimə" "Kitabi-Dədə Qorqud"un yazıya köçürüldüyü zamandan mövcuddur. Lakin sonrakı yazılı nüsxələrdə müqəddimə mətninə bəzi dini, siyasi-ictimai əlavələr (yaxud ixtisarlar) edilib. Ümumiyyətlə, belə dəyişikliklər boyların mətnlərində də baş verib.
Hesab edirik ki, dastanlarda Bayandır xanın adının çəkilməsi az şey demir. Bu ad ağqoyunlulara birbaşa işarədir. Bu məsələ V.M.Jirmunski və Bartoldun tədqiqatlarında da öz əksini tapıb. Onlar da qeyd edirlər ki, XIV əsrin sonlarından başlayaraq XV əsrin ortalarına qədərki dövr bayandurilərə məxsus Ağqoyunlu tayfa ittifaqının siyasi və hərbi hegemonluğu dövrüdür. Məhz bu dövrdə oğuzlar haqqında qədim rəvayətlər özünün yüksəliş dövrünü yaşayır və "Kitabi-Dədə Qorqud" dastanlarında baza rolunu oynayır. Bu, o zaman başa çatdı ki, "Kitabi-Dədə Qorqud" ədəbi dəyişikliklərə məruz qaldı. Bu isə XV əsrin II yarısına təsadüf edir.
Bu dəyişikliklər dastanın bəzi
boylarında özünü göstərir. Bunlardan biri də "Dirsə
xan oğlu Buğac xan boyu"dur. Bu boyda Bayandır xanın adından
deyilən qara otaq ağqoyunluların rəqibləri
qaraqoyunlulara, qırmızı otaq ağqoyunluların müttəfiqi
Ərdəbil şeyxlərinə, ağ
otaq isə ağqoyunluların özlərinə işarədir.
"Kitabi-Dədə Qorqud" dastanlarında diqqəti
çəkən boylardan biri də "Qanlı qoca oğlu
Qanturalı boyu"dur. Bu boyda Qanlı qoca oğlu
Qanturalını evləndirmək istəyir. Boyda çox maraqlı məqamlar üzə
çıxır. Belə məqamlardan
biri o zamanlar Trabzon qızlarının gözəlliyinin
bütün ətraflara yayılmasıdır. Boyda bu məsələ geniş əksini tapıb.
Hətta o həddə təsvir olunub ki, o
qızlar yerli türkmən qızlarından həm gözəllikdə,
həm də igidlikdə üstün təqdim olunur. Elə bizim həyatımızın tarixin dərin
qatlarından gələn bəyənilməyən məqamlarından
biri də budur. Türk dünyasının faciəsində
bu məsələnin də rolu az
olmayıb. Görün, boyda Qanturalı atasının
"Necə qız istəyirsən?" sualına nə cavab
verir: "Elə qız istəyirəm ki, məndən daha
çevik olsun. Bəs gedəsən, bir cici-mici
türkman qızını alasan, birdən
sürüşüb üzərinə düşsəm,
qarnı yırtılar?" Həmin boyda
daha sonra göstərilir ki, İç Oğuzu gəzən
Qanturalı özünə layiq qız tapa bilmir.
Atası özü ona qız axtarmağı qərara
alır: "Qanlı qoca sevincək fərəhlə
ayağa durdu. Ağ saqqallı pirani qocaları
da yanına saldı. İç Oğuzu
axtardı, qız tapmadı. Dolandı
Daş Oğuza gəldi, tapa bilmədi. Dolandı
Trabzona gəldi. Sən demə, Trabzon təkürünün
bir gözəl-göyçək, yaraşıqlı
qızı varmış. Sağına-soluna
iki qoşa yay çəkərdi. Atdığı
ox yerə düşməzdi". Boyun təqdimatından
bəlli olur ki, söhbət XV əsrdən - Ağqoyunlu
-Trabzon münasibətlərindən gedir. Daha
doğrusu, bu boy tarixən qədim dövrlərə getsə
də, özünün qədimliyini qoruyub saxlasa da, ona edilən
müəyyən əlavələr bizi bu qənaətə gətirib
çıxarır. Elə tədqiqatçı
V.V.Bartoldu da çaşdıran bu əlavələrdir.
Bunları əsas tutan tədqiqatçı qeyd
edir ki, "Kitabi-Dədə Qorqud" XV əsrdən gec
yazıla bilməzdi. Onun fikrincə, abxazlar XV əsrin I
yarısında islam dinini qəbul
etmişdilər. Trabzon 1461-ci ildə Osmanlı
türkləri tərəfindən tutulub, siyasi müstəqilliyini
itirdi. Amma epos daha əvvələ aid
tarixi münasibətləri özündə əks etdirir.
