“Bakuvi bizim dilimizlə, ruhumuzla
danışır”
Zaur
Şüküroğlu: "Seyid Yəhya bizə əsl bizdən
xəbər verir, pozulmamış, təhrif edilməmiş əsl
bizdən..."
Türkiyədə yaşayan tədqiqatçı,
Ankara Universitetinin doktorantı Zaur Şüküroğlu
(Şükürov) ilə XV əsrdə yaşayan Seyid Yəhya
Bakuvi haqqında söhbət etdik. Onu da xatırladaq ki, tədqiqatçı
"Seyid Yəhya Şirvani və təsəvvüf
anlayışı" adlı dissertasiya üzərində
çalışır. Gənc alim
BayMedia-ya müsahibəsində Bakuvinin şəxsiyyəti
haqqında danışıb. Onunla
bağlı bu günə qədər bilmədiklərimizi
oxuculara çatdırıb. Müsahibəni maraqlı
olduğunu nəzərə alıb oxuculara təqdim edirik:
- Zaur bəy,
Seyid Yəhya Bakuvi şəxsiyyəti haqqında nə deyə
bilərsiniz?
- Seyid Yəhya
Şirvani (Bakuvi) Xəlvətilik təsəvvüf məktəbini
XV əsrdə yenidən sistemləşdirən və
yayılmasına səbəb olan böyük sufi
mütəfəkkirdir. O, Şirvanşahlar dövlətinin
hakimiyyəti altında olan Azərbaycan ərazisində,
Şirvanda yaşayıb, təxminən XIV əsrin
sonlarında Şamaxıda, Şirvanşahlar dövlətinin
ərazisində yaşayan seyidlərlə bağlı işlərə
baxan "Nəqibüləşraflıq" adlı təşkilatın
başçısı, yəni nəqibüləşraf olan
Seyid Bəhaəddinin ailəsində dünyaya gəlib. Qaynaqların əksəriyyətində yaraşıqlı
oğlan olduğu deyilir. Peyğəmbər
nəslindən gələn biri olub. Seyid Yəhya
Bakuvi nüfuzlu və zəngin ailədə doğulub.
Yeniyetmə
çağlarında təsəvvüfə maraq salan Seyid Yəhya
sufilərlə tanış olur. Daha sonra yuxuda Həzrəti Peyğəmbəri
görür, Həzrəti Məhəmməd ona xəlvəti
şeyxi Sədrəddinin yanına getməyi tövsiyə
edir. Şeyxlə görüşdən
sonra var-dövlət, atasının onun üçün arzu
etdiyi hər şey gözündən düşür. Atası oğlunu bu yoldan çəkindirməyə
çalışır, hətta şeyx Sədrəddinə
qarşı əvvəllər qərəzli münasibət bəsləyir.
Ancaq şeyxi tanıyandan sonra özü də
təriqət yolu tutur.
Qeyd etdiyim kimi, Seyid Yəhyanın mürşidi xəlvəti
şeyxi Sədrəddin Xiyavi olub, seyrü sülukunu bu
şeyxin irşadı ilə tamamlayıb. Şeyxinin vəfatından
sonra Şirvanşah I Xəlilullahın da dəvəti ilə
Seyid Yəhya Bakıya gəlib, yüksək hörmət
görüb, burada qurduğu xanəgahında 40 ildən
çox fəaliyyət göstərib. Onun təkyəsinin
sarayın yanında qurulması da Xəlilullah xanın
qayğısı nəticəsində olmuşdu.
Xəlilullah xanın böyük dəstəyi ilə
Seyid Yəhyanın xanəgahı institut mahiyyəti
daşıyıb. Anadoludan çox sayda insan Seyid Yəhyanın
xanəgahına axın etmiş, bunların arasında alimlər
də olmuşdur. Seyid Yəhyanın yolu
İslam dünyasında ən geniş yayılmış təsəvvüf
yollarından biri olub.
Ümumiyyətlə, İslam tarixində əksər
hökmdarların sufilərə qayğı ilə
yanaşmasının kökündə onların xalq nəzərində
böyük dəyərinin olması durur. Bununla
yanaşı, hökmdarların elmə, ədalətə,
haqq sözə meyl etməsi də mühüm rol
oynayırdı. Axı hökmdar da
insandır. Yolunu aza bilər, var-dövlət,
hakimiyyət onu çaşdırar.
Ona görə adil hökmdarlar daim haqq sözü deyən,
düz yol göstərən aqil insanları ziyarət edir, məsləhət
alırdılar. Digər tərəfdən sufilərin,
şeyxlərin cəmiyyətdə tarazlıq
yaratmağı, insanları dünya malına tamahdan, pis
işlərdən çəkindirməyi, qənaətcillik,
səbr, itaət kimi müsbət xislətləri təbliğ
etmələri, yəni bir mənada xalq tərbiyəçisi
olmaları da hökmdarların təqdirini qazanıb.
Seyid Yəhya Şirvaninin Azərbaycan-Türk təsəvvüf
tarixindəki yeri və təsirləri böyükdür. Onun təsəvvüf
təsəvvürünü və fikirlərini nəzərdən
keçirmək, bunlar haqqında elmi izahlar vermək və
bununla yanaşı, onun həyatını,
yaşadığı dövrü, sosial, elmi, tarixi yönlərdən
tədqiq etmək çox vacibdir. Xüsusilə
əsərlərinin əlyazma nüsxələri əldə
edilib incələnməli, dərindən tədqiq edilməlidir.
Mən də bu mənada, müəyyən işlər
görməyə çalışıram. Məqsədim
Xəlvətiyyə təriqətinin ikinci piri qəbul edilən
bu dəyərli elm və irfan xadiminin təsəvvüfi
görüşlərini araşdıraraq, bir əsər
şəklində ortaya qoymaqdır. Elmi
işimdə Seyid Yəhya Şirvaninin Azərbaycan-Türk təsəvvüf
tarixində zirvədə olan şəxslərdən biri
olması, eyni zamanda təsəvvüfi görüşləri
və həyatının xüsusi məqamları, bununla
yanaşı, günümüzdəki təsirləri qeyd ediləcək.
