Azərbaycanda XIX əsrdə fəlsəfi
fikir
Azərbaycanın zadəgan ziyalı təbəqəsinin
bir hissəsi XIX əsrdə təhsil almaq üçün
İslam ölkələrinə, digər hissəsi isə
Rusiyaya və Avropaya gedirdi. Sonuncular təhsil
aldıqları ölkələrdə dil və elmlə bərabər
həmin ölkələrin mənəvi-mədəni dəyərlərinə
yiyələnir və vətənə qayıtdıqda bu dəyərləri
öz milli dəyərləri və mənəvi ənənələri
ilə birləşdirərək Azərbaycan xalqının
ideologiyasının və fəlsəfəsinin təşəkkülünə
təkan verirdilər. Nəticədə Azərbaycanda
universallığı ilə fərqlənən
maarifçilik cərəyanı yarandı. Avropa və Rusiyada olduğu kimi Azərbaycan
maarifçiləri də ictimai böhrandan
çıxış yolunu xalqın maariflənməsində
görürdülər. Beləliklə,
XIX əsrdə Azərbaycan gerçəkliyinin sosial-mədəni
inkişafının tələblərinə cavab verən və
universallığı ilə səciyyələnən
maarifçilik hərəkatının ideologiyası və fəlsəfi
görüşləri formalaşırdı. Ölkənin ideologiyasında maarifçilik fəlsəfəsinə
diqqətin artmasının səbəbi əvvəlki
dövrlərə nisbətən xalq təhsilinin çox
ağır vəziyyətə düşməsi idi. Azərbaycan maarifçiliyinin mədəni bazası
və ölkənin sosial-siyasi vəziyyəti Qərb və
Rusiya maarifçiliyindən bir sıra xüsusiyyətləri
ilk növbədə dinə münasibəti ilə fərqlənirdi.
Bu fərqi yaradan real obyektiv səbəb rus
çarizminin Azərbaycan xalqını dinindən, dilindən
və milli mədəniyyətindən ayırmaq və onu
etnik assimilyasiyaya uğratmaq siyasəti idi. Çünki etnik varlığını qoruyub
saxlamaq xalq üçün öz din, dil və mədəniyyəti
ilə bağlılığını itirməmək demək
idi. Dil və mədəniyyətdən fərqli
olaraq, Azərbaycan maarifçiləri dinə münasibətdə
müxtəlif mövqelərdə dururdular. Bu münasibət din xadimlərinin Rusiya müstəmləkə
sisteminə münasibətindən və maarifçi
ideoloqların şəxsi dünyagörüşlərindən
asılı idi.
XIX əsr
Azərbaycan maarifçilik fəlsəfəsinin ilk təmsilçisi
təbiət elmləri, tarix, məntiq, filologiya və s. sahələr
üzrə əsərlərin müəllifi, şair və
filosof Abbasqulu ağa Bakıxanov olub. Onun Azərbaycan
maarifçiliyinin ilk dövrünə aid fəlsəfi
görüşləri "Əxlaqın tərbiyələnməsi",
"Nəsihətlər kitabı",
"İşıqların yerləşdiyi yer",
"Camalın aynası" və s. əsərlərində,
həmçinin məşhur "Gülüstani-İrəm",
"Qüdsinin bağı", "Qüdsinin
qanunları" öz əsərlərində əksini
tapıb. A.Bakıxanovun fəlsəfi
dünyagörüşünün formalaşmasında onun
ensiklopedik biliyə malik olması, şəxsi
elmi axtarışları, təmsil etdiyi Azərbaycan və
Şərq mədəniyyəti və fəlsəfəsi ilə
yanaşı, rus və Avropa ictimai fikri, fəlsəfi ənənələri
ilə tanışlığı mühüm rol oynayıb. Onun fəlsəfəsinin əsas qayəsi maariflənmə
yolu ilə kamil şəxsiyyət yetişdirmək, ədalətli
cəmiyyət qurmaq olub. A.Bakıxanovun
irsində kamilləşmənin sufizmdən gələn mistik
(tərki-dünyalıq yolu ilə Allaha qovuşmaq) və
dünyada mədəni-fəlsəfi inkişafla bağlı
zəka, elm kimi iki yolu göstərilir. Mahmud
Şəbüstəri, Yusif Qarabaği və b. irsində də
göstərilən bu iki yol A.Bakıxanovun kamilləşmə
konsepsiyası üçün təməl idi. O, əsrinin
elmi nailiyyətlərindən çıxış edərək
mənəvi təkmilləşmədə elmə, elmlə əməlin
(praktikanın) bağlılığına və
mövcudatın rasional dərkinə xüsusi əhəmiyyət
verirdi. A.Bakıxanovun fəlsəfi və etik
görüşləri, əsasən "Əxlaqi kamilləşmə"
və "Nəsihət kitabı" əsərlərində
əksini tapıb. Həmin əsərlərdə
fəlsəfənin, fəlsəfi və etik kateqoriyaların
tərifi, onların nisbiliyi, mövcudatda səbəbiyyət,
inkişaf və qanunauyğunluğun problemlərindən bəhs
olunur. Bu problemlərin rasional dərkini
onların kamilləşən insan tərəfindən həll
edilməsi əsası kimi təsəvvür edən
A.Bakıxanov məhz bu yolla vahid ailə saydığı bəşəriyyətin
xoşbəxtliyə çatmasına inanırdı. Digər tərəfdən A.Bakıxanovun sufizm təmayüllü
dünyagörüşünə görə, həqiqi
xoşbəxtlik mistik kamilləşmə yolu ilə vəhdəti
dərketmə və fəna yolu ilə bəqaya (İlahi əbədiyyətə)
qovuşmaqdır.
