Yəqin dağlar küsüb məndən
Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Məmməd Arazın yaradıcılığında dağ mövzusu mühüm yer almaqdadır. Şairin bu mövzuda yazdığı şeirlərinin əsasını ilkin mifoloji obrazlardan olan dağlara müraciəti təşkil edir. Şeirlərinin mayasında dağ, daş, qaya sərtliyi, mübarizliyi və mətanəti dayanan şairin ilham mənbəyi də, məhz ilkin varlıqlardan biri olan dağlarla bağlı olub. Şairin dağların əzəməti, qüdrəti və insanlarla münasibətinə həsr edilmiş şeirləri içərisində "Şahdağı", "Əlvida dağlar", "Dağlara qar düşdü", "İnsan qayalar", "Bir dağa açıq məktub", "Payız nidası", "Oxuyan Təbriz", "Dağlara çağırış", "Dağlar küsüb", "Durnaları dönməz oldu" və s. daha səciyəvi xarakter daşıyır.
Məlumdur ki, Hun dastanında Oğuz xanın oğullarından birinin adı Dağdır. Mifoloji təsəvvürdə insan olan dağlar Məmməd Arazın xəyalında canlanıb, şair dağlara, daşlara, qayalara tərəfi-müqabil kimi müraciət edib. "İnsan qayalar" şeirində müəllif qayalaşmış babalara, igidlərə, nənələrə üz tutub, onları oyandırmaq, danışdırmaq istəyib. Ancaq qayaların, daşların dilini anlamaq, daş sərtliyini öyrənmək, dağ-daşın xarakterinə bələd olmaq üçün gərək şair özü də qayalaşıb daşlaşaydı:
Bir qayaya söykənmişəm,
deyirəm kaş,
Bax beləcə daşa dönəm
Yavaş-yavaş.
Taleyimi qayaların taleyinə
Bağlayam mən.
Bircə insan düşüncəmi
saxlayam mən.
Daş ayaqlı, daş əlli bir insan
kimi,
Enib daşdan
daşa düşəm.
Qayaların lal dilini başa
düşəm.
Onların daş qulağına
bir daş atam,
Qayaların keçmişini
qayalara xatırladam.
Şair bu qənaətə gəlir ki, ətrafı amansız və hiyləgər düşmən ilə sarılı olan, özündən başqa
kimsəyə sığınmaq
imkanından məhrum
igidlərin yaşaması
daş olmaqla mümkün idi. Daş olmaq
burada möhkəm olmaq, əzəmətli olmaq, mətin olmaq anlamında işlədilib. Xalq dilində
də "daş kimi möhkəmdir" ifadəsi var.
Tarixdən məlumdur ki, oğuz türklərinin torpaqları müntəzəm
olaraq yadelli işğalçıların hücumlarına
məruz qalıb. Hiyləgər düşmən etnik qrupları içəridən
ələ almaqla türklərə daxildən
və xaricdən zərbə vurmağa çalışıb. Məhz
belə məqamlarda türk igidlərinin qaya kimi sərt,
dözümlü olmaları
onların qalib gəlmə şansını
artırırdı:
Deyəm:- Bir vaxt insan oğlu
İnsan olub bu qayalar.
İnsanların nərəsindən
Doğulub bu qayalar.
Nər igidlər düşmən
üstə gedən zaman,
Babalar da baş qaldırıb
yer altından,
Qaya kimi - dayaq olub,
Yumruq olub, ox olublar.
Qayadöşlü qəhrəmanlar
Qayalıqda yox olublar.
Bu torpağın taleyində
o da elə bir
gün idi,
İgidlərin yaşaması
daş olmaqla mümkün idi.
Dağa, daşa, qayaya bu qədər sevginin kökündə, təbii ki, əsatirlərdən gəlmə
dağ, qaya mərdliyinin, mübarizliyinin
insan təbiətinə
xarakterik oxşarlıqları
dayanmalıdır. Məmməd Araz da məhz
ən təmiz, ülvi sevgini, sədaqəti dağlarda-yəni
ucalıqlarda tapıb.
Ona görə də hətta dağdan yıxılanda da dağdan yapışmağı qət
edir, çünki qəlbində dağa qarşı dağ sevgisi, ilahi bir baxış var idi, dağlara
salam verirdi,
nə vaxtsa dağların yenidən onu ucaldacağına qəlbində sonsuz bir ümid var
idi.
Məmməd Arazın dağ sevgisinin, ucalıq sevgisinin ən ciddi detallarından biri də şair
dostu Musa Yaquba həsr edilmiş "Dağlara çağırış"
şeirində verilib. Şeirdə
dağlara arxalanmaq, dağlara söykənmək
ideyası insanla dağın danışması,
dərdləşməsi, onların
daxilən bir-birini tamamlaması kimi nəzərə alınıb:
Ən ağır anında dağlarla danış,
Ən ali loğmandır
o müdrik qoca.
Nə qədər, nə qədər qaysaqlanmamış,
Dərdlər tullasan da, dərə boyunca,
Dağ çayı çökdürüb
çay daşlarına,
Duruldub bənzədər
göz yaşlarına.
Dağlar
öz hökmündə
güzəştsiz, ötkəm,
Şair, qayalara, dağlara söykən.
Dağlara həsr edilmiş şeirlərində Məmməd
Arazın dağ kultu ilə bağlı irəli sürdüyü fikirlər
də maraq doğurur. Bildiyimiz kimi, mifoloji
təsəvvürlərdə dağ Ata-Ana strukturunda iştirak edən ünsürdür. Bu şeirlərdə də dağa pərəstiş
olunması, dağla əlaqə, dağın inanc yerinə çevrilməsi oxucunun diqqətindən yayınmır.
