Azərbaycan: həqiqətin
tarixi, yaxud tarixin həqiqəti
Hər bir xalqın tarixi demək olar ki, bütün
hallarda həqiqətin və siyasətin xəlitəsindən
ibarətdir. Siyasət həqiqətin reallaşma kodlarından
birini təşkil edir. Həqiqətlə
siyasətin ayrılmazlığı varlığın
struktur dialektikasına müncər olunur. Həqiqət
siyasətin içindən keçib üzünü dəyişir:
siyasi dona bürünür. Ancaq
dünyanın bir sarsılmaz teohəqiqəti də var:
"Həqiqət"in "Haqq"a leksik
bağlılığı, əslində varlığın
ilahi struktur dialektikasını özündə əks etdirir.
İnsanın və cəmiyyətin
yaşamının həqiqətə müncər olunması
varlığın teokosmik harmoniyasını inikas edir. Bəşər mədəniyyətinin
mövcudluğunu təşkil edən sinergetizm (özünütəşkil)
belə anormal törəmələri zamanla kosmoqonik mutasiya -
"tarixin səhvi" kimi aradan qaldırır. Öz həqiqətindən qaçan, onu təhrif
edib yalan tarix - "siyasət" yaradan xalqlar özləri də
bilmədən özlərini kosmoqonik mutasiyaya - "tarixin səhvinə"
çevirirlər. Belə bir faciəni
dünyanın gözünün qabağında üzdəniraq
erməni xalqı yaşamaqdadır.
Azərbaycanlı üçün həqiqət
böyük və kiçikliyindən, acı və
şirinliyindən, məzmun və keyfiyyətindən
asılı olmayaraq bütün hallarda onun
varlığının əsasını təşkil edir. Azərbaycanlı
milli həqiqətin işartısında sönməyən
ocağın, təkdə ümuminin, zərrədə
küllün, potensiyada kinetikanın, sükunətdə təkamülün
bəsirətlisi və aşiqidir. AMEA-nın müxbir
üzvü, tarix elmləri doktoru, professor
Yaqub Mahmudov da özünün Azərbaycan, ingilis və rus
dillərində çap olunmuş, fiziki-poliqrafik tutumuna
görə bir "işartı" ola biləcək "Azərbaycanlılar:
(etnik-siyasi tarixə ümumi baxış)" kitabı ilə
(Bakı, "Aspoliqraf", 2008) əslində ifadə etdiyi
milli həqiqətlər baxımından Azərbaycan xalqı
üçün bir tarixi həqiqət ocağını
yandırıb.
"Azərbaycanlılar: (etnik-siyasi tarixə ümumi
baxış)" kitabı kiçik həcminə rəğmən
böyük milli və elmi həqiqətləri ifadə edir. 16 səhifəlik
poliqrafik həcmə "yerləşdirilmiş" "azərbaycanlı
həqiqəti" əhatə etdiyi milli zaman və məkanın
miqyası baxımından etnokosmik bütövü gerçəkləşdirir.
Burada milli tarixin başlanğıcı və
prosessual-cari sonu, dünəni və bugünü fasiləsiz
etnokosmik dialektikanı təcəssüm etdirir. Kitab onda təqdim olunan milli tarixin struktur sistemi,
sistemi təşkil edən etnik tarix vahidlərinin hərəkət
və münasibətlər dialektikası baxımından əslində
"milli kimlik sənədidir". Həmin
sənədi çağdaş Azərbaycan tarixi və
tarixçiliyinin konstitusional bəyannaməsi də
adlandırmaq olar.
Prof.
Y.Mahmudovun "Azərbaycanlılar: (etnik-siyasi tarixə
ümumi baxış)" adlı kitabı bizcə, elə
monoqrafik layihə kimi yox, məhz bir sənəd olaraq
düşünülüb. Bu mənada həmin
kitab bir sənəd olaraq Azərbaycan tarix elminin
çağdaş iradəsinin Azərbaycan xalqının
milli ehtiyacları ilə şərtlənən ifadəsidir.
Bu "sənəd-kitab" heç bir halda və heç
bir ehkama iddia etməyərək, Azərbaycan tarixçilik
elmində mövcud olan polemika imkanlarını saxlamaq şərtilə
milli həqiqətimizin daim boğulmuş, təqiblərə
məruz qalmış, künclərə
sıxışdırılmış, ürəklərdə
gizlədilmiş, milli mənlik şüurunun alt qatlarında
dondurulmuş potensial həqiqətlərinin, nəhayət ki,
elmi gerçəklik statasunu almasıdır.