İctimai görüşlərində kamil insan və təkmil
cəmiyyət konsepsiyasından çıxış edən
A.Bakıxanov sübut etməyə
çalışırdı ki, dünya nizamının əsasını
sosial bərabərsizlik təşkil edir.
XIX əsrin görkəmli mütəfəkkir,
maarifçi və alimlərindən biri də
yaradıcılığı ilə Azərbaycan və rus mədəniyyətlərini
təmsil edən Qazan və Peterburq universitetlərinin
professoru Mirzə Məhəmməd Əli Kazım bəy idi. Bir neçə
Şərq və Avropa dillərini bilən, rus şərqşünaslığının
banilərindən olan Mirzə Kazım bəy XIX əsr Asiya və
Avropanın elmi dairələrində şöhrət
qazanmışdı. Mirzə Kazım bəyin mədəniyyət
fəlsəfəsinə, Şərq ictimai-siyasi və fəlsəfi
cərəyanlarına, İslam tarixinə və Quranın təfsirinə,
mənəviyyat və qnoseologiya problemlərinə, dilin
inkişaf qanunauyğunluqlarına həsr edilmiş əsərləri
elmi dəyəri, çoxşaxəliliyi və
orijinallığı ilə fərqlənir. Mirzə
Kazım bəy xurafatın əleyhinə
çıxmış, maarifi və elmi yüksək dəyərləndirmişdi.
O, elmin milli və bölgə zəmininin olmasının
vacibliyini xüsusi qeyd edirdi: "Qərb öz siyasəti ilə
Asiyada maarifi bərpa edə bilməz: ölkənin
islahatçıları ölkənin özündə
doğulmalıdırlar". M.Kazım bəyin
"Bab və babilər" əsərində təbiətin
bir-birindən fərqli, öz qanunlarına tabe üç
(maddi, mənəvi və ruhani) aləmdən ibarət
olmasından, təfəkkürün mənşəyinin gizli
qüvvə, insan mənəviyyatının isə azad iradə
ilə bağlılığından bəhs olunur. Onun
"Firdövsiyə görə mifologiya" əsərində
müxtəlif bölgə mifləri, onların mənşəyi
və təşəkkülündə ədəbi və dini
təfəkkür formaları və psixoloji amillər tədqiq
edilib, "Şamil və müridizm", "Bab və babilər"
kitablarında isə sosial zülm və xarici istibdada
qarşı yönəlmiş Şamil hərəkatı və
babiliyin İslam bölgəsi təriqətləri ilə
bağlı fəlsəfi, sosial, dini və etik
görüşlərinin elmi şərhi verilib.
Azərbaycanda maarifçiliyin fəlsəfi
ideyalarının yayılması və inkişafında
şair-mütəfəkkir Mirzə Şəfi Vazeh, Seyid
Əzim Şirvani və b. özlərinə məxsus yer
tutublar. XIX əsr
Azərbaycan ictimai-fəlsəfi fikir tarixi M.F.Axundzadənin
(Axundov) "Kəmalüddövlə məktubları",
"Mollayi Ruminin və onun təsnifinin babında", "Həkimi-ingilis
Yuma cavab", "Yek kəlmə haqqında" və s. əsərlərində
əksini tapıb. Mirzə Fətəli Axundzadənin
dünyagörüşünün mənbəyi Azərbaycan,
bütövlükdə İslam Şərqi, Qərb və
rus mədəniyyətləri, ilk növbədə fəlsəfi
təlimləri və elmi nailiyyətləri olub. Onun fəlsəfi irsinin ontoloji aspekti materialist və
ateist, qnoseoloji aspekti isə rasionalist təmayüllü idi.
M.F.Axundzadəyə görə, Kainat - əsasında
hissəciklərdən (atomlardan) ibarət maddi substansiya duran,
əvvəli və sonu olmayan kamil, bütöv və vahid
varlıqdır. Zaman və məkan onun zəruri
atributlarıdır. Maddi varlıq daim hərəkətdədir,
qanunauyğunluğa söykənir və bunların
mövcudluğunda İlahi qüvvənin iştirakı
yoxdur. Kainat həm yaradan, həm
yaradılandır. Rasionalizmə söykənən
M.F.Axundzadə maddi varlığın insan hissləri, əqli
və müxtəlif elmlər vasitəsilə dərkini təsdiq
edirdi. Onun dünyagörüşündə
dialektika mexanistik baxışlarla birgə mövcuddur.
