“Ergenekon” dastanı göytürklərin
adı ilə bağlıdır
Saklar
miladdan öncə VII-III yüzillərdə Orta Şərqdə qüdrətli bir dövlət
yaradıblar. Bu ulu türk dövlətinin baş şəhəri
Balasaqun idi. Gənc
hökmdar Şu Balasaqunda qərar tutub möhtəşəm
sarayında dörd bucaqdan gələn elçiləri dəyərli
ərmağanlarla qəbul edir, ölkəsini güclü ordu
ilə qoruyur, elmli köməkçiləri ilə idarə
edirdi. Sarayının önündə ordu bəylərindən
gündə 360 növbətçi dururdu. Balasaqun şəhərinin
yanındakı böyük Şu qalasını o
tikdirmişdi.
Atası
öldükdən sonra çox gənc yaşında hakimiyyətə
gələn Şu tezliklə böyük nüfuz və
hörmət qazanır. Dövlətin adını
şöhrətləndirir. Nizami ordusunun adı, səsi-sorağı
ətraf dövlətlərə yayılır. Özü də
mahir bir sərkərdə kimi hər yanda xatırlanır.
Şu haqqında İsgəndər Zülqərneyn də
çox eşidir və sakların ölkəsinə
yürüş edir. İsgəndər Səmərqəndi
keçib türklərin ellərini almağa gəlirdi. Xaqan
Şu Balasaqun yaxınlığındakı qalasında sakitcə
əyləşib öz işləri ilə məşğul
olurdu. Bu zaman Saqa bəyləri xaqanın hüzuruna gəlib
soruşurlar: "İsgəndər yaxınlaşır,
onunla savaşacağıqmı, buyruğun nədir?"
Bəylərin bildiyini Xaqan bilməmiş deyildi. Amma Xaqanın
bildiyini bəylər bilmirdilər. O, 40 komandanını
öncülü olaraq Hocənd çayı kənarlarına
göndərmişdi. Bunlar gizlicə getdikləri
üçün bəylərin xəbəri
olmamışdı. Xaqan əsl xəbəri
onlardan gözləyirdi. Onun
üçün könlü rahatdı və bəylərin
sorğusuna açıq cavab vermədi.
Xaqan gümüş hovuzunda üzən qazları,
ördəkləri seyr edirdi. Bu səyyar
gümüş hovuzu hara gedirsə, özü ilə
götürür, qonaq qaldığı yerdə içərisində
su doldurub qazları, ördəkləri
üzdürürdü. Xaqan bəylərin üzünə
baxmadan hovuzdakı qazları, ördəkləri göstərdi
və dedi: "Bunlara baxınız nə gözəl
üzür, nə gözəl görünürlər,
deyilmi?"
Bəylər Xaqanın bu sözündən
çaşıb qaldılar. Ürəklərinə od düşdü. Onun İsgəndərlə
savaşmaq, yaxud geri çəkilmək üçün tədbir
görmədiyinə çox üzüldülər.
O zaman
İsgəndər Zülqərneyn Hocənd
çayını keçmişdi. Xaqanın
adamları gizli bir xəbərçi ilə hadisəni
bildirdilər. İsgəndərin gəldiyini
bilən Şu hərəkət etmək üçün
davullar çaldırdı. Deməli, hərəkət
etmək lazımdır.
Qəfil davul çalınması əhalini
çaşdırdı. Tələsik hərəkət əmri
verildiyi üçün hər kəs tapa bildiyi ata mindi, evdən
götürə bildiklərini
yığışdırıb gecə yarısı yola
düşdülər.
Sakların
Xaqanı sabah olunca uyğun
gördüyü bir düzənlikdə "dur" əmrini
verdi. Orada çadırlar quruldu və ordu
düzənlikdə məskən saldı. Şu və
ordusu qəfil hərəkət etdiyi zaman 22 kişi
ailəsilə minik tapmadıqları üçün öz
evlərindən tərpənmədilər. Bunların
arasında Kınıq, Yiva, Eymur və başqaları
vardı ki, oğuz boyları bunlardan törəyəcəkdi.
