Ombudsmanların XII Bakı Beynəlxalq
konfransı keçirilir
Əli Həsənov: "Beynəlxalq
təşkilatlar fəaliyyətlərini
belə davam etdirsə, ölkələr
o təşkilatlardan çıxacaq"
Dünən Bakıda "Qadın hüquqlarının təmin
edilməsində milli
insan hüquqları təsisatlarının rolu"
mövzusunda Ombudsmanların
XII Bakı Beynəlxalq
konfransı işə
başlayıb.
APA-nın xəbərinə
görə, UNESCO-nun dəstəyi
ilə keçirilən
üç günlük
konfransda Avropa, Asiya, Amerikanın 15-dən
çox ölkəsindən
30-dan çox Ombudsman və
onların nümayəndələri,
insan hüquqları sahəsində beynəlxalq
ekspertlər, nüfuzlu
beynəlxalq təşkilatların
təmsilçiləri, hüquqşünas
alimlər iştirak edirlər.
Tədbirdə Azərbaycanın İnsan
hüquqları üzrə
Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib ki, hər il Bakıda ənənəvi olaraq keçirilən konfransın
məqsədi qadınlar
üçün bərabər
hüquq və imkanların təmin edilməsi, insan hüquqlarının qorunması
sahəsində əldə
olunmuş təcrübənin
bölüşdürülməsi, mövcud problemlərin müzakirəsi, bu istiqamətdə müxtəlif
beynəlxalq təşkilatlarla
əməkdaşlığın genişləndirilməsidir. Ombudsman
Azərbaycanda insan hüquqlarının qorunması
sahəsində aparılmış
islahatlar və əldə edilmiş nailiyyətlərdən danışıb.
O, dünyada beynəlxalq
sənədlərin qəbul
olunmasına baxmayaraq,
hələ də bu sahədə müəyyən problemlərin
mövcud olduğunu qeyd edib: "Qadın hüquqlarının
tam təmin olunmasında
hələ də problemlər qalmaqdadır.
Qadınlara qarşı
məişət zorakılığı,
iqtisadi, siyasi sferada qadınların az yer tutması kimi vacib məsələlərdəndir.
Konfrans bu sahədə qarşılıqlı fikir
mübadiləsinin aparılması
beynəlxalq əməkdaşlığın
inkişafına öz
töhfələrinə verəcək".
Baş nazirin müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsinin sədri
Əli Həsənov Azərbaycanda qadın hüquqlarının qorunması
istiqamətində görülmüş
işlər barədə
məlumat verib. O vurğulayıb
ki, qadın hüquqlarının qorunması
Azərbaycan üçün
yeni bir məslə deyil. Ə.Həsənovun sözlərinə
görə, Azərbaycan
qadınlarının hüquqlarının
qorunması üçün
ölkədə müvafiq
qanunlar qəbul edilib: "Son 10 ildə xanımların müxtəlif
strukturlarda yerləşdirilməsi
üçün addımlar
atılır. Azərbaycanın80-dən
artıq rayon və şəhərlərində icra
strukturlarında başçıların
müavinlərindən biri
mütləq şəkildə
qadın təyin olunub. Qadınlar dövlət və
hökumət strukturlarında
təmsil olunur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadın hüquqlarının qorunması
istiqamətində güclü
hüquqi bazanın mövcud olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda
qadınlar həmişə
cəmiyyətdə öz
rolu ilə seçilib və hazırda idarəçilikdə
geniş təmsil olunur.
Əli Həsənov deyib ki, dünyada haqsızlıqlar, ədalətsizliklər
baş alıb gedir: "Nə qədər dünya ictimaiyyəti bu haqsızlığa, ədalətsizliyə
göz yumacaq, belə hallar davam edəcək və artacaq".
Onun sözlərinə görə,
30-40 il əvvəl
konflikt zonalarının,
dünyada mövcud olan qaçqın və məcburi köçkünlərin sayı
indikindən 2-3 dəfə
az olub.
Ə.Həsənov qeyd edib ki, bu gün
dünyada qaçqınların
sayı 40 milyonu keçib: "Son 30-40 ildə
dünyada yeni terminologiya - məcburi köçkün adı yaranıb. Bu, son 30-40 ilin məhsuldur. Biz nədən danışırıq?
Guya dünya inkişaf, sivilizasiya, insan hüquqlarının qorunması,
demokratik inkişaf yüksək səviyyəyə
qalxır. Budurmu demokratik
inkişaf, insan hüquqlarının qorunması?