Seyid Yəhya Bakuvi sağlam kökümüz, doğru
düşüncəmiz, zəngin mənəviyyatımız,
tarixi irsimizdir.
O, bizə əsl bizdən xəbər verir, pozulmamış,
təhrif edilməmiş əsl bizdən. Bizim
dilimizlə, ruhumuzla danışır. Yad
fikirlər söyləmir. Zəhərli,
acı fikirlər yox, təmiz, duru, saf və şirin fikirlər
deyir. Onun sistemi və yolu
dövrümüzün insanına uzaq və köhnə gələ
bilər. Əslində o, fikrən, qəlbən,
mənəvi dünyası etibarilə ölümsüzlər
arasındadır. O, insanı aldatmaq üçün məntiq
oyunları qurmur, zahiri-batini bir olan, aldatmayan həqiqətdən
bəhs edir. Fitrətimizdən, daxili aləmimizdən
xəbər verir. Ruhumuzu, qəlbimizi və
düşüncəmizi təmizləmə, saflaşdırma
yollarını göstərir. Hərislikdən,
kinlərdən, nəfsani həvəs və arzulardan,
düşmənçiliklərdən xilas olma
yollarını göstərir. Bəşəriyyət
üçün faydalı, xeyirli, düzgün fərdlər
olmağımızı istəyir. Halal yeməyi,
doğru danışmağı, düzgün işgörməyi
nəsihət edir. Məhəbbət,
hörmət, şəfqət, yardımlaşma və səmimiyyət
təlqin edir. Ruhumuzun mənəvi şifrələri
onun sözlərində gizlidir. Onun fikir
dünyasına səyahət etmək, arzu etdiyi məhəbbət
dünyasını tanımaq üçün onun aləminə
girmək lazımdır. O, bizə şərh etdiyi
dünyagörüşü ilə bizi əslimizə dönməyimiz
üçün səsləməklə yanaşı,
bütün bəşəriyyətə qurtuluş müjdələri
göndərir.
- Bakuvini
mənəvi irsinin tanıdılması üçün nə
etmək lazımdır?
- Seyid Yəhya şəxsiyyətinin tanınması və
onun düşüncələrinin bilinməsi, qeyd etdiyim kimi,
birinci növbədə onun əsərlərinin tədqiqindən
keçir. Məlumat üçün deyim ki, Seyid Yəhyanın
əsərlərinin əlyazma nüsxələri daha
çox Türkiyə kitabxanalarında qorunmaqdadır.
Bu kitabxanalar arasında İstanbuldakı Süleymaniyyə
Kitabxanası, Nuru osmaniyyə Kitabxanası, İstanbul
Universiteti Kitabxanası və Millət Kitabxanası ilə
Manisa Xalq Kitabxanası önə çıxan başlıca
kitabxanalardır. Azərbaycanda isə Seyid Yəhyanın
əsərlərinin əlyazmalarını AMEA Əlyazmalar
İnstitutunda görmək mümkündür. Seyid Yəhyanın əsərlərinin çoxu
farscadır. Ərəb dilində də
yazıb. Onun bilinən əsərləri
arasında Azərbaycan türkçəsində yazılan
bir əsər var. Bu, Şəfaul-Əsrar adlı əsəridir.
Ancaq demək olmaz ki, bu əsər Seyid Yəhyanın
Azərbaycan türkçəsində yazılan yeganə əsəridir.
Bu, böyük və yersiz bir iddia olar. Çünki elm inkişaf etdikcə və tədqiqatlar
davam etdirildiyi müddətcə kitabxanalarda, eləcə də
şəxsi kitabxanalarda həbs edilmiş çox əlyazmaları
işıq üzü görəcək. Kim bilir, bəlkə
də məhbus əlyazmalarının bəziləri də
Seyid Yəhyaya aid bilinməyən əsərlərdir. Ona
görə də düşünürəm ki, Seyid Yəhyanın
Azərbaycan türkcəsində yazılmış əsərindən
danışarkən onun, sadəcə, təsbit edilən
(müəyyən edilən, tapılan, bilinən) əsərləri
arasında ana dilimizdə yazılmış bir əsərinin
olduğunu söyləmək daha doğru olacaq.
Məlumat üçün qeyd edim ki, Seyid Yəhya
haqqında Osmanlı mənbələrində Azərbaycan mənbələrindən
daha çox məlumat verilir. Ancaq əlimizdə
olan mənbələrdə verilən məlumatların yetərli
olduğunu söyləmək mümkün deyil. Seyid Yəhyanın həyatının böyük
bir qismi bizim üçün qaranlıq olaraq qalır. Ona görə dəmən tədqiqatlarımda bir tərəfdən
Seyid Yəhyanın həyatı haqqında mövcud mənbələrdə
verilən məlumatları dərindən incələməyə
çalışır, digər tərəfdən, yeni mənbələr
axtarıram.
Ümid edirəm ki, Seyid Yəhyanın həyatının
böyük bir qismini işıqlandıracaq yeni mənbələr
əldə ediləcək. Hələlik biz məhdud
da olsa, mövcud mənbələrdəki məlumatlardan
düzgün istifadə etməyə
çalışmalıyıq. Yeni mənbələrə
gəldikdə, bunu bizim ya da bizdən sonrakı tədqiqatcıların
əldəetməsinin fərqi yoxdur. Mühüm
olan Seyid Yəhya irsinin layiqli tədqiq edilməsidir. Bunun üçün də tələsik,
başdansovdu araşdırmalardan, göstəriş məqsədilə
aparılan tədqiqatlardan çəkinmək lazımdır.