İyirmi iki kişi "qalımmı,
yaxud gedimmi?" - deyə
düşünürkən yanlarına iki kişi də gəldi
və bellərində yük olduğu üçün
yorulmuşdular. Ona görə də
yavaş-yavaş gəlirdilər. "Gedəkmi,
qalaqmı?" danışıqlarını onlar da eşidib
məsləhətləşdilər.
İsgəndər gələrsə, buradan keçəcək,
amma özlərinin yurdlarında qalacaqları fikri əsas
götürüldü. 22-lər gələnlərə
"Qalas!" - dedilər. Bu "qalın, gözləyin" mənasında
bir söz idi. Bundan sonra onlara
"Qalas" deyildi. "Qalasçı"
olaraq anılan iki qəbilə də onların soyundandır
(Bu gün Azərbaycanın Şirvan-Muğan bölgəsindəki
Xalaç məskəninin adı da görünür, bu
türk tayfasının adı ilə bağlıdır).
Makedoniyalı İsgəndər ordusu ilə gəldi.
O, 22 kişini görüncə, bunların uzun saçlı,
türk qiyafəli olduqlarına görə kimsədən məlumat
almadan "türkməndirlər" demişdi. O zamandan sonra
bunlara türkmən dedilər.
Türkmənlər əslində 24 boydurlar. İsgəndər
24-lərin düşündüyü kimi gəlib keçən
idi. Türkmənlər yurdlarında
qaldılar. Amma Xaqan Şu ordusunu
götürüb Çinə doğru irəlilədi. İsgəndərsə onun arxasınca
düşdü. Uyğur elinə
yaxınlaşınca Xaqan yer və zamanın uyğun
olduğuna qərar verərək ordusunun bir qismini
ayırdı və bunları İsgəndərin öndəki
qoşunu ilə vuruşmağa göndərdi.
İsgəndərin ordusu ilə vuruşmağa gedənlərin
hamısı gənc idi. Bunu görən vəzir Xaqana dedi: "Xaqanım,
İsgəndərlə vuruşmaq üçün gəncləri
ayırdın. Onların yanında savaş təcrübəli
yaşlılar da olsa, yaxşı olar". Xaqan vəzirin məsləhətini eşidib əsgərlərin
arasına yaşlı təcrübəli
döyüşçülər də saldı.
İsgəndər də bir zərbə dəstəsi
göndərmişdi. Türklər bir gecə basqın edərək
İsgəndərin bu dəstəsini dağıtdılar.
Bu vuruşmada bir türk gənci İsgəndərin
döyüşçülərindən birini ikiyə
bölmüşdü. Ölən əsgərin
belində qızıl dolu bir kəmər vardı. Kəmər qılınc zərbəsindən
parçalanmış, içərisindəki qızıllar
qana bulaşmışdı. Ertəsi
gün türk əsgərləri qanlı qızılları
görüb "Altun qan" dedilər. Sonralar
bu söz həmin yerdə olan böyük bir dağa ad olaraq
verildi. Həmin dağın adı
"Altun xan"dır.
Bu savaşdan sonra İsgəndər türk
hökmdarı ilə barışdı. Uyğur şəhərini
qurdu və bir müddət orada qaldı. İsgəndər
çəkilib getdi. Xaqan Şu öz
yurduna döndü. Balasaquna gedib indi Şu
deyilən şəhəri saldı.
Qədim
oğuz-türk xalqlarının nizami ordusundan, bu ordunun
savaşlarından, onun qüdrətli sərkərdəsindən
bəhs edən bu dastan İsgəndər Zülqərneyni
zamanından ta miladın XI yüzilliyinə qədər, yəni
1500 il ağızlarda yaşamış, nəhayət,
dastanın müxtəsər məzmununu XI yüzilin
böyük türk alimi Mahmud Qaşqarlı "Türk
dilinin divanı" əsərinə
köçürmüşdü. Həm Mahmud
Qaşqarlının, həm də başqa müəlliflərin
yazdıqlarına görə, Saklar Qafqazda və Orta Şərqdə
Miladdan öncə böyük dövlət qurmuş,
üç yüz ildən çox yaşamışlar. Sonralar qonşu dövlətlərlə
apardığı aramsız savaşlar sakları öz
yurdlarından köçməyə məcbur etmişdi.
