Ordun varsa yurdun var
Aqil Kəngərli:
"Azərbaycan Ordusunun yaranması fikri 1918-ci il
may ayın 28-də elan olunmuş İstiqlal Bəyannaməsində
göstərilirdi"
Azərbaycan
xalqının vətənin müdafiəsi uğrunda hərbi
qəhrəmanlığının qədim və zəngin
tarixi var. Məhəmməd Cahan Pəhləvan və
Qızıl Arslan, Cavanşir və Babək, Uzun Həsən
və Şah İsmayıl Xətai kimi hərbi sərkərdələr
müstəqilliyimiz uğrunda mübarizələrdə xalqa
xidmət ediblər.
Şimali
Azərbaycanın Çar Rusiyası tərkibində
olduğu 90 il (1828-1917) ərzində Rusiya
çarlığı xalqımızı hərbi xidmətdən
məhrum edib, müsəlman azərbaycanlılar orduda xidmət
əvəzinə müxtəlif cür vergilər ödəyiblər.
Yalnız xalqın yüksək zadəgan və ziyalı
zümrəsi içərisindən ayrı-ayrı şəxslər
öz övladlarını Rusiyanın hərbi məktəblərinə
göndərə biliblər və bu hesabdan göstərilən
dövrdə müəyyən miqdarda azərbaycanlı zabit
heyəti yaranıb ki, onlar döyüş cəbhələrində
yüksək sərkərdəlik nümunələri göstəriblər...
XIX əsrdə və XX əsrin əvvəllərində
Azərbaycan xalqını təmsil edən onlarla görkəmli
hərbi sərkərdələr yetişib. Bakıda Bakıxanovlar,
Qazaxda Şıxlinskilər və Vəkilovlar, Qarabağda
Cavanşirlər, Naxçıvanda Kəngərlilər, Gəncədə
Cavadxanlar və digər bölgələrdə yaşayan nəsillər
içərisindən çıxmış generallar Azərbaycan
xalqının şan-şöhrətini bütün dünyaya
yayıb.
Azərbaycanda milli ordunun yaradılması haqqında ilk
təklif Rusiya çarizmi dağıldıqdan sonra, 1917-ci
ilin mayında keçirilən Qafqaz Müsəlmanları
Qurultayında edilib və bu qurultayda müsəlman alayları
yaradılmasına başlamaq üçün xüsusi
büronun təşkili haqda qərar qəbul edilib. Bundan az
sonra həmin ilin oktyabrında Azərbaycan Türk Demokratik
Federalistlər Partiyası (ATDFP) - "Müsavatın" I
qurultayında milli ordunun yaradılması geniş müzakirə
edilmişdi.
1917-ci ilin noyabrında Zaqafqaziya komissarlığı
Zaqafqaziyanın respublikalarında milli hərbi
korpuslarının yaradılması haqqında qərar qəbul
etdi. Azərbaycan korpusunu təşkil etmək general
Əliağa Şıxlinskiyə
tapşırılmışdı. Lakin Ermənistandan və
Gürcüstandan fərqli olaraq Azərbaycanda bu iş
çox ləng gedirdi. Bunun nəticəsidir ki, Azərbaycan
Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi bir tarixdə-1918-ci
ilin 28 mayında ölkədə keçmiş müsəlman
könüllü dəstələrindən ibarət 600 nəfərlik
bir hərbi hissə var idi. Əlbəttə, bu
cüzi hərbi qüvvə ilə Azərbaycanın müstəqilliyini
müdafiə etmək və Bakıda Şaumyanın
başçılıq etdiyi Bakı Soveti (Bakı
kommunası) qoşunlarının Gəncə üzərinə
hazırlanan hücumunun qarşısını almaq çətin
idi. Belə bir vəziyyətdə Azərbaycanın
kömək gözləyə biləcəyi yeganə ölkə
Türkiyə idi. Bu məqsədlə Azərbaycan
Xalq Cümhuriyyəti Nazirlər Şurasının (AXCNŞ)
sədri Fətəli Xan Xoyski Türkiyə hökumətinə
hərbi yardım haqqında xahiş etmişdi.