Təbii ki, V.V. Bartoldun dastanların XV əsrdən
gec yazılmamasına dair gəldiyi qənaət boyda təsvir
edilən hadisələrlə bağlıdır.
Lakin dövrün və dastanın tədqiqi göstərir
ki, boyda təsvir olunan hadisələr dastana ağqoyunlular
dövründə dastan yenidən yazıya alınanda əlavə
olunmuşdur.
Tədqiqatlar sübut edir ki, Qanturalının
Trabzon təkürünün qızı ilə evlənməsi
tarixi həqiqətə söykənir. Bu,
Turəli bəyin tarixi adıdır. Bayanduri
sülaləsinin yaradıcısı olan Turəli bəy
1348-ci ildə Trabzona yürüş etmişdi. Onun oğlu Qutlu bəy üç ildən sonra
(1351) Trabzon imperatoru Aleksey III Komnenin bacısına evlənmişdi.
Tədqiqatçılardan V.V.Bartold və V.A.Qordlevski belə
bir nəticəyə gəlirlər ki, Bayandır xanın
adı oğuzların arasında ağqoyunluların tarix səhnəsində
görünməsi və güclənməsi zamanı məşhurlaşa
bilərdi. Bu, o zaman idi ki, ağqoyunlular bütün Yaxın
Şərqdə oğuz tayfaları arasında hakim mövqe
tuturdular (XIV əsrin ortalarından başlayaraq XV əsrin ortalarına
qədər). Beləliklə, Bayandır xan qədim
oğuz epos ənənələri üçün süjet ola bilməzdi. Dastanlarda onun adına
elə bir güclü süjet yoxdur. O, tayfa
başçısı kimi təqdim olunur. Dastanlarda
passiv rol oynayır. Sadəcə olaraq
oğuz bəyləri onun sarayına toplaşırlar. Dastanlardan bəlli olur ki, onun tayfası təsvir
olunan dövrdə çox güclənib. Onlar özlərindən qabaq güclü tayfa olan
salurları sıradan çıxarmışlar. Salur tayfasının rəhbəri Ulaş oğlu
Qazan xan onun kürəkəni olmaqla, ona yaxın bəylərdən
birinə çevrilib. Bütün bunlardan sonra aydın
olur ki, ağqoyunluların siyası hegemonluğu
dövründə, təxminən XIV əsrin ortalarından XV
əsrin I yarısına qədər olan dövrdə baş
verən hadisələr "Kitabi-Dədə Qorqud"un bəzi boylarında öz əksini tapıb.
İndi
isə yenidən qayıdaq Qanturalının Trabzon hakiminin
qızı ilə evlənməsi səhnəsinə... V.V.Bartold bu məsələnin tarixi və əfsanəvi
motivlərinə diqqət yetirib. Trabzon
imperiyası Bizans imperiyasının bir qalığı idi
ki, Kiçik Asiyada mövcud idi və səlibçilər tərəfindən
işğal olunmamışdı. Komnenlərə
məxsus bu iri imperiya Yaxın Şərqdə ticarət
yollarının qovuşduğu yer olmaqla, iki əsr
yarımdan artıq bir müddətdə (1204-1461-ci illər)
öz siyasi müstəqilliyini saxlamaqla XIV -XV əsrlərdə
tipik feodal dövləti idi. Bir çox
yarımmüstəqil subyektlərə
bölünmüşdü. Trabzon
imperiyasının tarixini tədqiq edən J.P.Falmerayera iqtibas
edən V.V.Bartold göstərir ki, ətraf yerlərin
şahzadələri və rıtsarları çox həvəslə
komnenlərin dağda olan qalalarına və saraya səfər
edir və macəralar axtara-axtara Trabzon hakimlərinin
qızlarına evlənmək istəyirdilər. Bunların içərisində türkmən
şahzadələri də var idi. Trabzon gözəlləri,
xüsusilə də imperator evinin gözəlləri
bütün Asiyada məşhur idilər və təxminən
iki yüz il ərzində Qərbi Avropa
roman müəlliflərinin və Şərq
saraylarının nağıllarının qəhrəmanlarına
çevrilmişdilər. Nəinki Konstantinopoldan
(İstanbuldan), eləcə də yaxın türkmən ellərindən,
Qafqazdan, Serbiyadan, Mitilendən, uzaq Mesopotomiyadan və İran ərazilərindən
şahzadələr gəlirdilər ki, onlarla evlənsinlər.
Bizans mənbələri qeyd edirlər ki, XIII əsrin
sonundan başlayaraq döyüşkən omuzların
(türkmənlərin) dəstələri Trabzona və ətraf
rayonlarına yürüşlər edirdilər. 1280-1370-ci illər arasında onlarla belə iri
yürüşlər olmuşdu. 1341-ci ildə
baş verən daxili toqquşmalar nəticəsində
imperator Vasiliy Komnen həyatını itirir.
