“Beynəlxalq araşdırmalar erməni
yalanlarına son qoyub”
Səfər
Aşurov: "Xarici arxeoloqlarla birgə tədqiqatların
aparılması Naxçıvan abidələrinin və
tarixinin dünyaya tanıdılmasında mühüm əhəmiyyətə
malikdir"
Naxçıvanın
Şərur rayonunun bir sıra yerlərdində arxeoloji
qazıntılar aparan tarix elmləri namizədi, arxeoloq Səfər
Aşurovun BayMedia-ya müsahibəsini oxucularımıza təqdim
edirik
- Səfər
bəy, istərdik ki, öncə yaxın şərqin qədim
diyarlarından olan Naxçıvanın tarixi haqqında
oxucularımıza məlumat verəsiniz. Arxeoloji
tapıntılar Naxçıvan tarixindən hansı xəbəri
verir?
-
Naxçıvan coğrafi yerləşim sisteminə, təbii
sərvətlərinə görə elə zəngin resurslara
malikdir ki, bütün tarixi dövrlərdə insanların
diqqətini cəlb edib. Digər tərəfdən,
strateji mövqeyi elədir ki, Qafqaz və Ön Asiya
arasında keçid məntəqəsi rolunu oynayır.
Naxçıvanın Arazboyu əraziləri 850 m, yüksək
dağlıq ərazilərinin isə 3900 m-dək yüksəklikdə
yerləşməsi ərazidə istər əkinçilik,
istərsə də maldarlıq üçün əlverişli
şərait yaradıb. Şərur rayonu ərazisindəki
Qazma mağarasında 1983-cü ildən aparılan arxeoloji tədqiqatlar
bölgədə 32000 il əvvəl
insanların məskunlaşmasından xəbər verir. İstehsal təsərrüfatının meydana gəlməsi
ilə əlaqədar olaraq insanların həyat tərzində
və məişətində köklü dəyişiklilklər
baş verir. Naxçıvan ərazisində
ən geniş tədqiq olunan dövrlərdən biri məhz
bu dövr - eneolit və ilk tunc dövrləridir. Hələ ötən əsrin 50-ci illərində
I Kültəpədə başlanılan arxeoloji
qazıntılar bütünlükdə eneolit və ilk tunc
dövrü barədə mövcüd elmi fikirləri dəyişdi.
Cənubi Qafqazın qədim arxeoloji mədəniyyətləri,
tarixi xronologiya barədə yeni elmi mülahizələr
formalaşdırdı və bu günədək demək olar
ki, etalon nəzəriyyələr olaraq qalmaqdadır.
I Kültəpədən Xələf tipli keramikanın
tapılması isə hələ eramızdan əvvəl V
minillikdən Naxçıvan ərazisində məskunlaşmış
tayfaların Mesopatamiya ilə sıx əlaqəsinin
olduğunu təsdiq etdi.
Sonrakı
dövrlərdə II Kültəpə, Ovçulartəpəsi,
I Maxta, Aşağı Daşarx abidələrində
aparılan tədqiqatlar isə eneolit və ilk tunc
dövrünün Kür-Araz mədəniyyəti arasında
varislik əlaqələrinin öyrənilməsində, mədəniyyətlərin
ilkin yaranma öcaqlarının və yayılma istiqamətlərinin
müəyyənləşdirilməsində mühüm əhəmiyyətə
malikdir. Yüksək iqtisadi mədəni inkişaf
səviyyəsinə yüksəlmiş Naxçıvan
tayfaları e.ə. II minillikdə şəhər tipli
yaşayış məskənləri yaratmışlar. II Kültəpədə aparılan tədqiqatlar e.ə.
II minillikdə qədim şəhərlər
üçün xarakterik xüsusiyyətlərin
hamısının bu abidədə mövcudluğunu təsdiq
etdi.
