“Türkün türkü anlamaması onun
faciəsidir”
"Füyuzat"
jurnalı dili və üslub keyfiyyətləri ilə ədəbi dil tariximizdə mütərəqqi
rol oynadı
XX əsrin əvvəlində
Əli bəy Hüseynzadənin və dostlarının təşəbbüsü
ilə "Füyuzat"
jurnalı yaranıb. "Füyuzat" kəlməsi
mənşəcə ərəb
sözü olub, lüğəti mənası
həyat gerçəklərini
duymaq, dərk etmək, onlardan həzz almaq, feyziyab olmaq deməkdir. 1906-cı il noyabrın 1-i ilk sayı çapdan çıxan jurnala Hacı Zeynalabdin Tağıyevin maddi dəstək verib. Bir il ərzində 32 sayı işıq üzü görüb. Əsas yazarlar Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Mirzə Ələkbər
Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq olub. Jurnal Azərbaycanda neoromantizmi
yaradan mətbuat orqanı kimi xarakterizə olunur. Azərbaycan Xaq Cümhuriyyəti dövründə dövlət
bayrağında üç
rənglə (mavi, qırmızı, yaşıl)
simvollaşan Azərbaycan
vətəndaşının ideya-mənəvi dəyərləri
Əli bəy Hüseynzadənin həmin
tezisi və füyuzatçıların tarixi
xidmətləri ilə
bağlıdır. "Füyuzat" jurnalı füyuzatçılıq jurnalistika
məktəbindən əlavə,
Azərbaycanda müstəqil
dövlətçilik ideyasını,
konstitusiyalı azad vətəndaş cəmiyyətini
yaratmaqda da mühüm rol oynayıb.
Əli bəy Hüseynzadənin "Türkləşmək,
İslamlaşmaq, Müasirləşmək"
ideyaları "Füyuzat"ın
dilində aydın və mükəmməl şəkildə əks olunub. Dildə türkçülük ideyası və bu ideyaya əsaslanan
dil birliyi siyasəti uğrunda jurnal ardıcıl şəkildə mübarizə
aparmış, bu baxımdan, o, tarixi ənənələrə -özündən
əvvəlki "Tərcüman-i
əhval-i zaman"
(1883-1918)] qəzetinin ideyalarına
əsaslanaraq ideyaların
inkişafında onunla
bərabər çalışıb.
Qəzetin redaktoru İsmayıl
bəy Qaspiralının
başlıca şüarı
"Dildə fikirdə,
işdə birlik"
idi və o, dil birliyi, milli
birlik uğrunda dayanmadan çalışıb.
O, zaman Rusiyada yaşayan türklərin geniş yayılmış
mətbuatı olan
"Tərcüman" qəzeti
türk milli şüurunun inkişafında
müstəsna rol oynamışdır. "Füyuzat" jurnalı qəzetin ideyaları ilə həmrəy idi və "dil birliyi" siyasəti ilə dildə türkçülüyün
inkişafı məsələsinə
ciddi fikir verirdi. Təsadüfi deyildir ki, hər iki mətbuat
orqanı öz varlığı ilə bütün türklərin
eyni dildə birləşmələrinin mümkünlüyünü
göstərdi. Doğrudur, sonralar
bu siyasət tam qələbə qazanmasa da, hər halda
dil birliyinin yaranması fikrini irəli sürdü və bu haqda
əsalı dəlillər
göstərdi. Bu istiqamətdə
"Tərcüman" və
"Füyuzat" bir
kompas rolunu oynadı və: Vətən nə Türkiyədir türklərə,
nə Türküstan,
Vətən böyük
və müəbbəd
bir ölkədir: Turan! -deyən,
türkçülüyün başında duran və ona "elmlik verən" Ziya Göyalp kimi bir dəyərin
meydana çıxmasına
öz təsirini göstərdi.
Təəsüf ki, Azərbaycanda
bu ali
məqsəd düzgün
qiymətləndirilmədi və
"Füyuzat"ın dili
haqqında tənqidi fikirlər uzun müddət davam etdi. Halbuki, Əli bəy
Hüseynzadənin bütün
fəaliyyəti onun dildə "təfsiyə"
- saflaşdırma tərəfdarı
olduğunu sübut edir. "Füyuzat"çılar
bu ideyanın qələbəsində uğur
qazana bilməsələr
də (dilin sadələşdirilməsi "Füyuzat"ın fəaliyyətindən
sonra güclü bir axın almışdı),
bu işin gələcəyi üçün
yol göstərə bildilər. Sözsüz ki, jurnalın
dili tam nöqsansız
deyil. Lakin onun dilinə
yalnız qrammatik baxımdan yanaşmaq düzgün nəticələrə
gətirib çıxartmır.
