Tarixin izləri dastanlarda
daha çox qorunub
Qədim türk dastanları miladdan öncəki III-II minilliklərin hadisələrini
özündə yaşatmaqla
yanaşı sonrakı
dastanlara da təsirini göstərib. "Bilqamıs
haqqında dastan"ın
bir çox motiv və izlərinə
"Kitabi-Dədə Qorqud"un boylarında da rast gəlinməkdədir.
Dədə Qorqudun da Bilqamıs kimi hər şeyi bilməsini, keçmişdən
və gələcəkdən
xəbər verməsini,
müdrikliyi və ağlı ilə böyük hörmət və nüfuz qazanmasını, nəhayət,
əbədi yaşamaq
arzusunu görürük.
Bilqamısla Enkidunun sidr
meşəsinə gedib
şər qüvvə
olan Humbabanı öldürmələri Basatın
Təpəgözü öldürməsi
səhnəsini yada salır. Ümumiyyətlə, eramızdan əvvəlki
minilliklərdə İkiçayarasında
və Urmiya gölünün cənubunda
yaşamış və
şəhər-dövlətlərdən
miras qalmış ədəbi nümunələrin
bir çoxu sonrakı folklor qaynaqlarına keçərək
yaşamaq hüququ qazanıb. Məsələn:
"Sirri açma. Sarayda eşitdiyin hər bir söz sənin
qəlbində çürüsün";
"Sakit danış,
səsini uzadıb səs-küylə danışma. Əgər
səs-küylə ev
tikmək mümkün
olsaydı, onda eşşək gündə
iki ev tikərdi";
"Həddindən artıq şirin olma, yoxsa səni udarlar";
"Həddindən artıq acı olma, yoxsa səni atarlar";
"Dilini yamana öyrətmə,
əlini oğurluğa";
"Ağıllı adama qulaq asmaq isti
havada sərin su içməyə bənzəyir";
"Heç kəsə ayağını basmağa
imkan vermə, sonra belinə minərlər";
"Başqasına gor qazan özü düşər";
"Ev sahibini tərk
edib sənin arxanca gedən iti qov";
"Nə zaman su yuxarı qalxsa, quş qanadsız uçsa, qarğa ağarsa, acı - bal kimi şirin olsa, o zaman axmaq da
ağıllanar" və
s.
Bütün bu dediklərimiz - qədim Urmiya və İkiçayarası
mədəniyyətlərinin bir çox əlamətlərinin sonrakı
ozan-aşıq dastançılığının
ruhunda izlər qoyub yaşaması faktı onların yenidən öyrənilməsinə
təkan verir.
"Kitabi-Dədə Qorqud"da və ondan öncə yaranmış dastanların
qəhrəmanları da
alp ərən statusu qazanıb, bu adla xatırlanıblar. "Alp Ər
Tunqa", "Oğuz
Kağan", "Şan
qızı", "Şu-Saka",
"Bilgə kağan",
"Mulan türküsü",
"Atilla" ilə
bağlı rəvayətlər
və s. bu qəbildəndir. Bu dastanlar qədim türklərin dövlət
quruculuğunu özündə
əks etdirir. Onlar yazıya alınana qədər ağızlarda
dolaşıb, dəyişikliyə
uğrayıb, sonradan
hər birinin müxtəsər məzmunu
Mahmud Kaşqarlının "Türk dili lüğəti"ndə və
başqa qaynaqlarda özünə yer tapıb. Hun türklərinin dastanı
hesab edilən "Oğuz Kağan" dastanı islamdan öncə Oğuz türklərinin qərbdə
apardığı böyük
və uzunmüddətli
savaşlardan bəhs edir. "Türkün
qızıl kitabı"nda
deyildiyi kimi, dastanın qəhrəmanı
Oğuz Kağanın
Asiya hunlarının məşhur xaqanı Mete
olduğunu tarixçilər
etiraf edirlər.
Metenin bir çox məziyyətləri, qəhrəmanlıqları,
həyatının Oğuz
xanın həyatına
oxşaması onların
eyni şəxs, eyni qəhrəman olması qənaətini doğurur. Lakin bu baxış
Oğuz Kağan haqqında sonrakı təsəvvürlərdir. Mifik tanrı kimi Oğuz, onun nəslinin davamçıları
tarixdən əvvəlki
dövrdə yaşayıblar.