Məqsədimiz Allahın rizası ilə Azərbaycan
tarixinə və mədəniyyətinə xidmət
olmalıdır. Bu məqsədə də
ancaq sanballı araşdırmalarla çatmaq
mümkündür. Anadolu türklərində bir
söz var: "Gec olsun, güc olmasın."
- Bakuvinin
mürşidi kim idi? Ümumiyyətlə
o, əsərlərində özündən əvvəl gələn
hansı sufi və mütəfəkkirlərə
müraciət edib?
- Qeyd
etdiyim kimi, Seyid Yəhya təsəvvüf tərbiyəsini Sədrəddin
Xiyavidən alıb. Bu təriqətin mənsubları,
eləcə də Seyid Yəhya təriqətin qurucusu Pir
Ömər əl-Xəlvətinin müəyyənləşdirdiyi
qaydalara bağlı idilər. Ömər əl-Xəlvətinin
silsiləsi Əxi Mirəm, Hacı İzzəddin Türkmani
vasitəsilə davam edərək Sədrəddin Xiyaviyə,
bu şeyxin vasitəsilə də Seyid Yəhyaya
çatmışdır.
Əslində Bakuvi xəlvətilikdən yeni bir təriqət
çıxara, bu təriqətin öz adı ilə davam edəcək
yeni bir qolunu qura bilərdi. Yəni piri-sani yox, öz
yaratdığı təriqətin piri-əvvəli ola bilərdi. Ancaq bu
addımı atmayıb, bunun özü də bir
böyüklükdür. Lakin xəlvətiliyin
piri-sanisi, piri-əvvəldən daha öndədir. Pir Ömər Xəlvətinin əlimizdə
heç bir kitabı yoxdur. Onun haqqında çox az məlumat var. Bilinən odur ki, Pir Ömər
çox xəlvətə çəkilərək ibadət və
zikirlə məşğul olarmış. Təriqətə
qatqısı təriqətin adı, tacı və xəlvətdə
ikən məşğul olduğu əsmai-səba zikridir.
Təriqətin yerdə qalan bütün
xüsusiyyətləri Seyid Yəhya ilə
bağlıdır.
Onu da qeyd
edim ki, Xəlvətiliyin bir sufi təriqət
kimi təşəkkül tarixində XI əsrdən
başlamış azərbaycanlı sufilər
Əbdülqahir və Şihabüddin Sührəverdilərin
qurduğu Sührəverdiyyə məktəbi mühüm rol
oynayır. Xəlvətiliyin kökü məhz
Sührəverdiyyə məktəbinə gedib
çıxır. Sufilikdə təriqətlər
zəncir kimi bir-birinə bağlanır. Əzəl
kök Məhəmməd peyğəmbərdir. Peyğəmbər İslamın, onun səhabələri
isə təsəvvüfün banisidir. Xəlvətiliyin
kökü Həzrəti Əliyə dayanır.
Ümumiyyətlə,
Seyid Yəhyanın əsərlərinə nəzər salanda
onun Həkim ət-Tirmizi, Əbu Talib əl-Məkki,
Əbdülkərim Qüşeyri, İmam Qəzali, Fəridüddin
Əttar kimi məşhur sufi və təsəvvüf klassiklərinin
əsərlərindən də istifadə etdiyi anlaşılır.
Seyidin Mövlanə Cəlaləddin Rumiyə isə
xüsusi bir məhəbbətinin olduğunu görmək
mümkündür. Seyid Yəhya da
Mövlanə Cəlaləddin Rumi kimi məktəb sahibi,
üstün şəxsiyyətdir.
Düşüncələrinin ifadə gücü, ədəbi
şəxsiyyət olaraq Mövlanə, təbii ki, fərqlidir. Bu iki mütəfəkkirin
mənəvi dünyası və düşüncəsistemləri
eynidir. Amma yayılma və yetişdirdiyi
mühüm şəxsiyyətlər baxımından Bakuvinin
məktəbi Xəlvətilik Mövləvilikdən daha
geniş yayılmışdır. Türk-İslam
dünyasında ən çox yayılan sufi
məktəbi Xəlvətilik olmuşdur. Dünyanın
müxtəlif ölkələrində Xəlvətilik məktəbinin
izləri mövcuddur.
- Zaur bəy,
ümumiyyətlə, Seyid Yəhya Bakuvinin yaydığı xəlvətiyyə
cərəyanının ideoloji bazasında nə dururdu?
- Hər
dinin bir mistik yönü olduğu kimi, İslam dininin də
mistik yönü var. İslamın mistik yönünə təsəvvüf
adı verilmişdir. İslamın daxilində
daşıdığı mistik-mənəvi yön, mütəsəvviflər
tərəfindən daha da dərindən dərk edilmiş,
onların həyat tərzində və dilində ən
gözəl ifadəsini tapmışdır. Bu ifadə tərzi
İslamiyyətlə yeni tanış olan
bir çox insana İslamın digər ifadə tərzlərinə
görə daha cazibədar görünmüşdür.
Dinini dəyişən bir cəmiyyətin və ya ihtida
edən bir insanın öz kültüründən tamam qopa
bilməməsi sosioloji həqiqətdir. Bir cəmiyyət
nə qədər üstün mədəniyyət səviyyəsinə
çatsa da, əsrlər boyu davam edən yaşayış tərzini,
düşüncəsini və əqidəsini birdən-birə
fəda edib onlardan uzaq qala bilməz. Türklərin
İslam mədəniyyəti dairəsinə daxil olması da
belə olmuşdur.
İslam dini və mədəniyyətinin cazibəsindən
başqa əski türk dini əqidələrinin bu dinə
yaxın ana qaydalara sahib olması və İslamiyyətin
türk ruhuna hər hansı bir dindən daha çox uyğun
gəlməsi İslamın türklər arasında
yayılmasını asanlaşdıran səbəblərin
başında gəlir.