Hindistanın ilk prezidenti Cəvahirləl Nehru həbsxanadan
yazdığı "Ümumdünya tarixinə dair məktublar"ında
saklar haqqında da bəhs edir. O yazırdı: "Eramızın
başlanmasından əvvəl 200 il ərzində Hindistana
bir neçə hərbi basqın olmuşdu. Amma
sən nəzərdə tutmalısan ki, bu basqınlar ancaq
istila və qənimət xatirinə deyildi. Bu xalqlara yerləşmək, məskunlaşmaq
üçün torpaq lazım idi. Mərkəzi
Asiyanın əksər qəbilələri köçəri
olduğundan bu qəbilələr sayları artdıqca
yaşadıqları torpaq sahələri onları dolandıra
bilmirdi. Buna görə də başqa yerlərə
köçmək və yeni-yeni torpaq sahələri axtaramaq məcburiyyətində
qalırdılar". Cəvahirləl Nehru daha sonra
yazır: "Sonralar sayı-hesabı olmayan saklar bütün
Şimali və Qərbi Hindistana yayıldılar. Saklar iri köçəri türk
tayfalarındandır. Başqa bir iri tayfa
olan kuşanlar onları otlaqlardan sıxışdırıb
çıxarmışdılar. Baktriyaya və
Parfiyaya doluşan saklar yavaş-yavaş Şimali Hindistanda,
daha dəqiq desək, Pəncabda, Racputanda və Kathiavarda məskən
saldılar. Hindistan sakları mədəniləşdirdi
və onlar öz köçəri vərdişlərindən
əl çəkdilər.
Hindistana gələn və ölkənin şimalında
yerləşən saklar, skiflər və başqa xalqlar
haqqında yuxarıda demişdim. Onlar hind
xalqının bir hissəsinə çevrildilər. Elə biz özümüz - Şimali Hindistanın
sakinləri də onların nəslindən olduğumuz kimi, həm
də arilərin nəslindənik. Gözəl
rachəputlar və Kathiavarın qoçaq xalqı onlardan
törəyib. Deməli, Cəvahirləl
Nehrunun soykökü və Hindistanın Şimal əyalətlərinin
sakinləri qədim türk soylu saklar və başqa tayfalardan
ibarətdir".
Sonrakı oğuz bəyləri bu türklərdən
törəmişdi. Türk adını və türk dövlətini
təmsil edən və daha çox qədim əfsanələrdən
qidalanaraq gələn "Ergenekon" dastanı isə
göytürklərin adı ilə bağlıdır.
Bu dastanın məzmunu Fəzlullah Rəşidəddinin
"Cami ət-Təvarix" ("Tarixlərin toplusu") əsərində
öz əksini tapıb. Dastanın qısa məzmunu belədir:
Oğuz xan soyundan olan Elxan monqol elinə hökmdar olur. Monqolların
sayı çoxalır, türk ellərində oxları
ötür, qolları yetir. Başqa
türk boyları bunlara düşmən olur, onlar birləşərək
monqolları yox etmək istəyirlər. Onların
başçısı Sevinc xandır.
Elxan (göytürklər) düşmənin hücum edəcəyini
anlayır və tədbir görür. O, heyvan sürülərini
bir yerə toplayır, ətrafına xəndəklər
qazır. Düşmənlər gəlir,
vuruşmada Elxanın ordusu qalib gəlir. Bütün
türk boyları Elxana qarşı birləşirlər.
O, hiylə işlədir, lakin hiylə toruna özü
düşür. Türklər qalib gəlir və
monqolların böyüklərini öldürüb
qalanlarını əsir alırlar. Bu
savaşda Elxanın Qıyan adlı övladından başqa
bütün çocuqları öldürülür.
