Xalq maarifçisi
Teymur bəy Bayraməlibəyov
O, Azərbaycanda məktəb,
kitab və mətbuat bolluğu yaratmaq üçün mətbəə və nəşriyyatlar təsis
etmək səylərinin
ardıcıl davamçılarından
biri kimi tanınıb
Tarix boyunca azadfikirliliyin yaranmasında
və inkişafında
bu və ya başqa şəkildə
maarifçilik xüsusi
rol oynayıb.
Azərbaycanda XIX yüzildən başlayaraq
maarifçilik hərəkatı
genişlənməyə başladı. Şübhəsiz, bu, ardıcıl fədakarlıq, təmənasızlıq,
özündənkeçmə bahasına başa gəlirdi. XIX yüzilinin sonu - XX yüzilin əvvəllərində
yaşayıb-yaratmış pedaqoq, araşdırmaçı
Teymur bəy Bayraməlibəyov Azərbaycanda
təhsilin, maariflənmənin
inkişafında xidmətlər
göstərib. Esmira Cavadova
onun həyat və yaradıcılığını
araşdırıb. Araşdırmaçı bildirir ki, Qori
müəllimlər seminariyasının
məzunu olan T.Bayraməlibəyovun Azərbaycanda
ziyalı və maarifçilik hərəkatının
genişlənməsində ayrıca xidmətləri olub. Lənkəran qəzasında və Bakı - Abşeronda müəllim kimi fəaliyyəti bu sıradandır: "T.Bayraməlibəyovun
pedaqoji fəaliyyət
sahəsində yolu heç də rahat, hamar olmayıb
və o, tez-tez müxtəlif maneələr
və təzyiqlərlə
üzləşib. Maarifçilik fəaliyyətilə yanaşı
T.Bayraməlibəyov folklor,
etnoqrafiya və diyarşünaslıq sahəsində
də xidmətlər
göstərib. Onun
Azərbaycanın görkəmli
ziyalıları - A.Qiyasbəyov,
N.Mahmudbəyov, S.Vəlibəyov,
Ə.Əfəndiyev, O.Qayıbov,
S.Acalov, A.Aslanov, İ.Muradov və başqaları ilə birlikdə Tiflisdə çıxan SMOMPK (Qafqaz əraziləri və xalqlarının təsvirinə
dair materiallar toplusu) məcmuəsində
nəşr etdirdikləri
müxtəlif məzmunlu
folklor nümunələri
və mifoloji mətnlər indinin özündə də dəyərli mənbələrdən
hesab olunur. Çətin bir dövrdə bunların göstərdiyi ziyalı fədakarlığı sonralar
H.Zeynallı tərəfindən
belə qiymətləndirilmişdi:
"Lopatinskinin ətrafında
çalışan Azərbaycan
müəllimlərinin adlarını
SMOMPK məcmuələrində oxuduqca insanın heyrəti artır. O adamların nə qədər həvəsi,
nə qədər qeyrəti varmış!.. Qəpik-quruş bir mükafata
uzun-uzun hekayələri,
mənzumələri türkcə
toplayıb tərcümələri
ilə yanaşı Tiflisə göndərirlərmiş.
Əlbəttə ki, xalq ədəbiyyatı tarixi yaradılarkən belə adamların adları qızıl su ilə ən görkəmli yerdə yazılmalıdır". Bu ziyalılar vəzifələrini
təkcə folklor nümunələri toplamaqla
bitmiş hesab etmirdilər. Onlar bəzi
inanış, bayram və mərasimləri ətraflı təsvir edib, onların mənşəyini aydınlaşdırmağa
çalışıblar. Bu isə həmin
məqalə-araşdırmaların dəyərini daha da artırırdı.
Bu cəhət ilk növbədə F.Köçərli,
Y.V.Çəmənzəminli və T.Bayraməlibəyov
kimi həm toplama, həm də araşdırma ilə məşğul olan ziyalılara aid idi. Belə ki, T.Bayraməlibəyov
"Kaspi" qəzetində
Novruz bayramına həsr olunmuş silsilə məqalələrin
müəllifi kimi də diqqəti cəlb edir".