Qaynaqlarda deyildiyi kimi, Oğuz xan türklərin
atası hesab edilib. Çünki Oğuz xanın
- hunların Osmanlı
dövlətinə qədər
qurduqları Türk və Oğuz dövlətləri (Xorasan,
Azərbaycan, İraq,
Anadolu, Krım, Balkanlar, Ukrayna, Şimali Afrika) hun-Oğuz birliyinin yetirmələridir. Dastan Oğuzun
doğulduğu andan başlayır. Oğuz qeyri-adi
şəkildə bir çox xanlıqları birləşdirib böyük
imperiya qurur, qocalığında bu səltənəti oğulları
arasında bölür
və ömrü sona yetir. Əvvəli, ortası və sonu tamam
olmayan bu böyük və əzəmətli dastanın
əvvəlində deyilir:
"...Günlərin bir günü Ay Xaqanın gözü parladı, doğum sancıları başladı və bir erkək çocuq doğdu. Bu çocuğun üzü göy kimi parladı. Ağzı atəş qızılı,
gözləri ala, saçları
və qaşları qara idi. Pərilərdən də daha gözəldir. Bu çocuq anasının döşündən bir dəfə süd əmdi, bir daha içmədi. Sonra dilə gəlib çiy ət və şərab istədi. Qırx gün keçdi
böyüdü, yüyürdü
oynadı. Ayağı öküz
ayağı kimi qüvvətli, beli qurd beli kimi
incə, umbuzları samur umbuzları kimi, köksü ayı vücudu kimi qüvvətli və bütün bədəni tüklü idi. İlxı güdər, at minər,
ov ovlardı. Günlərdən, gecələrdən sonra igid dəliqanlı
oldu".
Göründüyü kimi, Oğuzun dünyaya gəlişi və böyüməsi mübaliğəli və
əfsanəvi şəkildə
baş verir. Şübhəsiz, belə motivlər qədim Şərq dastanları üçün
səciyyəvi olub.
Oğuz sürətlə böyüdükdən
sonra qeyri-adi qəhrəmanlıqlar göstərir. Bir gün
Oğuz tanrıya üz tutduğu zaman göydən yerə göy işıq düşür.
İşığın içərisində bir qız görünür.
Qız elə gözəldi ki, gülsə Göytanrı da gülərmiş, ağlasa
Göytanrı ağlarmış.
Oğuz qızı görcək ona vurulur və
alır. O qızdan
üç oğlu oldu. Onlara Gün,
Ay, Ulduz adlarını
qoydu.
"Dədə Qorqud"da
Pəri qızı ilə Sarı çobandan doğulan Təpəgöz də mifik bir tərzdə
dünyaya gəlir və böyüyür. Pəri qızın
dediyi kimi, Təpəgöz Oğuza
yağı kəsilir.
"Yenə bir gün Oğuz xan ova getmişdi. Gölün ortasında,
ağacın koğuşunda
bir qız gördü. Göy görümlü
gözəl qızdı.
Gözü göydən də
göy idi. Saçları dalğa kimi,
dişləri inci kimi idi. O qədər gözəl idi ki, onu
görüncə el: Ay, ay, ax, ax öldük, - dedi.
Oğuz xan onu gördü, ürəyinə od
düşdü. Onu sevdi, aldı. Diləyinə çatdı. Günlər,
aylar keçdi, qız üç oğlan doğdu.
Onlara Göy, Dağ, Dəniz adları qoydular". Göründüyü kimi, Gün, Ay, Ulduz, Göy,
Dağ, Dəniz Göyü və Yeri təmsil edir. Oğuz bütün kainatın - Göyün və
Yerin sahibi kimi onu oğlanları arasında bölür və
sonrakı oğuz nəsli onlardan törəyir. Bundan sonra Oğuz xanın hərbi yürüşləri
və qələbələri təsvir olunur. Bir gecə Oğuz xanın çadırına
göy dərili erkək bir qurd yürüməkdə və
qurdun ardı ilə ordu sırayla irəliləməkdədir.
Bu savaşlarda Oğuz xan qələbə çaldı...
Oğuz xan böyük ordugahın sağ yanında
qırx qulac ağac dirək diklədi. Onun
başına bir qızıl quş qoydu. Ayağına
bir ağ qoyun bağladı. Sol yanına bir qırx qulac ağac diklətdi.
Onun başına da bir gümüş quş,
ayağına bir qara qoyun bağladı. Sağ
yanında bozoxlar, son yanında üçoxlar oturdu. Qırx gün, qırx gecə yedilər, içdilər,
sevinib şadlandılar. Ondan sonra Oğuz xaqan yurdunu
bölüb oğullarına verdi.