Azərbaycan
Xalq Cümhuriyyəti (AXC) hökumətinin 1919-cu il dövlət büdcəsində hərbi xərclər
büdcənin 24 faizini təşkil edirdi və həmin il 25
min nəfərlik milli ordu yaradılması nəzərdə
tutulmuşdu. Hərbi Nazir general Mehmandarov 1919-cu
ilin 2 aprelində Nazirlər Şurasına göndərdiyi məktubunda
Azərbaycan xalqının şöhrətli hərb tarixinə
malik olduğunu qeyd edib. Göstrəib ki,
tarixi qəhrəmanlıq ordumuzun milli vətənpərvərlik
ruhuna təsir edən vacib amillərdən biridir.
1919-cu ilin sonlarında Azərbaycan ordusu iki piyada və
bir süvari diviziyasından ibarət idi. Bundan əlavə
Gəncədə iki artilleriya batareyası və yüngül
toplara malik xüsusi diviziya yaradılmışdı.
Ordunun tərkibində həmin dövrdə üç zirehli
qatar, 4 hərbi təyyarə, 6 zirehli
avtomobil və s. var idi.
1920-ci ilin əvvəlində Azərbaycan ordusunun şəxsi
heyətinin 40 min nəfərə çatdırılması
planlaşdırılırdı. Hərbi xidmətə
19-24 yaşlı məxsus gənclərin
çağırılması nəzərdə tutulurdu.
Ordunu gücləndirmək üçün 5 tank, 12 hidroplan,
6 aeroplan, 9 zirehli avtomobil və s. alınması
planlaşdırılmışdı. Gəncədə
bir hərbi zavod işləməyə
başlamışdı. Lakin eyni zamanda Azərbaycanın
Avropa ölkələrində silah alması da böyük
çətinliklərə rast gəlirdi. Belə
ki, Antanta ölkələri Azərbaycanın Osmanlı
Türkiyəsi ilə əlaqələrini bilərək, ona
silah satmaq istəmirdi. Bütün bunlara
baxmayaraq Azərbaycan ordusu xeyli möhkəmlənmiş və
yüksək intizamlı ordu yaradılmışdı.
1919-cu ilin sentyabrında Bakıda olmuş ingilis hərbi
müxbiri Skotland Liddel öz təəssüratlarında
yazırdı: "Mənə deyirdilər ki, burada
qarışıqlıqla rastlaşacağam, amma heç bir
qarışıqlıq görmədim" yol boyu biz Azərbaycan
ordusunun yüzlərlə cavan əsgəri ilə
qarşılaşdıq, onlar iki il əvvəl
gördüyüm əsgərlər deyildirlər. Hətta bir ay əvvəlkilərə belə
oxşamırdılar. Azərbaycan ordusu
sürətlə təşkil olundu, sürətlə də
lazımi şəklə düşdü. Azərbaycan dərk etdi ki, intizamsız ordu sadəcə
olaraq yaşaya bilməz. Azərbaycanda dəmir
intizam hökm sürür, elə bir intizam ki, Rusiyada belə
yoxdur".
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrü
(1918-1920) Azərbaycanın 21 döyüş generalı olub. Bunlar Səməd bəy
Mehmandarov, Əliağa Şıxlinski, Xosrov bəy Sultanov,
İbrahim ağa Vəkilov, İbrahim ağa Usubov,
Hüseynxan Naxçıvanski, Mirkazımxan Talışxanov,
Firudin bəy Vəzirov, Qalib bəy Vəkilov, Daniyal bəy Həlləcov,
Əliyar bəy Haşımbəyov, Süleyman bəy Əfəndiyev,
Teymur bəy Novruzov, Əmir Kazım Mirzə Qacar, Məhəmməd
Mirzə Qacar, Əmənulla Mirzə Qacar, Feyzulla Mirzə
Qacar, Cavad bəy Şıxlinsi, Məmməd Sadıq bəy
Ağabəyzadə və digərləri idilər.