Azərbaycan tarix elminin ağsaqqalı Yaqub müəllimin
bu kitabı eyni zamanda XX əsr Azərbaycan tarixçilik
elmində mövcud olmuş siyasi-ideoloji mutasiyaların aradan
qaldırılması istiqamətində qoyulmuş etibarlı
bünövrədir.
Hər bir xalqın tarix elmi onun tarixinin
reallıqlarını özündə əks etdirir. XX əsr Azərbaycan
tarixi əslində müstəmləkə epoxasının
tarixidir. Onu akademik-rəsmi təqdimatında
etnokosmik mutasiyaların ifrat ifadəsi kimi tarixçilik elminə
karikatura da adlandırmaq mümkündür. Mahiyyətində rus şovinizmi duran sovet
tarixçilik elminin Azərbaycan tarixçiliyində
yaratdığı eybəcərliklər yalnız
yazılmış tarix kitablarının səhifələrində
qalmayıb, eyni zamanda, milli mənəviyyat tariximizin də
patoloji gerçəklərinə dönüb.
XX əsr Azərbaycan tarix elmi əslində tarixi həqiqətlə
siyasi tarixin qeyri-bərabər mübarizə meydanı idi. Tarixçilər
arasında gedən sonsuz mübahisələrin mahiyyətini bir
məsələ - türk və qeyri-türk etnosların
(başlıca olaraq irandilli etnik birliklərin) "Azərbaycan
tarixi"ndə hansı konsepsiya əsasında
"vahid bir xalqın" tarixi kimi sintezləşdirməsi təşkil
edirdi. Sovet dönəmində bu məsələ
stalinizmin qanlı repressiya aparatının vasitəsi ilə
paniranist mövqedən həll olunmuşdu. Başqa
sözlə, "Azərbaycan tarixi" qeyri-türklərin
(irandillilərin, yaxşı halda: naməlumdillilərin)
tarixi kimi başlanır, türklərin tarixi kimi
tamamlanırdı. Paniranizm sovet
imperiyasının dövlət maraqlarına xidmət edən
və mahiyyətcə şovinist ideologiya idi. Bütün mahiyyəti çox əhəmiyyətli
hissəsi müsəlman türklərdən ibarət olan
SSRİ-də yaşayan türkləri hind-Arvopa kökənli
rus nüvəsinin ətrafında birləşdirmək idi.
Azərbaycanlıların türk olması,
Anadolu türklərinə etnokosmik bağlılığı
onları təbii olaraq Türkiyəyə meylləndirirdi.
Bu isə "mərkəzdənqaçma"
idi. Paniranizmin yeritdiyi konsepsiyaya görə,
Azərbaycan xalqı öz kökləri etibarilə türk
yox, irandillidir. O, sonradan - orta əsrlərdə səlcuqların
gəlişi ilə türkləşib.
Təbii ki, qədim Azərbaycan ərazisində
türkdilli etnoslarla yanaşı, qeyri-türkdillilər də
olub. Paniranizmin türkləri Azərbaycan xalqının
etnokosmik nüvəsindən silməyə
çalışması onun maraqlarına xidmət etsə də,
tarixşünaslıqda, insanların ictimai şüurunda
çox böyük patalogiyalar yaradıb (Bu, sovet
ideologiyasının bəşəriyyət
qarşısında işlədiyi bitib-tükənməyən
cinayətlərdən biridir). Belə ki, Azərbaycanın
etnogenezində etnokosmik substrat və etnokonsolidasiya müstəvisi
rolunu oynamış türklərin şovinistcəsinə
silinməsinə edilən etiraz məhz paniranizmin təsiri
altında elmi həqiqətin axtarışları ilə
yanaşı, daha çox milli müqavimət mahiyyəti
daşıyan "türkçülüyün" də
formalaşmasına səbəb oldu. Keçən
əsrin 30-cu illərində Azərbaycan
ziyalılarının "pantürkist" adı altında
kütləvi məhvi sonradan milli yaddaşa qanla
yazıldı. Azərbaycan
tarixşünaslığında bu gün belə davam edən
"irançılıq" və
"türkçülük" qarşıdurması
obyektiv "Azərbaycan tarixi" konsepsiyasının və
tarixin üzə çıxmasına daim mane oldu. Bu mənada
prof. Y.Mahmudovun "Azərbaycanlılar: (etnik-siyasi tarixə
ümumi baxış)" əsəri, əslində
gerçək "Azərbaycan tarixi" konsepsiyasının
"preambulasıdır".
Yaqub
müəllimin "Azərbaycanlılar: (etnik-siyasi tarixə
ümumi baxış)" adlı kitabı müəllif tərəfindən
heç bir halda ehkam kimi düşünülməyib. Lakin bu kitabı bir tarixi əsər kimi XX əsrin
ambisioz prezumpsiyasından (doğruluğu rədd edilmədikcə
həqiqi sayılan ambisiyalı fərziyyə - yalanlardan) fərqləndirən
başlıca göstərici əsərin etnik tarix
konsepsiyasının məntiqini özündə əks etdirməsidir.