Bundan istifadə edən türkmənlər Trabzonu
tuturlar, şəhəri yandırırlar. Bunlar
Ağqoyunlu tayfa üzvləri idilər. Trabzon
tarixçisi Mixail Panareta yazır ki, 1348-ci ildə türkmənlər
Ərzincandan başlayaraq, Ərzurum və Bayburta qədər
əraziləri ələ keçirdilər. Trabzona yenidən yürüş etdilər. Ağqoyunlu tayfa ittifaqının başında Turəli
bəy dayanırdı. Onun ayaması
Bozdoğan idi. Bu hadisələr imperator
III Komneni məcbur edirdi ki, oğuzlarla qohum olsun. 1351-ci
ildə yaxşı münasibətlərdə olmaqdan ötəri
imperator III Komnen özünün gənc bacısı
Mariyanı Amqoyunlu tayfa ittifaqının əmiri Turəlinin
omlu Qutlu bəyə ərə verdi. E.Rossiyə istinad edən V.M. Jirmunski də göstərir
ki, bu adlar və hadisələr Qanturalının evlənmə
boyunda özünü büruzə verir. Daha
sonra müəllif göstərir ki, Trabzon sarayı ilə
oğuzlar arasındakı münasibətlərdə bu hadisə
bizə məlum olan hadisələrdən ilki olsa da, tədqiqatlar
göstərir ki, əslində buna qədər də belə
münasibətlər olub. Bu mənada
müəllif həmin dövr hadisələrinin şahidi
yunan əsilli Laonik Xalkokondilin məlumatlarına istinad edir.
L.Xalkokondil qeyd edib ki, Trabzon imperatorlarının yunan
qaydalarını və dilini qoruyub saxlamasına baxmayaraq onlar
Əmir Teymurun nəvələri, Qara Yusifin övladları ilə
olduğu kimi, qonşuları ağqoyunlularla da nikah əlaqələrinə
girirdilər. Bu hadisə Trabzon imperatorluğunun
süqutuna qədər (1461) davam etmişdi. III Alekseyin imperatorluğu (1350-1390) dövründə
bu məsələ daha aktual idi. Ondan sonra
hakimiyyətə gələn IV Aleksey qızlarından birini
Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin
oğlu Cahan şaha ərə vermişdi.
Nəhayət,
Trabzonun osmanlı türkləri tərəfindən
fəthi ərəfəsində imperator IV İohann öz
qızını, gözəlliyi ilə seçilən
şahzadə Feodoranı Ağqoyunlu dövlətinin
başçısı Həsən padşaha ərə
vermişdi. 1458-ci ildə baş verən bu
izdivacın hesabına imperator IV İohann osmanlılara
qarşı güclü bir müttəfiq əldə etdiyini
düşünmüşdü. Həsən
padşah da III Alekseyin qızına evlənən Qara Yulukun nəvəsi
idi. Beləliklə, Həsən padşah
hesabla ağqoyunlulardan üçüncü şəxs idi
ki, Trabzon şahzadələri ilə nikaha girirdi. Trabzondan başlayan bu əlaqələr Həsən
padşaha qədər davam etmişdi.
Bu mənada
məşhur tədqiqatçı İ.P.Petruşevskinin
sözləri yerinə düşür: "Trabzon
imperatorlarının şahzadələrinin Ağqoyunlu bəyləri
ilə nikahları hesabına Trabzon Ağqoyunlu dövləti
üçün həlledici liman rolunu oynayırdı. Həmin dövrdə ağqoyunluların Qara dənizə
çıxışı yox idi".
Göstərilən bu tarixi faktlar "Qanturalı
haqqında hekayə"yə tarixi gerçəklik verib və
Ağqoyunlu-Trabzon əlaqələrində baş verən
nikahlar həmin boya düşüb. Bu nikahlar da XIV əsrin
II yarısı - XV əsrin V yarısındakı
dövrü əhatə edir. Bizi bu qənaətə
gətirən həmin dövrdə baş verən hadisələri
izləmək və dastanlardakı hadisələrlə
tutuşdurmaq oldu. Tarixin obyektiv tədqiqi
göstərir ki, ayrı-ayrı dövrlərdə tarixi və
ədəbi mənbələr yenidən qələmə
alınanda onlara əlavələr olunub. Bu
əlavələri edənlər bunu xidmət etdikləri
iqtidarların maraqları baxımından həyata
keçiriblər. Bu baxımdan
"Kitabi-Dədə Qorqud" dastanları da belə əlavələrdən
xali deyil.
Dilavər
Əzimli,
Tarixçi
Xalq Cəbhəsi.-
2014.- 12 iyun.- S.14.