Efir mədəniyyəti
problemi
Efirə dəvət
olunan adamlar kamera qarşısında məsuliyyət hiss etməlidir
Bir çox hallarda söz azadlığı, fikir
plüralizmi yanlış anlaşılır. Xüsusilə
televiziyalarda söz azadlığı, fikir plüralizmi ilə
bir araya sığmayan anormallıqlara tez-tez rast gəlmək
olur. Əksər proqramlar isə
baxılmalı vəziyyətdə deyil. Çünki
efirə dəvət olunan qonaqlar tamamilə efir mədəniyyətindən
uzaq adamlar olurlar. Mövzu ilə
bağlı müstəqil fikir yürüdə bilmirlər.
Efir etikasına uyğun olmayan nalayiq ifadələr
işlədirlər. Veriliş ərəfəsində
işlətdikləri sözlərə fikir vermirlər.
Xüsusilə də belə hallar canlı
yayımlar zamanı baş verir.
Telekanallar isə bildirirlər ki, canlı efirdə belə
halların qarşısını almaq müşkül məsələdir. Halbuki
televiziyalar qonağı tamaşaçı
qarşısına çıxarmamışdan öncə
onun hansı mədəniyyət sahibinə malik olduğunu
bilməlidir. Çox təəssüf ki,
veriliş efirə getsin deyə hər yoldan ötəni qonaq
qismində verilişlərə dəvət edirlər. Bu isə ilk növbədə,
tamaşaçılara qarşı hörmətsizlikdir.
Hər kəs bilməlidir ki, efirdə nalayiq ifadələrdən
istifadə etmək, vulqar sözlər söyləmək
yasaqdır. Tamaşaçı qarşısına
çıxan hər kəs nümunəvi olmalıdır ki,
seyirçilər də onlardan örnək
götürsün. Ona görə də
ilk növbədə telekanallar efirə kimi
çıxardığını bilməlidir, xalqa
qarşı sayğısızlığa yol verməməlidirlər.
Verilişdə iştirak edən hər bir qonaq
yüksək efir mədəniyyətinə malik olmalı və
bütün etik normalara əməl etməlidir. Nəzərə alsaq ki, şou xarakterli proqramlara
daha çox gənc nəsil baxır, o zaman efir mədəniyyətinə
uyğun olmayan kəlmələrin səslənməsi həmin
gənclərin tərbiyəsinə hansı formada təsir edə
bilər?
Bakı
Dövlət Universitetinin jurnalistika fakültəsinin
professoru, media üzrə ekspert Qulu Məhərrəmli
verilişlərdə nalayiq ifadələrin səslənməsinin
səbəbinin efir mədəniyyətinin aşağı
olması ilə bağlı olduğunu qeyd etdi: "Mənə
elə gəlir ki, efirə dəvət olunan adamlar kamera
qarşısında məsuliyyət hiss etməlidir. Kamera qarşısında olduqlarının fərqinə
varmalıdırlar. Belə olmayanda təbii
ki, bu cür məsuliyyətsiz, ümumi mədəniyyətdən
uzaq, tamaşaçıların əhval-ruhiyyəsinə pis
təsir edən ifadələr işlədirlər. Bunun qarşısını almağın ən
yaxşı yolu odur ki, bu cür adamları proqramlara dəvət
etməsinlər. Ümumiyyətlə,
şou proqramların sayı artdıqca televiziya mədəniyyəti,
ünsiyyət mədəniyyəti bundan zərər çəkir.
Bu cür məişət səviyyəli verilişlər
hazırlayanda təbii ki, tanınmış, özünə
hörmət edən adamlar həmin verilişlərə
getmirlər. Ona görə də məcbur olub o verilişin səviyyəsinə
uyğun adamlar çağırırlar. O adamların
ümumi mədəniyyəti aşağı olur. Təfəkkürləri bəsitdir və təbii
ki, ünsiyyətdə də problemləri olur. Ona görə də bu cür ifadələr səsləndirirlər.
Televiziyada prodüsserlər diqqətli
olmalıdırlar. Bunun
qarşısını almağın yolu budur".
