Qədim türklərdə ata münasibət
Qədim türklərdə olduğu
kimi indi də türk xalqlarında totemizm
ənənələri qalmaqdadır. Canavar (boz qurd), qu
quşu, qoyun, maral, at, öküz bu cür heyvanlardandır. Atlar həmişə
qəhrəmanlıq obrazlarının
ayrılmaz hissəsi olub. Bundan əlavə məişət
və təsərrüfatın
ayrılmaz hissəsi kimi də sevilib
və vəsf edilib. Atla bağlı inanclar,
at kultu, əsatirlər
türk xalqlarında çoxdur.
Türklərə görə qapıya nal vurmaq bəd
qüvvələrin qapıdan
daxil olmasının qarşısını alır. Yuxuda at görmək
arzuya qovuşmağa bir işarədir. Gəlin gedən qızın gəlinlik donuna at tükü tikərdilər
ki, onun ailə həyatı uğurlu olsun. Gəlin gələn qızın donuna at qılı tikərdilər ki, onun oğlu olsun.
Müasir Azərbaycan ədəbiyyatında,
xüsusilə də Azərbaycan sovet ədəbiyyatında milli
atçılıq mövzusuna
müraciət edilib. Bu əsərlərdən
İsmayıl Şıxlının
"Dəli Kür",
Şamo Arifin "Qınamayın məni",
Fərman Eyvazlının
"Qaçaq Kərəm",
Cəlal Bərgüşadın
"Boz atın belində", Fərman Kərimzadənin "Xudafərin
körpüsü", İlyas
Əfəndiyevin "Dağlar
arxasında üç
dost", Cəmil Əlibəyovun
"Özümü axtarıram"
romanlarını və
s. əsərləri göstərmək
olar. Nəzm əsərləri içində
B.Vahabzadənin "Qarabağ
atı", "Mələz
at", Ə.Kərimin "Göydəmir at", Hüseyn
Arifin "Kəhər
at", Səməd Vurğunun
"A köhlən atım",
Ramal Nadirin "Qarabağ atı",
"Atıma nekroloq"
kimi şeirlərini misal gətirmək olar.
Uşaqlıqda dönə-dönə oxuduğum "Dəli Kür" romanı Azərbaycan xalqının
milli-mənəvi müstəvidə
və o dövrün siyasi mənzərəsi fonunda təqdim etdiyi insan-at dostluğu "dar" məqamlarda ortaya çıxsa da, bu bağlılığın
nə qədər dərin olduğu oxucunun nəzərindən
qaçmır. Əsl milli
obraz, "klassik" Azərbaycan kişisi olan Cahandar ağa
ilə Qəmər atın ünsiyyəti ancaq maddi tələbatdan
yaranan insan-heyvan münasibəti deyil, bu, həmdə iki dostun, silahdaşın
mənəvi bağlılığıdır.
Əsərin sonu kədərli
olsa da, burada baş verən hadisələr Cahandar ağa ilə Qəmər atın arasındakı dostluğu və sevgini oxucunun nəzərində nəinki
yox etmədi, hətta bu dostluğu
milli qürur və vətənpərvərlik
fonunda daha da ucaltdı. Onsuz da əsərin xətti, hadisələrin
gedişatı Cahandar
ağa və Qəmər at kimi obrazlara acı aqibətdən başqa heç nə vəd vermirdi. Cahandar ağa kimilər isə belə düşünürdü
- "igidin atı da şərəflə ölməli idi..."
Düşmənləri Cahandar ağanı təhqir etmək üçün onun atının yal-quyruğunu
qırxmağı qərara
alırlar. Cahandar ağa bu rüsvayçılığa
dözə bilməyib,
gözlərində yaş,
sevimli atını güllələyir...
Türk xalqlarının ideologiyasında,
adət-ənənələrində, inanclarında atın yal-quyruğunu qırxmaq təhqir hesab edilirdi. Kişinin namus atributları
papaq, arvad və at hesab edilirdi. Əsasən atın quyruğunun
kəsilməsi qədim
türklərdə dərin
məna daşıyırdı.
Qədim
zamanlarda döyüş
səfərinə çıxan
igidlər, ərənlər
atlarının quyruğunu
özləri kəsər
(kəsmək dedikdə
bu, quyruğun qıllarını qırxmaq
mənasına gəlir)
və nizələrinin
ucuna taxardılar.
İgid üçün at sanki ikinci nigahlı arvad idi. O, toxunulmaz idi. Atının
quyruğunu kəsən
igid üçün artıq bu at dul arvad anlamına
gəlirdi və bununla da igid
özünü şəhid
olmağa hazır sanırdı. Misal üçün bildirim ki, Malazgirt döyüşünə
gedərkən Alp Arslanın
atının quyruğunu
kəsməsi islamiyyət
dövrünə təsadüf
etsə də, qədim türk adət və inancının hələ
yaşamasına dəlalət
edirdi...
Cahandar ağanın sevimli atı Qəmərə xitab etdiyi son sözlər:
"İndi mən
nə edim, Qəmər? Axı sən mənim
sirdaşım, dar günümdə harayçım
idin. Sən məni çox
dardan çıxarmısan.
Sən mənim ürəyimdən
keçənləri balaca
bir işarədən
başa düşürdün.
Sən quşdan ayıq və ehtiyatlı bir atsan, Qəmər.
Çox qaranlıq gecələrdə məndən
qabaq, yolda təhlükə olduğunu
sən başa düşübsən. Qulağını yapıxdırıb sakitcə
dayanmısan və məni başa salmısan ki, irəli getmək olmaz. Məndən qabaq özün
yolu dəyişmisən,
Qəmər. Bir toyda, bir nişanda
geri qalmamısan, hələ indiyəcən
cıdırlarda səni
keçən olmayıb.
Məni utandırmamısan, həmişə
başımı uca eləmisən. Neçə dəfə sənin yalına yatıb, gözlərinə qurban, Qəmər, əlac sənə qalıb demişəm. Sən quş
kimi qanad açıb məni güllənin altından çıxartmısan. Mən səni
özümə qardaş,
sirdaş bilirdim, Qəmər, sən kişnəyəndə ürəyim
dağa dönürdü.
Şahə qalxıb fırlananda
elə bilirdim yeri-göyü mənə
bağışlayırlar, Qəmər. İndi mən neyləyim, sənin rüsvayçılığına
necə dözüm?"
Həm Azərbaycan, həm də digər türk xalqlarının eposlarında, əfsanə
və əsatirlərində,
dastanlarında qəhrəmanların
öz dərdlərini
atlarına danışmaları
səhnələrinə çox
rast gəlmək olur. Çünki çətin anda igidin yanında onun atı olardı
və bu canlı onu təhlükədən sürətlə
uzaqlaşdıra bilərdi...
Ramal Nadir
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2014.-
20 iyun.- S.15.