İctiami təbəqələşmə, qonşu
bölgələrdə dövlətlərin mövcudluğu
Naxçıvan ərazisində də dövlətləşmə
meyllərini gücləndirib və nəticədə e.ə. I minillikdə
müəyyən mərkəzlərdən idarə olunan
dövlətlər meydana gəlib. Şərur
rayonu ərazisindəki Oğlanqala abidəsi bunun bariz
nümunəsidir. 50 hektardan artıq ərazini
əhatə edən qədim şəhərin yeri və onun ətrafındakı
komplekslərdə aparılan arxeoloji tədqiqatlar təsdiq
etdi ki, e.ə. I minillikdə Arpaçay
vadisində məskunlaşan tayfalar məhz bu şəhər
ətrafında sıx birləşərək yadelli
işğalçıların bölgəyə daxil
olmasına imkan verməyib. Son illərədək
Naxçıvan ərazisində Urartu işğalı əlamətlərinə
rast gəlinməməsi sualına artıq cavab
tapılıb. Çünki
Naxçıvanın qərbində, Şərur
düzündə Urartu kimi güclü bir dövlətlə
rəqabət apara biləcək, onların Naxçıvan və
bütövlükdə Azərbaycan ərazisinə
yürüşlərinin qarşısını ala biləcək
güclü bir dövlət mövcud olub. Oğlanqala tədqiqatları təsdiq etdi ki, bu
şəhər yerinin tarixinin müəyyən hissəsi qədim
Azərbaycan dövlətlərindən olan Atropatena ilə
bağlıdır. Naxçıvan ərazisində
mövcud olmuş zəngin dövlətçilik ənənələri
məhz sonralar, orta əsrlərdə Eldənizlər dövlətinin
yaranmasının, intibah mədəniyyətnin
yaşanmasının zəmini olub.
- Arxeoloji
tapıntılar Naxçıvanın etnoqrafiyası
haqqında hansı məlumatları ortaya çıxarır?
-
Ümumiyyətlə arxeologiya və etnoqrafiya elmləri
bir-biri ilə sıx bağlıdır. Qədim
insanların məişətinin, təsərrüfat məşğuliyyətlərinin,
dini ideoloji baxışlarının öyrənilməsində
arxeoloji tədqiqatların rolu əvəzsizdir. Yazının mövcud olmadığı bir
dövrdə maddi tapıntılar əsas rol oynayır. Naxçıvanın qədim abidələrində
aparılmış tədqiqatlar nəticəsində aşkar
olunmuş tikili qalıqları əsasında evlərin forma və
quruluşları, onların interyeri bərpa olunur. Gəmiqaya təsvirləri, abidələrdən əldə
olunmuş osteoloji qalıqlar qədim insanların təsərrüfat
həyatlarını bərpa etməyə imkan verir. Digər tərəfdən, etnoslar arasında əlaqələrin,
həmçinin Azərbaycan ərazisində bütün
tarixi mərhələlərdə sıx varislik əlaqələrinin
araşdırılmasında da arxeoloji tapıntılar
etnoqraflarımıza tutarlı mənbələr vermişdir.
Elə bir faktı qeyd edim ki, Naxçıvan ərazisindən
əldə olunmuş və tunc dövrünə aid daş
qoç fiqurları orta əsrlərdə geniş
yayılmış qəbirüstü daşqoçlardan
yalnız ölçülərinə görə
seçilir. Qəbir abidələrinin və
dəfn adətlərinin tədqiqi də məhz
Naxçıvan ərazisində bütün tarixi mərhələlərdə
mədəniyyətlərarası əlaqənin
pozulmadığını təsdiq edir.
-
Bildiyimiz qədər Şərur rayonunun Maxta kəndində
elmi ekspedisiya aparmısınız. Ümumiyyətlə,
Maxta kəndinin tarixi haqqında nə deyə bilərsiniz?
- Maxta kəndi
ərazisində ilk arxeoloji tədqiqatlar 1988-ci ildə
başlanıb. Bu təsadüfi bir tədqiqat
deyildi. Şimali Qafqazdan Suriya Fələstinədək
geniş bir coğrafi ərazidə yayılmış
Kür-Araz mədəniyyətinin (e.ə. IV-III minilliklər)
ən zəngin abidələri Naxçıvan ərazisində
yerləşir və onlardan biri də Maxta qədim
yaşayış yeridir. 2006-cı ildə
Azərbaycan-Amerika birgə ekspedisiyası qədim
yaşayış yerində kəşfiyyat xarakterli
qazıntılar aparmış və ABŞ-da
aparılmış radiokarbon analizlərin nəticəsinə
uyğun olaraq abidə e.ə. IV minilliyə aid edilmişdir.
2008-ci ildə abidənin əhəmiyyətini nəzərə
alaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Maxta
arxeoloji ekspedisiyası" təşkil olunub.
300 kv.m
sahədə aparılan tədqiqatlar nəticəsində dairəvi
və düzbucaqlı tikililərin qalıqları, ocaq
qurğuları və təsərrüfat tikililərinin
qalaqları, müxtəlif çeşidli keramika məmulatı,
toxuculuq alətləri, gil, qadın və heyvan fiqurları,
metal istehsalı ilə bağlı olan daş qəlib
aşkar edilib.