General-leytenant Məmmədbəy Sulkeviç (litva tatarı,
Azərbaycan vətəndaşlığını qəbul
etmişdi) 1918-1919-cu illərdə Azərbaycan ordusunda Baş
qərargahın rəisi və az sonra
korpusun komandiri olub.
General-mayor Cavad bəy Şıxlinski, general Məhəmməd
Mirzə Qacar Gəncədə XI Orduya qarşı xalq
mübarizəsinə rəhbərlik etmişlər. Azərbaycan
generallarından Xalq Cümhuriyyəti (AXC) hökumətinin I
və II kabinələrində Hərbi Nazir Xosrov bəy
Sultanov, Daxili İşlər Naziri isə Behbud Cavanşir
olub. Xosrov bəy Sultanov 1919-cu ildə
Qarabağın general-qubernatoru vəzifəsində
çalışıb. Rəsmi araşdırmalar
göstərir ki, 1920-ci ilin bolşevik-daşnak terroru nəticəsində
Azərbaycan Milli Ordusuna xidmət edən 12 general, 27 polkovnik və
podpolkovnik, 46 kapitan və ştabs kapitan, poruçik və
podporuçik, 148 praporşik və odpraporşik, 266 digər
rütbəli hərbi qulluqçu məhv edilib.
Həmin
dövrdə qırmızı terrorun qurbanı olaraq əksəriyyəti
1920-ci ildə Nargin adasında güllələnmiş
generallarımız aşağıdakılardır:
General-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimov (Azərbaycan
Cümhuriyyətinin ilk Hərbi Naziri), general-mayor Əmir
Kazım Qacar, general-mayor İbrahim ağa Usubov, general-leytenant
Məmməd bəy Sulkeviç, general-mayor
Əbdülhəmid bəy Şərifbəy oğlu
Qaytabaşı, general-mayor Murad Gəraybəy oğlu Tlexas
(milliyyətcə çərkəz olan Murad bəy 1918-ci ildə
Azərbaycana könüllü olaraq gəlmişdi),
general-mayor Əliyar bəy Mehdi oğlu Haşımbəyov.
Azərbaycan
Respublikasının Sovet Sosialist Respublikası İttifaqı
(SSRİ) tərkibində olduğu 1923-cü il yanvarın 1-dən
sonrakı ilk 17 ildə (yəni Böyük Vətən
müharibəsinin başlanmasına qədərki dövrdə)
Respublika vətəndaşları Sovet Ordusu tərkibində
ümumi əsgəri mükəlləfiyyətə cəlb
edilməklə yanaşı, Azərbaycanda bir milli
atıcı diviziya da var idi. Həmin
dağ-atıcı diviziyası 1920-ci ilin 30 oktyabrında təşkil
edilmişdi və 1938-ci ilə qədər mövcud olub.
1924-1930-cu illərdə diviziyanın komandiri Cəmşid
Naxçıvanski (1895-1938) olub. Sovet
Ordusunun təşkili ərazi sistemindən sırf kadr sisteminə
keçirildikdə (1938) həmin diviziya 77-ci diviziya adı ilə
Zaqafqaziya hərbi dairəsi (1935-ci ildə
yaradılmışdır) ordusu tərkibinə daxil
edilmişdi.
Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyinin
bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı
ilə Müdafiə Nazirliyi (MN), oktyabrın 9-da isə Azərbaycan
Silahlı Qüvvələrinin (ASQ) yaradılması barədə
qərar qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə
oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri
günü elan edildi. Lakin 22 may 1998-ci il
tarixli prezident fərmanı ilə həmin fərman qüvvədən
düşürülərək 26 iyun tarixi "Silahlı
Qüvvələr günü" elan edilib.
Hal-hazırda Azərbaycan Ordusu Azərbaycan dövlətçiliyini,
ərazi bütövlüyünü qorumağa qadir olan və
regionda ən böyük ordudur.
Bu gün
Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan
Respublikası Silahlı Qüvvələri müstəqilliyimizin
əsas qarantı olaraq ölkəyə ola
biləcək hərbi təhdidin qarşısını ala
biləcək gücə malikdir. Büdcə vəsaiti
ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin
hərbi imkanları da genişlənir.
