“O, Vətənə həmişəlik
qayıtdı”
Maarif Teymur: "Ceyhun
Hacıbəyli Azərbaycana tükənməz sevgisi,
böyük mübarizəsi ilə Vətən
üçün yaşadığını sübut etdi"
Onun həyatının çoxu mühacirətdə
keçdi. Səbəbi Sovet hakimiyyətini, onun
ideologiyasını qəbul etməməsi idi.
Hər an Vətənin həsrətiylə
yaşadı. Bu, Ceyhun Hacıbəyli idi.
Salman Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət arxivində Ceyhun Hacıbəylinin
həyat və yaradıcılığını özündə
əks etdirən zəngin soraqlar qorunub saxlanılır.
Arxivin direktoru, tanınmış araşdırmaçı
Maarif Teymur Ceyhun Hacıbəylinin
yaradıcılığının köklü bir təmələ
əsaslandığını bildirir: "Azərbaycan
tarixinin özünəməxsusluğunun qorunub
saxlanmasında heç şübhəsiz ki, fədakar, təmənnasız
insanların müstəsna rolu olub. Azərbaycan
mədəniyyətinin, incəsənətinin, musiqisinin
inkişafında Hacıbəyovlar nəslinin böyük xidmətləri
var. Azərbaycan tarixində nəsil, şəcərə məsələsi
yaradıcılıq baxımından hələ bundan sonra da
araşdırılmaya ehtiyac duyur.
Ceyhun Hacıbəyli ədəbiyyatşünas, folklorşünas,
politoloq, musiqi nəzəriyyəçisi, istedadlı fəlsəfəçi
kimi Azərbaycan mədəniyyətinin inkişafında xidmətlər
göstərib. Təəssüf ki, zamanın gərdişindən,
70 illik Sovet imperiyasının ideoloji mübarizəsi nəticəsində
Ceyhun Hacıbəyli kimi şəxsiyyətlərin əməlləri
barədə bilgilər almaq yasaq olunmuşdu. Təbiidir ki, sovet dövründə hakim ideologiyaya
qarşı çıxanların ictimaiyyətə müsbət
mənada təqdimindən söhbət belə gedə bilməzdi.
Bunlar daim öz vətənlərində xain
kimi təqdim edilirdilər. Çünki
bu şəxslər sovet ideologiyasını qətiyyən qəbul
etmir, gec-tez onun süqut edəcəyinə
inanırdılar".
Ümumiyyətlə,
Hacıbəylilər 20-ci əsrin əvvəllərindən
başlayaraq Azərbaycan mədəniyyətinin, ictimai-siyasi
fikrinin sistemli halda formalaşmasında mühüm xidmətlər
göstəriblər: "Ceyhun Hacıbəyli bu dövrlərdə
qələmini jurnalistikada sınayıb. O dövrdə
"Şərqi Rus", ondan sonra çıxan digər qəzetlərdə
çalışıb. O, Azərbaycan Demokratik Cümhuriyəti
dövründə nəşr edilən rəsmi dövlət
qəzeti olan "Azərbaycan"ın baş redaktoru olub. Az sonra Azərbaycanı tərk etməyə məcbur
olan Ceyhun Hacıbəyli ömrünün sonunadək qürbətdə
yaşayıb və bütün
yaradıcılığı, ruhuyla Azərbaycanın
azadlığı uğrunda mübarizə aparıb. O zaman Azərbaycanda
artıq məşhur bəstəkar kimi tanınan Üzeyir
Hacıbəyli Ceyhun Hacıbəylinin Azərbaycana
dönüşü, onun haqqındakı təəssüratların
dəyişilməsinə nail olmaq istəyib. Onların
arasındakı məktublaşmalar həmin dövrün
ziddiyyətli məqamlarının aydınlaşmasında
mühüm əhəmiyyət kəsb edir. Üzeyir
Hacıbəyli qardaşına yazdığı məktubların
birində qeyd edir ki, o, Mustafa Quliyevlə danışıb, gəlişində
onun üçün problemlər yaradılmayacaq, burada iş
tapmaq məsələsi də həll ediləcək. Lakin
sovet quruluşuna olan qəti münasibətinin nəticəsidir
ki, Ceyhun Hacıbəyli qürbətdə yaşayıb Azərbaycan
uğrunda mübarizə aparmağı hər şeydən
üstün tutub"
M.Teymur
Ceyhun Hacıbəylinin mühacirətdə yaşayarkən
ardıcıl olaraq Azərbaycanda, eləcə də
keçmiş SSRİ məkanındakı bütün hadisələri
bir politoloq olaraq diqqətlə öyrəndiyini,
ardıcıl, ciddi mübarizə apardığını
bildirir: "Bu müşahidələr və təhillərdəki
aydınlıq ilk növbədə tədqiqatçını
heyran edir. O, bütün şüurlu həyatını tərəddüdsüz
olaraq Azərbaycan uğrunda mübarizəyə həsr edir. 1990-cı illərdə Ramiz Abutalıbovun Bakıya
gətirdiyi zəngin sənədlər içərisində
Ceyhun Hacıbəyliyə aid xeyli soraqlar var idi. Bu sənədlər
əsasında biz Ceyhun Hacıbəylinin adına
xüsusi fond təşkil etdik. Burada Ceyhun
Hacıbəylinin həm ictimai-siyasi, həm bədii
yaradıcılığına dair soraqlar toplanıb. Bu soraqlar hələ bundan sonra daha diqqətlə
öyrəniləcək".
