Fyüzat”ın Krım - tatar müəllifi

 

... XX əsrin əvvəlində Azərbaycan mətbuatı təkcə öz xalqının həyatında deyil, həm digər türk dilli xalqların həyatında, publisistikasında əhəmiyyətli rol oynamışdı. Azərbaycan mətbuatı diğər türk dilli yazarlar üçün açıq idi onların da yazılarına geniş yer verilirdi. "Füyuzat"ın əvəzsiz əməkdaşı Asan Səbri kimi... Krım-tatar ədəbiyyatının klassiki, yazıçı, tənqidçi, tərcüməçi publisist Asan Səbri Ayvazov (1878-1938) Krım yarımadasının Alupka şəhərində, kasıb odunçu ailəsində doğulmuşdu. Yerli mədrəsədə bir neçə il oxuduqdan sonra qohumlarından biri onu İstanbula aparmışdı. Tərcümeyi-halında yazdığına görə, burada ali pedaqoji təhsil almışdı. Siyasi proseslərlə maraqlanması ictimai fəallığı nəticəsində bir neçə tələbə yoldaşı ilə birlikdə türk polisi tərəfindən həbs edilsə Rusiya təbəəsi olduğu üçün ölkədən çıxarılmışdı. 1898-ci ildə Vətənə dönən Asan Səbri az sonra Alupkada dərslərin səsli üsulla tədris edildiyi, oğlanlarla qızların birlikdə təhsil aldığı, proqramında tatar dili, coğrafiya, tarix kimi fənlərin mühüm yer tutduğu məktəb açmışdı. Dünyəvi biliklərin tədrisinə görə yerli sakinlər arasında populyarlıq qazanan dörd sinifli məktəbin ilk buraxılışı 1902-ci ildə olmuşdu. Quran təliminin əsas yer tutduğu təlim proqramından imtina nəticəsində qaragüruhçuların təqibinə məruz qalmış, hətta həyatına sui-qəsd cəhdinə əl atılmışdı. Mətbuatla əməkdaşlığı erkən yaşlarından, "Tərcüman" səhifələrində başlanmışdı. İstanbuldan göndərdiyi məqalə xəbərlər bu qəzetdə nəşr edilirdi. Həmin dövrdə artıq türkçülük hərəkatının öncüllərindən biri kimi tanınan azərbaycanlı fikir adamı Əli bəy Hüseynzadə ilə ilk tanışlığı da çox güman ki, Osmanlı imperiyasının paytaxtında baş tutmuşdu. Tənqidçi Vilayət Quliyev yazır ki, Krım-tatar ədəbiyyatının bir sıra digər tanınmış təmsilçiləri kimi Asan Səbrinin fikri inkişafında XX əsrin əvvəllərindəki Azərbaycan ədəbi mühiti mətbuatının, ilk növbədə isə Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev kimi görkəmli simaların rolu çox mühümdür. "Füyuzat"da ilk məqalələri çap olunanda Asan Səbri artıq bir maarif xadimi jurnalist kimi həmvətənləri arasında bəlli populyarlıq qazanmışdı. Onu "Füyuzat"la sıx əməkdaşlığa cəlb edən başqa bir mühüm amil vardı: bu da Əli bəy Hüseynzadənin yeni nəşrin ilk sayında yer alan "məcmuənin səhifələri qüdrətli, ədəbi qələm sahibi cəmi hürriyyətpərvər mühərrirlərə açıq bulunacaqdır" - vədi idi. Həmin dövrdə hələ otuz yaşına çatmamış Asan Səbri "qüdrətli qələm sahibləri" sırasına daxil olmasa da, artıq Rusiya imperiyasındakı türk xalqlarının azadlığı, milli inkişafı, siyasi haqlarına sahib durması, vahid dil əsasında birləşmələri ideyasının qızğın tərəfdarlarından biri kimi tanınırdı. Ötən əsrin əvvəllərindəki Azərbaycan-Krım ədəbi əlaqələri baxımından diqqəti çəkən digər cəhətin isə Asan Səbri ilə birlikdə Əli Rza Krımzadə, Bəkir Əməkdar s. krımlı müəlliflərin məcmuədə yaxından iştirakı sayılmalıdır. Ömrü bir ildən az davam edən cəmisi 32 sayı çıxan "Füyuzat"ın 24 nömrəsində Asan Səbrinin materialları çap olunub. Bura onun yazıldığı dövrdə ədəbi-ictimai fikrin diqqətini çəkən, 1907-ci ildə Bakıda ayrıca kitab halında nəşr olunan bəzi məlumatlara görə Azərbaycan teatrının səhnəsində tamaşaya qoyulan "Nədən bu hala qaldıq?" pyesi müxtəlif ədəbi-fəlsəfi məsələləri əhatə edən məqalələri daxildir. Mövzu baxımından yazıların əhatə dairəsi kifayət qədər geniş idi. Burada qələmə