Türklər İslam kültür mühitinə daxil
olduqları dövrdən etibarən tamam rəsmi və ənənəvi
İslam anlayışını mənimsəmələrinə
baxmayaraq, əsas etibarilə Həzrəti Məhəmməd
və Əhli Beyt sevgisini ön planda tutan sufilik cərəyanının
güclü təsiri altında olublar.
Türklər İslamiyyəti təsəvvüf qəlibi
içərisində tanıyıb, bəyənib və qəbul
ediblər. Bunda İslamiyyəti yumşaq bir ruh və məna
ilə öyrədən sufilərin rolu böyük olub.
Beləcə, türklər qısa müddətdə
İslamın təsəvvüf yönünü həzm edərək
öz aralarından təsəvvüf piri çıxara biliblər.
Bəzi təriqətlər türklərin
yaşadığı coğrafiyada ortaya
çıxmış və onlar tərəfindən müsbət
qəbul edilmişdir. Bunlardan biri də Xəlvətiyyə
təriqətidir. Bu təriqət türklərin
getdiyi, demək olar ki, hər yerə yayılmış və
onların həm İslamiyyəti idrak tərzi olmuş, həm
də İslamı ifadə tərzi kimi də həyatlarında
mühüm rol oynamışdır.
Sufilikdə təriqətlər silsilə adlanan mənəvi
zəncirlə bir-birinə bağlanır. Silsilənin ən
başında Məhəmməd peyğəmbər durur.
Peyğəmbərdən sonra onun yaxın
yoldaşlarından, yəni səhabələrdən biri
olmalıdır ki, bu da başlanğıc kimi qəbul edilir.
Xəlvətiliyin başlanğıcında Həzrət
Əli dayanır.
Burada "xəlvət" və "xəlvətilik"
sözlərini də açıqlayaq. "Xəlvət"
sözü Azərbaycan dilində ümumişlək bir
sözdür. Amma buradakı mənası
bir qədər fərqlidir. Leksik mənası "tənhalıq,
yalqızlıq, təkbaşınalıq" olan bu kəlmə
sufi dilində dərvişlərin təkyə,
ya da məscid kimi məkanlarda şeyxin izni ilə balaca
hücrələrə çəkilərək, daxili
saflaşmaya nail olmaq üçün, ümumiyyətlə,
qırx gün müddətində dünyəvi
düşüncələrdən tamamən ayrılaraq ibadətlə
məşğul olmasıdır.
Dərvişlər
burada çox az qida qəbul edər, az
yatar və vaxtın çoxunu ibadət, zikir və təfəkkürlə
keçirərlər. Çilə və ərbəin
də adlandırılan bu prinsipin Xəlvətiyyə təriqətində
ciddi tətbiqinə riayət edilirdi. Təriqətin
qurucusu Pir Ömər xəlvət həyatını çox
sevər, üzlətə çəkilib ibadət və
zikirlə məşğul olmaqdan böyük zövq
alardı. Buna görə də o, Xəlvəti
nisbəsini aldı, qurduğu təriqətə də Xəlvətiyyə
təriqəti deyildi.
Xəlvətiyyə təriqəti XIV əsrdə Azərbaycanın
mənəvi mühitində doğulmuş xüsusi və
böyük bir irfani məktəbdir.
Xəlvətiyyə ən çox qola və şöbəyə
ayrılan təriqət kimi tanınır. Dediyim kimi, bu
təriqətin qurucusu Pir Ömər əl-Xəlvətidir,
Seyid Yəhya Şirvani isə təriqətin mücəddidi,
ikinci piri kimi qəbul edilir. Seyidə qədər
məhəlli xarakter daşıyan Xəlvətilik onun ətrafa
çoxlu xəlifə göndərməsilə daha geniş
coğrafiyaya yayılıb. Bu bölgə də intişar edən təriqətlərdən
türklər arasında ən çox yayılanı da Xəlvətiyyə
təriqətidir. Xüsusilə də Seyid Yəhyadan
sonra bu təriqət, demək olar ki, tamamilə bir türk təriqəti
hüviyyətinə bürünmüşdür. Görünür, türklər üçün Xəlvətiliyin
cazibəsi digər təriqətlərdən daha çoxdur.
Seyid Yəhyadan etibarən bu təriqətin, demək
olar, bütün qollarının və şöbələrinin
şeyxləri türk olub.
Xəlvətilikdə nəfsin pislikdən və
günahlardan təmizlənməsi əsasdır. Bunun yolu da
dillə, qəlblə və ruhla edilən zikirdir. Xəlvətiliyin kökündə insanların
Allaha yaxınlaşması, insanlar arasında mənəviyyatın
yüksəldilməsi, pisliyin aradan qaldırılması, əxlaqın
cəmiyyətdə ön plana keçməsi dayanır.
Salik davamlı olaraq nəfsinə müxalif
olmalı, ona qarşı mübarizə aparmalı, hər
cür bəla qarşısında səbr etməli, var olanla
kifayətlənməli, şikayətdən uzaq
durmalıdır.
Bütövlükdə
təsəvvüfdə əhəmmiyyət verilən az yemək, az danışmaq, az yatmaq, inziva,
zikir, fikir, şeyxə qəlbən bağlı olmaq prinsiblərinə
Xəlvətilikdə həssaslıqla riayət olunur. Müşahidə mərtəbəsinə
çatmaq üçün mücahidə şərtdir.
Bu təlim tolerantlığa önəm verir,
elmi təbliğ edir, milli-mənəvi dəyərləri
qorumağa, ictimai dəyərləri inkişaf etdirməyə
əhəmiyyət verir.
Əslində sufilik, xüsusilə də Xəlvətilik
insanların bir çoxunun düşündüyü kimi
gizli bir məktəb, özünə qapanma deyil, onun çox
fərqli yönləri vardır. Sufilik eyni zamanda ictimai
bir sistemdir. Cəmiyyətin hər təbəqəsinə
nüfuz edib təlim verən, müəyyən mənada tərbiyələndirən
pedaqoji bir məktəbdir. Sufilər bir
çox hallarda intellektual təbəqəyə mənsubdurlar,
sosial-ictimai həyatda aktiv şəkildə fəaliyyət
göstərirlər.