Oğuz xanın yürüşləri,
döyüşləri, qələbələri
oğuzların ilkin qəhrəmanlıqlarından xəbər
verir.
Dastanın məzmunu və araşdırıcıların
dedikləri aydın göstərir ki, "Oğuz Kağan"
dastanı "Kitabi-Dədə Qorqud"un sələfidir,
yaxud əksinə, "Kitabi-Dədə Qorqud"
"Oğuz Kağan" dastanının daha sonrakı xələfidir.
Xatırladaq ki, "Oğuz Kağan"
dastanının ehtiva etdiyi tarixi məqamlar da islamın
yarandığı zamanla səsləşir. Əlbəttə, oğuznamələr tarixi
reallıqları əks etdirsələr də, ilkin olaraq rəvayətçilərin
söyləmələrinə söykənir. Bununla belə, tarixin izləri dastanlarda daha çox
qorunub. "Kitabi-Dədə
Qorqud"dakı hekayələr də həmin zamanların əks-sədasıdır.
Ancaq yazıya alınma zamanları müxtəlifdir.
Bunu dastanın dili də təsdiqləyir.
Oğuz xanın yürüşləri Yaxın Şərqi
və Qafqazı əhatə edir. "Dədə
Qorqud" boyları da demək olar ki, eyni coğrafi məkanda
yaranıb inkişaf edib. F.Rəşidəddinin
"Oğuznamə"si hər iki dastanda cərəyan edən
hadisələri tarixilik baxımından tamamlayır. Rəşidəddinin "Oğuznamə"sində
Dədə Qorqud da, Bayandır xan da, Qazan xan da, Bəkdüz
Əmən də tarixi şəxsiyyət kimi iştirak edirlər.
Hər üç "Oğuznamə"dəki
hadisələr VI-VII əsrlərdə oğuzların
dirçəliş və fəaliyyət dövrləri ilə
üst-üstə düşür. "Kitabi-Dədə
Qorqud"dakı boyların sonralar başqa bir variantdan
üzü köçürüldüyündən onların
dili bizə daha yaxındır. Şübhəsiz,
ozan söyləmələri də onu bizə xeyli
yaxınlaşdırıb.
"Oğuz Kağan" dastanındakı Ulu Türklə
"Kitabi-Dədə Qorqud"dakı Dədə eyni
missiyanı yerinə yetirirlər. "Oğuz
Kağan"dakı Ulu Türk "Kitabi-Dədə
Qorqud"da hər boyda ozanların xatırladığı
dünyasını dəyişmiş Qorqud Ata ilə oğuz
bəylərini yada salır. Güman ki,
onlar eyni şəxslərdir. Məzmunu əsrlər
boyu yaşamaqda davam edir və İran - Turan müharibəsinin
qısa xülasəsini özündə yaşadır. Əlbəttə, tarixçilərin qeyd etdiyi kimi,
"Şahnamə" müəllifinin məqsədi ilk
növbədə İran şahlarının qəhrəmanlığını
tərənnüm etmək idi. Bu dastan
İran - Turan müharibəsini olduğu kimi təsvir edə
bilməzdi. Bununla belə,
iranlıların Əfrasiyab adlandırdıqları Alp Ər
Tunqanın əzəmətli qəhrəmanlıqlarının
izləri dastanda yaşanıb. Dastanda da
deyildiyi kimi, Alp Ər Tunqa uzun illər İranı diz
çökdürüb, sonra İran hökmdarı onu ziyafətə
dəvət edərək hiylə ilə öldürtdürüb.
Bu acı xəbər bütün Turanı matəmə
bürüyüb, türklər qanlı göz yaşı
tökərək yaxalarını yırtıb alamış,
ağı söyləmişlər:
Alp Ər Tunqa öldümü?
Yaman dünya qaldımı?
Fələk öcün aldımı?
İndi ürək dağlanır.
Məzmunu Mahmud Kaşqarlının
"Divan"ında qorunan dastanlardan biri də
"Şu-Saka" dastanıdır. Dastan Makedoniyalı
İskəndərin Orta Asiyada əzəmətli dövlət
quran Şu xaqanının üzərinə
yürüşündən bəhs edir.
Qara Namazov
professor
Xalq Cəbhəsi.- 2014.- 25 iyun.- S.15.