Dağ kultunun Məmməd Araz şeirlərində gah ata, gah
ana obrazında iştirakı milli mifoloji görüşlərdən
qaynaqlanırdı. Şair dağa
insan kimi yanaşıb, dağda ruhun olmasına inanıb, onu insanlaşmış varlıq
kimi qəbul edib. Rövşən
Əlizadə dağın
kutsallaşması ilə
əlaqədar olaraq
"Azərbaycan folklorunda
təbiət kultları"
kitabında yazır:
"Dağın ilkin
stixiya kimi kutsallaşması onun əski inamlarla, həm də daşıdığı səmavi
status epik mətnlərdə,
o cümlədən "Kitabi-Dədə
Qorqud" eposunda daha əhatəli formalarda əksini tapıb".
Məmməd Araz dağ ruhunun yaşadığını,
qayaların igidlər
kimi başlarını
qaldırıb vüqarla
dayandıqlarını, dərələrə
yuvarlanan daşları
isə namərdlərə
- Vətəni, torpağı
satan qorxaq,
ölümə məhkum
edilmişlərə oxşadıb.
Dağlar insanlara çox
şeyi, birinci növbədə mətinliyi,
mərdliyi, cəsarəti,
əyilməzliyi öyrədir.
Şairin bu tipli şeirlərində
insanla dağ obrazı qoşalaşır. Dağsız insan, insansız dağ təsəvvür olunmur. Şair özünə xitabən
müraciətində bildirir
ki, bu ünsiyyətdən,
bu təmasdan, təbiətlə insanın
bir vəhdət təşkil etdiyindən danışmaq lazımdır.
Bu insanla bir
dağın yox, bütövlükdə türk
xalqı ilə Vətənin vəhdəti
deməkdir. Dağlara gedə
bilməyəndə şair
darıxır, inanır
ki, bu münasibət
dağlara da toxunub, sanki dağlar şairdən küsüb. Dağlara yadlaşandan
qohum-qonşularla da əlaqə kəsilib, hətta ilham pərisi də şairdən üz döndərib. Dağlara
yadlaşandan bir qoşma da yaza
bilməyən şair
bu nisgili "Yəqin dağlar küsüb məndən"
gəraylısında belə
ifadə edir:
Neçə yazdı düşmür
yolum,
Yəqin dağlar küsüb məndən.
Gedib öpüm, qurban olum,
Yəqin dağlar küsüb məndən.
Çoxdan dağa-daşa yadam,
Salmır qohum-qonşu yada.
Əlim
yatmır qoşmaya da,
Yəqin dağlar küsüb məndən.
Məmməd Arazın dağlara həsr etdiyi bütün şeirlərində
dağ kultu insan kimi təsvir
edilir. "Əlvida
dağlar" qoşmasının
özündə də
dağlarla canlı olaraq vidalaşmaq arzusu əks olunub. Azərbaycan türklərinin az
qala hamısının
dilində əzbər
olan bu şeirdə
dağa sevgi ilə birlikdə ayrılığın gətirdiyi
bir həsrət, nisgil də öz poetik ifadəsini tapıb. Dağla, dərə ilə vidalaşarkən sanki buludlar ağlayır, onun ardınca göz yaşı-su səpirlər ki, nə vaxtsa şair yenidən bu yerlərə qayıtsın. Bu ayrılığa dözə
bilməyən nərgizlər
saralır, qartallar qıy vurub uçub gedir, qaragöz pəri də dərdli-dərdli yolları izləyir.
Gələndə şairi dağların
gülü-çiçəyi qarşılamışdı, gedəndə
sanki güllər, çiçəklər solub,
boz biçənəklər
həsrətlə boylanaraq
əllərini yelləyir,
ayrılığın sədasını
küləklər çaylara
çatdırır, çaylar
da öz növbəsində bulana-bulana
ağrılı-acılı nəğmə oxuyur.
Şeirdə olan ayrılıq
notları oxucunun qəlbinə bir hüzn gətirsə də, sonluq nikbin ruh təlqin
etməkdədir. Belə ki,
əbədi sirdaşı
olan çoban həmişə dağların
yanındadır. Çoban xalqın
ümumiləşmiş obrazıdır.
Zəhməti ilə halallıq anlayışını
özündə birləşdirən
çobanın simasında
xalqın gücü,
qüvvəti, sözü,
söhbəti, varı,
bərəkəti cəmləşib:
Dağların pələngi, şiri
də sənsən,
Şairi də sənsən, şeri də sənsən.
Varı,
bərəkəti, xeyri
də sənsən-
Çoban, salamat qal, sağ-salamat qal!
Ömrünün axır illərində
isə şair "Qoş məni dağ küləyinə"
şeirində :-
"Tanrım, məni məndən qopar,
Qoş məni dağ küləyinə,
Dağların bəyaz qarından,
Rəng
alan ağ
küləyinə"- deyərək
dağlara qovuşmaq istəyini bildirirdi. Dağdan törəmək, dağa
qovuşmaq təsəvvürü
şairin içərisində,
mənəvi dünyasında
yaşayırdı. Bu
hissin içərisində
bir dağ, daş təmizliyi, nəcibliyi, ülvilik duyğuları, ucalıq və dağ-insan vəhdəti var idi. Bu vəhdət bütün türk millətinin içində
ali bir
hiss olaraq yaşamaqdadır.
Nizami Muradoğlu
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2014.- 19 iyun.- S.15.