alındıqları dövrdə türk-islam dünyasını düşündürən əsas problemlər öz əksini tapmışdı. Baş redaktor Əli bəy Hüseynzadə Məhəmməd Hadi ilə birlikdə Asan Səbri məcmuənin yazı işlərinin əsas ağırlığını öz üzərinə götürən üç aparıcı ədəbi simadan biri sayılmalıdır. Çox güman ki, fəallığına məcmuə qarşısındakı xidmətlərinə görə "Füyuzat" özünün 27 iyul 1907-ci ildə çıxan 23-cü sayının üz qabığında "Mühərrirlərimizdən Həsən Səbri Ayvazov" alt yazısı ilə onun böyük portretini vermişdi. Krım-tatar müəllifin "Füyuzat"dakı ilk məqaləsi Azərbaycan mətbuat tarixinin iki mühüm hadisəsinə - "Həyat" qəzetinin bağlanmasına "Füyuzat" məcmuəsinin nəşrə başlamasına həsr edilmişdi. Yeri gəlmişkən, ilk saylarından etibarən Asan Səbri "Həyat"ın da fəal müəllifləri sırasında yer almışdı. Rusiya türklərinin milli siyasi zəmində təşkilatlanmasında onun əhəmiyyətini, ayıldıcı birləşdirici gücünü aydın başa düşürdü. Bu baxımdan da qəzetin nəşrinin dayanmasını "millət Vətən uğrunda qələm çalanların qara günü" kimi dəyərləndirərək yazırdı: "Bununçün "Həyat"ın vidasından ən ziyadə mütəəssir mütəəllim olanların biri şu sətirləri qaralayan acizdir... "Həyat"ın vidanaməsini oxuduğumda şiddəti-təəssürümdən acı-acı ağladım. Axıtdığım göz yaşları üçün idi? Altı-yeddi milyonluq bir cəmaəti-islamiyyənin iki qəzetəyi ("Tərcüman" "Həyat" nəzərdə tutulur.) maddətən idarə müntəzəmən davam etdirəcək qədər müavinət, qeyrət, həmiyyət ibraz edəmədikləri, daha doğrusu, əsrlərdən bəri xaki-məzəllət içərisində dalmış olduqları xabi-qəflətdən hənuz oyanmadıqlarına idi? Asan Səbrinin "Həyat"dan sonra nəşrə başlayan "Füyuzat"dan gözləntiləri böyük idi. Bütünlükdə o, türk ruhunun oyanışını yalnız İstanbulda deyil, həm Qafqazda arayırdı, təqib basqılara baxmayaraq Azərbaycan türklərinin aparıcı mövqe tutduqları bu bölgənin öz səsini duyuracağına, mübarizənin önündə gedəcəyinə ürəkdən inanırdı: "Qafqaz qiteyi-mübarəkəsi heç mücahidsiz qalırmı? Cahanın ən qaranlıq, aləmi-bəşəriyyətin ən vəhşi zamanlarında belə Qafqaz əqtari-ərzə nur saçıyordu. Millətimizin bu günkü gündən bəlkə yüz dərəcə cahil bulunan bir zamanında Rusiya müsəlmanları arasında mətbəəyi-islamiyyə ilk Qafqazda açılmışdır. "Əkinçi"lər, "Kəşkül"çülər Qafqaz övladları, Qafqaz qəhrəmanlarıdır. Bunun üçün Qafqaz qitəsi boş qalmayacaqdır. Orası bir ictihadi-mədəniyyətpərvəranə meydanı olacaqdır". "Qafqaz" dedikdə Asan Səbri ilk növbədə Azərbaycanı Azərbaycan türklərini nəzərdə tuturdu. Asan Səbrinin "Füyuzat"dakı yazıları əsasən ictimai-siyasi səciyyəsi ilə seçilirdi. Toxunduğu məsələlərin əksəriyyəti milli ziyalılar tərəfindən mətbuat səhifələrində, ictimai fikirdə fəal müzakirə olunan mövzular idi. Bu da hər şeydən öncə dövrün tələblərindən, cəmiyyət həyatının diqtə etdiyi şərtlərdən irəli gəlirdi. Tənqidçi Vilayət Quliyev yazır ki, Asan Səbri Rusiya türklərini ilk növbədə maarifə yiyələnməyə, bunun ardınca qəzet və nəşriyyatlar açmağa, öz hüquqlarını bilən savadlı vətəndaşlar yetirməyə və bu zəmində milli müstəqillik uğrunda mübarizəyə səsləyirdi. Çünki: "qüvvət ilə əldə edilən bir iqbal, bir mədəniyyət nə qədər parlaq olsa da, kəndisini məğlub edəcək digər bir qüvvəti-qalibə ilə məğlub olacağı təbiidir". Müəllif iddia edir ki, yalnız ictimai fəallıq sayəsində ayrı-ayrı fərdlərdən ibarət millət vəhdət halında birləşərək öz hürriyyət və istiqlalını, maddi rifah və mənəvi tərəqqisini təmin edə bilər. Yalnız bu yolla digər millətlər qarşısında şərəf və azadlığı qorumaq