Heç yadına düşürəmmi görəsən

 

 

Uzaq yadım, yenə düşdün yadıma,

De hardasan, söylə görüm necəsən?

Xəyallar da daha çatmır dadıma,

Yavaş-yavaş yadlaşırsan deyəsən,

Heç yadına düşürəmmi görəsən?

 

Ürəyimin o əvvəlki odu yox,

Elə dərdlər daşıdı ki adı yox.

Bu baharın, sənsiz vallah dadı yox,

Daha elə ətir saçmır yasəmən,

Heç yadına düşürəmmi görəsən?

 

Sən ki məndən belə küsən deyildin,

Hər söz üstdə coşub-əsən deyildin.

Yanılmışam, bəlkə o sən deyildin

O yağışda görüşümə tələsən?

Heç yadına düşürəmmi görəsən?

 

Ən sevimli sözü səndin dilimin,

Unutdunmu sığalını əlimin?

Alırsanmı qoxusunu telimin

Əvvəlki tək yenə əsən küləkdən?

Heç yadına düşürəmmi görəsən?

 

Azım da sən, çoxum da sən demişdim,

Ən doyulmaz yuxum da sən demişdim,

Qəlbimdə sən, ruhumda sən demişdim,

Dəyişmədim, həmənkiyəm, həmənəm,

Heç yadına düşürəmmi görəsən?

 

Aramızdan nələr, nələr keçsə ,

Ağlar-gülər xatirələr keçsə ,

Aylar, illər, qərinələr keçsə

Gəl, yolunu gözləyirəm yenə mən...

Heç yadına düşürəmmi görəsən?

Heç yadına düşürəmmi görəsən?...

 

 

 

İşkəncə

 

 

 

Bu isti yay səhəri

tərk elədim

sənli xatirələrlə dolu bu şəhəri.

Əlim boş,

qəlbim yüklü

sənli anlarımla

Getdim...

Arxama da baxmadım -

səssizcə, sakit...

Qorxdum oyadaram

birgə yaşadığımiz anların

acıli-şirinli xatirələrini

Körpəsini uyudub

gizlicə, astaca

ondan ayrılan ana kimi

getdim...

Qulağimda səsin,

əllərimdə əllərinin hərarəti,

saçlarimda əllərinin izi,

gözlərimdə sevda dənizi,

Ürəyimdə sən adlı dünya...

Bu, vüsaldımi guya?

Həsrətin sonuydumu səncə?

Heç başa düşmədim.

Tək bir şeyi anladım -

Bu görüşdən doğuldu

ayrılıq adlı yeni bir işkəncə...

 

 

 

 

 

Xatirə Xatun

Xalq Cəbhəsi.- 2014.- 13 iyun.- S.15.