Araşdırmaçı vurğulayır
ki, T.Bayraməlibəyovun
mənəvi irsi bir neçə qəzet məqaləsini çıxmaq şərtilə
uzun illər ərzində elmi araşdırmalardan kənarda
qalıb: "Ayrı-ayrı
müəlliflər onun
pedoqoji, folklor və etnoqrafik görüşlərinin təhlilinə
həsr olunmuş maraqlı yazılarla çıxış edib,
monoqrafiyalar nəşr
etdiriblər. T.Bayraməlibəyovun "Lənkəran keçmişdə"
və "Talış
xanlığının tarixi"
əlyazmaları onu oxucuya tarixçi-etnoqraf qismində təqdim edir. T.Bayraməlibəyov
vaxtaşırı "Kaspi",
"Azərbaycan" və
"Baku" qəzetlərində ekologiya və ətraf mühitin qorunmasına, iqtisadi məsələlərə, xalq
məişəti məsələlərinə,
habelə tibbə, dini inam və
etiqadlara həsr olunmuş məqalələrlə
çıxış edib".
O, 1862-ci ildə Lənkəran qəzasının Yeddi Oymaq kəndində anadan olub. Atası onu
kənd mollaxanasına
qoyur. Daha sonra Teymur bəy atası və böyük qardaşlarının təkidi
ilə təhsilini davam etdirmək məqsədilə Lənkərandakı
2 sinifli rus məktəbinə qəbul
olunur. 1875-ci ildə oranı bitirib Tiflisdəki feldşerlik məktəbinə
üz tutur. 1879-cu ildə Qori
müəllimlər seminariyasının
2-ci sinfinə qəbul
olunur. 19 yaşında
seminariyanı bitirən
Teymur bəy Lənkərandakı 2 sinifli
rus məktəbində
rus dili və riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə
başlayır: "Həmin
ilin aprelində çar mütləqiyyəti
"Gücləndirilmiş və fövqəladə mühafizə haqqında əsasnamə" qəbul
etmişdi. Bu sənədlə hər bir quberniyanın qubernatoruna icazə verilmişdi ki, əks təbliğat aparan qəzeti, məktəbi, kitabxananı
istədiyi anda bağlaya və təsisçisini sürgünə
göndərə bilər.
T.Bayraməlibəyov maneələrdən qorxmadan həmvətənlərini
avamlıq və cəhalətdən qurtarmaq
üçün yollar
axtarır, üzləşdiyi
çətinliklərə qarşı mübarizəsini
davam etdirirdi. Müəllim işlədiyi
məktəbdə cəmi
4 azərbaycanlı şagirdin
oxumasından narahat olan Teymur bəy
kəndbəkənd gəzərək
valideynlərlə görüşür,
onların "Sən
özün kafirsən,
bizim də balalarımızı kafir,
allahsız etmək istəyirsən" kimi təhqirlərinə baxmayaraq
həvəsdən düşməmiş,
təhsilin, elmin əhəmiyyətini insanlara
başa salmaq və inandırmaq yolu ilə məqsədinə
nail ola bilmişdi.
Bu böyük zəhmətin
nəticəsi idi ki, dərs dediyi
birinci ildə məktəbdə təhsil
alan azərbaycanlı
şagirdlərin sayı
4 nəfərdən 16 nəfərə,
daha sonra 36-ya çatdırılmış, sonrakı
illərdə isə bu artım təhsil
alanların 90%-ni təşkil etmişdi. Zaman Bayraməlibəyovu bizə
sələflərinin və
müasirlərinin "təzə
kitabxanalar, qiraətxanalar
və məktəbxanalar"
açmaq, Azərbaycanda
kitab və mətbuat bolluğu yaratmaq üçün mətbəə və nəşriyyatlar təsis
etmək səylərinin
ardıcıl davamçılarından
biri kimi tanıdır. Sələflərinin "Xeyriyyə cəmiyyəti"
yaratmaq təşəbbüsləri
də onu çox düşündürən
məsələlərdən idi. O, 1884-cü ildə
yaratdığı "Xeyriyyə
cəmiyyəti"nin
xəttilə şagirdlərə
dərslik, yemək, paltar, ayaqqabı və oxumaq haqqını ödəmək
məqsədini izləmişdi.