İlkin
metalın əridilməsi üçün istifadə olunan
ocağın, daş və gil qəliblərin,
metal çıxarlarının əldə edilməsi təsdiq
edir ki, Naxçıvan qədim dünyanın ilkin metal
emalı mərkəzlərindən olub.
I Maxtada
geniş diametrli dairəvi tikilinin daxilindən bir qismi
konusvari, digər bir qismi isə dairəvi sədəfəbənzər
çox maraqlı gil əşyalar əldə
olunub. Bu konusvari əşyalar Şimali Qafqazdan
Suriya, Fələstinədək geniş bir ərazidə
yayılmış Kür-Araz mədəniyyəti abidələrindən
ilk dəfə əldə olunur. Dairəvi
formalılardan vaxtilə kəşfiyyat tədqiqatları
zamanı I Maxtadan bir neçə ədəd əldə
olunsa da, onların təyinatı məlum deyildi. Dünyanın müxtəlif bölgələrində
12 abidədə bu və ya bunlara bənzər əşyalar
tapılıb. Lakin onların tam bənzərləri
Mesapotamiyadan məlumdurlar. Tədqiqatçılar
qeyd edirlər ki, Ön Asiyada məhz I Maxtadan əldə
olunmuş formalı əşyalardan e.ə. 3200-cü ilədək
istifadə olunub. Bundan sonra artıq
müxtəlif yazılı kitabələr meydana gəlir.
Bu konusvari əşyaların piktoqrafik və
sonra mixi yazıların kökündə
dayandıqlarını qeyd edən tədqiqatçılar da
vardır. Qəbilələrarası və
ya tayfalararası əmtəə mübadiləsində tətbiq
olunan bu əşyalar inzibati idarəçiliyin ilk əlamətləri
hesab olunur və artıq e.ə. IV minilliyin sonlarından Azərbaycan
ərazisində sinfi təbəqələşmənin, sosial
bərabərsizliyin və beləliklə, dövlətçilik
ənənələrinin mövcudluğundan xəbər
verir. Qeyd etmək lazımdır ki, bu əşyaların
əldə edilməsi eyni zamanda Kür-Araz mədəniyyəti
abidələrinin tarixi xronologiyasının müəyyən
edilməsinədə də çox mühüm əhəmiyyətə
malikdirlər. I Maxtada bu əşyalardan
aşağıda mədəni təbəqənin 3 m-dən
artıq davam etdiyini nəzərə alsaq, abidədə
Kür-Araz mədəniyyətinin tarixinin daha qədim
olduğunu söyləyə bilərik.
Maxta kəndi ərazisində qeydə alınmış
Qarabulaq kurqanlarında aparılmış tədqiqatlar da
çox mühüm nəticələrin əldə edilməsi
ilə nəticələnib. Bu kurqanlarda ilk tədqiqatlar
1989-1990-cı illərdə aparılmışdır. Növbəti tədqiqatlar 2002-ci ildə
başlanıb. Nəticədə, ərazidə
ilk tunc və son tunc-erkən dəmir dövrlərinə aid qəbir
abidələri qazılaraq tədqiq edilib. Bu zamanadək Qarabağlar, Şağtaxtı,
Qarabulaq, Zeyvə, Çapacaq qəbir abidələrində
aparılmış tədqiqatlar zamanı qəbirlərin
heç birində insan skelktinin izlərinə rast gəlinməyib.
Zəngin qəbir avadanlığına, osteoloji
qalıqlara rast gəlinməsinə baxmayaraq, qəbirlərin
bilavasitə daxilində insanların dəfn edilməməsi
maraqlı bir fakt idi. Son illərdə
Qarabulaq Nekropolunda tədqiq edilən ilk tunc dövrü
kurqanlarında da bu halın müşayiət olunması təsdiq
etdi ki, uzun bir tarixi mərhələdə Şərur
düzündə məskunlaşmış tayfalar vahid dini
ideoloji düşüncənin təsiri altında olub. Onlar torpağı müqəddəs sayaraq və onu
murdarlamaq istəmədiklərindən cəsədi torpağa
tapşırmayıblar.
Maxta ərazisindəki növbəti abidələr
müasir kənd qəbiristanlığı ətrafında
qeydə alınmış antik dövrə aid küp qəbirlərdir.
Kəndin
ərazisindən Orta əsrlərə aid Konstantinopolda zərb
olunmuş pulların tapılması isə bir daha təsdiq
edir ki, Maxta ərazisində daimi yaşayışın təqribən
5300 ildən artıq yaşı vardır.