Onlar cəmiyyətdə yaşayan sülhsəvər,
tolerant insanlardır. Onların fəaliyyətlərinin öyrənilməsi
vacibdir. Tədqiqatlar göstərir ki, sufi
cərəyanına mənsub olan insanlar cəmiyyətə
yaxşı nümunə olublar. İctimai həyatda
tolerantlığı, insanların bir-biri ilə yaxşı
davranmasını, dinlərarası hörməti təbliğ
ediblər. Seyid Yəhya Bakuvinin təlimi həm
də bir fəlsəfi məktəbdir. Bu
fəlsəfəyə dünyamızın çox
ehtiyacı var.
Bu gün dünya dostluğa, sevgiyə, barışa, mənfəətdən
uzaq münasibətlərə, yardımlaşmağa
möhtacdır. Bu o demək deyil ki, sufilər o dönəmdə
bütün bunların hər birinə nail ola
bilmişdilər. Amma bu təlimi təbliğ
edənlər ən azından yaşadıqları mühitdə
müsbət ab-hava yarada bilirdilər.
Bu təriqətin
bir çox qolu bu gün Türkiyədə, İraqda,
Suriyada, Şimali Afrika ölkələrindən Misirdə,
Liviyada, Əlcəzairdə, Tunisdə, Balkan ölkələrində,
Hicazdan Hindistana qədər olan bölgələrdə fəaliyyətlərini
davam etdirirlər. Avropa və Amerika ölkələrinin
də bir çoxunda, o cümlədən İtaliyada, Kanadada,
Argentinada, Braziliyada xəlvəti təkyələrinin
olduğu bilinir. Azərbaycanda isə Xəlvətiyyənin
bu gün davam etdiyini demək çətindir.
Sufilik bu gün Qərb insanına çox cəzbedici
görünür. Həzrəti Mövlananın "Məsnəvi"si
bir çox Qərb dillərinə tərcümə edilib.
-
Bildiyimiz qədər onun Osmanlı imperiyasında gedən sufi hərəkatına böyük təsiri
olub. Bu barədə fikirlərinizi bilmək maraqlı
olardı...
-
İslam tarixində sufi mütəfəkkir-övliyalar
çox olub. Amma özündən sonra məktəb
qoyub gədənlər azdır. Seyid Yəhya
Şirvani "Qurani-Kərim"ə və hədislərə
çox bağlı olub, təliminin bünövrəsini bu
müqəddəs mənbələr əsasında
formalaşdırıb. Onun təlimi
çox yayılıb, çünki yolu doğru yol olub.
Əsasən əhli-beytə mənsub olan
mütəfəkkir İslamdan xaric bir istiqamət almayıb.
Bunları əməlində,
davranışlarında qoruyub saxlayıb. Yanına
gələnlər sözü, niyyəti və əməli
bir olan bu insandan elm öyrənərdi, irfan alardı. Minlərlə insan onun təlimi əsasında dərs
alıb, onlardan 360-a qədəri xilafət alaraq getdikləri
yerdə bu məktəbi tədris etməyə səlahiyyət
qazanıblar.
Azərbaycanda son əsrlərdə sufizmin, eləcə
də xəlvətiliyin ictimai dəyərləri unuduldu və
ya yanlış izah edildi. Bir sistem kimi inkişaf
edə bilmədi. Bu mərhələdən
sonra xəlvətiliyin daha çox Osmanlı
coğrafiyasında həyatını davam etdirdiyini
görürük.
Seyid Yəhyanın
"Vird-i Səttar" adı ilə tanınan övrad və
əzkar (dua) kitabı əsrlər boyu Osmanlı hakimiyyəti
altında olan Anadolu, Balkanlar, Yaxın Şərq və
Şimali Afrika coğrafiyasında oxunan, tərcümə və
şərh edilən bir əsərdir. Bu əsər,
indi də qeyd etdiyim mühitlərdə oxunmaqdadır. Seyid Yəhyanın ən məşhur və ona əsas
şöhrətini qazandıran əsəri də "Vird-i Səttar"ıdır.
Seyidin
Osmanlı coğrafiyasına təsiri onun əsərləri
ilə yanaşı, ilk xəlifələrindən və məşhur
tələbələrindən olan Məhəmməd Bəhaəddin
Ərzincani, Dədə Ömər Rövşəni, Həbib
Qaramani kimi davamçıları və bunların tələbələri
vasitəsilə olmuşdur. Məhəmməd Bəhaəddin
Ərzincani və Dədə Ömər Rövşəni,
şeyxləri Seyid Yəhya kimi hökmdarlar arasında da mənəvi
nüfuza sahib şəxsiyyətlər idi. Misal
üçün, deyim ki, 1473-cü ildə Ağqoyunlu
hökmdarı Uzun Həsən ilə Osmanlı
hökmdarı Sultan Mehmed Fateh arasında baş vermiş
Otluqbeli savaşından sonra iki hökmdar arasında
barış müqaviləsinin imzalanmasında Ərzincaninin
böyük rolu olmuşdur.
Mənim Seyid Yəhya Şirvani
yaradıcılığı ilə ilk
tanışlığım da Ərzincani vasitəsilə
olub. Belə ki, Seyid Yəhya haqqında ilk məlumatları
Ərzincani haqqında hazırladığım magistr işi
üzərində çalışarkən əldə etdim.
Daha sonra Diyanət İslam Ensiklopediyasında
Ərzincani haqqqında nəşr edilmiş yazını da
yazmaq mənə qismət oldu.