Teymur bəy Bayraməlibəyovun təkidilə
2 sinifli məktəbi
bitirən və orta təhsil məktəbinə daxil olmaq istəyənlərə
"Xeyriyyə cəmiyyəti"
yol xərci ödəyir və digər köməkliklər
edirdi. Cəmiyyət özünü şagirdlərin
səhnələşdirdiyi əsərlərin bilet satışından yığılan
pulla maliyyələşdirirdi.
T.Bayraməlibəyovun təşəbbüsü ilə yaradılan ilk dram dərnəyində həvəskar
artistlərin iştirakı
ilə M.F.Axundzadənin
"Hacı Qara",
N.Nərimanovun "Dilin
bəlası", N.B.Vəzirovun
"Yağışdan çıxdıq,
yağmura düşdük"
pyesləri, Ə.B.Haqverdiyevin
"Kimdir müqəssir",
S.M.Qənizadənin "Axşam
səbri xeyir olar" əsərləri
tamaşaya qoyulmuşdu.
Xeyriyyəçilik məqsədi güdən
teatr tamaşalarından
yığılan maliyyə
vəsaitindən daha çox Teymur bəyi gənclərdə
estetik zövqü inkişaf etdirmək, onlarda teatr və
səhnə sənəti
haqqında təsəvvür
yaratmaq maraqlandırırdı.
Ümumiyyətlə, T.Bayraməlibəyov Lənkəranda yaşayan
əhalinin həyat tərzini canlandırmaq məqsədilə 1905-ci ildə
istedadlı artist C.Zeynalovun
və H.Ərəblinskinin
başçılığı ilə bir dəstə
artisti Bakıdan Lənkərana dəvət
etmişdi. Onlar N.B.Vəzirovun
"Müsibəti Fəxrəddin",
M.F.Axundzadənin "Vəziri-xani
Lənkəran" pyeslərini
tamaşaya qoymuşdular.
Teatrın pərəstişkarı olan T.Bayraməlibəyov ömrünün sonunadək
H.Sarabski ilə dostluq edib. Bu dostluq onun
dünyagörüşünə, sənət, sənətkar
və həyat məsələlərinə dair
baxışlarına da
az təsir göstərməyib".
Lənkəranda tez-tez maneə və müqavimətlə qarşılaşan Bayraməlibəyov mənəvi tərəqqi uğrunda əvvəlki ardıcıl mübarizəsini yenidən davam etdirir: "Orada 1909-cu ildə "Ziya" adlı ilk rus-tatar (Azərbaycan) məktəbi açır. Alışevski tezliklə onun da fəaliyyətinə son qoyur. Az sonra bu məktəbin qapıları uşaqların üzünə Dağıstanda açılır. Dağıstan qubernatorunun zəmanəti ilə T.Bayraməlibəyov bu məktəbə müdir təyin olunur. T.Bayraməlibəyov Dumada fəaliyyəti nəticəsində 1910-cu ildə Lənkəranda 4 sinifli ibtidai məktəbin açılmasına nail olur. Ardıcıl səylərilə bu məktəb 3 sinifli gimnaziyaya çevrilir. 1913-1914-cü illərdə Teymur bəy Bayraməlibəyovun şəxsi təşəbbüsü ilə onun evində 3 sinifli ibtidai məktəb açılır və Teymur bəy bu məktəbin müdiri olur. 1918-ci ildən Teymur bəy ailəsi ilə birlikdə Bakıya köçür və 1929-cu ilədək pedaqoji fəaliyyətini burada davam etdirir. Müəllim işləməsinə baxmayaraq, respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edir". T.Bayraməlibəyov 1937-ci ildə vəfat edib.
Uğur
Xalq Cəbhəsi.- 2014.- 24 iyun.- S.11.