- Sizinlə
birgə çalışan əcnəbi mütəxəssislərin
Naxçıvanın tarixi haqqında fikirləri maraqlı
olardı. Nəzərə almaq lazımdır
ki, ermənilər bu torpaqlara iddia irəli sürürlər.
Onlarla birgə çalışmaq erməni yalanlarının
ifşasına kömək edirmi? Eyni zamanda, erməni
saytları Naxçıvanda tapılan arxeoloji abidələrin
özlərinə məxsus olduğunu iddia edirlər...
- Azərbaycan
Milli Elmlər Akademiyası Naxçıvan bölməsi, AMEA
Arxeologiya və Etnoqrafiya İnstitutu və ABŞ-ın Pensilvaniya
Universiteti əməkdaşları 2008-cu ildən
Naxçıvan MR-nin Şərur rayonu ərazisindəki
Oğlanqalada arxeoloji abidəsində tədqiqatlar aparır. Oğlanqala abidəsi Qafqaz və Ön Asiyanın ən
iri siklop tikintisi olmaqla yanaşı, istər tikinti xüsusiyyətlərinə,
istərsə də maddi mədəniyyət nümunələrinin
xarakterinə görə unikal aidədir. Oğlanqalanın
aşağı təbəqələrindən son tunc-erkən
dəmir dövrünü əhatə edən Xocalı-Gədəbəy
mədəniyyətinə aid keramika nümunələri
aşkar edilib. Bu isə qalada məskunlaşmanın
tarixinin təxmin etdiyimizdən daha qədim olduğunu təsdiq
etmişdir. İndi qalada məskunlaşmanın
e.ə. XII-XI əsrlərdən başlandığını
söyləmək mümkündür. Oğlanqalada əldə
edilmiş maddi mədəniyyət nümunələrinin
çox az bir qismi iqtisadi və mədəni
əlaqələr nəticəsində gətirilib. Maddi mədəniyyət nümunələrinin əksəriyyəti
yerli istehsala məxsusdur. Oğlanqalanın
tikinti xüsusiyyətləridə istər Urartu, istərsə
də Midiya qalalarının tikinti xüsusiyyətlərindən
fərqlənir və xüsusi özəlliklərə məxsusdur.
Oğlanqalada aparılan tədqiqatlar bir daha təsdiq
edir ki, e.ə. I minillikdə Şərur
düzündə məskunlaşmış insanlar Oğlanqala
qala-şəhəri ətrafında sıx birləşmişlər
və məhz bu səbəbdən Urartulular Naxçıvan ərazisinə
keçə bilməyib. Oğlanqalanın
üst təbəqələrindən əldə edilmiş
maddi mədəniyyət nümunələri isə Azərbaycanın
qədim dövlətlərindən olan Atropatena tarixi ilə
bağlıdır. Məhz beynəlxalq
araşdırmalar ermənilərin Oğlanqalanın Urartu
qalası olması ilə bağlı söylədikləri
yalanlara son qoyub. Artıq xeyli zamandır
ki, dünya elmi Urartu dövlətinin ermənilərlə
heç bir əlaqəsi olmadığını təsdiq
edib.
- Xarici
arxeoloqlar Naxçıvanın tarixi haqqında hansı fikirləri
ortaya qoyurlar?
- Xarici
arxeoloqlarla birgə tədqiqatların aparılması
Naxçıvan abidələrinin və tarixinin dünyaya
tanıdılmasında mühüm əhəmiyyətə
malikdir. Bu tədqiqatları dünya elmi qəbul
edir. Çünki bu qazıntılar
müasir tələblərə cavab verən müasir
texnologiyalardan istifadə edilməklə aparılır,
onlardan götürülmüş analizlər dünyanın ən
müasir laboratoriyalarında aparılır. Beynəlxalq konfrans və simpoziumlarda
Naxçıvan tarixi ilə bağlı məruzələr
dinlənilir. Son illər ABŞ-ın İthaka,
İngiltərənin London, Macarıstanın Budapeşt,
Almaniyanın Vittenberq, Polşanın Varşava şəhərlərində
keçirilmiş konfranslarda Naxçıvan abidələri
ilə bağlı istər azərbaycanlı, istərsə də
xarici arxeoloqların məruzələri çox maraqla
qarşılanıb. Bu
çıxışların hamısı Naxçıvan ərazisində
məskunlaşmış insanların tarixi köklərlə
bu yerlərə bağlı olduğunu, yüksək arxeoloji
mədəniyyətlərin yaradılmasında bilavasitə
iştirak etdiklərini təsdiq edib.
Elnur Eltürk
Xalq Cəbhəsi.-
2014.- 26 iyun.- S.13.