Sosioloq
Əhməd Abbasbəylinin fikrincə, televiziya efirlərində
yayımlanan keyfiyyətsiz verilişlər də gənclərin
düşüncələrinə təsir edir: "Bəzən
olur ki, süni şəkildə düzgün olmayan təbliğat
aparılır. Bu baxımdan əsas məsuliyyət
televiziyaalrın üzərinə düşür. Televiziyalarda yayımlanan şou-biznes, maqazin
verilişləri çox keyfiyyətsiz şəkildə
hazırlanır. Onlar bunu avropalaşmaq
kimi göstərmək istəyirlər. Amma
əslində bu belə deyil. Digər
ölkələrin kanallarında verilişlərin bərabərliyi
qorunub saxlanılır. Günün müəyyən
hissəsi şou-biznes verilişlərinə həsr olunsa da
günün müəyyən hissəsi də ciddi, tərbiyəvi,
siyasi verilişlərə həsr olunur. Amma
bizdə çox təəssüf ki 90% verilişlər əyləncə
xarakterlidir. Bu da gəncləri
düzgün şəkildə istiqamətləndirmir. Ona görə də bizim gənclər
düşünürlər ki, Avropa elə bu deməkdir".
Əhməd
Abbasbəyli avropalaşmanı bu cür təsvir edir:
"Avropalaşma ilk növbədə insanın
özünün dəyərlərinə hörmət deməkdir,
demokratik dəyərlərə hörmət deməkdir, daha
sonra iqtisadi, mədəni, texniki inkişaf deməkdir. İlk növbədə küçədə,
ictimai yerlərdə öz hərəkətlərinə fikir
verməkdir. Bu sürücülərin
davranışında da özünü göstərməlidir.
Çox təəssüf ki, biz hər şeyin
pis tərəfini qəbul etməyə
çalışırıq. Biz bu gün
Avropaya inteqrasiya istiqamətində gedirik, istər geyim tərzi
baxımından, istər texnoloji inkişaf baxımından, və
s. Avropalaşmanı düzgün başa düşən və
düzgün anlayan insanlar bilirlər ki, bu, milli mentalitetin
itirilməsi deyil. Bir çox hallarda
KİV, xüsusilə də televiziyalar Avropanın müsbət
dəyərlərindən çox mənfi dəyərlərini
təbliğ edirlər. Xüsusilə də
bunu şou-biznesin fonunda həyata keçirirlər. Onsuz da dünyanın hər yerində şou-biznesin
özünün eybəcərlikləri var. Amma bunu
bütün Avropaya şamil etmək ki, avropalılar bu cür
yaşayır, bu artıq düzgün deyil. Şou-biznes insanları başqa həyat
sürür, normal insanlar başqa. Şou-biznes
insanlarının həyat tərzini bütöv Avropaya
şamil etmək olmaz. Azərbaycan
xalqının həyat tərzi heç də şou-biznesin həyat
tərzi deyil".
Əhməd Abbasbəyli qeyd edib ki, bu gün efirlərdə
orta məktəbi bitirməyən savadsızlar xalqa əxlaq dərsi
deyir. Bunun
Avropaya heç bir aidiyyatı yoxdur: "15-16 yaşlı gənc
televiziyaya baxanda əxlaqı, tərbiyəsi, savadı, mədəniyyəti
sual altında olan bir insanı gördükdə həmin gənc
də düşünür ki, bu cür həyat tərzi
normaldır. Ekranlarda açıq-saçıq
geyinib gözümüzü yığır edən
insanların Avropa mədəniyyətinə nə kimi
aidiyyatı var? Bunu Avropa mədəniyyəti
kimi qəbul etmək olmaz. Bu barədə
KİV-də güclü təbliğat işi
aparılmalıdır. Avropa mədəniyyəti
Baxdan, Motsartdan, Bethovendən başlamış insani keyfiyyətlərə
dəyər verən mədəniyyətdir".
Jurnalist Fəxriyyə
İkramqızı hesab edir ki, bu gün Azərbaycan televiziya
və radio kanallarında kifayət qədər
çatışmazlıqlara rast gəlmək
mümkündür: "Efir məkanında xaos hökm
sürür, vəziyyət heç də ürəkaçan
deyil. Telekanallarımız cəmiyyətin tələblərinə
cavab vermir. İnsanlar həmin telekanallarda
görmək istədiklərini deyil, əsəbləri bahasına
başa gələn və görmək istəmədiklərini
görürlər. Belə ki, ölkənin
efir məkanında maarifləndirmə xarakterli verilişlərin
sayının azlığı, bəzi kanallarda isə
ümumiyyətlə, olmaması ciddi narahatlıq
doğurmaqdadır.
