Əhməd Cavadın bayatıları

 

Əhməd Cavad xalq yaradıcılığının müxtəlif janrlarından istifadə edərək öz könül dünyasının varlığını titrədən ehtizasını oxuculara çatdırmağa çalışmışdı. Xalq şeirinin ən dolğun, oynaqyadda qalan janrlarından olan bayatılar şairin yaradıcılığında xüsusi önəm daşıyır. Şairin 1992-ci ildə Azərbaycan Dövlət Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən buraxılan 2 cilddə seçilmiş əsərlərinin birinci cildində 346 bayatı verilib. Kitabın tərtibçisi Əli Saləddinin fikrinə görə bu bayatılar Əhməd Cavadın orijinal yaradıcılığının məhsuludur. Bəzi tədqiqatçıların Ə.Cavadın bayatılarının bir hissəsini topladığı haqqında söylədiklərini də Əli Saləddin əsassız hesab edib. Bayatılar üzərində apardığımız araşdırmalar zamanı məlum oldu ki, bunlarda deyim tərzinin orijinallığı özünü göstərir.

Demək olar ki, bayatıların çox az qismində ənənəvi "Əzizim", "Mən aşiq" müraciət formasından istifadə edilib, "Əzizim" deyimi ilə başlayan 25, "Mən aşiq", "Aşiqəm" deyimi ilə 17 bayatı müşahidə edilir. "Əzizim" müraciəti isə bəzən "Əziziyəm" şəklində işlədilib ki, bu üsul heca çatışmazlığını aradan qaldırmağa yönəldilib. "Əzizim" 3 hecalı olduğu halda, "Əziziyəm" artıq 4 hecalıdır:

Əziziyəm, baş bağlar,

Başın yuyar, yaş bağlar.

Aşnadan ayrı düşən

Ürəyinə daş bağlar.

 

ya:

Əziziyəm, baş əyər,

Barlı budaq baş əyər.

Dünya namərd dünyadır,

Mərd namərdə baş əyər.

 

Bu bayatıda isə əksinə heca sistemi pozulub.

Əziziyəm, Güləndama,

Şeh düşüb gül əndama.

Tafta köynək olaydım,

Yapışaydım gül əndama.

 

Zənn edirik ki, bayatını nəşrə hazırlayan tərtibçilər mexaniki olaraq "Əzizim" müraciətini "Əziziyəm" ilə əvəzləyib, nəticədə heca pozuntusuna yol verilib.

Şairin bayatılarından bir hissəsi vəfalı ömür yoldaşı Şükriyyə xanıma həsr edilib:

Aşiqəm gül alanda,

Gül bitər Gülalanda.

Şükri yadıma düşər

Əlimə gül alanda.

Bu bayatılarda sonsuz bir sevgini ürəyində yaşadanların könül səsləri, duyğuları sezilir. Tarixlərə ibrət olaraq bu sevginin təravəti Əhməd Cavadın bayatılarında bundan sonra yüzillər boyu yaşayacaq.

Əhməd Cavadın bayatılarının böyük bir qismi Gəncə şəhəri ilə bağlı olaraq deyilib. Gəncəyə olan məhəbbəti şairin bütün varlığını süsləyib, Şükriyyə-Gəncə sevdası yaradıb, bu iki sevgilini şair heç zaman unuda bilməmişdi. Birinin eşqi ilə Kərəm kimi yanıb, digərini bir türk oğlu olaraq türk yurdu kimi sevib, soyunun, soyadının bu yerlərlə bağlı olduğundan qurur duymuşdu:

Eləmi, anmışam mən,

Səni Əsli sanmışam mən.

Qucağında Gəncənin,

Kərəm tək yanmışam mən!

 

Mən aşiqəm, Gəncədən,

Şəmkirimdən, Gəncədən.

Əslim, köküm türk oğlu,

Soy, soyadca Gəncədən!

Göründüyü kimi, Əhməd Cavad Azərbaycan şifahi xalq ədəbiyyatının ayna bulağından su içib, analarımızın, nənələrimizin, ata-babalarımızın miras qoyduğu söz incilərini qəlbinin süzgəcindən keçirdərək özü ədəbiyyatımızı bəzəyən, mənəvi dünyamızı bir qədər zənginləşdirən incilər yaradıb.

Zamanın səmum yelləri Əhməd Cavadın başının üzərindən əsib, irticaçı rejimin caynaqları onun fiziki dünyasını məhv etdisə , mənəvi dünyasının bahar təravətli gözəllikləri bu gün oxucuların qəlbinə bir fərəh gətirir. Azərbaycan gəncliyi Əhməd Cavad-Şükriyyə sevgisini Leyli-Məcnun, Fərhad Şirin məhəbbəti kimi qəbul edir, ona güvənir, bu sadiq sevgililəri xatırlayır:

Şükriyyə taleyim, şükür Xudaya!

Gördüyüm doğrumu, yoxsa pək röya?!

Dolub ürəyimə bu dadlı xülya,

Şirin günlərimi sürmərəm sənsiz!

Həqiqətən Əhməd Cavad Şükriyyəsiz, Şükriyyə Əhməd Cavadsız şad olmadı. Tale onları ayırsa da, qəlbimizdə olan inam deyir ki, onların ruhları bir yerdə birləşib. Bu nakam sevgi, sevgi hekayəti haqqında çox yazılıb, çox deyilib, hələ bundan sonra da yazılacaq.

Əhməd Cavad Şükriyyəsiz yaşaya bilmədiyi kimi, Azərbaycan ədəbiyyatı da Əhməd Cavadsız bir tərəfi boş qalardı. Əhməd Cavad Azərbaycan ədəbiyyatının bəşəriyyətə bəxş etdiyi özü, sözü bir olan, sağlam məfkurəli, əbədiyaşarlıq qazanan, "Göy-gölü" ilə qəlbimizə həmişə sərinlik gətirən, mavi göylər qədər dərin olan bir sənətkardır.

 

Nizami Muradoğlu

filologiya üzrə fəlsəfə doktoru

Xalq Cəbhəsi.- 2014.- 20 iyun.- S.15.