Ərzincani Anadoluda fəaliyyət göstərən ilk
xəlvəti şeyxlərindən biri kimi tanınır. Xəlvətiyyənin
Osmanlı paytaxtına qədər yayılmasında
Ərzincaninin xidməti böyükdür. Çünki Xəlvətilik İstanbula ilk dəfə
onun Çələbi Xəlifə kimi tanınan ən məşhur
tələbəsi Camali Xəlvəti tərəfindən II
Bayəzid dövründə gəlib. Bu
hadisələr Seyid Yəhyanın Osmanlı dövlətindəki
təsirini artıran proseslər olub.
Demək olar dünyada ən geniş yayılmış
təsəvvüf məktəbi Seyid Yəhya Bakuviyə məxsusdur. Onun
Bakıdakı bir institut mahiyyəti daşıyan xanəgahına
Anadoludan 40-a yaxın alim gəlib, Bakuvinin məktəbini
öyrənib öz vətənlərinə qayıdıb,
orada bu məktəbi qurublar. Fateh Sultan
Mehmetdən I Əbdülhəmidə qədər bir çox
Osmanlı padşahı Bakuvi yolunun bağlıları olublar.
Xəlvəti ədəbiyyatı da var. Seyid Yəhya
Bakuvi nəsr və nəzmlə çoxlu əsər
yazıb. Sufi ədəbiyyatının bir
hissəsi xəlvəti dərvişlərinin qələmindən
çıxıb.
Xəlvətilərin ədəbiyyatımıza
qazandırdığı çox zənginliklər var. Məsələn,
Niyazi Misri Osmanlı divan ədəbiyyatının
sayılıb-seçilən şairlərindən biridir. Yaxud Seyid Yəhyanın
adını çəkdiyim, məhhur xəlifələrindən
Dədə Ömər Rövşəninin tələbəsi
Bərdə əsilli İbrahim Gülşəni. Sultan
Yaqubun müəllimi olub, Uzun Həsənin sarayında
çalışıb, ancaq sufi olduqdan
sonra dövlət işlərindən uzaqlaşıb. Qanuni Sultan Süleyman onu İstanbula gətirib,
çox ehtiramla yanaşıb ona. Gülşəninin
Mövlanaya nəzirə kimi yazdığı "Məsnəviyi-Mənəvi"
adlı 40 min beytlik bir əsəri var. Belə misallar
çoxdur. Bunlar ədəbiyyat tarixi
üçün də zəngin qaynaqdır.
Seyid Yəhya haqqında Osmanlı mənbələrində
Azərbaycan mənbələrindən daha çox məlumat
verilməsi və onun əsərlərinin əlyazma nüsxələrinin
daha çox Türkiyə kitabxanalarında olması da Seyidin
Osmanlı coğrafiyasındakı təsirindən xəbər
vərir.
- Zaur bəy,
biz Seyid Yəhya Bakuvini lazımi səviyyədə dünya səviyyəsində
tanıtdıra bilmişikmi? Bakuvini tanıtmaq
bizə nə verə bilər?
- Bu sahədə
irimiqyaslı tədqiqatlar təəssüf ki, ancaq son
dövrlərdə aparılmağa başlanılıb. Bu mənada, Qafqaz Universitetinin müəllimi hörmətli
Mehmet Rıhtımın əməyini qeyd etmək istərdim.
O, Seyid Yəhya və Xəlvətilik haqqında Azərbaycanda
dissertasiya işi üzərində işləyərək
2005-ci ildə Bakıda nəşr etdirib. Mənim
bu kitab haqqında yazdığım bir məqalə 2008-ci ildə
İstanbulun Mərmərə Universitetinin ilahiyyat fakültəsinin
dərgisində çap edildi.
Məqsədim Mehmet Rıhtımın bu əsərini
Türkiyənin elmi ictimaiyyətinə tanıtmaq idi. Məqaləmdə
də qeyd etdiyim kimi, bu çalışma o günə qədər
aparılmış ən geniş tədqiqatdır. Buna baxmayaraq, əsərdə gözdən
qaçan nöqsanlara da rast gəlmək mümkündür.
Mən də məqaləmdə bu cür
nöqsanların bir neçəsini elmi üslub çərçivəsində
qeyd etdim. Mehmet bəylə indiyə qədər
heç vaxt qarşılaşmamışıq. Məqaləm dərc edildikdən sonra ortaq bir
tanışımız vasitəsilə yazımı
oxuduğunu, tənqidlərimin yerində olduğunu söylədiyini
eşitdim və anlayışlı baxışına görə
çox sevindim.
Azərbaycanda,
Qafqaz Universitetində Seyid Yəhyanın bir az əvvəl də
qeyd etdiyim "Şəfaul-Əsrar" adlı əsəri
üzərində Mirrəşidə Kazımi tərəfindən
hazırlanmış magistr işini də qeyd etmək istərdim.
Daha sonra Mehmet Rıhtım adı çəkilən
əsəri sadələşdirərək Bakıda və
İstanbulda çap etdirdi. Bu
çalışmalar əsərin tanıdılması isitqamətində
böyük xidmətlərdir. Ancaq təəssüf
ki, adı çəkilən əsərin bu gün əlimizdə,
sadəcə, bir əlyazma nüsxəsinin olması elmi tənqidi
nəşrinin gerçəkləşdirilməsini
imkansızlaşdırır.
Ümid edirəm ki, əsərin gələcəkdə
bir və ya bir neçə yeni nüsxələri
tapılacaq və elmi tənqidi nəşri də
hazırlanacaq.
Mehmet Rıhtımın Seyid Yəhya haqqında
nəşr etdirdiyi məqalələri də var. Ondan əvvəl
Azərbaycanda Seyid Yəhya haqqında alimlər tərəfindən
müəyyən işlərin görüldüyünü
söyləmək mümkündür; ancaq bunlar demək olar
ki, kiçik miqyaslı tədqiqatlardır. Belə tədqiqatların
müəllifləri kimi Abbasqulu Ağa Bakıxanovun, Firidun Bəy
Köçərlinin, Əliəjdər Seyidzadənin, Məşədixanım
Nemətin və Azadə Musayevanın adlarını çəkmək
olar.