Dərginin dili "siyasət
dili" kimi üslub məfkurə baxımdan incələndikdə
onun dəyərləri
büsbütün üzə
çıxır. Jurnalın
dilindəki "Vətəni-
Firdovsi və hürriyyət", "Tolstoyluq"
"şirinzəban", "qırmızı yalanlar",
"maarif, ittihab, hürriyyət" və
s. söz və ifadələrin anlamı və işlənmə məqamı onun mürəkkəb, lakin mənalı bir dilə intelektual və özünəməxsus
bir üsluba, düşüncə və
deyim tərzinə malik olduğunu göstərir. Jurnalın dili keçmişdə
bu günü əlaqələndirən, yaddaşları
təzələyən, öz
dövrünü dəyişsə
də çağdaş
zamanda da aktuallığını saxlayan
bir dil idi.
Məsələn, Əli bəy
Hüseynzadə mədəniyyətin
(türkçülükdə əsas məsələlərdən
birinin) Şərqdən
Qərbə doğru hərəkətindən danışarkən
"sarı təhlükə"
ifadəsini işlədir.
"Şimdi yenə kəmakən mədəniyyət Şərqdən
Qərbə doğru hərəkətinə davam
edərək, Amerikadan
Yapona keçdi.
Yapondan yenidən Çinə və bütün Asiyaya keçmək üzrədir. Avropayı "sarı təhlükə"
namilə Asiya mədəniyyəti təhdid
ediyor. Avropanın üzərinə Şərqdən mühib
(təhlükəli) bir
mövc (dalğa) gəliyor. Rusiya-Yapon müsadiməsi (toqquşması) bu dalğaya qarşı ilk müdafiə olundusa da, lakin əncamı
böyük bir müvəffəqiyyətsizlikdən ibarət qaldı ki, bunun nəticəsində
Avropanın sərmayədarlıq
(kapitalist) mədəniyyəti
tərəfindən sarsıldı".
"Sarı təhlükə"
məsələsi çox
qədimdir, bu bir zamanlar hun,
türk, monqol və uyğurların bütün Asiyanı, Avropanı böyük bir hissəsini diz çökdürməsi
nəticəsində yaranıb
tarixə düşmüş
bir ifadədir. Belə ki, Şərqi-Çin, Yaponiya, Hind-Çin xalqları Avropaya Budda heykəlləri ilə hərəkət edirdilər ki, bu axına "sarı təhlükə"
deyilirdi. Avropa üçün yeni "sarı təhlükə"
Yaponiya ilə Osmanlı dövlətinin
birləşməsi (Rusiya
təhlükəsinə qarşı),
Yaponiyada İslam dini təbliğatının
genişlənməsi idi . 1907-ci ildə Ə. Hüseynzadə
"sarı təhlükə"
ifadəsini yenidən
"Füyuzat" səhifələrinə
gətirir və bunu islam
mədəniyyətinin, türkçülük
əxlaqının yüksəlməsi
ilə başlayır.
Bu, Avropa üçün
tamamilə yeni bir təhlükə idi. Müəllif bu ifadə ilə həm Şərq mədəniyyətinin
kütləvi şəkil
almasını göstərir,
həm də böyük tarixi-siyasi hadisələri vurğulayır,
türklərin qüdrətli
keçmişini, kültürlü
və əzəmətli
soy kökünü xadırladır.
"Füyuzat"ın səhifələrində türk
dillərinin quruluşu,
keçmişi, bu günü, gələcəyi,
xarakterik xüsusiyyətləri,
dünya mədəniyyətində
yeri, etnogenezi və sair məsələləri
daim işıqlandırırdı. Əli bəy
jurnalistlik və publisistlik fəaliyyəti
boyu və xüsusilə də "Füyuzat" jurnalındakı
yazıları ilə
Azərbaycanda türkçülük
ideyalarının yaranıb
inkişaf etməsinə
və bütün türk dünyasında bu ideyaların yayılmasına xidmət
etdi, mənsub olduğu xalqın hüquqlarını müdafiə
edən maraqlı yazılarla tanındı.
O, həmişə türk
xalqlarının gələcək
taleyinin onların ədəbi dilindən xeyli dərəcədə
asılı olduğunu
göstərərək dil
qaydı və problemlərinin həlli yollarını göstərdi
və bunun üçün konkret faktlarla fikirlərini əsaslandırdı. Əli bəy
redaktoru olduğu "Həyat" və "Füyuzat" mətbu
orqanlarının dili ilə ümumtürk dilinin
mümkünlüyünü sübut etdi. Əli bəy Hüseynzadə irəli sürdüyü
dil birliyi probleminin aktuallığını ziyalıların
şüuruna yeridir, türk soylu xalqların
assimliyasiyasının, dilinə təcavüzün acı nəticələrini
əvvəldən görürdü. "Türkün
türkü anlamaması onun faciəsidir" deyən Əli
bəy Hüseynzadə türk mətbuatının dilinin
asanlaşmasında, türklərin bir-birini anlamasında mətbuatın
elmlərə ciddi əhəmiyyət verməsini istəyirdi.