Kainatda qarşılıqlı əlaqə,
asılılıq, səbəb və nəticə, hissə
ilə tamın vəhdətini görən M.F.Axundzadə hərəkəti
yerdəyişmə və təkcə kəmiyyət dəyişiklikləri
kimi qəbul edib, zaman daxilində kəmiyyət dəyişikliklərinin
isə dairəvi hərəkət daxilində baş verdiyini
söyləyib. Başqa sözlə, M.F.Axundzadə
yüksələn xətt üzrə inkişaf
ideyasını qəbul etmirdi. Onun fəlsəfi
əsərlərində materializm və rasionalizmin şərhi
və müdafiəsi idealizm, teologiya və aqnostisizm prinsiplərinin
tənqidi ilə paralel verilir. M.F.Axundzadə
bir çox Azərbaycan maarifçilərindən fərqli
olaraq din və dini dünyagörüşü ilə
ardıcıl mübarizə aparıb. Onun İslam dininə,
bu dinlə bağlı adət və ənənələrə
qarşı radikalizmlə səciyyələnən və bir
sıra məqamlarda obyektivlikdən kənar kəskin
çıxışlarına səbəb dinin və dini
dünyagörüşünün, Azərbaycan xalqı da
daxil olmaqla, İslam bölgəsi xalqlarını maarifdən
və Qərb inkişafından geri qoyduğunu hesab etməsidir.
M.F.Axundzadənin ərəb əlifbasının sadələşdirilməsi,
yaxud latın əlifbası ilə əvəz
olunması uğrunda apardığı mübarizə də
bununla bağlı idi. M.F.Axundzadə tərəfindən
İslam və İslamla bağlı həyat və
düşüncə tərzinin tənqidinin bir səbəbi
də toxunduğu problemlərə marağı artırmaq məqsədi
olub. O, azadlığın insana əzəli məxsusluğunu
qəbul edir, azadfikirliliyi təbliğ edir, bəşəriyyətə
azadlığı filosof və alimlərin gətirəcəyinə
inanırdı. İnsanların əmlak bərabərliyindən
deyil, hüquq bərabərliyindən bəhs edən
M.F.Axundzadə qadınlar və kişilər arasında
hüquq bərabərliyinə xüsusi diqqət verirdi.
M.F.Axundzadənin fəlsəfi
dünyagörüşü Şərqin mədəni həyatına
böyük təsir göstərib.
XIX əsr
Azərbaycan maarifçilərindən olan təbiətşünas
alim və mütəfəkkir Həsən bəy Zərdabi
Rusiya hakim dairələrinin təzyiq və təqiblərinə
baxmayaraq xalqı maarifləndirmək, ona hüquqlarını
başa salmaq məqsədilə Azərbaycanda ilk azərbaycandilli
qəzet və ilk milli teatr yaradıb, ölkədə ilk Azərbaycan
müəllimləri qurultayının
çağırılmasının təşəbbüsçüsü
olmuşdu. Bir nəzəriyyəçi kimi Zərdabi
xalqın "etnik özünümühafizəsi" probleminə
mühüm diqqət yetirib. Onun bu
konsepsiyasında xalqın maariflənməsində dil, mədəniyyət
və din fenomenlərinə xüsusi diqqət verilirdi. "Maarifdən təcrid olmaq xalqın məhvi deməkdir"
söyləyən Zərdabi xalqın mənlik şüurunu
oyatmağa, onu xurafatdan xilas etməyə
çalışır, milli qırğına təhrik edən
erməni millətçilərini mətbuatda kəskin tənqid
edirdi. Mövhumat və cəhalətin elm
və maarifə zidd olduğunu göstərən Zərdabi
dini idealizm mövqeyindən çıxış edən Lev
Tolstoyun insanın ilahiləşdirilməsinə aparan
görüşlərini də tənqid edirdi. Cəmiyyətdə sosial bərabərsizliyə
insanların elmi və mənəvi kamilləşməsi ilə
son qoyulacağına inanan Zərdabi maarif zəminində
siniflər arasında ümumi dil tapmağa səsləyirdi.
Zərdabi bütün
yaradıcılığı boyu zəhmətkeş xalqın
havadarı və müdafiəçisi olmuşdu. O, əsərlərində
sosial və iqtisadi məsələləri qoymaqla
yanaşı, onların elmi həllinə xüsusi diqqət
vermişdi. Mütəfəkkirin fəlsəfi
görüşləri haqqında məlumatı onun
"Torpaq, su və hava" adlı əsəri verir. Burada Yer planetinin təkamülünün elmi-materialist
təsviri, onun müxtəlif tarixi dövrləri, bitki və
heyvanat aləminin əlaqələri göstərilir,
insanın yaranması haqqında dinə zidd fikirlər irəli
sürülür.
Zümrüd
Quluzadə
fəlsəfə
üzrə elmlər dotoru,
professor
Xalq Cəbhəsi.-
2014.- 21 iyun.- S.14.