Türkiyədə isə Seyid Yəhya Şirvani
araşdırmalarına cığır açan tədqiqatçı
Mehmet Əli Aynidir. O, İstanbul Darülfünunun professoru ikən 1921-ci
ildə Bakıya da gəlmişdir. Bakıda olduğu müddətdə
burada mədəniyyət sahəsində görülən
işləri İstanbula qayıtdıqdan sonra qələmə
aldığı bir məqaləsində yüksək qiymətləndirən
Ayni Seyid Yəhyanın layiqincə tanınmadığına
da şahid olmuş, bu səbəblə Seyid Yəhyanın
tanıdılması işinə girişmiş, onun
haqqında oxuduğu bir mühazirənin xülasəsi daha
sonra 1923-cü ildə Bakıda çıxarılan
"Maarif və Mədəniyyət" dərgisinin 6-cı
sayında da nəşr edilmişdir.
Mehmet Əli Ayni türklərin ən böyük
mütəfəkkir və alimlərindən biri kimi qəbul
etdiyi Seyid Yəhya Şirvaninin həyatını tezliklə
yazmağa başlayacağının müjdəsini də
vermişdir. Ancaq onun 1923-cü ildə İstanbulda nəşr
etdirdiyi "Şəyh-i Əkbəri Niçin Səvərim"
adlı əsərində söz açdığı bu
monoqrafiyanı yazıb-yazmadığı təəssüf
ki, məlum deyil. Mənim fikrimcə, Ayni
Bakıda gördüyü işləri İstanbula
qayıtdıqdan sonra da davam etdirmək məqsədilə əlindəki
yazıları daha da genişləndirərək belə bir əsər
yazmaq istəyib. Mehmet Rıhtım Ayninin
bu əsəri yazmasına ömrünün vəfa etmədiyini
söyləsə də, bu məlumatı hansı mənbədən
aldığını qeyd etmir.
Ancaq Ayninin 1945-ci ildə vəfat etdiyini nəzərə
alsaq, Rıhtımın görüşünün zəif bir
ehtimal olduğunu görərik. 1923-cü illə 1945-ci il arasında 22 il var. Bu da bir şəxsiyyətin
həyatının yaxşı-pis yazılması
üçün yetərli bir ömürdür. O zaman Ayni ya
müəyyən səbəblərə görə başqa
tədqiqatlara yönəldiyi üçün bir daha bu
mövzuya qayıtmaq imkanı tapa bilməmiş, ya da
yazmış, ancaq əlyazma şəklində qalan əsər
ya yox olmuş, ya da hardasa işıq üzü görməyi
gözləyir. Ümid edirəm ki, sonuncu
ehtimalımız doğru olar və gələcək tədqiqatlar
nəticəsində əsər tapılar. Çünki Ayni kimi görkəmli bir elm xadiminin qələmindən
çıxan bir əsərin Seyid Yəhya irsinin tədqiqinə
böyük fayda verəcəyi şübhəsizdir.
Türkiyədə Seyid Yəhyanın əsərlərinin
tanıdılması istiqamətində əvəzsiz xidməti
olan digər bir görkəmli alim də Əhməd Atəşdir. O, İstanbulun Universitet və
Nuruosmaniyyə kitabxanalarında qorunan farsca mənzum əsərlər
haqqında mükəmməl bir kataloq çalışması
hazırlayıb. Bu işində Seyid Yəhyanın
adı çəkilən kitabxanalardakı əsərlərinə
də kifayət qədər yer ayırıb. 1966-cı ildə vəfat edən Əhməd Atəşin
bu çalışması ölümündən sonra 1968-ci
ildə İstanbulda nəşr edilib. Azərbaycanda
Azadə Musayeva 1985-86-cı illərdə Seyid Yəhyanın əsərləri
haqqında dərc etdirdiyi məqalələrində daha
çox Əhməd Atəşin bu
çalışmasında verdiyi məlumatlardan istifadə
edib.
Bundan başqa, Türkiyədə Seyid Yəhya
haqqında araşdırmalarıyla tanınan və eyni zamanda
Seyidin bir çox farsca əsərlərini də Türkiyə
türkcəsinə çevirən mərhum Hasan Almazı rəhmətlə
yad etməliyik. Bu tərcümədə hər nə qədər
müəyyən səhvlərə yol verilsə də, Hasan
Almazın xidmətləri hər zaman qeyd edilməlidir. Çünki Seyid Yəhyanı unudulmuşlar
arasından çıxarma işində onun da haqqı var.
Bu arada
maraqlı bir şeyi də qeyd etmək istəyirəm ki,
Seyid Yəhya irsinin tədqiqatı, eləcə də Azərbaycan
mədəniyyəti tarixində Anadoludan Azərbaycana gələn
iki Mehmetin öz yerləri var. Bunlardan biri XX əsrin əvvəllərində
Seyid Yəhyanı Azərbaycanda unudulmaqdan qurtarmağa
çalışan Mehmet Əli Ayni, digəri də XXI əsrin
əvvəllərində Azərbaycanda eyni amal
üçün çalışan Mehmet Rıhtım. Bu mənada,
ikisinin də xidmətləri təqdirəlayiqdir. Sevinirəm ki, Seyid Yəhya Şirvani yolunun əmanətdarı
olan Anadoluda Seyid Yəhya irsinə xidmət etmək əsrimizdə
bir azərbaycanlı kimi mənə də qismət olub.
Ancaq hörmətli Mehmət Rıhtımın,
bu mənada, məndən daha şanslı olduğunu söyləyə
bilərəm.