mümkündür. İctimai həyatı "yəni siyasi institutları, mətbuatı, maarifi, partiyaları, ümumişlək nəzarət mexanizmləri güclü olan millət zamanın bütün dəyişiklik və təzyiqlərinə davam gətirməyə qabildir. Avropa xalqları tərəqqiyə yalnız silah deyil, həm də ictimai fəallıq yolu ilə nail olublar. Türk xalqları da eyni yolu keçməlidirlər. Millətlərin ayaqda qalmasının əsas şərtlərindən biri kimi maddi imkan ilə mənəvi qüvvənin mövcudluğunu ön plana çəkən müəllif birincini ticarət, əkinçilik (kənd təsərrüfatı), sənaye və xidmət sahəsi adı altında dörd yerə bölür və dərin təəssüf hissi ilə yazırdı: "Biz müsəlmanlarda əsbabi-məzkurənin heç birisi də yoxdur desək yalan olmaz. Ziraət bilməriz, bilsək belə ziraətçilik etməyə torpağımız qalmayıb. Sənət (burada sənaye mənasında ) ilə dost deyiliz. Ticarətin isə yabançısıyız. Xidmət desək, heç yox. Bu halda hali-pürməlalımızın pək acınacaqlı bir hal olduğunu təsmimdən başqa heç bir çarəmiz yoxdur?. Asan Səbrinin "Füyuzat" səhifələrində toxunduğu mühüm məsələlərdən biri də dillə, daha doğrusu müştərək dil problemi ilə bağlı idi. Onun fikrincə, dünyanın iki qitəsinə yayılmış, özü imperiyalar quran və fərqli imperiyalar arasında bölünmüş türklər daha yüksək inkişaf səviyyəsinə yüksələn Osmanlı türkcəsini ümumi dil kimi qəbul etməli idilər. Tənqidçi Vilayət Quliyev yazır ki, eyni fikir və mövqe daha ardıcıl və qətiyyətli şəkildə "Füyuzat" redaktoru Əli bəy Hüseynzadənin "Turani" imzası ilə çap olunan məqalələrində irəli sürülür. Məsələn, Əli bəy məcmuənin 6 fevral 1907-ci il tarixli 9-cu sayındakı "Türk dilinin vəzifeyi-mədəniyyəsi" adlı məqaləsində yazırdı: "Ərəb dili din və məzhəb dili oldu. Fars dili şeir və ədəb dili oldu. Türk dili isə dövri-cədid üçün tərəqqi və mədəniyyət dili olur. Bu həm zamanın, həm də məkanın iqtizaatındadır". Vilayət Quliyev qeyd edir ki, osmanlı türkcəsinin bazasında yaranan ümumi dil ideyasının tərəfdarları bir mühüm cəhəti unudurdular - türk xalqları aralarındakı mövcud mədəni və mənəvi bağların möhkəmliyinə baxmayaraq kütləvi şəkildə osmanlılaşmaq fikri birmənalı şəkildə qəbul edilmirdi. Osmanlı dövlətinin Rusiya əsarətindəki türklər üçün bir arxa, bir cazibə mərkəzi olması həqiqəti heç kimdə şübhə, yaxud etiraz doğurmurdu. Lakin hətta bu mühüm amil də ana dilindən imtina üçün yetərli sayılmırdı. Bu baxımdan Firudin bəy Köçərli şəxsiyyət və fəaliyyətinə bəslədiyi hörmətə baxmayaraq Əli bəy Hüseynzadəni də tənqid hədəfinə çevirməkdən çəkinmirdi. İlk zamanlar qarşı tərəf isə belə düşünməsə də illər keçəndən sonra "Molla Nəsrəddin" redaksiyasında Mirzə Cəlillə görüşən Əli bəy Hüseynzadə "sadə yazmaq özü də bir hünərdir" - deyə ədəbi opponentinin haqlı olduğunu etiraf etmək böyüklüyü göstərdi. Asan Səbri "Molla Nəsrəddin"in "xalqın açıq ana dilində yazmaq" xəttinə qarşı birbaşa çıxmasa da, "Füyuzat"ın dilini etalona çevirir, milli mətbuatı bu yolla getməyə çağırırdı: "Füyuzat" isə bütün cəraidi-milliyyə və məcmuələrimiz miyanında ən fəsih, ən bəliğ, ən mükəmməl lisan kullanan bir məcmueyi-nadirədir. Ümid ediyorum ki, er-gec bütün Rusiya müsəlmanlarının nəhayət varıb dayanacaqları lisan "Füyuzat" lisanıdır. Bunu qarelər belə söylüyor, təsdiq ediyor". Dil məsələsinə həsr olunmuş "Lisan qovğası" adlı məqaləsində (29 aprel 1907, say 16) Asan Səbri qəzet və məcmuələri oxucunun səviyyəsinə enməməyə, əksinə, onların bilik səviyyəsini yüksəltməyə çağırırdı.

 

Ülviyyə Tahirqızı

525-ci qəzet.- 2014.- 19 iyun.- S.11.