Qıyan və Elxanın yaxın qohumu Nüküz o il evlənmişdilər. Onlar
arvadları ilə əsir düşürlər. Bir gecə hər ikisi arvadları ilə birlikdə
atlanıb qaçırlar. Döyüş
olan yurda gəlib orada qalmış at, dəvə,
öküz, qoyun və başqa heyvanları götürüb
çox-çox uzaq dablar aşıb çox çətin
keçilən və hər tərəfi dağlarla
örtülən yerə gəlirlər. Bu
yerin gurultu ilə axan suları, qalın meşələri, at
beli hündürlükdə otları, çəmənlikləri,
müxtəlif ov heyvanları vardı. Bu
gözəl yerə "Ergenekon" adı verirlər. "Ergene" - "dağ kəməri",
"kon" isə "dik yer" mənasındadır.
Ergenekonda Qıyan və Nüküzün çoxlu
uşaqları oldu. Beləcə onlar burada 400 il
yaşadılar. Artıq buraya sığmaz
olmuşdular. Onlar ulularından ata yurdu
haqqında eşitmişdilər. Düşmənlərinin
onların atalarını qırdıqlarını da nəsilbənəsil
yaddaşlarında saxlamışdılar. Yaşadıqları
yerin ətrafı dəmir dağ imiş. Dağın
bir yerində ocaq çatıb körük düzəldib
yandırdılar və dağdan deşik açıb köhnə
yurdlarına döndülər. Onlara
yaxın olan qəbilələrlə birləşdilər,
düşmənlərinə qələbə çalıb əski
torpaqlarında dövlətlərini qurdular.
"Mulan türküsü" adı ilə Paris Milli
Kitabxanasında saxlanan və XV əsrə aid edilən bu qədim
dastanın da bir hissəsi qalıb. Ancaq bu bir hissə də
dastan haqqında müəyyən təsəvvürlər
yaradır. "Mulan türküsü"nün qısa
məzmunu belədir: Mulanın babası (atası)
ahıllaşmış, yaşı ötmüşdü. Qəbilənin adətinə görə vətən
naminə hər ailədən biri orduda olmalıdır. Mulan atasının əvəzinə orduya getmək
üçün razılıq alır. Bazardan
döyüş paltarı, at və yəhər əldə
edir. Döyüşçü libası
geyinib orduya gedir. O, on iki il orduda
nümunəvi xidmət edir, döyüşlərdə
igidlik göstərir və fəxri libasda atlı əsgər
kimi evlərinə dönür. Döyüşçü
dostları onu yoxlamağa gələrkən Mulan qız
libasında onları qarşılayır: Savaş geyimləri
çıxardı,
Əski zamanlardakı geyimləri geydi.
Pəncərənin
kənarında gözəl saçlarını daradı,
Aynanın
qabağında başına bir gül taxdı,
Qapıdan
çıxdı, arqadaşlarını qarşıladı,
Arqadaşları heyrətlə qaldılar.
12 il birlikdə keçirmişlərdi
Mulanın qadın olduğunu anlamamışlardı.
Ulu oğuz-türk tayfalarının həyatından, hərbi
yürüşlərindən bəhs edən bu dastanları,
şübhəsiz, dövrünün ozanları yaradıb
yaymış, tarixi mənbələrdən
dövrümüzə qədər gəlib
çıxmışdı.
XV əsrin bu abidəsi - "Mulan türküsü"
o zamanın vətənpərvərlik anlayışı və
ordusu haqqında çox aydın təsəvvür
yaradır. Deməli, yaşadığın torpağı, yurdu
qorumaq üçün hər evdən orduda qulluq edən
olmalıdır. Bu qanun o qədər
müqəddəs olmuşdu ki, qardaşı olmayan Mulan
atasını əvəz etməyi qərara alır.
Qədim
türk dövlətlərinin bir çoxunda orduda daimi xidmət
12 il olmuşdu. Bu 12 ildə
nümunəvi xidmət edən əsgər fəxri libasda, bəzədilmiş
atla yurduna dönür və ona müəyyən imtiyazlar
verilirdi. XV əsrin bu nadir incisi müqəddəs
vətən və onu qorumaq haqqında tarixi bir vəsiqədir.
Qara Namazov
filologiya üzrə
elmlər doktoru,
professor
Xalq Cəbhəsi.-
2014.- 21 iyun.- S.15.