Onun "Həyat"da işıq üzü görən
türklərin irq və dillərinin tədqiqinə həsr
edilmiş monumental əsəri olan "Türklər kimdir və
kimlərdən ibarətdir?" adlı yazısı,
"Yazımız, dilimiz", "İkinci ilimiz"
adlı məqaləsi soy-kökünü yüksək qiymətləndirən,
ona son dərəcə sadiq olan əsil dilçi fikirlərinin
mənbəyidir. Əli bəyin "Türkləşmək,
İslamlaşmaq, Müasirləşmək" prinsipinin
birinci komponenti ilə bağlı vəzifələrin həyata
keçməsi dildən başlayırdı. Dil birliyi türk xalqlarının tərəqqisi
yolunda ən mühüm bir yol idi. Əli
bəy türklərin bütün sahələrdə birləşməsini
onların gələcəyi üçün önəmli bir
yol hesab edirdi. Xüsusən dildə birlik
və bütövlük məsələsini Ə.Hüseynzadə
mənəvi bütövlüyün bütün digər sahələrdə
gerçəkliyi üçün zəmin hesab edirdi. Millətinin dil problemləri onun
türkçülük ideyalarının əsas səbəblərindən
biri idi. Türk millətinə məxsus
olan ayrı-ayrı türk xalqlarının dilləri
arasındakı fərqlərin aradan qaldırılması və
nəticədə vahid ümumtürk dilinin yaradılması
Əli bəy Hüseynzadənin arzusu idi. İstanbul
türkcəsinə yüksək münasibət göstərən
Əli bəy bütün Azərbaycanda belə münasibət
formalaşdırmağa çalışırdı.
İstanbul ləhcəsinin islahı gələcək ali məqsədə-vahid ümumtürk dilinə
nail olmaqda əsas vəzifələrdən biri idi. Ona görə də Ə.Hüseynzadə və digər
füyuzatçılar İstanbul türkcəsini Azərbaycan
dilinə yaxınlaşdırır və XX yüzilin əvvəlində
mətbuatda həmin dilin işlənmə dairəsini
genişləndirirdilər. Bütün
türk dillərinin vahid halda birləşdirilməsi aktual bir
problem olaraq irəli sürülürdü.
Haşiri olduğu "Füyuzat", demək olar ki,
bütün saylarında dilin mükəmməlləşməsinə
çalışıb. O, çox mühüm ictimai-siyasi, milli məsələlərin
izahında müxtəlif ədəbi üslubların sintezindən
istifadə etdib. Tədqiqatçılar deyir ki,
Əli bəy Hüseynzadənin bir sıra məqalələrindən
bədii üsluba məxsus bir təhkiyəçilik hiss
olunur. Hətta xalq danışıq
üslubuna məxsus olan mükalimələr ictimai-siyasi dilə
gətirilir, müəllif öz məqsədini dialoqlar fonunda
açır və bu aspektdə qarşıya qoyduğu
problemə münasibət bildirir. Bu
baxımdan, "Məcnun və Leylayi-islam" məqaləsi
diqqəti cəlb edir. "Füyuzat"ın
dil və üslubunu aydınlaşdırmaq baxımdan əsər
əhəmiyyətli rol oynayır. Əsərin
dilində həm elmilik, həm siyasilik, həm fəlsəfəlik,
həm də bədiilik özünü göstərir. "Məcnun və Leylayi-islam" üç hissədən
ibarətdir və onun ilk hissəsi "Füyuzat"
jurnalının 17-ci, ikinci hissəsi 18-ci,
üçüncü hissəsi isə 20-ci sayında dərc
olunub. Əsər fəlsəfi bir
üslubda yazılıb. Burada gah
maraqlı bir nağıletmə, gah eyham, gah mübahisə,
alleqorik priyom, sarkazm, gah da dialoq vasitəsilə mətləblər
anladılır. Tədqiqatçılar deyir ki, əsərdəki
üslubların dahiyanə şəkildə birləşdirilməsi,
"Füyuzat"a məxsusdur və o, bu
keyfiyyəti ilə ədəbi dilimizdə mühüm
mövqeyə malikdir.
Türkçülüyün böyük ideoloqu,
bütün türk dünyasında ilk dəfə
"Türkləşmək, İslamlaşmaq və
Müasirləşmək" ideyasının əsasını
qoyan Əli bəyin rəhbərlik etdiyi "Füyuzat"
jurnalı XX əsrin əvvəlində mətbuat meydanına
yeni bir nəfəslə, milli oyanış ideyaları ilə
Azərbaycanın özünüdərk aktı və
faktı kimi daxil oldu və xalqımızın mədəni
inkişafında dövrün tarixi rolunu ifadə etdi. XX əsrin əvvəllərində
ictimai-siyasi fikrin təşkilində və tənzimlənməsində,
informasiya mühitinin formalaşmasında və
jurnalistikanın ictimai fikir tribunasına çevrilməsində
əvəzsiz xidmətlər göstərən milli mətbuat
nümunələrindən biri olan "Füyuzat"
jurnalı dili və üslub keyfiyyətləri ilə ədəbi
dil tariximizdə mütərəqqi rol oynadı. Ə.Hüseynzadə bütün fəaliyyəti
boyu və xüsusilə də "Füyuzat"
jurnalındakı yazıları ilə Azərbaycanda
türkçülük ideyalarının yaranıb
inkişaf etməsinə və bütün türk
dünyasında bu ideyaların yayılmasına xidmət etdi.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 25 iyun.- S.11.