Çünki
o, Azərbaycanda Seyid Yəhyanın həmvətənlərindən,
nəvələrindən gördüyü dəstək sayəsində
xeyli iş görə bilib; bu da onu göstərir ki, Azərbaycanda
Seyid Yəhyanın adı unudulsa da, əməlləri
yaşadılıb. Seyid Yəhyanın Anadoludan
elm və irfan üçün ona pənah gətirən
insanlara necə sahib çıxdıbını mənbələr
xəbər vərir. Sevindirici zaldır
ki, Seyid Yəzyanın bu yolunu onun zəmvətənləri bu
gün də davam etdirirlər. Mən isə Seyid Yəzyaya
mənəvi cəzətdən borclu olan Anadoluda onun bir nəvəsi,
zəmvətəni kimi zeç bir dəstək görmürəm;
vaxtilə Türkiyənin bir dövlət qürumundan
göstərilən dəstək də bu qurumdakı bəzi
qüvvələrin Azərbaycana qarşı qərəzli
münasibətləri səbəbilə zeç bir səbəb
göstərilmədən yarımçıq kəsildi.
Hətta Azərbaycanın İstanbuldakı
Başkonsullubunun rəsmi etirazı belə dəstəyin bərpasını
təmin edə bilmədi. Bu, qardaş Türkiyədə
Azərbaycana qarşı mənfi münasibətdə olan bəzi
şər qüvvələrin mövcudluğunun bariz
nümunəsidir. Çünki onlara Azərbaycana
sadiq olan azərbaycanlılar yox, onların çirkin məqsədlərinə
xidmət edəcək "azərbaycanlılar"
lazımdır. Belə münasibət bir
zamanlar yetişdirdiyi Anadolulu tələbələri ilə bu
diyarı işıqlandıran Seyid Yəhyaya qarşı
Türkiyədəki bəzi dairələrin vəfasızlığının
göstəricisidir və eyni zamanda onun vətəninə,
yetişdiyi torpaqlara qarşı hörmətsizlikdir. Bütün çətinliklərə baxmayaraq,
dissertasiya işimi davam etdirirəm, başa çatdırmaq
qismət olar, inşallah.
Əsas mövzumuza qayıtmaq istəyirəm; Azərbaycan-Türk-İslam
mədəniyyətinin yetişdirdiyi ən mühüm şəxsiyyətlərdən
biri olan Seyid Yəhya Şirvani həyatı boyu və
ölümündən sonra bir çox insana və cəmiyyətə
təsir etmiş böyük bir mütəfəkkir və
mütəsəvvifdir. İslam coğrafiyasında Seyid Yəhya qədər
hörmət və məhəbbət qazanan çox az insan var. Onun mənəvi irsinin dərindən
tədqiq edilməsi ona qeyri-islam coğrafiyalarında da eyni məhəbbəti
qazandıracağını düşünürəm. Çünki Seyid Yəhya fəlsəfəsinin mərkəzində
insan dayanır.
Seyid Yəhya Şirvani mədəniyyət tariximizin ən
böyük simalarından biridir. Yalnız böyük bir mütəfəkkir,
bir təriqət lideri, dərin bir sufi, ətraflı
bir alim deyil, eyni zamanda mədəniyyətimizin
yaxınlaşdırıcı və birləşdiricisi, dərin
ruh və könül adamıdır. Azərbaycanda
böyük məktəb açmış, onu bütün
dünyaya yaymış insana laqeyd qalmaq ciddi nöqsandır.
Seyid Yəhya Bakuvi dərsliklərə
salınmalı, həyatı və
yaradıcılığı öyrənilməlidir.
Seyid Yəhyanın mədəniyyətimizə təsiri
o qədər böyükdür ki, onu yaxşıca
tanımadan mədəniyyət tariximizin önəmli bir
bölümünü anlamaq mümkün olmayacaq. Bu, elmi həqiqətdir.
Bu mənada, YUNESKO-nun 2013-cü ili Seyid Yəhya
Bakuvi (Şirvani) ili elan etməsi təqdirəlayiqdir. Çünki bu, sadəcə, Seyid Yəhyanın
yox, eləcə də Azərbaycanın və Azərbaycan mədəniyyətinin
dünyada tanıdılması üçün böyük
fürsətdir. Bu çərçivədə
yetərli olmasa da, müəyyən işlər
görülüb və davam edir. 2-4.07.2013
tarixləri arasında Bakıda Beynəlxalq Simpozium/-Konfrans keçirildi.
Ancaq daha sonra öyrəndiyimə görə,
bu konfransda əvvəlcədən hazırlanmış bəzi
elmi məruzələrə ya yer verilməyib, ya da çox
qısa olması şərtilə yer verilib. Əvəzində, rəsmi çıxışlara
istənilən qədər vaxt ayrılıb.
Görünür, bunun səbəbi bu simpoziumun əsas
təşkilatçısının Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
olması olub.
Ancaq maraqlıdır, adı simpozium-/konfrans olan bir tədbirdə
elmi müzakirələrə biganə yanaşılırsa,
belə bir simpoziumun-/konfransın nəticəsi nə ola bilər? Noyabr ayında da
Əskişəhərdə və yenidən Bakıda Seyid Yəhya
Bakuvi və Xəlvətilik simpoziumu hazırlanır.
Bu
simpoziumların əsas məqsədi Seyid Yəhya Şirvanini
tanımaq, onun həyatı, düşüncələri, tələbələri
və əsərləri çərçivəsində
Türk Dünyası, Balkanlar, Afrika və digər bölgələrdəki
izlərini və təsirlərini araşdırmaq, dünyada
təsis etdiyi fikri və sosial irtibatları öyrənmək
və anlamaq olduğuna gorə ümid edək ki,
Bakıdakı birinci simpoziumda çox vaxt verilməyən
elmi müzakirələrə bu iki simpoziumda daha çox vaxt
ayrılsın. Əks təqdirdə, cətin
ki simpozium məqsədinə çata bilsin. İnanıram ki, bu dəfəki simpoziumların təşkilatçıları
universitetlər olduğuna gorə bu simpoziumlarda elmi müzakirələrə
laqeyd yanaşma olmayacaq.
Elnur Eltürk
Xalq Cəbhəsi.-
2014.- 18 iyun.- S.13-14-15.