Bu, son dərəcə mühümdür.
Çünki Y.Mahmudovun əsərinin
bütün mahiyyəti onun əsərinin əvvəlində
reallaşdırılmış etnogenez modelinin konseptual
bütövlüyünə və sistem kamilliyinə müncər
olunmaqla birbaşa onunla şərtlənir. Etnokosmik böyümənin belə bir konseptual
sistemliliyi kitabda var və onu vurğulamadan, əslində
kitabın və onun müəllifinin "tarix və
tarixçilik" cizgilərini yarımçıq vermiş
olarıq.
Biz burada kitabın bütöv təhlilindən yan
keçməklə konseptual baxımdan əsas, müəyyənləşdirici
və şərtləndirici semantemi və onun sistem elementlərini
vurğulumaq istərdik. Bu əsas məqam Y.Mahmudovun kitabında təqdim
olunmuş etnogenez modelinin özünəqədərki mutativ
modellərdən fərqli olaraq fasiləsiz etnik prosesi təqdim
etməsi ilə bağlıdır.
Prof. Y.Mahmudovun "Azərbaycanlılar" etnogenetik
modeli hər cür yarımçıqlıqdan, antidialektik və
süni, reallığı əks etdirməyən
yanaşmalardan uzaq sistemdir. Bu sistemdə "Azərbaycan
tarixi" özünün bütün etnostruktur elementləri
ilə birlikdə üzvi hadisədir. Məhz
qeyri-üzviliyə müncər olunan məntiqsizlik XX əsr
Azərbaycan sovet tarixçiliyinin etnogenez modelinin axsayan,
yarımçıq və zəif tərəfi idi. Bu tarixin təqdim etdiyi "Azərbaycan
xalqı" eklektik, biri digərini inkar edən, biri o birisi ilə
heç bir halda harmoniyaya girməyən və bununla da
reallığı əks etdirməyən süni model idi.
Bu model kağız üzərində idi və
onu rusbaşlı tarixçilər yaratmışdılar.
Həmin model bütün hallarda antidialektik idi. Əslində
onu, sözün gerçək anlamında, mutasiya
adlandırmaq olar. Gerçək tarixin necə
olmasından asılı olmayaraq, kağız üzərində
yazılmış və rəsmi olaraq qəbul edilmiş tarix
biri-birindən tamamilə fərqli, əlaqəsiz, biri o biri
ilə uyuşmayan, obrazlı desək biri dağdan, biri isə
bağdan olan təsadüfi elementlərin süni şəkildə
bir müstəvidə birləşdirilməsindən
yaradılmışdı. Və bu tarixin
söykəndiyi ən böyük faktor "assimilyasiya"
faktoru idi.
Etnik assimilyasiya bir xalqın digər xalqın içərisində
əriməsini nəzərdə tutan prosesdir. Tarix
assimilyasiyalarla zəngindir. Tarix eyni zamanda
assimilyasiyaların elmi təcrübəsi ilə də zəngindir
və bu təcrübə heç bir halda XX əsr Azərbaycan
tarixində eksperimentləşdirilmiş "assimilyasiya
modelini" təsdiq etmir. Çünki
maddi aləmin struktur dialektikasına görə, assimilyasiya
olunan element assimilyasiya edənin böyük və
kiçikliyindən, etnokosmik enerjisindən asılı
olmayaraq assimilyasiya olunarkən daxil olduğu sistemdə,
bütün parametrlər üzrə hər hansı forma və
məzmunda dəyişiklik yaratmalıdır. Ən
kiçik xalq belə ən böyük xalqın içərisində
izsiz, soraqsız, başqa sözlə, prosessual dəyişiklik
yaratmadan yox ola bilməz. Maddi
aləmin strukturuna görə, makromolekulyar sistemə ən
kiçik mikromolekualyar sistemin daxil olması belə onda
molekulyar birləşmələr, kəmiyyət törəmələri
yaradır. Assimilyasiya edən makroetnik
sistemin hər hansı mikrosistemi daxilinə alması orqanik
prosesdir. Daxildə etnokosmik reaksiyalar gedir və
bunun nəticəsi sistemdə yeni, yaxud yeniləşmiş
elementlərin, struktur səviyyələrinin simasında
öz əksini tapır.