İlbəil qaçqınların, konflikt zonalarının sayı artır, hər gün 10 minlərlə insan həlak olur. Görün necə şərait yaranıb ki, artıq insan ölümünə insanlar
çox rahat, sadə reaksiya verir. Eşidilir və adi bir informasiya kimi qəbul edilir. Budurmu dünyanın demokratik
və hüquqi inkişaf yolu? Əgər budursa, hansı gələcəkdən danışırıq?"
Ə.Həsənov qeyd edib ki, beynəlxalq təşkilatlar öz işlərini belə davam etdirsə, sabah ölkələr
o təşkilatlardakı üzvlükdən
çıxacaqlar: "Mən
neynirəm ora hər il müəyyən
üzvlük haqqını
ödəyim, amma o, qəbul etdiyi qərarı yerinə yetirməsin? O zaman təşkilat mənim nəyimə lazımdır?
Sərhədlərimizin tanınması, ərazi
bütövlüyümüzün qorunması ilə bağlı qətnamələri
niyə icra etmirsiz?"
Beynəlxalq qurumların nümayəndələrinə səslənən Ə.Həsənov onları inciməməyə çağırıb: "Real həqiqətləri deyirik, tənqidi danışıq tamam başqadır. Tənqidə keçsək, buna çoxu dözməz. Biz olanları, faktları, mövcud vəziyyəti deyirik. Bizim günahımız nədir? Azərbaycan qoşulduğu bütün beynəlxalq konvensiyalara hörmətlə yanaşır və onu icra edir. Azərbaycan bir neçə il öncə BMT Təhlükəsizlik Şurasında 155 ölkənin səsini, etibarını qazanıbsa, bu o deməkdir ki, ölkəmiz dünya ölkələri ilə əməkdaşlıq yolundadır. Bəs onda bizə qarşı vəziyyət niyə belədir? Bizim enerji resurslarımızdan hamı istifadə etmək istəyir, təbii resurslardan bəhrələnmək istəyir, amma əvəzində heç nə vermək istəmirlər. Belə olmur axı. Təcavüzkarın adına təcavüzkar demək lazımdır".
Ə.Həsənov vurğulayıb ki, bu gün Ermənistan heç kimə lazım deyil. Onun sözlərinə görə, Ermənistan inkişaf etməyən, dünya ölkələrində heç əhəmiyyətə malik olmayan, öz sözü olmayan, müstəqil siyasəti olmayan bir ölkədir: "Təcavüzkar, şovinist, millətpərəst, separatçı - bu ölkənin adı budur. Kimə lazımdır belə bir ölkə? Biz hesab edirik ki, bu gün Azərbaycan öz qonşuları üçün Ermənistandan 100 dəfə çox lazımlıdır. Azərbaycan kimi tolerant ölkə yoxdur. Belə bir xalqa nə üçün bu cür yanaşılır? Necə inanaq ki, dünya ədalətli dünyadır, haqq-ədalət dünyasıdır?"
Milli Məclisin vitse-spikeri Bahar Muradova qeyd edib ki, sülhün, təhlükəsizliyin, insanların təhlükəsiz yaşaması üçün insan hüquqlarının öyrənilməsi, təbliği və qorunması əsasdır. Onun sözlərinə görə, Milli Məclis özünün həm tarixi, həm də müstəqilliyi bərpa etdikdən sonrakı fəaliyyəti zamanı insan hüquqlarının qorunması məsələsini gündəlik istiqamətlər kimi ortaya qoyub: "Lakin heç də demək olmaz ki, ölkədə qadın və qızlar onlar üçün müəyyən edilmiş hüquqlardan tam mənasında istifadə edir, təhlükəsiz yaşayırlar. Ən azı onlar öz yaxın ailə üzvlərinin təzyiqlərinə məruz qalmırlar. Hesab edirəm ki, Milli Məclisin qəbul etdiyi Qadınlara və qızlara qarşı məişət zorakılığının aradan qaldırılması istiqamətində qanunun bu istiqamətdə çox böyük əhəmiyyəti var".
Tədbirin davamında UNESCO üzrə Azərbaycan Milli Komissiyasının I katibi Günay Əfəndiyeva, BMT-nin Rezident əlaqələndiricisi Antonius Bruk, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ofisinin Milli İnsan Hüquqları İnstitutları və regional mexanizmlər bölməsi rəhbərinin müavini Afərin Şərifzadə, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard dünyada qadın hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlərdən danışıb, tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, konfransda ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə 18 may-18 iyun tarixlərində respublikada ənənəvi "İnsan hüquqları" aylığının nəticələrinə yekun vurulacaq. İyunun 20-dək davam edəcək konfransın yekununda "Bakı Bəyannaməsi" qəbul ediləcək.
Xalq Cəbhəsi.- 2014.- 19 iyun.- S.10.