2003-cü
ildə Azərbaycanın hərbi büdcəsi 115 milyon manat
(135 milyon ABŞ dolları) olduğu halda, 2010-cu ildə 2,2
milyard manat (2,7 milyard ABŞ dolları) təşkil edib,
2011-ci il dövlət büdcəsində isə bu məbləğin
2,4 milyard manat (3,0 milyard ABŞ dolları) olması gözlənilir.
Azərbaycan ordusu 1994-cü ildən NATO ilə Sülh
Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində
əməkdaşlıq edir. Bundan başqa, Azərbaycan
Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə
də əlaqəsi var.
Həmçnin,
Azərbaycan Sülhməramlı Qüvvələri (ASQ)
Kosovoda, Əfqanıstanda və İraqda beynəlxalq əməliyyatlarda
iştirak edib.
Tarixçi
Aqil Kəngərli bildirib ki, Azərbaycan Ordusunun yaranması
fikri 1918-ci il may ayın 28-də elan
olunmuş İstiqlal Bəyannaməsində göstərilirdi.
Onun sözlərinə görə, burda deyilirdi ki, Azərbaycan
özünü xarici müdaxilələrdən müdafiə
etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək
üçün nizami orduya malik olmalı, özünün
silahlı qüvvələrini yaratmalıdır:
"Çünki, öz müstəqilliyini elan etmiş
ölkənin o müstəqilliyin keşiyində duran ordusu
olmalıdır. Buna uyğun olaraq 1918-ci il
iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər
Şurasının qərarı ilə ölkəmizdə ilk
nizami hərbi hissə - "Əlahiddə Azərbaycan
Korpusu" yaradıldı. Hərbi kadrlar
hazırlamaq üçün Gəncədə hərbi məktəb
açıldı. 1919-cu ildə 25 min nəfərlik,
1920-ci ildə isə 40 min nəfərlik ordu yaradılması
nəzərdə tutulurdu. Təbii ki, bu proses asan
başa gəlmirdi. Ərazinin bir hissəsi ilk əvvəl
işgal altında,kadr
çatışmazlığı, şəraitin və vəsaitin
olmaması, bolşeviklərin ordu quruculuğu əleyhinə
təbliğatları bir çox çətinliklər
yaradırdı. Belə şəraitdə nəhayətdə
40 minlik nizami ordu yaradıldı ki, onun 30 mini piyada, 10 mini
süvari idi".
Onun
fikrmncə, milli qüvvələrimiz ilk gündən ərazi
bütövlüyümüz uğrunda rəşadətlə
döyüşüb: "1918-ci ilin iyulun 11-də elan
olunmuş hərbi səfərbərliklə 1894-1899-cu il təvəllüdlü
gənclər orduya çağırıldı...
11 ci ordunun Azərbaycan sərhəddini keçməsi
açıq-aşkar işğal idi. Bu zaman həm daxili, həm
xarici şərait Azərbaycanın xeyrinə deyildi. Gələn ordunun guya Türkiyənin köməyinə
getməsi barədə təbliğat aparılırdı.
Eyni zamanda ordumuzun əsas hissəsinin həmin
vaxt Qarabağda olması da işğal üçün şərait
yaradırdı.Buna baxmayaraq rus ordusuna qeyri-bərabər
döyüşdə müqavimət göstərildi. İşğaldan sonrakı dövrdə də bu
müqavimət davam etdi. Buna misal olaraq
1920-ci ilin mayın sonlarında Gəncə üsyanı,
iyunun əvvəllərində isə Qarabağ və Zaqatala
üsyanlarını göstərmək olar. Bu döyüşlərdə ordumuzun zabit və əsgər
heyəti böyük rəşadət göstərmişdi.
Təsadüfi deyil ki, bu üsyanlardan sonra 76 nəfər
zabitimiz Nargin adasında güllələnmişdi".
Əli
Xalq Cəbhəsi.-
2014.- 26 iyun.- S.14.