Halbuki Azərbaycan sovet tarixçiliyində
izsiz-soraqsız assimilyasiya edilmiş "xalqlar" hesab olunan
mannalılar, midiyalılar, daha sonra albaniyalılar heç də
mikrosistemlər olmayıb, özləri avtonom makrosistemlər
idi. Onların XX əsr sovet tarix elmində köçəri
kütlə kimi təqdim olunan türklər tərəfindən
sanki olmayıbmışlar kimi assimilyasiya olunmasının rəsmiləşdirilməsi
etnogenez və ümumən tarix elminin hər cür sağlam
məntiqinə ziddir. Azərbaycan tarixində
həmin uydurma etnosların izlərini tapa bilməyənlər
köçəri türklərin antropoloji tip kimi monqoloid
olmasını və çağdaş Azərbaycan
xalqının antropoloji sistemində avropoid tipin
varlığını məhz vaxtilə assimilyasiya olunanlara
aid olmasını əsas götürürdülər.
Bu məsələ tapılmış nadir arxeoloji faktlar əsasında
prof. Y.Mahmudov tərəfindən məhz belə
konstitusionallaşdırılıb: "Azərbaycanlılar...
Ağ (Avropa) irqin xəzər (kaspi) tipinə
aid olunurlar".
Prof.
Y.Mahmudovun "Azərbaycanlılar: (etnik-siyasi tarixə
ümumi baxış)" əsərinin ən əsas dəyəri
onun "Azərbaycan xalqı" anlayışını
etnik tarixin reallıqlarına uyğun təqdim etməsində
ifadə olunur. O, ağsaqqal alim kimi, hər cür ambisioz
yanaşmadan qorunmuş, hətta qərəzli antitezlərin
özündə belə sağlam sayıla biləcək
elementləri ayırıb onları məntiqi
düşüncə sisteminə daxil edib.
"Azərbaycanlılar:
(etnik-siyasi tarixə ümumi baxış)" əsərini
ümumi şəkildə səciyyələndirmək istəsək,
aşağıdakı tezisləri tövsif etmək
mümkündür:
Kitabda Azərbaycan xalqı etnik-fiziki və regional-tarixi
sistemi olaraq konstitusionallaşıb. Prof. Y.Mahmudov yazır: "Azərbaycanlılar
Anadolu türklərindən sonra dünyanın ikinci
böyük türk xalqıdır. Azərbaycan
xalqı Azərbaycan respublikasının (Şimali Azərbaycan)
və Cənubi Azərbaycanın (İran İslam
Respublikasının şimal-qərb əyalətləri) əsas
və ən qədim yerli əhalisidir".
Kitabda Azərbaycan xalqı etnokosmik sistemi olaraq
konstitusionallaşıb. Prof. Y.Mahmudov yazır: "Azərbaycanlılar Altay
xalqları türk qrupunun oğuz qoluna mənsubdurlar. Özlərini azərbaycanlı adlandırırlar.
Müxtəlif tarixi dövrlərdə türk,
Azərbaycan türkləri və ya Qafqaz tatarları, azəri
tatarları da adlandırılıblar. Cənubi
Azərbaycanda və İranın başqa bölgələrində
yaşayan azərbaycanlılar indinin özündə də
özlərini türk adlandırırlar".
Kitabda Azərbaycan xalqı etnolinqvistik, antropokosmik,
teoskosmik sistemi olaraq konstitusionallaşıb. Prof. Y.Mahmudov yazır:
"Azərbaycanlılar Altay dil ailəsi türk qrupunun
oğuz qoluna mənsub olan Azərbaycan dilində
danışırlar. Ağ (Avropa) irqin xəzər
(kaspi) tipinə aid olunurlar".
Kitabda Azərbaycan xalqı fasiləsiz etno və qlottogenetik
sistem olaraq konstitusionallaşıb. Prof. Y.Mahmudov yazır: "Azərbaycanlıların
soyköklərində başlıca olaraq kuti, lullubi, turuk
(turukki), hürri, kimmer, iskit (skit, skif), sak, hun, bulqar, xəzər,
barsil, peçeneq, suvar, qıpçaq, habelə başqa türk
və qeyri-türk etnosları iştirak edib, oğuz türkləri
(ağqoyunlular, qaraqoyunlular, səlcuqlar və b.) bu prosesdə həlledici rol
oynamışlar".
Əlbəttə,
prof. Y.Mahmudovun "Azərbaycanlılar: (etnik-siyasi tarixə
ümumi baxış)" əsərinin elmi məziyyətləri
təkcə bu qeyd olunanlarla məhdudlaşmır. Onların
hamısından bəhs etmək əslində oxucunun oxumaq
haqqına girməkdir və biz də belə bir niyyətdən
tamamilə uzağıq...
Seyfəddin Rzasoy
filologiya üzrə
elmlər doktoru
Xalq Cəbhəsi.- 2014.- 19 iyun.- S.14-15.