Yuxarıda Ceyhun Hacıbəylinin istedadlı bir politoloq
olmasını qeyd etdik. Onun fransız dilini bilməsi, bu dildə ictimai-siyasi
gedişatı əks etdirən dərin məzmunlu yazılar
yazması siyasi hadisələri çox gözəl bildiyini
göstərir: "Onun 30-cu illərdə sovet rejiminin sovet
insanlarının başına gətirdiyi dəhşətlər
barədə qənaətləri diqqəti xüsusi cəlb
edir. O, staxanovçuluq hərəkatının sovet
insanına mənəvi psixoloji baxımdan nə cür zərbə
endirdiyini açıq-aydın sübutlarla göstərir. Tarlada işləməyə məhkum edilən hamilə
qadının Stalin rejiminin "bərəkallahına"
görə bətnindəki körpəsini qurban verməsini
bütün acı-ağrısı, yurdunun taleyinə
narahatlığı ilə ifadə edir".
Ceyhun
Hacıbəylinin fransız dilində yazdığı hekayələr
öz dilimizdə işıq üzü görüb: "Bu hekayələr
Ceyhun Hacıbəylinin daxili dünyasını, onun narahat təbiətini,
yurda qarşı sevgisini bütün çalarları ilə
ifadə edir. Bu əsərlərdə
dövrün, zamanın girdabına məhkum edilən
insanların əzablı həyatı məharətli şəkildə
öz əksini tapıb".
M.Teymur Azərbaycanı
birdəfəlik tərk edən Ceyhun Hacıbəylinin
90-cı illərdə vətənə ruhən
qayıdışını həmişəlik
qayıdış hesab edir: "O, bu dəfə Vətənə
həmişəlik qayıtdı.
Azərbaycana tükənməz sevgisi, böyük
mübarizəsi ilə Vətən üçün
yaşadığını sübut etdi. Onun arxivimizdə
mühafizə edilən yaradıcılıq soraqları
içərisində Qarabağ folkloruna həsr edilmiş
yazıları diqqəti xüsusi cəlb edir. Onun şəxsi fondundakı əsərlərinin
sayca çoxluğu ilə yanaşı geniş əhatəliliyi,
mövzu rəngarəngliyi maraqlı nüanslardandır.
Artıq neçə ildir ki, Ceyhun Hacıbəylinin
şəxsi fonduna tədqiqatçı kimi müraciət edənlərin
sayı artmaqdadır. Ceyhun bəyin arxivi
sağlığında çox səliqəli formada
imiş".
Ramiz
Abutalıbov hələ 1990-cı ildə SSRİ
dağılmamış Ceyhun Hacıbəylini arxivini
böyük bir əzabla Parisdən Moskvaya, oradan da Bakıya gətirməyə
müvəffəq olmuşdu: "Yeri gəlmişkən, onu
da qeyd edim ki, Ramiz Abutalıbov Azərbaycan mətbuatında nəşr
etdirdiyi "Parisdə keçən günlər" adlı
əsərini kitab halında da nəşr etdirib. Çox oxunaqlı bir dildə yazılmış həmin
əsərdə Ceyhun Hacəbəylinin şəxsiyyəti,
yaradıcılığı, mübarizəsi ilə
bağlı maraqlı məqamlar var.
Ceyhun
Hacıbəylinin şəxsi arxivində olan soraqlar içərisində
ötən əsrin 20-ci illərinə aid fransız qəzetlərindən
nümunələr, həmçinin sonrakı dövrlərdə
Azərbaycanda, keçmiş SSRİ məkanında
çıxan qəzet-jurnallar, kitablar o dövrün
ab-havasının Ceyhun bəy tərəfindən diqqətlə
öyrənildiyini göstərir. 20-ci illərdə
Parisdə çıxan jurnalların birində ermənilərin
Azərbaycanla bağlı soraqları öz adlarına
çıxmaq cəhdlərinə qarşı Ceyhun bəyin
mübarizəsini göstərən məqalə çap
edilib. Ceyhun bəyin arxivində belə məqamlar
az deyil."
Ceyhun Hacıbəylinin rusca yazılmış
"Batumdan keçərkən" adlı xatiratı
haqqında danışan M.Teymur bildirir ki, bu xatirələrdə
maraqlı məqamlar çoxdur. Hə vaxtsa, bu xatirələrin
çap edilməsi zəruridir. Ceyhun
Hacıbəylinin bir neçə dil bilməsi onun zamanın
gərdişindən yaxşı baş
çıxarmasına kömək edib. O, daim
keçmişimizi öyrənməyə səy göstərirdi.