Telekanallar cəmiyyətin güzgüsü olmalıdır. Cəmiyyətdə baş verən bütün pozitiv və neqativ məsələlər televiziya kanallarında işıqlandırılmalıdır, ictimai müzakirəyə çıxarılmalı və həlli yolları tapılmalıdır. Çox təəssüf ki, buna nadir hallarda rast gəlirik. Son bir neçə aydır ki, dövlət qurumlarının rəhbərləri televiziya kanallarında yayımlanan bayağı verilişləri tənqid edir. Həmin verilişlər dəfələrlə mətbuatda müzakirə obyektinə çevrilib. Lakin bəzi televiziya kanalları edilən tənqidlərdən heç bir nəticə çıxarmırlar. Bu sahədə problemlər azalan tendensiya üzrə yox, artan tendensiya üzrə gedir. Efir məkanında milli-mənəvi dəyərlərimiz lazımınca qorunmur. Maarifləndirici, vətənpərvərlik ruhda olan verilişlər, gənclərin intellekt səviyyəsini artıran proqramlar, debatlar demək olar ki, yox səviyyəsindədir. Telekanallar əsasən şou, əyləncə xarakterli verilişlərə üstünlük verir. Eyni süjet xəttinə malik belə bayağı telelayihələr də içi dayaz, dünyagörüşü zəif olan müğənnilər tərəfindən aparılır. Həmin verilişlərə əksər vaxtlarda musiqi təhsili olmayan insanları dəvət edirlər. Bu isə şou proqramlara meylli olan gənclərin mənəviyyatını korlayır. Belə olan halda musiqini anlayan və musiqi zövqünün korlanmasını istəməyən insanlar belə proqramlara baxmaqdan vaz keçirlər. Müğənnilərin çoxu isə, ümumiyyətlə, efir mədəniyyətinin nə olduğunu bilmir".
Onun sözlərinə görə, efir etikası barədə məlumatı olmayan şou əhlini efirə aparıcı kimi çıxarırlar: "Bu gün televiziya və radio kanallarında peşəkar aparıcı çatışmazlığı var. Jurnalistikadan heç bir anlayışı olmayan və özünə aparıcı deyən bir çoxlarını efirə çıxarırlar. Bəzi aparıcıların nitqində, davranışında, geyimində müəyyən nöqsanlar var. Lakin peşəkar aparıcının nitqində, davranışında, geyimində qüsur olmamalıdır. Aparıcıların əksəriyyətinin dialekt sözlərdən istifadə etməsi, ləhcə ilə danışması artıq adət halını alıb. Nitqlərində loru, kobud ifadələrə yol verirlər. Lakin bunlar hamısı ədəbi dilə ziddir. Televiziya kütləvi informasiya vasitələri içərisində ən çox baxımlı və populyar olanıdır. Televiziya kanallarına baxan adamlar oradakı hər bir sözü, hər bir ifadəni çox ciddi qəbul edirlər. Orada hər hansı bir yanlışlıq ciddi bir rezonans doğurur və daha geniş yayılır. Ona görə də sovet dövründən sonra da özəl telekanalların sayı az olanda telekanallara daha çox səlis danışmağı bacaran, görünüşü fotogenik olan adamlar buraxılırdı. Amma son zamanlar çox təəssüf ki, özəl telekanalların sayı artdıqca, ümumiyyətlə verilişlərin sayı artdıqca bunlara əməl etmək unudulub... Çünki verilişə çağırılan qonaqlar efir mədəniyyətindən uzaq olurlar. Mövzu ilə bağlı müstəqil fikir mübadiləsi apara bilmirlər. Efir etikasına uyğun olmayan ifadələr işlədirlər. Xüsusilə də belə hallar canlı verilişlər zamanı baş verir. Günahı boynundan atmağa çalışan telekanallar bildirirlər ki, canlı efirdə belə halların qarşısını almaq müşkül məsələdir.
Belə proqramlara baxan uşaqlar sabah hansı tərbiyə sahibi ola bilər? Ona görə də zaman-zaman uşaq televiziyalarının yaradılması məsələsi ortalığa atılır. Belə bir kanalın açılmasının vacibliyi tez-tez vurğulanır. Çünki uşaqlarla bağlı cizgi filmlərinin, verilişlərin sayı həddən artıq azdır. Bu baxımdan da belə bir kanalın açılması zəruri hesab olunur. Telekanallarımız illər boyu əldə etdikləri nailiyyətləri zaman-zaman əldən verirlər. Bu baxımdan da kanallarımız tamaşaçı auditoriyasını itirib".
Əli
Xalq Cəbhəsi.-
2014.- 18 iyun.- S.11.