Azərbaycanı tarixi aspektdən öyrənir, bir millət
olaraq uğrunu, uğursuzluqlarını təhlil edirdi:
"O, heç zaman bir mövzuya qapanıb qalmırdı. Ceyhun Hacıbəylinin əsərlərinin
hamısının ana dilimizə tərcümə edilərək
ictimaiyyətə çatdırılması yaxşı bir
hadisə olardı. 1994-cü ildə Ceyhun
Hacıbəylinin rusca "Seçilmiş əsərləri"
Bakıda nəşr olunub."
Arxivdə
həmçinin Ceyhun Hacıbəylinin həyat və
yaradıcılığının müxtəlif məqamlarını
əks etdirən fotoşəkillər qorunur: "Bu şəkillər
onun ömrü, şəxsiyyəti haqqında müəyyən
təəssürat yaradır. Ceyhun Hacıbəylinin
milli geyimlərimizin milli obrazlarda ifadəsi yönündə
çəkdiyi şəkillər də diqqəti cəlb
edir. Bu, Ceyhun Hacıbəylinin bir rəssam
olaraq xəlqi soraqları qorumaq istəyindən irəli gəlir."
Maarif
Teymur Ceyhun Hacıbəylinin jurnalisitika
fəaliyyətinin Abid Tahir tərəfindən araşdırıldığına
diqqət çəkir. O dövrdə Azərbaycanın
başına gələn fəlakətlərə
dünyanın münasibəti bütün
çalarlarıyla Ceyhun Hacıbəylinin
yaradıcılığında görünür. Ceyhun
Hacıbəylinin qardaşı Üzeyir Hacıbəyli ilə
məktublaşmasına yenidən diqqət çəkən
Maarif Teymur bildirir ki, o məktublarda Ceyhun bəyin
ömrünün müxtəlif məqamları ilə
bağlı soraqlar var: "Məlum olur ki, Ceyhun Hacıbəyli
Üzeyir bəyə məktublarında sətiraltı
eyhamlarla müxtəlif məsələlərə işarə
edir, münasibətini bildirir. O, Bakını tərk edərkən
28 yaşında idi. Ceyhun Hacıbəyli Azərbaycanda
olarkən ailə qurduğu həyat yoldaşı ilə
ömrünün axırına qədər yaşayıb.
Onun Timurçin adlı oğlu da olub".
Arxiv
materialları içərisində Ceyhun Hacıbəylinin
xaricdə yaşayarkən xəstəliyi ilə bağlı
həkim tərəfindən yazılan resept nüsxələri
diqqəti cəlb edir: "Mən maraq üçün
fransız dilində yazılmış bu resept nüsxələriini
tərcümə etdirdim. Məlum oldu ki, Ceyhun
Hacıbəyli daxili xəstəliklərdən və ürək
ağrılarından əziyyət çəkirmiş.
Məktublarda barəsində danışılan
Ceyhun Hacıbəylinin ailə qurduğu qadının əslən
qarabağlı olması aydınlaşır. Məktublarında bu məqamla bağlı işarələr
var".
M.Teymur
Hacıbəyovlar nəslinin xalqımız
qırşısında göstərdiyi xidmətlərin
coğrafiyasının geniş şəkildə öyrənilməsinin
vacibliyini vurğulayır: "Təəssüf ki, sovet
dövründə - xüsusilə 20-30-cu illərdə ermənilər
tərəfindən arxiv sənədlərinin müəyyən
mənada yox edilməsi baş verib ki, nəticədə həmin
dövrlərdə bəzi mənbələrlə
bağlı kasadlıq hiss edilir. Bu, bizim bir millət
olaraq bundan sonra arxiv sənədlərinə daha ciddi
yanaşmamızı zəruri edir."
İmzası
soydaşlarımıza yaxşı tanış olan Ramiz
Abutalıbov Azərbaycanın YUHESKO-da nümayəndəsi
olub, bu sahədə dövlətimiz, millətimiz
üçün gərəkli çalışmaları var.
Azərbaycanın mühacirətdə olmuş
tanınmış şəxsiyyətlərinin (Məhəmməd
Əmin Rəsulzadənin, Ceyhun Hacıbəylinin, Əlimərdan
bəy Topçubaşovun və b.) irsinin ölkəmizə gətirilməsində
xüsusi zəhməti olan ziyalılarımızdandır. O,
ötən yüzilin 90-cı illərinin əvvəllərində
Azərbaycan Demokratik Cümhuriyyətinin tanınmış
simaları, ümumiyyətlə, Milli Hökumətin
süqutundan sonra mühacirət etmiş şəxslərlə
bağlı sənədləri Azərbaycana gətirdi.
Uğur
Xalq Cəbhəsi.-
2014.- 12 iyun.- S.11.